05.09.2012

Müqəddəs ruhların xatirinə


Feyziyyə Hazıyeva

...nəfəsimi son ah kimi içimə çəkib
adını pıçıldadım ovuclarıma sübh namazında.
salavat çəkdim hər xatırladığımda.
adını bilmədiyim mərhum atanın
ruhu şad olsun deyə
bütün ataların ruhuna
rəhmət yalvardım Yaradandan.
sənə də dua etdim,
dirilərə edilən dualar tək.

…mənə «gözlərin yağış kimi safdı», - deyirlər,
parıltısını yaquta bənzədirlər…
amma bu saf gözlərə görə
sənə borclu olduğumu kimsəyə demədim.

axı hər səni xatırlayanda abdəst alır onlar
bilirsənmi, mən səni ağlayanda sevinirəm
çünki öncə könlümə ölüm düşür,
sonra «Bəqərə»,
155-ci ayə.

…son nəfəsdə mənə deyə bilmədiklərini
yuxumda qara səhifəli bir dəftərə yazmışdın,
bir topa açar da qoymuşdun
qara dəftərin üzərinə
getdiyində.
indi hər gecə yuxumda
oxumaq istədiyim qara dəftərin
səhifələri arasından nəm yaylıqlar,
açarını sən verdiyin
bağlı qapıların arxasından
dərisi soyulmuş quzular çıxır.

bu gün qəbrini ziyarətə gəlmişdim,
gülümsəyən bir maska da gətirmişdim
hələ baş daşı olmayan məzarına qoymağa,
axı sən gülməyi çox sevirdin.
mən də gülüşü sevməyi öyrəndim,
ölümünə güldüyüm gündən sonra.
çökdüm büründüyün torpağın üzünə,
adını pıçıldadım ovuclarıma,
sonra salavat çəkdim ovsun oxunmuş əllərimlə -
gözlərimdə abdəst, dodağımda gülüş.
birdən kimsə:
- «son nəfəsdə mənə deyə bilmədiklərini
hər gecə yuxumda
qara səhifəli dəftərə yazırsan»,
- deyə pıçıldadı.
başımı qaldırdım və anladım ki…
***
kilsəyə çevrilir evim hər dəfə zəngin gələndə,
keşişə dönürəm hər dəfə səninlə danışanda.
sən telefonun o üzündə danışırsan,
mən bu üzündə dinləyirəm -
sən tövbəkar,
mən Müqəddəs ata misalı.
səsin kilsə zəngi kimi
cingildəyir qulağımda,
günahlarını yuyursan göz yaşında,
xaç suyunda yuyunmuş kimi «təmizlənirsən»,
«bağışla, müqəddəs insan» deyirsən.
əsəblərim, hisslərim çarmıxa çəkilir İsasayaq
hər bağışlanma dilədikcə.
sənsə bağışlanacağına güvənirsən
hər dəfə yeni,
hər dəfə fərqli günahlarla dönürsən.
hər dəfə səni bağışlayım deyə, rəfiqələrim,
rahibələrsayaq xorla moizə oxuyurlar,
mənə and verirlər, xaç çəkirlər.
sən danışdıqca
evimin divarlarında, tavanında
şeytanın cürbəcür şəkilləri canlanır.
əvvəllər günahlarını bağışlayırdım
«Ulu ata və Müqəddəs Ruh naminə»
indi səni günahlara bağışlamışam,
bütün müqəddəs ataların
və müqəddəs ruhların xatirinə.

Комментариев нет:

Отправить комментарий