11.09.2012

Ölən ər mənimdi, sən niyə ağlayırsan?

Laçın Məmişov

Rəhmətlik Babam Böyük Vətən müharibəsində itkin düşmüşdü. O cəbhəyə gedəndə Atam 3 aylıq olub, onun ardınca cəbhəyə rəhmətlik Göyüş dayı getmişdi. Göyüş dayı məsələsinə bir azdan qayıdacam, sözümün canı başqa şeydi... Qara yanvar faciəsi, ardınca Qarabağ müharibəsi, Xocalı faciəsi, işğal altında olan doğma torpaqlarımız və Qarabağ ürək yandıran tərzdə oxuyan xanəndələrimiz... Bir neçə il öncə maşınımı təmirə aparmışdım, bir qarabağlının telefonda Elman Sadıqovun tarda "Segah" ifasını eşitdim və həmin ifanı öz telefonuma köçürtdüm.
Həmin gün çox işlərim var idi, gecə evə gələndə çox yorğun idim. Yatağa uzandım, telefonda saata baxdım artıq səhərə bir neçə saat qalırdı. Bayaqkı tar ifasını qoşdum ki, yatım. Amma tam əksi oldu, o qədər gözəl tərzdə ifa idi ki, sanki bütün vücudumu titrədirdi, içimi gööynədirdi. Elmanın özünəməxsus ifasında "Segah"a fars musiqisindən müəyyən rənglər vurması bir az da təsiedici alınmışdı. Qarabağın qara günləri gözümün pnündən keçirdi, sanki rəhmətlik Çingizin "Hamınız qorxaqsınız, hamınız arvadsınız" səsləri əks səda ilə hardansa gəlirdi. Qarabağı, Şuşanı, Xan qızı Natəvanı, Cabbarı, Xan əmini,Seyyid Şuşinskinin didərgin ruhlarını elə bil ki, görürdüm. Rəhmətlik Qədir Rüstəmov hələ o vaxtı sağ idi, bu etibarsız və vəfasız dünyada idi... Elə bil qəfildən qrad atıldı, yataqdan qalxdım, kompyuteri qoşdum, "Word" proqramını açdım. Elmanın ahu naləsi ilə gördüklərimi, hiss etdiklərimi, duyduqlarımı, didərgin ruhlarla danışdıqlarımı nəzmə çevirməyim gəldi. Şeiri bitirdikdən sonra adıını da "Qarabağ dadı" qoydum. Çünki Qarabağın dadı damağımızdan getmir, Qarabağın dadı isə ərşə çıxıb. Dünya ictimayyəti bu haqsızlığa dözür, Lazım Dubayda, millət kefdə...Birdən qeyri ixtiyari başım göyə sarı baxmağa başladı, istədim əl götürüm Allahdan diləyim və sual verim ki, Ya Rəbbim !!! Ey bizi yaradan Allah...bəs sən nə üçün bu qədər qanı, ahu naləni yerdə qoyursan...Amma sonradan bir əstafurullah edib susdum, həm dilimdə həm içimdə. Birdən Allah qaydıb dedi ki, neyləməliyəm ? Siz kef edin, Qarabağı Bakıdakı restoranlarda, barlarda axtarın, silikonlu qızlara sponsorluq edin, mən də Sizin bu saleh "əməlləriniz"in mükafatı olaraq Qarabağı halva edim udasınız həə ?...  Nə isə şeiri tamamladım, ertəsi gün dostum Nicat Qafuroğlunun offisində oturmuşduq və birdən dünən gecə yaşadığım Kərbəla müsibətini telefonumun yaddaşından Nicata oxudum. Gözləri doldu, sual verdi...Kimindi ? Dedim mənim...susdu...bir az keçəndən sonra dedi gəl studiyada səsləndir, çox əla yazmısan...Sonradan həmi şeiri "Biz Prodoction"da yəni Nicatın studiyasında səsləndirdim.
Daha sonra evdə dinlədim və video çarxını özüm hazırlayıb "Youtube" saytında yerləşdirdim. Bir neçə gün sonra səhər tezdən "Facebookda" hamımızın fəxri. Azərbaycanın qəhrəman oğlu İbadın "online" olduğunu gördüm. Salamlaşıb hal-əhval tutduqdan sonra birdən Qarabağ müharibəsinin sözün əslmənasında Qəhrəmanına "Qarabağ dadı"nın linkini göndərdim. Az keçmədi yazdı "Qardaş bu nə şeirdi, bu nə fəryaddı, inan bütün içimi didib dağıtdı... Daha sonra çox istədim ki, bu şeiri məhz Qarabağlı xanəndələrimizdən biri Səxavət sayağı oxusun, Səxavət yanqısını bu nəzmı qatsın. Təbii ki, bunu ancaq sənətinə böyük hörmətim olan Firuz Səxavət etsin. GÜnlərin bir günü onu saytda görüb linkini göndərdim, dinlədi və münasibətini xoş sözlərlə bildirdi.Səxavət müəllimə sadəcə eşitdirdim ki, Sizin ifanızda muğam üstündə Səxavət yanqısını bu sözlərlə çox eşitmək istəyərdim. Hə İnşAllah yaxşı olar dedi. Nə isə artıq neçə il keçib, yəqin ki, oxunmadı. Lazım gələndə oxunacaq...Elə zənn etməyin ki, mən yazdığım şeirin oxunmasnı kiməsə məcburən, xahiş minnətlə etdirmək istəyirəm və ya reklam edirəm. Xeyr, qətiyyən belə deyil.Ürəyindəkini deməyən namərddir. Ərk etməyə qalsaydı bunu mənə Qardaş qədər əziz olan Mirələm Mirələmova, Abgül Mirzəliyevə və ya Aşıq Şakir yadigarı olan Əvəzxan Xankişiyevə ərk edərdim. Amma "Qarabağ dadı"nı Qarabağlı səsi ilə dadmaq istəyirdim.
İndi qayıdırıq Göyüş dayı, hərbi komissar və bizimkilərin yanına. Göyüş dayı bu yaxınlara kimi yaşayırdı. Həmişə başında buxara papaq olurdu, orta boylu, çox cüssəli bir kişi idi. Oğlu Ələsgər dayı da olduqca qüvvəli bir kişi idi, onun qolunu buran və ya onu yıxa bilən kimsə çətin tapılardı. Hardasa 80-ci illər idi, elə oldu ki, Rəhmətəlik Yemən Nənəmə əsgər ailəsi olduğu üçün aldığı təqaüdlə əlaqədar yenidən sənədlər düzəltmək lazım oldu. Həmin sənədlər üçün isə şahidə etyiyac oldu, şahid isə rəhmətlik Göyüş dayı oldu. Atam, Nənəm və Göyüş dayı gedirlər Hərbi Komissarın yanına ki, sənədləri təsdiq etsin.  Demək hərbi komissar Nənəmə sual verəndə ki, Məhəmməd kişi neçənci ildə cəhəyə yola düşdü, Göyüş dayı başlayır ağlamağa. Nənəm rəhmətlik bu səhnəni özünə məxsus ironiya ilə danışırdı. "Elə ay bala voenkom soruşan kimi, Göyüş dodaqlarını çöörib (yəni çevirib) başladı ağlamağa. Dedim ay Göyüş ölən ər mənimdi sən niyə ağlıyırsan?" - Hərbi komissarı elə gülmək tutur ki, əsər də yaddan çıxır müəllif də...Qarabağ üçün ağlamıram, çünki rəhmətlik Mirzə Ələkbər Sabir öz sözünü dedi

Ağladıqca kişi qeyrətsiz olur
Necə ki, ağladı İran oldu

Qarabağ üçün odlanıram, yanıram...Çünki qürurumun tacı Qarabağdadır. Müqəddəs Quranda deyilir ki, Şəhidlərin sorğu sualsız məkanı cənnət olur. İnşAllah Allah mənə Qarabağda Şəhid olmağı nəsib edərsə, o zaman cənnətdə istədiklərimin hamısını Allah mənə nəsib edəcək. O zaman Alalhdan istəyim əlçatmaz zirvə Alim Qasımovun səsi kimi bir səsi mənə verməsini diləyəcəm. "Qarabağ dadı"nı məkanı cənnət olan Şəhid Qardaşlarım üçün oxumaq üçün...

Şamaxı şəhərinin Bakı əyaləti 11 sentyabr 2012- ci il

Bütün dünya nemətlərindən dadsam
Damağımın dadı Qarabağdadı
Yaralı könlümə min məlhəm qoysan
Könlümün dərmanı Qarabağdadı 

İçımdə niskilim şil edib məni
Bəmimdə qaldırıb zil edib məni
Ocağım odlanıb kül edib məni
Odumun şöləsi Qarabağdadı 

Natəvan məzarı düşüb aralı
Fəryad edir əsir ruhu yaralı
Hardasan soruşma ellər maralı
Sonalar sultanı Qarabağdadı 

Qədir segah ilə min haray edir
Dəyişir fəsillər bir dovran gedir
İçimdə qururum məni çeynəyir
Qürurumun tacı Qarabağdadı 

Titrədi buludlar, qara yel əsdi
Səbr kasam doldu,dinlədim bəsdi
Xan ruhu incidi, Cabbar da küsdü
Ərşə qədər çıxdı Qarabağ dadı 

Laçın döyüş üçün göz qulağdadı
Şəhid olmaq üçün intizardadı
Zəfər çalınanda sorsan hardadı
Bilin ruhu ancaq Qarabağdadı

Комментариев нет:

Отправить комментарий