07.09.2012

Qışa məktub

Arzu Hümbətova

Qış, bir az tez gəl ömrümə,
səndən onun qoxusunu,
onun ətrini alıram.
Omuzuma qar qonanda,
onun əlidir sanıram.
O da mənə qarşı soyuq,
yaman aqressiv davranır.
O da mənə qarşı sərtdir,
ağlımı başımdan alır.
Yağdır bu qarını,
yağdır üstümə.
Əysin vüqarını,
durub qəstimə.
Hətta onu özləmək də,
baxışından gizlənmək də,
qarlı havada əzizdir.

Məndən umacağı nədir?
axı nə istəyir məndən?-
bunları düşünmək belə,
o pərçim-pərçim yollarda
tir-tir üşümək belə
qışda mənə əzizdir.
Qış, qorxuram inciyəsən,
amma demək istəyirəm.
səni də məhz ona görə,
ağ xatirələrə görə
istəyirəm.
Söylə, necədir sevdiyim,
bağçasından gül dərdiyim,
şeirimə bağlayaraq
qapısına göndərdiyim?
Yaman darıxıram onsuz...
Çoxdandır görmürəm onu,
baxışlarım yollarına
düzülür.
Pəncərəmə damcı qonur,
bu dənəcik, damcılardan
sevdiyimin baxışları
sezilir.
Deyəsən o da darıxır,
saçlarını rüzgarlara
bağışlayır.
Budaqlar uzanır mənə,
məgər məni qarğışlayır?

O bəmbəyaz, ağappaq yer
mənə əziz sevdiyimi xatırladır.
Sevdiyim də sənin kimi
ağdır, sanki bir mələkdir.
Nolar, başıma qar yağdır,
o soyuqluq, o dənəcik
indi mənə çox gərəkdir.
Özünü mənə çox görmə,
ildə bir yol gülsün üzüm.
Bu hicrana, bu həsrətə
məndə artıqyoxdur dözüm.
Qış, bir az tez gəl ömrümə,
səndən onun qoxusunu,
onun ətrini alıram.
Omuzuma qar qonanda,
onun əlidir sanıram.

Комментариев нет:

Отправить комментарий