23.10.2012

OXU BALA, OXU

Mirzə Sakit

Eheeey muğamatçı,
nə ulayırsan
Qarabağ deyə-deyə,
nə zarıyırsan
gözünü döyə-döyə...
Cəhənəm ol tüfəng götür,
al çiyninə,
nə salmısan ağlamağı,
zarımağı küt beyinə.
Şəki, Şirvan,
Qarabağı oxuduqca,
ermənilər Şəkini də
Şirvanı da alacaqlar.
Nə salırsan dəli yadına
o daşları,

axıdırsan kor gözündən
lılığ-lılığ o yaşları.
Zəngulədən bir şey çıxmaz,
dalay-dalay eləməklə,
keçi kimi mələməklə
yatan qalxmaz.
Zalım oğlu, bir marş oxu.
Çevir görək yetmiş ildə
fırlatdığın o valları,
tulla getsin dingiş-dingiş
oynatdığın qavalları.
Bir təbil vur,
sinc döyəclə şeypur pilə,
qaldır zilə vətən marşın.
Gəz kəndbəkənd,
şəhər-şəhər, arşın-arşın.
Görmürsənmi ağlamaqdan
əlil qalıb,
səkkiz milyon zəlil qalıb.
Saxla görək şikəstəni,
görmürsənmi vətən boyu
şikəstləri,
kürsülərdə o məstləri.
Görmürsənmi selbə-selbə
generallar nə kef çəkir.
Hanı səndə o mərhəmət,
o din, iman
oxuyursan zaman-zaman
"Aləm cənnətə dönsə,
yaddan çıxmaz Qarabağ".
Demirəm ki,
yaddan çıxart sən oranı.
Görmürsənmi par-par yanır
Şuşa, Laçın, Çanaqqala restoranı.
Işdən sonra deputat da,
nazirlər də,
rəislər də ora qaçır,
timsah kimi ağzın açır,
haçalayır, paçalayır toğluları,
mənəviyyat oğruları.
Sən də gedib
boş mənasız insanlara
boş mənasız segahlardan
döşəyirsən,
nöş əyirsən boş başını
boş-boşuna
bu mənasız manqurtlara.
Gödənini doldurursan,
köynəyini qaldırırsan
ay səni görüm
aftafa üzünə həsrət qalasan,
şaqqıldağın uzanıb
yernən sürünə, için görünə.
Səni görüm illərlə qaza,
işığa borcun olsun,
sayğacın dolsun.
"Xalq artisti" titulunu
yapışdırdın diplomuna.
Dincəlmədin, kirimədin
pulu görüb
xalqa tərəf yerimədin,
ay xalqının qaqqıldayan
gülməşəkər xanəndəsi.
Elə bilmə
xoşlamıram muğamatı.
Bu dünyanın Cabbarın da
Keçəçi oğlu Məhəmmədin də
Xan əmisin"
Ordan gəlir Hacı Hüsü,
Seyid dayı,
burdan gəlir qadoyalım, Alim,
Zabit,
Mələkxanım, Əvəzxan.
Bu tərəfdən Ağaxan, Səxavət"
Eh, ölənlərə min rəhmət,
qalanlara can sağlığı.
Muğamların Qıy babası
Mənsuriyyə,
Heyratını deyə-deyə
Moşu demiş, göy tarlalar,
uca dağlar, neft quyusu,
ax, bədbəxt oğlu bədbəxt
səni görüm
muğamat oxuduğun yerdə
mığmığaya dönəsən.
"Ata" seygahın deyə-deyə
qula döndərdilər,
"Ana" seygahın deyə-deyə
dula döndərdilər,
çuxamızı çula döndərdilər,
oxuduğun o "Qarabağ"ı
pula döndərdilər.
Səni görüm
Milli Məclisin deputatı olasan,
Prezident aparatının atı olasan,
minələr, çapalar,
itirələr, sonra da tapalar.
Səni görüm
Daxili Işlər Naziri olasan,
dörd tərəfin düşmənlə dolu ola.
Səni görüm
Təhsil Naziri olasan
məcbur edib
Əli Insanovun qarasına danışdıralar.
Səni görüm
əlli il kommunist olub
sonra yalançı "demokrat" olasan.
Səni görüm
komunist olanda
məscidləri sökdürüb
"demokrat" olanda
Həccə gedəsən.
Səni görüm
Azərbaycan konstitusiyası olub
qondarma Referenduma
məruz qalasan.
Səni görüm
Mingəçevirin deputatı,
Naftalanın Icra başçısı olasan
və nəhayət səni görüm
YAP-ın icraçı katibi olasan,
ay qaval dəlisi,
məni niyə əsəbləşdirib dindirirsən
sonra da öz əlinlə
cin atına mindirirsən.
Axırda da deyirsən ki,
filan yerdən xanəndə çıxmayıb.
Filan yerdən xanəndələr də,
şairlər də, dahilər də çıxıb.
Sadəcə olaraq,
filan yerdən
yaltaqlar və satqınlar çıxmayıb.
Bax, ömürüm böyu
sənə salam verməyəcəm ki,
ac qalasan.
Di get!

Комментариев нет:

Отправить комментарий