26.01.2013

21 il İnam Ata Yolunda

İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

Ocaqçılıq Bənzərsiz aqibətdir. 21 ildir bu aqibəti yaşayıram.
21 ildir ki, Asif Atanın, Ocağın soraqlarını yayıram. Əqidəm içimdə ağac kimi bitib. Mütləqə İnam Dünyabaxışını nəfəsimə çevirmişəm.
***
Ömrümdə bircə an da olsun, başqa əqidəyə, yönə, partiyaya meyil etmədim.
Asanlığa qaçmadım, çətinliyi sevdim.
21 illik Ocaqçılığımın özülündə duran isə İnsaniliyə, Xəlqiliyə, Bəşəriliyə olan sevgimdir.
***
Ocaqçılığımı 3 mərhələyə bölürəm: İnam Atanın ölümünə qədərki dönəm; 31-ci ilin Xəzan ayına kimi olan dönəm; 31-ci ilin Xəzan ayından sonrakı dönəm.
Kənddən başlayan, təbiətlə birgə oyanan, ruhumun çılğın, heyrətli, çox zaman içimdə yaranıb içimdə də boğulan nəğmələrini illərlə şəhərin boz-bulanıq havasından qorudum.

Ocaq olmasaydı, şəhərdə qala bilməyəcəkdim, mütləq kəndə dönəcəkdim.
İnam Atanı tapmasaydım, ruhani duyğularım yetim qalacaqdı.
***
Ata Ruhaniyyatına bələdliyim dəli bir eşqlə başladı. Ruhaniyyata doymazlığım yarandı.
Atanın sözünü öyrəndiyim dərəcədə insanlara yaydım.
Ocaqçılığımda heç kəsə bənzəmədim. Heç kəsi yamsılamadım. İnam Atanın halını özümləşdirdim.
***
Hələ ki, Ruhaniyyatda qazandıqlarımı, yaratdıqlarımı başlanğıc sayıram.
Mahiyyətcə Ruhaniyyatın əvvəli olmur, sonu olmadığı kimi…
Ruhaniyyatçılığım Ata adlı, Ocaq adlı bənzərsizliklə başlandı, davam etdi.
Ruhaniyyatçılıq – Məna İzharçılığıdır.
Başıma gələnləri ləyaqətlə çəkdim. Kimsədən küsmədim, şikayətlənmədim.
***
Həmişə Sabaha baxdım, Sabahla yaşadım, Sabahda yaşadım.
Nikbinliyim fitridir. Naşılıq çalarımı daha çox fitri inancıllığımla bağlamışam. İnsanlara fitri inancıl olmuşam, indi də beləyəm. Bu keyfiyyətim hətta amalıma ziyan versə də, əl çəkmədim, itirmədim, əksinə, böyütdüm.
Çünki aldadan aldanır.
Ruhaniyyatı aldatmaq olmur. Ruhaniyyatçını aldatmaq özünü aldatmaqdır.
İnsani duyğularımı böyütdüyüm dərəcədə böyüdüm. Kiçikliyimdən çıxdım.
***
Saflığımı adi insani keyfiyyət saydım, bayraq etmədim.
Ocaq üçün gördüyüm işlərə görə kimsədən ummadım. Özündənkeçmə məqamına yetdim.
Təmənnasızlığı, fədakarlığı, vicdançılığı həyat tərzim olaraq yaşayıram.
Heç bir zaman həyat şirnisinə ağız suyu axıtmadım, mükafatına küsənmədim.
***
Siyasətə qoşulmadım. Kimsəni siyasətə qoşmadım. Siyasətdən üstün yaşadım.
***
Bütün məqamlarda təbiətdən ayrılmadım.
Kəndçiliyimi içimdə göz-bəbəyim kimi qorudum. Yaşamımda minimala və halallığa əsaslandım.
Ailəçiliyimi, ailə qaydalarımı yaratdım. Evimdə Ocaq əhvalı yaratdım.
***
Başıma gələcəklərdən qorxmadım. Ruhaniyyatçı həyatımı təbii olaraq yaşadım.
Özümü gözlərə soxmadım.
Şöhrət azarıyla yaşamadım.
Ocaqçılığımda məqam gözləmədim.
***
Gözəl, insani cəhətləri gördüm və öydüm.
Maddiyyatçılığa getmədim.
Rütbə azarına tutulmadım.
Özümün bacara biləcəyim ruhani işləri başqasının öhdəsinə buraxmadım.
Ruhaniyyatda ən xırda, gərəksiz sayılan məqamları aşdım, ən gərəksiz sayılan ünvanlara da getdim. Ən gərəksiz sayılan adamların ürəyini qaldırdım, İnama yüksəltdim, Ruhani hünər yiyəsi oldum.
***
Öyülmək üçün Ocaqçılıq etmədim.
Ruhaniyyatçılığı havam-suyum bildim.
İnam Atanın yaratdığı tarixi təsdiq etdim, yaşatdım.
***
Minlərlə insanın könlünü qaldırdım.
Minlərlə insana Ocaq sorağı çatdırdım.
Bir ünvana dəfələrlə getdim.
Gördüm ki, yanılmamışam – məni gözləyirdilər.
Təhqir olunanda belə sarsılmadım.
Cəmiyyətin təhqir-tənə yağışına düşdüm, islanmadım.
Hər cür tənəni, təhqiri ötdüm.
Lağ obyekti oldum – qamətim əyilmədi.
***
Ocaqçılıq üslubumu, halımı, yerişimi, xəttimi yaratdım.
Bütün gözəl işləri öyməyi öncə İnam Atadan, sonra isə Safruhdan öyrəndim.
Əslində Ruhaniyyatçılığımın açarı bu məqamdır.
İnam Atadan sonra müəllimim Safruhdur.
***
Adımla bağlı işlər yaratdım.
Özümü Amalın yiyəsi saydım.
Ruhaniyyatçılığın kandarında qalmadım. Özümü əzabın içinə atdım.
Ruhani yöndə təşkilatçılığım, yazarlığım, natiqliyim yarandı.
İllərlə içimdə bəslədiyim keyfiyyətlər insanlığa, xalqa və bəşərə bundan sonra daha çox yarayacaq.
***
Son 3-4 ildə Ocağımızda görülən işlərin yalnız əsaslarını sadalasaq, Milli İnamın – Milli Dünyabaxışın gəlişinin qaçılmaz, ömürləşməsinin hava-su kimi olması toplum içində anlaşılmaqda, görünməkdədir.
Amal yolunda çoxlu hadisələrlə rastlaşdım. Bütün məqamları aşdım.
Bütün sarsıntıları ötdüm.
Mütləqə İnam Ruhaniyyatının Həqiqətini car çəkdim.
Bundan sonra başıma nə gəlir-gəlsin, deyirəm: Haqlıyam, bu səbəbdən də Qalibəm!
***
Ruhaniyyatçılığımı uşaqlıqdan hiss etdim.
Bu duyğumun böyüməsi üçün Ocağa kimi, Atanı tapıncaya kimi öz aləmimdə cəhdlər etmişdim…
Ancaq Ruhaniyyatın üzə çıxması fərddən yetkinlik, bitkinlik tələb edir. Bu insani gərəklik yalnız Kamil Dünyabaxış tərəfindən ödənə bilər.
İnam Atanın Yoluna düşməyim buna görədir.
***
Heç kəsi qızışdırmamaq, heç kəsi təhqir etməmək, heç kəsi məhv etməmək…
İnsanları sevmək, ucaltmaq, onlara insanilik imkanlarını üzə çıxarmaqda yardımçı olmaq.
Yalançı vüqarı aşmaq, mütləq, həqiqi vüqara yetmək!
Xalq ünvanı olmaq!
Ocaqlaşmaq tələbinə yetmək!
Ardıcılllıq, qətilik: bu əhvalda yaşayıram.
***
İnam Atanı sevdim və öydüm.
Safruhu sevdim və öydüm.
Amaldaşlarımı sevdim və öydüm.
Sevgimə layiq olmayanlar hiddətimə tuş gəldilər.
Özlərini Ruhaniyyatçı bilən həyatçıları amaldaşım saymadım.
İşim içimin tələbindən qıraqda olmadı. İçimdən ayrılmadım.
Ayrılsaydım, Ocaqçılığımın 21 ilinə gəlib çıxa bilməyəcəkdim.
***
21 illik Ocaqçılığım – əzablı olduğu qədər də hədsiz fərəhli çağımdır.
Nə yaxşı ki, Ocaqçı oldum!
Nə yaxşı ki, İnam Atanı tapdım – Atalı oldum! Ocaqlı oldum! Xoşbəxt oldum!

Ocaq Yükümlüsü İşıqlı Atalı fotolarda

Комментариев нет:

Отправить комментарий