16.01.2013

Azərbaycanda ölüm eskadronu

Ona kimlər rəhbərlik edir, qanunsuz inzibati zor hansı formalarda tətbiq edilir

Mühacirətdəki hüquqşünaslar "Azadlıq"a  yazır 

Son bir neçə ayda yaydığı video və audio yazılarla gündəmdən düşməyən Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin 2003-cü ilin oktyabrında müəmmalı şəkildə itkin düşməsilə bağlı mediada yayılan məqalələrdə bu olayın hakimiyyətin razılığı və iştirakı ilə baş verdiyi qeyd olunur. Bəzi ekspertlər Azərbaycanda hakimiyyət strukturlarında mütəşəkkil cinayətkar şəbəkənin fəaliyyət göstərdiyini iddia edirlər. Biz siyasi və hüquqi mövqedən bu prosesi təhlil etməyə çalışacağıq.

Şübhə yoxdur ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) mayoru Mahir Abdullayevə münasibətdə zor işlədilmiş, yəni o, zorakılığa məruz qalmışdır. “Zor” anlayışı son dərəcə geniş olub, insanlıq əleyhinə cinayətlərdən, o cümlədən terrordan tutmuş, adi kriminal hərəkətlər də daxil olmaqla, məişət zorakılığına qədər özündə çoxsaylı kateqoriyaları birləşdirir. Hakimiyyət strukturlarının Mahir Abdullayevin itkin düşməsində iştirakı özü-özlüyündə ona qarşı siyasi zorun baş verdiyini ifadə edir. Bu zaman zərərçəkənin protest elementi olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Hakimiyyət tərəfindən siyasi zorakılıq isə xəbərdaredici, iqtisadi, maliyyə, psixoloji və s. motivlərlə ola bilər.
Totalitar dövlətlərdə siyasi zorun ən çox yayılmış forması repressiyadır. Məsələn, keçən əsrin 30-50-ci illərində Stalin repressiyası milyonlarla insanı əhatə etmişdir. O dövrdə təkcə Azərbaycanda ancaq güllələnənlərin sayı 70 mini ötmüşdür. Lakin belə zorakılıq məhkəmədən kənar baş verməmişdir. Yəni, Stalin repressiyası dövlət adından həyata keçirilmişdir.

Məhkəmələr və cəza evləri azlıq edəndə...

Müasir dövrdə dünyada klassik mənada avtoritar və totalitar dövlətlər az qalıb. Eyni zamanda, hazırda demokratiyanın inkişaf etmiş formasını yaşayan dövlətlər də azlıq təşkil edir. Əksər dövlətlər müxtəlif siyasi rəqabət dərəcəsilə “avtoritar demokratiya” formasına üstünlük verirlər. Bu tip dövlətlərin azlıq təşkil etdiyi yeganə region isə Avropadır.
Azərbaycan coğrafi kriteriyalarına görə qismən, siyasi kriteriyalara görə isə bütünlüklə Avropaya aid edilir. Hakim rejim sözdə ümumdünya və Avropa dəyərlərinə sadiq olduğunu elan edib. Əlbəttə, belə bir şəraitdə rejim üçün açıq şəkildə kütləvi repressiyalardan yararlanmaq “sərfəli” deyil. Bu heç lazım da deyil. 20 il ərzində vətəndaşlara “xəbərdarlıqlar”, güc strukturlarına çağırılmalar, döymə, qısamüddətli həbslər, son nəticədə bunlar kömək etmədikdə isə uydurma cinayət işləri qaldırmaq kimi formaları özündə ehtiva edən düşünülmüş diskreditasiya sistemi yaradılmışdır.
Bizim “plastilin” məhkəmələr hər cür abırsızlığı, satqınlığı və özbaşınalığı özünə yaraşdırır. Allaha şükürlər ki, həbs üçün Azərbaycanda 20 mindən artıq “dustaq oturacağı” mövcuddur. Əgər çatmasa, yenisini tikib bütün “arzu edənləri” yerləşdirməyə imkan var. Lakin məhkəmə özbaşınalığı bir sıra hallarda “problem”in həllinə yaramır. Onda hakimiyyət dairələri ciddi şəkildə konspirasiya olunmuş cinayətkar qruplaşmaların xidmətindən yararlanırlar. Belə şəbəkə isə ədəbiyyatda “ölüm eskadronu” adını alıb.

Dövlət ölüm maşınını nə üçün yaradır?

Bəşər tarixində dövlət üçün arzuolunmaz şəxslərin aradan götürülməsilə bağlı gizli fəaliyyət göstərən təşkilatların çoxsaylı nümünələri məlumdur. Lakin onların heç biri özünün gizliliyi və zorakılığına görə “Ölüm eskadronu” adlandırılan struktur ilə müqayisə edilə bilməz.
“Ölüm eskadronu” ifadəsi (çox vaxt beynəlxalq şəkildə ispanca “eskuadrao de morte” işlədilir) siyasi və hüquqi leksikonda keçən əsrin 60-cı illərindən etibarən işlənməyə başlanıb. Bu ifadə Latın Amerikasında həyata vəsiqə qazanıb.
Müasir vikipediya ensiklopediyasında “ölüm eskadronu”na müxalifəti, düşmən elementləri və cinayətkarları oğurlamaq, məhv etmək və qorxutmaq məqsədilə dövlət tərəfindən yaradılan və yaxud həvəsləndirilən struktur kimi tərif verilir. Belə fəaliyyət gizli rejimdə həyata keçirilir, hakimiyyət orqanları ilə əlaqə həm dövlət, həm də iştirakçılar tərəfindən qəti şəkildə inkar edilir.
“Ölüm eskadronu”nun fəaliyyəti bir qayda olaraq, mövcud rejim üçün təhlükə törədən və ya onun üçün arzuolunmaz hesab edilən şəxslərə qarşı yönəlib. Belələri siyasi və ictimai xadimlər, iş adamları, jurnalistlər, siyasi fəallar, hətta cinayətkarlar və digər sosial qruplar ola bilər. Xüsusilə, bu zaman “ölüm eskadronu”nun fəaliyyətinin predmetilə məşğul olan alternativ sıravi cinayətkar şəbəkə aradan çıxmağa məcbur olur. Digər hallarda olduğu kimi, dövlət mafioz strukturların əlinə keçdikdə sıravi kriminallara yer qalmır.
Maraq doğuran məsələlərdən biri də “ölüm eskadronu”nun tərkibidir. Adətən belə strukturların tərkibi qarışıq olur. Ora güc nazirliklərinin, xüsusən polis, xüsusi xidmət orqanları və ordunun həm fəaliyyətdə, həm də istefada olan əməkdaşları, sıravi muzdlular daxil ola bilərlər. Üzvlər hər vəchlə özlərinin hüquq-mühafizə orqanları və dövlət xadimlərilə əlaqələrini gizlətməyə cəhd edirlər.

Biz bu ölüm maşınını kimdən aldıq?

1980-ci illərdə demokratik hakimiyyət dəyişiklikləri nəticəsində “ölüm eskadronu”nun Latın Amerikası ölkələrindəki fəaliyyəti əsasən süquta uğrayır. Lakin keçmiş SSRI məkanında bu təcrübədən istifadə vüsət alır və öz inkişafının sanki yeni mərhələsinə qədəm qoyur. Müasir “ölüm eskadronları” tarixi təcrübələrindən çıxış edərək, daha çox təkmilləşməyə və daha çox pərdələnməyə üstünlük versələr də, ənənvi dəst-xətlərindən və motivlərindən əl çəkə bilməyiblər.
Hazırda Belarusda, Qazaxıstanda, Özbəkistanda müxalifət partiyaları öz prezidentlərini “ölüm eskadronu”nda günahlandırırlar. “Ölüm eskadronları”nın Şimali Qafqazda, xüsusən Çeçenistanda, Inquşetiyada, Dağıstanda fəaliyyəti nəzərə çarpacaq dərəcədədir.

“Ölüm eskadronu” Azərbaycanda 1994-cü ildən fəaliyyətdədir

Azərbaycanda “ölüm eskadronu”nun bariz nümunələrindən biri kimi, Hacı Məmmədovun cinayətkar dəstəsini göstərmək olar. Rəsmi məlumatda dəstə üzvləri kimi, 26 nəfər göstərilir. Eskadron həm fəaliyyətdə olan polis əməkdaşları, həm istefada olan keçmiş polislər, həm də sıravi muzdlulardan ibarət olub. Müttəhimlər kürsüsündə Daxili Işlər Nazirliyinin 8 yüksək rütbəli zabiti əyləşib.
Sözügedən eskadron Daxili Işlər Nazirliyinin Baş Cinayət-Axtarış Idarəsinin polkovnik-leytenantı Hacı Məmmədovun rəhbərliyi altında 1994-cü ildən başlayaraq, 10 il ərzində həm sifarişli, həm də tamah məqsədilə qətllər törədib, adam oğurluqları ilə məşğul olub. Müşahidəçilər eskadronun ifşasıyla bağlı istintaqı yarımçıq hesab edir. Bu eskadronla bağlı aşağıdakı ümumiləşdirmələri aparmaq olar:
1. Azərbaycanda heç kəsin şübhəsi yoxdur ki, Hacı Məmmədov eskadronu mövcud rejimlə bağlı olub - bu tezis istintaqda ümumiyyətlə araşdırılmayıb. Eskadronun meydana gəlməsinin səbəblərinin təhlili, ilk illər ərzində onun fəaliyyətinin məzmunu, eskadron başçısının indiyə qədər qüvvədə olan qanunvericiliyə zidd olaraq, xüsusi şəraitdə saxlanılması və s. bu kimi hallar belə əlaqədən danışmağa əsas verir;
2. Ibtidai və məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılmayıb. Ümumilikdə işdə qətllərə, adam oğurluqlarına, soyğunçuluq basqınlarına, qarətlərə, saxta sənədlərin hazırlanmasına, vergidən yayınmaya və s. aid ümumilikdə 60-a yaxın epizodun istintaqı aparılıb. Bu isə daimi fəaliyyət göstərən eskadronun 10 illik “iş” həcminin az bir hissəsi kimi qiymətləndirilməlidir;
3. Məlumdur ki, Hacı Məmmədov eskadronu 2005-ci ildə məhz hakimiyyətin mənafeyi zərər çəkdiyindən ifşa olunub. Eskadronun fəaliyyətinin predmeti hakimiyyətə yaxın olan şəxsin, konkret olaraq, Beynəlxalq Bankın rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanın girov götürülməsi olayı olmasaydı, onun bundan sonra da uzun müddət fəaliyyət göstərməyəcəyinə təminat yox idi. Bundan əlavə, artıq 2002-ci ildə güc strukturlarının rəhbərlərinin hamısının - Ramil Usubov, Namiq Abbasov, Zakir Qaralovun bu eskadron haqqında məlumatı olub. Lakin eskadronun arxasında olan “ən güclü əl” faktoru onun ifşasına imkan verməyib. Onlar heç nə etməyiblər, hətta istəsəydilər belə, nəsə edə bilməzdilər;
4. “Qara kəmər” əməliyyatı tamaşası süni şəkildə oynanılıb. Əməliyyat iştirakçıları çox gözəl bilirdilər ki, hara getmək və kimləri götürmək lazımdır. Istintaq adı ilə uzun repitisiyadan sonra baş tutmuş məhkəmə prosesində isə epizodların tam əksəriyyəti eskadronun özünün təminatına yönələn özfəaliyyət əməllərinin ictimailəşməsilə nəticələndi.

O tək deyildi və indi də tək deyil!

Azərbaycanda “ölüm eskadronları”nın fəaliyyəti Hacı Məmmədovla bitməyib. Istər Hacı Məmmədovun, təkcə onun belə fəaliyyətlə məşğul olmaması və müqayisədə daha böyük dəstələrin mövcudluğu haqda məhkəmədə verdiyi bəyanatlar, istərsə də 2005-ci ildən sonra səs-küylü, açılmayan cinayətlər, o cümlədən Mahir Abdullayevin oğurlanması ətrafında baş verən proseslər belə deməyə əsas verir.
Azərbaycanda “ölüm eskadronu”nun xarakteristikasını, yüksək ehtimalla özü də belə fəaliyyətin qurbanı olmuş daxili işlər nazirinin keçmiş birinci müavini Zahid Dünyamalıyev belə ifadə etmişdi: “... bu işlər hüquq qaydaları ilə həll olunmur. Girov götülülənlərin saxlanıldığı yerə nə prokuror, nə MTN, nə də ki, polis girə bilməz. Bu işin həllinin bir yolu var. O da sülh yoludur. Bu iş sülh yolu ilə həll edilməlidir. Başqa cür olsa, heç ölüsünü də geri ala bilmərik. Bunlar ağlagəlməz dərəcədə qəddar adamlardır! Bu iş yalnız sülh yolu ilə həll edilməlidir”.

“Ölüm eskadronu” nə üçün yaradılır?

Ümumiyyətlə, “ölüm eskadronu”nun nəzəri - hüquqi xarakteristikası çox mürəkkəbdir. Bu mənada onu oxşar cinayətkar fəaliyyətlərdən fərqləndirmək vacibdir. Bəzən “ölüm eskadronu” ilə polis və məhkəmə özbaşınalıqları, dövlətin bir siyasət olaraq həyata keçirdiyi kütləvi repressiyalar arasında müəyyən paralellər aparılır. Lakin “ölüm eskadronu”nun digər oxşar fəaliyyətlərdən əsas fərqi onun qeyri-rəsmiliyi və ciddi şəkildə gizli fəaliyyət göstərməsilə bağlıdır.
Məlumdur ki, repressiyalar, polis və məhkəmə özbaşınalıqları dövlət adından aparılır və rəsmiləşdirilir. Müəyyən vaxt keçməsinə baxmayaraq, belə cinayətlərin qeyri-hüquqiliyi və qeyri-insaniliyini tədqiq etmək, ortaya qoymaq və onların gec də olsa, hüquqi qiymətini vermək olur. “Ölüm eskadronu” işə salınanda isə bunu etmək xeyli çətindir. Eskadron gizli və qeyri-rəsmi fəaliyyətdən əlavə, hər hansı formada iz saxlamamaqda maraqlıdır və arxasında olan “sehrli əl”in köməyi sayəsində çox vaxt buna nail ola bilir.
“Ölüm eskadronu”nun “sehrli əli” ali hakimiyyət təmsilçisidir. Lakin eskadronun bütün hərəkətləri heç də bu “sehrli əl”lə razılaşdırılmır. Bu mənada, eskadronun törətdiyi əməlləri iki qrupa bölmək olar:
1. Mövcud rejim üçün arzuolunmaz şəxslərin aradan götürülməsilə bağlı razılaşdırılmış əməllər. Bu zaman eskadron səlahiyyətli dövlət orqanının sifarişini yerinə yetirir. Bu işdə marağı olan səlahiyyətli dövlət orqanı eskadron üçün maliyyə ayırmır, lakin onu müəyyən imkanlarla - vəzifə, rütbə, səlahiyyət, dövlətin texniki imkanlarından istifadə və s. təmin edir;
2. Özünü maliyyələşdirmə ilə bağlı özfəaliyyət əməlləri. Bu zaman eskadron öz hərəkətini hakimiyyətlə razılaşdırmır. Lakin onun kart-blanşı - qeyri-məhdud fəaliyyət səlahiyyəti var. Hər iki halda eskadronun ilhamvericisi və hamisi “sehrli əl”dir. Çünki “sehrli əl”in özü də yaxşı başa düşür ki, eskadronun saxlanılması və fəaliyyəti üçün hansısa formada maliyyə əldə edilməlidir. Ən azı, ona görə ki, rejim sahibləri eskadronunun mövcudluğunu məqsədəuyğun hesab edir və ondan yeri gəldikcə yararlanır.
“Ölüm eskadronu” ifşa olunacağı təqdirdə, bir qayda olaraq, eskadronun özünü maliyyələşdirmə ilə bağlı özfəaliyyət əməllərinin açıqlanmasına üstünlük verilir. Rejimin verdiyi sifarişlər isə demokratik hakimiyyət dəyişikliyi olmayana qədər üstü örtülü qalır. Bu zaman “sehrli əl”in gücü və hakimiyyət üzərində nəzarəti mühüm rol oynayır. Şübhə yoxdur ki, Hacı Məmmədovun eskadronunun ifşası da bu ssenari ilə gedib. “Ölüm eskadronları” fövqəlgücə sahib olması və vahimə yaratmaq qabiliyyətinə baxmayaraq, iflasa məhkumdur.
Törətdikləri cinayətlərin hamısının açılması bəzən mümkün olmasa da, indiyə qədər mövcud olan bütün eskadronların taleyi onların ifşa olunmasıyla nəticələnib. Söhbət yalnız müəyyən zaman müddətindən gedə bilər.

Ardı var

Elşad Abdullayev (ABU-nin keçmiş rektoru);

Sədiyar Zeynalov (BDU-nun beynəlxalq hüquq
və beynəlxalq münasibətlər fakültəsinin keçmiş dekanı);

Ataxan Əbilov (beynəlxalq hüquq üzrə ekspert)

“Azadlıq” qəzeti baş redaktorunun sifarişi əsasında hazırlanıb.

Комментариев нет:

Отправить комментарий