18.01.2013

BİZ ÖZGƏYİK


Vasif Əlihüseyn

KOMPÜTER ÖNÜNDƏ SƏNİ DÜŞÜNƏRKƏN

Yadımdan çıxmırsan nə edim axı,
payız da yağışın, qış da qarımın.
Mən hansı küçəyə baxsam nə fayda,
reklam lövhəsisən qayğılarımın.

Durub, taleyimə baxıram indi,
səni sevməsəydim, gülə bilərdim.
Ürəyim komputer yaddaşı olsa,
mən ordan adını silə bilərdim.

Geriyə dönməyə çalışma daha,
bəlkə gənc olmuşam, yolu azmışam.
Mənə eylədiyin xəyanət üçün,
ömrümə ən yeni virus yazmışam.


Özümü dəyişdim, başdan ayağa,
sənə ağlamaqdan daha doymuşam.
Qapı dəstəyini qırma əzizim,
bütün arzuları koda qoymuşam.

BİZ ÖZGƏYİK

Sən bir ürək aldatmısan,
sən yalansan, mən doğruyam.
Dözəcəyəm ayrılığa,
neynirsən, kimin oğluyam.

Bu sevgiyə nə oldu ki,
qəlbi boşdum, qəlb doldu ki.
Axı, mənə nə oldu ki?
durub özümü doğrayam.

Duymalıydım səni azı,
bu da tale, bu da yazı.
Nə sən mənim dayım qızı,
nə də mən bibin oğluyam.

ÇOX ŞEY EYLƏMİŞƏM

Olub, bir təklifə yox, deməmişəm,
hələ danışmağa dilimdə olub.
Çox vaxtı, ürəyim sənin yanında,
əlimsə, kiminsə telində olub.

Sərxoş da gəlmişəm evə gecələr,
çox şey eyləmişəm, birin bilmisən.
Bəzən də, sarılıb öpmüşəm səni,
acı öpüşümü şirin bilmisən.

Bezib yorulmusan tələblərimdən,
hirsli baxışlarım göz dağın olub.
Sənsiz də qalmışam öz otağımda,
divarlar üzümə danlağım olub.

Bilirəm, mən səni çox incitmişəm,
hamısını duyuram, tək qalan kimi.
Əvvəllər biriydi, qoy iki olsun,
məni də çox istə öz balan kimi.

Комментариев нет:

Отправить комментарий