19.01.2013

Hərəyə bir ağac kəsək!

haberTural Əli

Belə bir hədis eşitmişdim: "Qiyamət günündə olsan belə, əlində budaq varsa onu yerə ək!"
Bakı bir az hündürlükdən baxıldıqda sement zavoduna bənzəyir. Bəxti qara Bakımın harasında bir ağac varsa ya dibindən kəsilir, ya da budanıb dirəyə bənzədilir. İstanbula gedərkən təyyarədən oranın necə yaşıl olduğunu görəndə gözlərimə inana bilmədim. Çünki Bakı uzaqdan ancaq sarı səhraya bənzəyir. Qurumuş həyat və can verən insanlar.
Gözü ac, qarnı yekə məmurlar, icra nümayəndələri və rəsmilər elə bil söz veriblər ki, Bakıda bir ağac belə saxlamayacağıq. Axı onların bu ağaclarla alıb-verə bilmədikləri nədir?! Nədən məmurlardan heçnə tələb etməyən ağacları məhv edirlər?
Nəhəng-nəhəng ağacları məhv edib, əvəzinə süni, dekorativ ağaclarla göz boyayırlar. İndi də təzə dəb çıxıb. Harda bir balaca boş yer var, təpəcik edib qazon əkirlər.
Ağacın faydalarını saymaqla bitməz.  Torpaqdakı nəmliyi qurutmağını, torpaq sürüşməsinin qarşısını aldığını bilirsiniz. Bunları da bilirsiniz ki, bir ağac il ərzində havadan 700 kq tozu özünə çəkərək torpağa ötürür, bir ağacın kökləri il ərzində 30 min ton suyu özünə çəkir, bu su ilə torpağa və havaya lazım olan qədər nəmlik verir. Yaşlı bir ağac 60 nəfəri oksigenlə təmin edir, ağaclar ən böyük fotosintez maşınıdır. Ağacların kölgəsi yayda insanları qızmar istidən qoruduğu kimi, budaqları da qışda sərt küləyin qarşısını alır. Ağacların zəruriliyi təkcə insanlar üçün yox, həşəratlar, quşlar və digər canlılar üçündə keçərlidir. Çox sayda canlı var ki, ağaclarda yuva salır, artım eliyir və öz missiyasını normal şəkildə yerinə yetirə bilir.
Dünya ölkələrinin əksəriyyətində insanların çoxluq təşkil etdiyi paytaxt və meqapolislərdə şəhərlərin ətrafları meşəliklə örtülmüşdür. Cəmiyyət bu yolla oksigenlə təmin edilir. Bu çox zəruridir.
Bəs Bakıda nə baş verir?
Harda ağac varsa kəsilir, yerində bina, obyekt tikilir. Böyük-böyük ağaclar budanır, lüt formaya salınır. Ağaca baxdıqda onun insanlardan utandığını hiss edirəm. Sovet dönəmində əkilən ağac meşəcikləri isə baxımsızlıqdan quruyur, can verir.
Ağac soyqırımının sonu gələcəkmi? Bütün bunlar nə üçündür? Nəyə hesablanıb?
Cavabını bilmirsinizsə mən deyim. Bütün bunlar insanların robotlaşmasına, normal həyatdan məhrum edilməsinə hesablanıb.
“Sağlam bədəndə sağlam ruh olar” prinsipi sərfəli deyil. Sağlam ruh sağlam düşüncə deməkdir. Sağlam düşüncə isə sağlam gücdür. Bu güc çox qorxuludur. Budur ağacların, təbiətin soyqırımına səbəb. İnsanlar robotlaşıb, yalnızca işləməli, sementdən ibarət evdə yaşamalıdır. Xəstələnməli, beyni qurumalı və ömrünün qalan hissəsini dərman mafiasına pul ödəməklə keçirməlidir.
Bu qloballaşmadır. Bu sağlam cəmiyyətin məhvidir.
Burdan insanlığa səslənirəm. Bu soyqırıma dur deyək. Gözəlliyi sevməsək belə özümüzə xatir, sağlamlığımıza, gələcəyimizə xatir bunu etməliyik. Gözəl həyatı qaraya bürüyən neft tullantılarından xilas olmağın yeganə yolu yaşıllıqdır, qazon təpələri yox, ağaclıqdır. Ağaclarımızı qoruyaq, ağac əkək, onların bizə heç bir ziyanı yoxdur, əksinə bizim ona çox böyük ehtiyyacımız var. İnsanlığa xatir ağacların məhvinə imkan verməyək.
Belə bir hədis eşitmişdim: "Qiyamət günündə olsa belə, əlində budaq varsa onu yerə ək!"

Комментариев нет:

Отправить комментарий