27.01.2013

İsa Qəmbər 8 nəfəri niyə güllələtdirdi?

Rəhim Qazıyevin məktubundan

Səidə xanım, bu məktubumla sizə, 5-ci korpusda axırıncı dəfə yerinə yetirilən ölümlərin icrası və orada saxlanılan dustaqların başlarına gətirilən dəhşətli müsibətlər haqqında qısa məlumat vermək istəyirəm. 1992-ci il yanvarın 4-də, axşam saat 5 radələrində 130-cu kamerada saxlanılan 68 yaşlı Camal kişi güllələndi. Ayaz Mütəllibov istefa verdikdən sonra, hakimiyyətə ağızdolusu humanizmdən və demokratiyadan danışıb, millətimizin inamını qazanmış Xalq Cəbhəsi gəldi. Yeni prezident seçkilərinə qədər prezident səlahiyyətlərini MM-in keçmiş sədri İsa Qəmbərov yerinə yetirirdi. Ağır müharibə şəraitində yaşadığımız bir dövrdə, bütün sosial sahələr üzrə problemlərin aşıb-daşdığı bir vaxtda, İsa Qəmbərov tələm-tələsik 8 nəfərin ölüm hökmünün icrasına sənəd imzaladı. 1993-cü ilin fevralın 13-ü şənbə günü səhər saat 9 radələrində iki nəfər – 118-ci kamerada saxlanılan İslam və 131-ci kamerada saxlanılan Nazim güllələndi.
Onu da qeyd edim ki, İslam həm anadangəlmə lal, həm də ruhi xəstə idi.
“… Ağır müharibə şəraitində yaşadığımız bir dövrdə, bütün sosial sahələr üzrə problemlərin aşıb-daşdığı bir vaxtda, İsa Qəmbərov tələm-tələsik 8 nəfərin ölüm hökmünün icrasına sənəd imzaladı. …”
Həmin günün səhəri, fevralın 14-də, bazar günü saat 9-10 arası 132-ci kamerada saxlanılan 3 nəfər Elşad, Roma və Andrey güllələndi. Növbəti hökmlərin icrası həmin il fevralın 20-də, şənbə günü səhər saat 9-dan çox dəhşətli hadisələrdən, vəhşiliklərdən sonra, gündüz saat 2-də başa çatdı. 121-ci kamerada saxlanılan iki doğma qardaş – Bəylər və Qardaşxan kameradan çıxmayıb uca səslə bildirdilər ki, onların işlərinə düzgün baxılmayıb, yazdıqları çoxsaylı şikayətlərə düzgün cavab verilməyib. Buna baxmayaraq, türmənin rəisi Vaqif Əhmədov və nəzarətçi prokuror onlara bəyan etdilər ki, artıq gecdi, hökm təsdiqlənib və bu gün icra olunmalıdır! Elə bu andan da ağlasığmaz dəhşətlər başlandı. Türmənin işçiləri kameranın qapısını açmağa cürət eləmədilər. Bu səbəbdən də, əvvəlcə kameranın lampasını vurub sındırdılar, sonra qapıda yerləşən “karmuşka” adlanan pəncərəni açıb, içəri göz yaşardıcı qaz balonu atdılar. Qaz yayılaraq bütün korpusu bürüdü. Buna baxmayaraq, qardaşlar kameradan çıxmağa etiraz etdilər və bir yerdə öləcəklərinə and içdilər. Kameranın qapıdakı pəncərəsindən güllə atmağa başladılar. Mən 40-a qədər atılan gülləni saya bildim. Lakin icraçılar iki nəfər olduğundan, içəriyə yağış kimi yağdırılan güllələri saymaq mümkün olmurdu. Görünür, qardaşlar kameranın küncünə möhkəm sıxılaraq gizlənmişdilər, güllə onlara dəymirdi. Korpus əməlli-başlı poliqona çevrilmişdi. Icraçılar risk eləyib, əllərini içəri sala bilmirdilər. Bu dəhşətli güllə-boran səhnəsi gündüz saat 2-yə qədər davam etdi. Nəhayət qardaşlardan birinə güllə dəydi və o, möhkəm inildəyərək yerə sərildi. Ikinci qardaş bunu görüb qışqırdı: “Can qardaş, səni al qana batırdılar, mən də səninlə ölürəm” – deyib zarıyan qardaşını qucaqladı və bu an saysız-hesabsız güllə yağdıraraq hər iki qardaşı əbədi susdurdular. Meyidləri o vəziyyətdə kamerada saxlayıb, 125-ci kameradan Salman adlı dustağı çıxarıb güllələdilər. Bu icra Azərbaycanda ölüm hökmünün son icrası oldu. Dünyalarını dəyişmiş qardaşları kameradan xərəkdə deyil, türmə işçilərinə əziyyət verdiklərinə görə, ayaqlarından tutub, sürüyə-sürüyə korpusun zirvəsinə apardılar. Dəhliz büsbütün qan içində idi. Işçilər nə qədər çalışsalar da, qanı təmiz yuya bilmədilər.
Bir məsələni də nəzərinizə çatdırıram ki, həmin vaxt 5-ci korpusun 126-cı kamerasında mərhum Salatın Əsgərovanı qətlə yetirən 4 nəıfər erməni saxlanılırdı. Millət vəkilləri, başda İsa Qəmbərov olmaqla, radio və televiziya vasitəsilə emosiyalı çıxışlarında xalqımıza bəyan etdilər ki, Salatın Əsgərovanın qanı yerdə qalmayacaq onu qətlə yetirənlər ən ağır cəza ilə cəzalandırılacaqlar! Lakin bunun əksi olaraq həmin ermənilər İsa Qəmbərovun bais olduğu – yuxarıda qeyd etdiyim qanlı hadisənin şahidi oldular. Bu qanlı səhnə İsa Qəmbərovun humanistlikdən, vətənpərvərlikdən çox-çox uzaq olduğunu göstərdi və qəddarlığının simvolu kimi, o günün vəhşətlərinə dəhşət içərisində şahidlik edən məhbusların yadında qaldı! Ondan soruşanda ki, hakimiyyətə gəldiyiniz az bir müddətdə, tələm-tələsik belə bir sənədi təsdiqləməyə sizi nə vadar etdi? Cavab vermişdi ki, mən bu mirası Elçibəyə saxlamaq istəmədim! Bu cavabın heç bir məntiqi yoxdur! Belə çıxır ki, İsa Qəmbərov respublikanın bütün ağır sosial problemlərini həll etmiş, işğal olunmuş torpaqları azad etmiş və ən axırda qalan bu mirası da Elçibəyə təhvil vermək istəməmişdi. Mən əminəm ki, bu işin arxasında başqa səbəb vardır. Zaman gələcək, İsa Qəmbərovun gizlində olan çirkin niyyəti ifşa olunacaq!

psnota.com

Комментариев нет:

Отправить комментарий