20.01.2013

İTMİŞ QƏLƏM


AKİF ABBASOV

Ötən əsrin 70-ci illəri idi. Dörd dost Rafiq, Mirzəxan, Nadir, bir də Akif Dillər Universitetində ingilis dili fakültəsində təhsil alırdılar. İngilis dilini öyrənməyə  dördündə də böyük maraq vardı. Qruplarında cəmi on tələbə vardı, dördü oğlan, altısı qız.  Seminar olanda iki qrup birləşirdi. Qrupda tələbələrin sayı ona görə az idi ki, tələbələr xarici dili yaxşı öyrənə bilsinlər.
Gəzinti vaxtı dostlar Hidistandan olan Seyqutuan və Çanla tanış olmuşdular. Onlar Bakıda Hərbi məktəbdə təhsil alırdılar. Orta məktəbi Hindistanda ingilis dilində bitirmişdilər. Dostların onlarla tanış olmaqda öz məqsədləri vardı.
Hindistanlılarla ünsiyyət qurmaqla ingilis dilini yaxşı öyrənmək. Ötən əsrin 70-ci illərində Azərbaycana yalnız sosializm birliyinə daxil olan və SSRİ ilə münasibətləri yaxşı olan ölkələrdən təhsil almağa gələrdilər.
Dostlar Senqtuan və Çanla bazar günləri görüşər, çayxanada oturub çay içər, kinoteatra gedər, dənizkənarı bulvarda gəzinər, gəmi ilə Xəzər dənizinə səyahətə çıxardılar.  Aralarında yalnız ingilis dilində danışardılar.
Dostlar ayrı-ayrı mənzillərdə kirayədə qalırdılar. Rafiq nənəsi ilə idi. Nənəni Qusardan göndərmişdilər ki, Rafiqin qulluğunda dursun, onun yeməyini hazırlasın, pal-paltarını yusun ki, o, çətinlik çəkməsin, belə işlərə vaxt sərf eləməsin, əvəzində dərslərini hazırlasın. Bu səbəbdən də Rafiq ali məktəbi fərqlənmə diplomu ilə bitirdi və onu institutba müəllim saxladılar.
Akif qardaşı Ariflə  qalırdı. Arif də bir başqa institutda oxuyurdu.
Nadirin əmisi Bakida yaşayırdı. Əmisinin dəstək qızı olduğundan Nadir onlarda qalmırdı. Əmisi onunçun qonşuluqdakı  rus qadının evində mənzil kirayələmişdi. 
Mirzəxan isə qohumlarıgildə yaşayırdı.
Əlqərəz, bir dəfə Hindistanlı dostları ilə Rafiqildə toplaşdılar. Rafiqin nənəsi yaxşı yarpaq dolması bişirmişdi. Qatıqlı-filanlı. Senqutuanla Çan spirtli içki içmədilər, dostlar isə  birlikdə bir şüşə araq boşaltdılar.
Yarpaq dolması qonaqların xoşuna gəldi. Deyirlər hidistanlılar mal əti yemirlər. Amma Rafiqgildə gözlərinə təpdilər.
Günlər keçdi. Bir dəfə Mirzəxanın ad günü idi. O, yemək hazırlatdırıb Akifgilə gətirmişdı. Ad gününü burada keçirəcəkdi. Senqutuanla Çan da qonaqlığaya dəvətli idilər. Amma onlara xəbər verilməmişdi ki, hansı münasibətlə toplaşırlar.
Çanın vacib işi olduğundan gəlmədi. Senqutuan artıq burada idi. Salatlar, pendir, qatıq, mineral sular, axırda ortaya  yarpaq dolması gəldi. Senqutuan təəccüblə baxırdı. Bu təəccübün səbəbini ondan soruşdular. O dedi:
-Mən ötən dəfə gələndə də süfrəyə yarpaq dolması qoymuşdunuz. Siz nahar zamanı həmişə yarpaq dolması yeyirsiniz?
Rafiq dedi:
-Yox, canım, bu, bir xoş təsadüfdür. Bizim süfrəmiz son dərəcə zəngindir. Sadəcə, yarpaq dolması ən sevimli yeməklərimizdəndir. Bayramlarımızda süfrəmizin bəzəyidir. Tələbəçilikdir, hər şey hazırlamaq olmur.
Yedilər-içdilər. Senqutuan yenə də spirtli içki içmədi.
Mirzəxan üçün hədiyyə alınmışdı. Hədiyyə təqdim olundu. Təbrikə Senqutuan da qoşuldu, amma hiss olunurdu ki, o özünü narahat hiss edir. Axı o, ad gününə əliboş gəlmişdi.
Senqutuan söz alıb Mirzəxanı təbrik etdi:
- Qıymadığınızdan məni xəbərdar etməmisiniz. Başa düşürəm. Xərcə salmaq istəməmisiniz. Amma mən özümü narahat hiss edirəm. Qabaqcadan bilsəydin, hədiyyə alar, həmin hədiyyə ilə Mirzəxanı təbrik edərdim. Amma...
Senqutuan nəsə fikirləşib əlini döş cibinə apardı və o zamanlar üçün misli-bərabəri olmayan bir qələm çıxarıb Mirzəxana uzatdı:
-Bu da mənim hədiyyəm. Təbrik edirəm.
Hədiyyə, doğrudan da yaxşı idi. Mirzəxan həvəslə hədiyyəni qəbul etdi. Senqutuan, adətinə xilaf olaraq, qədəhi qaldırıb içdi. Sonradan 50 qram da olsa, bir neçə dəfə araq içdi. Məclis əla keçdi və yaxşı da yekunlaşdı. Birlikdə  aparıb Senqutuanı ötürdülər. 
Dostların Mirzəxanla zarafatları vardı. Bir gün Akif  ona müraciətlə dedi:
-Xəbərdən xəbərin var?
Mirzəxan təlas içərisində:
-Nə olub ki?! – deyə soruşdu. 
-O gün  Rafiq “Vətən” kinotearının yanında Senqutuanla rastlaşıb. Senqutuan deyirmiş ki, sizdən rektora, ya da dekana şikayət edəcəyəm.
Mirzə:
-Bizdən? Niyə görə?
-Senqutuan Rafiqdən soruşub ki, mənim qələmim itib. Görməmisiniz? O da deyib ki, yox görməmişik. Soruşub ki, bəlkə yoldaşlarının xəbəri var? O da deyib ki, heç onlar da görməyib. Onda Senqutuan bildirib ki, qələm mən sizdə olanda yoxa çıxıb, hansınızınsa zavalına gəlib, onu hansı birinizsə götürüb, amma boynuna almır. Məndən inciməyin, rektorunuza, ya da dekana deyəcəm. 
Mirzəxan vəziyyətin ciddi olduğunu görüb:
-Ay canım, mən ondan qələm istədim? Özü çıxarıb verdi. Onlar içən deyil. İki-üç badə qaldıran kimi, açarlarını itirirlər. Nə elədiklərini bilmirlər. Senqutuana nahaq araq verdiniz.
Akifin dayanıb baxdığını görəndə cibindən Senqutuvanın qələmini çıxarıb:
-Mən onu belə bilmirdim. Sən Allah sabah bu qələmi ona çatdır, qoy yaxamdan əl çəksin.
Dostlar hamısı – Akif, Rafiq və Nadir burada idilər. Mirzəxanın inandığını görüb gülməyə başladılar. Mirzəxan məsələnin nə yerdə olduğunu anlayıb tez:
-Yaxşı görək,  siz də dolamağa adam tapmırsız?

Комментариев нет:

Отправить комментарий