27.01.2013

KÖNÜL PIÇILTILARI

Bilal ALARLI

Şeir sənətdi, ancaq peşə deyil. Nədənsə, tənqidçilərin şeir yazanları peşəkarlar və həvəskarlar quruplarına ayırması heç xoşuma gəlmir. Heç kəs ədəbi mühitə göydən cırıq zənbildə düşmür. Hər kəsin əlinə qələm alıb sözü sözə quraşdırdığı ilkin məqamlar olub. Sözün ağrısına dözüb dayananlar uğur qazana biliblər. Yaradıcılıq pillələrini uğurla qalxanlardan biri Afət Viləşsoydur. Əlimə düşən ilk şeirlərini oxuyanadək, demək olar ki, Afət Viləşsoyu tanımamışam. Əslində tanımaq məfhumu çoxanlamlıdır.
İnsanı tanımaq onun boy-buxununu görməklə, səsini eşitməklə tamamlanmır. Hər kəsin görünən və görünməyən üzü var, hər kəsin eqosu, fəlsəfi şəkildə ifadə etsəm, özündəşey kimidir, hamıya açılmır. Amma elə məqamlar var ki, qismən tanıdığın şəxsi gözündə ucaldır. İstəyirəm ki, oxucu Afət xanımın kimliyini özü açıb varaqlasın. Belə bir məsəl var, deyirlər, dəniz suyunun tamını təyin etmək üçün onun hamısını içməyə dəyməz, bircə qurtum bəsdir ki, acılığını-şirinliyini müəyyən edəsən… Hələ on doqquz yaşında ikən “Könül pıçıltısı” (2004) adlı ilk şeirlər toplusunu çap etdirməyə cəsarət etmiş Afət xanımdan bir şeir alıram xə xatırladıram ki, o, bu poetik nümunəni bir qədər də erkən, yeniyetmə çağlarında yaradıb. “Aldılar” adlı şeir on beş yaşlı bir qızın həyəcanlı yaşantılarının məhsuludur:

Səndən göz yaşını, məndən gözümü,
Səndən var qüvvəti, məndən dözümü,
Səndən bircə məni, məndən özümü
Aldılar.
Səndən kədər dəmi, məndən dərd dəmi,
Səndən məlal günü, məndən matəmi,
Səndən təkcə məni, məndən özgəni
Qurdular.
Səndən sellər-sular, məndən səhralar, 
Səndən quru torpaq, məndən dəryalar,
Səndən elə məni, məndən özümü
Umdular.
Səndən Viləşsoyu, məndən Viləşi,
Səndən könül suyu, məndən atəşi, 
Səndən bir gülşəni, məndən cənnəti
Aldılar, aldılar, aldılar…

Şeirə şərh vermirəm və elə bilirəm buna ehtiyac da yoxdur. Düzdür, şeirdə hələ bərkiməmiş misralar, yerinə oturmayan sözlər var, amma poetik tamın içərisində əriyib itən naşılıq diqqəti o qədər də cəlb etmir. İlk şeirlərində daha çox romantik olan və hər sətrində söylədiyi fikrə fəlsəfi don geydirməyə çalışan gənc şairə zaman keçdikcə reallıqla üz-üzə gəlir və oxucusunu da bu reallığa dartıb aparır. Romantikadan reallığa eniş bütün çağdaş şairlərin yaradıcılıq yoludur. Mənim özümdə də bu hal olub, ilk şeirlərim abstrakt (mücərrəd) duyğuların təzahürü kimi gürünürdü, sonralar reallıq abstraktizmi üstələdi və mən indi istəsəm də, mücərrəd şeirlər yaza bilmirəm. Görünür, bu, dünyagörüşlə bağlıdır, həyata daha çox nüfuz etdikcə, gözəlliklərin arxasındakı eybəcərlikləri gördükcə, qələm olanları olan kimi təsvir edir və sən şeirlərində də həyatda olduğun kimi görünürsən.
Afət Vilşsoy kimdir? Abuşova Afət Yusubəli qızı Masallı rayonunda dünyaya göz açıb, Bakı şəhərində oxuyub, Nərimanov rayonundakı 178 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb. İxtisası üzrə pedaqoji fəaliyyətlə məşğuldur. Şeir yazmaqla yanaşı, elmi axtarışlar da aparır, elmi işinə uyğun olaraq məqalələr yazır. İki övlad anasıdır, bir qızı, bir oğlu var. Bəlkə də bu son məlumatı yazmamalıydım, ancaq bir qadın üçün eyni vaxtda işləmək, elmi fəaliyyət göstərmək və ədəbi yaradıcılıqla məşğul olmaq olduqca çətindir. Uşaq qayğısı çəkməyin nə demək olduğunu evdar qadınlar yaxşı bilirlər. Afət xanım evdarlığı işgüzarlığı ilə məharətlə birləşdirir və bunların öhdəsindən təkbaşına gəlir. Mən hərdən düşünürəm ki, görəsən, bu qadın şeirlərini yazmağa vaxtı necə tapır? Həmişə fikirləşmişəm ki, əli qələm tutan, ələlxüsus, şeir yazan adamlar bir qədər “havalı” olurlar, məişət qayğılarının məngənəsindən bir quş kimi qanadlanıb poeziya səmasında dövrə vurmağa can atırlar. Ağır və ağrılı yaşantılardır!
Adi qadın həyatı – budur Afət Viləşsoyun qısa kimliyi, rəqəmlərə və rəsmi-işgüzar sənədlərə sığan tərcümeyi-halı! Viləş Cənub bölgəsinin axarlı-daşqınlı çaylarından biridir. Bu çaya çoxlu müalicə əhəmiyyətli sular qovuşur. Viləşdə körpə vaxtlarımdan çimmişəm, İstisuyun hərarətinə, Qaramanın ilığına, Yanarsuyun oduna, Donuzütənin hənirinə isinmişəm. Afət xanımın bu çayın sirli-sehirli adını özünə təxəllüs götürməsi doğulduğu elə-obaya və torpağa məhəbbətdən irəli gəlir. Şeirlərində bu çayın ahəngini saxlamağa çalışan Afət xanımın qələmi yazağzı coşursa, bu, yaz daşqınları ilə adamları sınağa çəkən Viləşin təlatümü ilə bağlıdır. Afət xanım Viləş çayını daşqınlar qoynuna alan bir vaxtda, aprelin 27-də dünyaya göz açıb axı… Yayda Viləş məcrasına bükülə-bükülə axır, çünki istirahət üçün bu gözəl diyarın qoynuna gəlmiş adamları ürkütmək istəmir.
Afət Viləşsoy yaradıcılığında ata-ana məhəbbəti də yurd sevgisi qədər müqəddəsdir.

Gözlərim nur alır sənin gözündən,
Ürəyim güc alır hər bir sözündən,
Mən elə var oldum sənin özündən,
Sənin qurbanınam mən özüm, ata.

Hələ həyatda öz yerini tapmamış on beş yaşlı bir qızın valideyn sevgisi nə qədər pak və təmiz görünür. Mənalandırmalar, metaforik ifadələr ata-ana sevgisinə fəlsəfi yön verməkdən, bu sevgini digərlərinin də gözündə ucaltmaqdan irəli gəlir. Ana sevgisi ilə bağlı şeirlər isə o qədər ritmik kökdədir ki, oxucuya nəğmə təsiri bağışlayır:

Nə istərsən gözüm üstə,
Anam mənim, anam mənim.

Anasını ilham pərisinə bənzədən Afət xanım göydə ulduzların belə onun cəlalına və camalına heyran olub yerində dura bilmədiyini, axıb getdiyini yazır. Afət xanımın anasına həsr etdiyi “Ana ürəyinə” adlı ikinci şeir ilk şeirdən fərqli olaraq, nəğmə təsiri bağışlamır, lakin birincidən qüvvətli səslənir:
Sənin gözlərində ucala bilsəm.
Deməli, Everesti fəth eləmişəm.
İlk kitabında hər gördüyü və təsvir etdiyi şeyə romantik boya verən və fəlsəfi don geydirən Afət xanım insan, yaradılış, həyat, sevgi hissləri, valideyn borcu, ata-ana məhəbbəti, ayrılıq, axirət haqqında müdrik fikirlər söyləməyə çalışır. “İnsanlıq” tipli şeirlər məhz bu cür bədii təfəkkürün məhsulu kimi meydana çıxmışdır:

Ona səcdədədi bütün yer üzü,
Peyğəmbər bənizli üzdü insanlıq.
Şairin könlünün məlhəmi olan
İlhamın pərisi, sözdü insanlıq.

Bu cür fikirlər gənc Afətin qələminə, bəlkə də, Nəsimi şeirlərindən süzülür. Lakin gənc özü həyatı öyrənmə məqamında olduğu üçün fikirləri kimi misraları da dolaşıqdır. Afət xanımın klassik janrlarda, xüsusən qoşma və cığalı təcnis qəliblərində yazdığı ilk şeirlərində özünü-sözünü axtarmaq cəhdi vardır. Mələk aləminin kəhkəşanında şairləri mələk sayan şairə özünü də bu müqəddəs “yalana” inandırır:
Fərqi yoxdu, müqəddəs oldu-olmadı,
Şairlər də bir cür mələk olurmuş.
Afət xanım sözlə baş-başa qaldığı məqamlarda “Mələklər başımı qatan günümdü” deyir. Ümumiyyətlə, onun ilk kitabındakı bütün şeirlərdə mələk və şair obrazlarının eyniləşdirilməsi halları poetizmin əsasını təşkil edir.
Afət Viləşsoyun “Çiçək nəğməsi” (2006) adlı ikinci kitabı da romantik hisslərə və ilhamverici duyğulara köklənib. Kitaba ön söz yazan Fəridə Hacıyeva gənc şairənin şeirlərini “kövrək nəğmələr” adlandırır. İlk kitabındakı ənənəni davam etdirən Afət xanın bu kitabında da ana, yurd sevgisini dilə gətirir, mələklərlə “oturub-durur”:

Mən öz erafımda dayanmış idim,
Üşüyən qəlbimə kömək gəlmişdi.
Yamanca isindim od-ocağına,
Bu gecə yuxuma mələk gəlmişdi.
Ana sevgisi bir qədər də dərinləşir:
Öyrətdi həyatın hər bir üzünü
Bu incə titrəyiş könlümə tamam. 
Pərişan ürəyi daradı getdi
Anam saçlarını darayan zaman.

Lakin Afət Viləşsoyun şeirlərində inkişaf aydınca seçilir. Kitabda “Hardasan?” tipli zəif şeirlərlə yanaşı, daha güclü hisslər aşılayan və dayanıqlı ovqat yaradan vətənpərvərlik şeirləri də vardır. Gəncədə hərbi xidmətdə olan əsgərlərə yazılan şeir ritminə görə hərbi marşa bənzəyir. “Duman çəkilsin” şeiri mələklərin əlindən tutub gələn şairənin sevgisini poetik şəkildə ifadə edir. Şeir məhəbbət mövzusunda olsa da, ona asanlıqla vətən təəssübü vermək mümkündür. Təkcə bu şeir Afət xanımın qələminin tədricən bərkidiyini nümayiş etdirir:

Sıxıb göz yaşımı dəniz eləyim,
Gözümü ruhuma kəniz eləyim,
Sənli dərdlərimi sənsiz eləyim,
Təki səmamızdan duman çəkilsin.

Afət Viləşsoyun şeirləri assonanslı və alliterativ ahəngdarlığa malikdir. Onun şeirlərindən birinin aparıcı misrası belədir: Sənli günün sağ əli sənsiz günün başına. Yaxud başqa bir şeirdə nəqarət təsiri bağışlayan qafiyə bəndi ahəngdarlığına görə seçilir: Bir çəmən olaydı, bir sən, bir də mən. “Ayrıla bilmirik” şeiri bütünlüklə alliterasiya və assonans üzərində qurulmuşdur:

Mən elə mənsizəm. sənsizləyəndən,
Soruşma mənsizlik nə tamda şeymiş.
Sənin sənliyinlə mənim mənliyim
Bu qəlblə bizsiz də görüşəcəkmiş…

“Nida!”, “Sual qalağı” kimi şeirlər Afət xanımın ədalət və haqq axtarışlarının poetik ifadəsidir. Poeziya axtarışları onu Tanrının hüzuruna gətirib çıxarır və Afət Viləşsoy şeirləri “Salam, Tanrım” (2008) deyir. Üçüncü kitabı həcminə görə deyil, məzmun zənginliyinə görə də müəllifinə uğur gətirir. Buraya əvvəlki kitablardan şeirlər salnsa da, orijinal toplu təsiri bağışlayır. Müəllifin “Sənə demək istəyirəm ki…” adlı ön sözü başlıqtutuşdurma prinsipiylə yazılmışdır. Bu özü də bir şeir təsiri bağışlayır: “Hələ o da yadımdadır ki, onda gözümə “Axirət yuxusu” gəlmişdi və “Vəssalam” deyib “Ürəklə dil arasında” qalmışdım. Sonra, nəsə, getmədim, heç uzaqlara da yolum düşmədi. “Nə sevgiymiş bu?”

Salam, Tanrım,
Yenə gəldim,
Ayağından öpüm.
Bir kəlmənlə doğulmuşam,
Bir sözünlə ölüm.

Bu kitabda hər şey var: qoşma da, sərbəst şeir də! Hər şeirin canında Afət xanımın ürəyinin odu dilimlənir. Onun antitezası da maraqlıdır: Bir şair danışdı, bir mələk susdu. Duası qəbul olunan gün Tanrının iltifatı kimi şairəyə göndərilən şeir elə Tanrı sözü timsalındadır:

Ziyasan, işıqsan, havasan, susan,
Parladı ruhumda şövqün, həvəsin.
Elə bil, qəflət yuxusundaydım,
Açdım gözlərimi, səni istədim.
Sıyrıldım illərin yoxuşlarından,
Yanlışın saldığı naxışlarından.
Ballanan butanın yuxu şanından
Açdım gözlərimi, səni istədim.
Sulandı üzündə qətrələr kimi
Közərən röyalar qaladı məni.
Sonsuz dərdlərimə çarələr kimi
Açdım gözlərimi, səni istədim.

Mirzə Yaşar Məmmədli yazır ki, Afət Viləşsoy yeni Azərbaycan poeziyasında heç bir yenilik yaratmayıb, lakin onun şeirləri müasir insanın iç duyğularını olduğu kimi ifadə edir. Dünya, insan, Vətən haqqında şeirlərin içərisində sevgi şeirləri önəm daşıyır, çünki müxtəlif mövzulu şeirlərin özü məhəbbətlə yazılır. Vətəni sevməsən, başqalarında ona sevgi hissi oyada bilməzsən. İnsanlığa rəğbət bəsləməsən, oxucuya bu rəğbəti aşılaya bilməzsən.

Çiçəkdir, şəhdindən doya bilmirəm, 
Şəkərdir, balına qıya bilmirəm.
Heç mən də az aşın duzu deyiləm,
Bu sevgi xoşuma gəlir.

İyirmi beş yaşına “25 nar çubuğu” (2010) adlı şeirlər kitabını ərməğan edən şairə ömrünün illərini ona qüvvə və güc verən, ağıl və təcrübə verən həyat yolu kimi xarakterizə edir. Atasının verdiyi bir dəstə nar çubuğunu qıra bilməyən övlad, onları ayırıb bir-bir asanlıqla qırır. Ağac dərinlərə kötük atdıqca, insan yaşlaşdıqca bərkiyir. Bu mücərrədlik Afət Viləşsoy şeirlərində belə reallaşır: Mən səni sevəndə ana deyildim. Həyat sevənlərin boynuna ailə qayğısı adlı ağır yük qoyur: Məni qollarında gəzdirəmməyən Mənim qollarımda ölmək istəyir. Bu məhəbbətə doğru yol da ağrılıdır: Tərk edib gözəlim gözəl dünyanı Köçmək istəyirəm, vağzalı çalın. Yaxud: Dərgaha uzatdım qunud əlimi, Sənlə eşq namazın qıla bilmədim… Və bu da ağrılı yaşantıların ağırlığı:

Qınaya bilmirəm taleyimizi,
Həyatın oyununa tuş olmuşuq biz.
Sən iki sahilin yalqız dənizi,
Mən iki dənizin arasında düz…
Gəldi ömrümüzün yeni baharı,
Bu yeni baharda köhnə mən oldum.
Sən iki qadını təbrik elədin,
Mən iki kişidən hədiyyə aldım…

Əlbəttə, bu sətirləri həyəcansız oxumaq mümkün deyil. Eşqini sirli bir nağıl sayan bir qadın üçün elə yaşantılar var ki, onları dilə gətirmək, sözə düzmək cəsarət tələb edir.

Danışmazdım, danışdırdı,
Barışmazdım, barışdırdı,
Alışmazdım, alışdırdı,
Bu sevgi koz qoyub getdi.

Daha ürəyi dolub-boşalmayan, əvvəlki kimi sevinə bilməyən şairə varlığını özünə yük sayır və dərdini çəkməyə karvan axtarır. Buna baxmayaraq, şairə öz məhəbbətini hər şeydən uca tutur: Özümüz dünyanın təhkimlisiykən, Eşqimiz Allahın möcüzəsidir. Afət Viləşsoy ilk kitabındakı dolaşıq fikirlərdən nə qədər ucadadır. Bu da poetik yüksəklik: Hər gün xatirənə layla deyirəm… Dördüncü kitabda Knyaz Aslanın gənc şairənin yaradıcılığı haqqında təhliledici məqaləsi verilmişdir. Knyaz Aslan onun şeirlərini köklü-köməcli şəkildə araşdırır və şairənin yaradıcılığı ilə həyatının bir-birini tamamladığını bildirir: “Şairin ömür yolu ilə yaradıcılıq yolu bir-birinə sıx bağlananda, taleyin yazdıqları ilə qələmin köçürdükləri qoşalaşanda, ağlı-qaralı misralar ağlı-qaralı həyatdan güc alanda qazanan ədəbiyyat, qızınan oxucu, adı tarixə yazılan isə şair olur”. Knyaz Aslan gənc şairənin lirik qəhrəmannını “ikili tale yaşayan qadın obrazı” adlandırır.
“25 nar çubuğu” kitabı Afət Vilşsoyun şeir yaradıcılığının dönüş nöqtəsidir. Bu kitabda toplanan şeirlər poetexnik qüsurlardan, leksik-semantik naşılıqdan uzaqdır. Burada toplanmış şeirlərin poetik tutumu yüksəkdir. Bütün şeirlərdə məcazi mənalı epitetlər, frazoloji-semantik ekspressivlik və antiteza yaradan sətirlər vardır ki, bu da oxucunu yormur, ifadə edilən emosionallığı yaşamağa kömək edir. Eyni ruhu Afət Viləşsoyun “Söyüd balası” (2012) adlı kitabından da almaq mümkündür. “Söyüd balası” poetik toplu kimi “25 nar çubuğu”nun davamıdır və onu tamamlayır. Afət xanım hər iki kitaba mücərrəd ad qoymasına baxmayaraq, əslində oxucunu realist şeir nümunələri ilə üz-üzə qoyur.

Kirpiklərim qucaqlaşıb uyuyub,
Bir butanın yuxusu var gözümdə.
Hər təmasın əllərimə əzizdi,
Məhəbbətin qoxusu var üzümdə.

Yaxud:

Sonuncu bitikcə solub əlimdə,
Məndən ayrılmağı diləyən kağız.
Üstümü-başımı dərdə bükübdü,
Məni ayrılığa bələyən kağız.

Söyüdlə bağlı şeirlərindəki fikirlərin üstündə bir qədər düşünməli oldum. Niyə söyüd balası? Afət xanım bir müddət AMEA Folklor İnstitutunun mifologiya şöbəsində işləyib və Azərbaycan folkloruna yaxşı bələddir. Söyüdlə bağlı inamlar mifik səciyyəlidir. Söyüd barsız olur. Söyüd salxımlı olur, hörüklü qıza bənzəyir. Buna görə də ona ağacların gəlini deyirlər. Söyüd su sevən ağacdır. Söyüd sınır, ancaq əyilmir. Söyüd külək çəkir və kölgəsi sərin olur. Söyüd dərdlərin və sirlərin qəbristanlığıdır. Söyüd pirdir, ona görə də ona nəzir aparırlar. Öz paltarından bir parça kəsib söyüd budağına bağlayanın ömrü uzun olur. Bu əlamətlər söyüd mifini formalaşdırır. Afət Viləşsoy söyüdün hansı inancına üz tutur? Söyüd şair könlünün tanrısal yeridir. “Söyüdüm” şeirindən:

Məndən su diləmə, söyüd balası, 
Gəl, səni köynəkdən keçirim, yeri.
Bəsdir, iməklədi səadətimiz,
Gəl, sənə şirinçay içirim, yeri.
Ay söyüd balası, salxımınca gül,
Bir qundaq dünyaya gətirək belə.
Bir söyüd, bir adam, bir salxım uşaq,
Beləsi dünyada olmayıb hələ.

Hisslərini yaz yağışına bənzədən şairə belə duyğulara qadağa düşdüyünü deyir. “Söyüd balası” şeirindən:

Ay söyüd balası, nəyəm sənincün?
Nağıl dünyasıyam, ya masal yeri?
Sırınmış ümiddə yüz iynə yatır,
Xəlbir eləmisən Tanrısal yeri.

Söyüd və söyüd balası obrazları Afət xanımın bir neçə şeirində yer almışdır. Bu şeirlərdəki söyüdlə bağlı misralar yadıma bir əhvalatı saldı. Yaşadığım kənddə Əlihüseyn Zeynalov adlı bir kişi söyüd ağacına almanı calaq etmiş və ondan göz oxşayan, lakin dadı olmayan sulu göy almalar almışdı. Bu calaq elmi əsaslara söykənmirdi. Belə meyvələrə assiqment, yaxud modulyant deyirlər. Geni, kökü dəyişdirilən meyvə özü nəsil törətmək qabiliyyətini itirir.

Sən söyüd, mən adam, tutmazdı axı,
Tutmadı, kölgəndən alma qopardım.
Sən gizli görüşdən, mənsə almadan
Tapa bilmədiyim sevgi apardım.
Elə bil, şirincə nağıl imişik,
Ay söyüd balası, danış, din.
Son dəfə səninlə alma yemişdik,
Səni almalarla birgə itirdim.

Namiq Hacıheydərli bu mənzuməni “iyirmi üçüncü əsrin şeiri” adlandırır. Deyəsən, Afət Viləşsoyun öz kitabına belə qəribə ad seçməsinin səbəbi aydınlaşır: Dağıldı, söyüdün sirri dağıldı! Mən bu istedadlı şairənin obrazlı misralarını burada ard-arda düzməkdən özüümü saxlaya bilmirəm:

Gözləri Allaha dikilən gecə…
Dualar qılırsan xatirələrə…
Sənin ovcunda gördüyüm yuxu…
Bir baş dincəldiyi dizi anırdı…
Bir dəfə yaşamaq bəs eləmir ki…
Ayrılıq yetişib, dəyib saralır…
Pəncərəm önündə ay şirniklənib…
Sözümə çevirdim silahlarımı…

Namiq Hacıheydərli onu “sevgi şairi”, Hafiz Hacxəlil isə “butalı yuxuların şairi” adlandırır. Afət Viləşsoyun şeirlərində vüsal sevinci qədər hicran, ayrılıq kədəri var. Bu poeziya qismətini əllərində saxlaya bilməyən qadının könül pıçıltılarıdır. Bu şeirlər anasını övlad kimi və övladını ana kimi sevən qadının yaşantılarıdır. Bu şeirlər hər nədirsə, onların müəllifinin qadın olduğu hər sətrindən duyulur. Bu şeirləri yazan qadın xoşbəxt görünməyə çalışan facəli ailə həyatı yaşayır. Bu şeirləri yazan qadın ana olduğu üçün xoşbəxtdir. Bütün bu dilemmatik fikirlər Afət Viləşsoy poeziyasının assosiativ yekunudur. Buna görə də bunca təsirlidir, sirayətedicidir, düşündürücüdür.
Afət Viləşsoyun “Söyüd balası” kitabında toplanmış hər şeir nümunəsi kamilliyi ilə seçilir. O, ilk şeirlərinin fövqündə durur. Ən başlıcası, onun şeirlərində böyük məhəbbət yaşantıları var. Tükənməyən, solmayan bir məhəbbət! Afət Viləşsoy şeirlərində şəxsi həyatında olduğundan çox yüksəkdə dayanır. Belə də olmalıdır. Poeziya əlçatmaz bir zirvədir və onu öz məşət qayğılarının səviyyəsinə endirməyən Afət Viləşsoy bu ucalıqda duruş gətirə bilir.

Комментариев нет:

Отправить комментарий