16.01.2013

Narıngül - Qızlar

Qızlar bizə zəng edib gəlməyimizi dönə-dönə xahiş edirlər, maraqlı olacağını vəd edirlər. Belə ekskluziv tədbirlər son vaxtlar çox dəbdədir. Qızlar  üç bacıdırlar, 30-35 yaşlarında olarlar.
 Bacılar  həmişə mənim marağımı çəkib, odur ki, razılaşıram. Hər dəfə onlara baxanda zadəgan dövrünün xanımlarını, yaxud on səkkiz, on dokkuzuncu əsrlərin tarixi romanlarındakı qadın qəhrəmanlarını xatırlayıram.
Bacılar həvəskarlardan ibarət dərnək təşkil ediblər, bu dərnəkdə canla- başla çalışırlar. Kiçik qız şeir də yazır. O birilər həm rəssamllıqla, həm ədəbiyyatla məşğuldurlar. Dediklərinə  görə, əsas missiyaları istedadlı adamlara kömək etmək, onları dirçəldib xalqa təqdim etməkdir.
”Bizim işimiz  ancaq qayğı göstərməkdir”-  deyirlər söhbət arası. Gördükləri  işin müqabilində heç nə ummurlar. Ancaq  minnətdarlıq və tərif eşidəndə yaman sevinirlər, üzlərində fərəhdən çiçəklər açır.
Qızların əynində bəlkə də on il əvvəlin dəbi olan sadə paltarlar var, üzləri makiyajsızdır.Görkəmləriylə sanki zahiri görünüşün əhəmiyyətsiz olduğunu ətrafdakılara  anlatmağa çalışırlar.
Ümumiyyətlə onlar haqqında düşünərkən cəm şəklində düşünməli olursan. Eyni xarakter, eyni tale...      
 Kişik qız zərif üz quruluşuna malikdi. Burnu, dodaqları, çənəsi bir-birinə tənasübdü. Hansısa rəsm əsərində rastlaşmışam bu cizgilərlə,  xatırlaya bilmirəm. Dodağındakı zərif  təbəssümü və gözlərindəki  parıltı onu yaşından xeyli kiçik göstərir. Danışarkan dodaqlarını bir-birinə bərk sıxır.Uzaqdan baxanda dişi canavara bənzəyir. Kiçik qız deyir ki,özümə layiq kişi yoxdur. Kişilərin heç birinə inanmıram. “Məndən ağıllısını istəyirəm”, - deyir. Bununla da bildirir ki, ərə getmək fikri yoxdur.
Ortancıl qarabuğdayı və girdəsifətdir. Yanaqlarında  təbii qızartı hiss olunur və  uzun qara qaşları girdə  sifətinə  millilik verir. Saçını  qədim üsulla çiynindən aşırmaqla  bu kaloriti  qəsdən gücləndirməyə çalışıb.Üzündə insanı cəzb edəcək bir təbəssüm var. Özündənrazı və əsəbidir. Amma əsəbini boğaraq adamlarla mehribanlıqla davranmağa, bir növ “yuxarıdan enərək, güzəştə getməklə”  həm də öz dəyərini, çəkisini artırmağa çalışıır. Deyir ki, sevgilim olub, amma vəfat edib. Sevgilisi hər gün bunun evinin qarşısında dayanıb onun nəfəsini, səsini duymayınca çəkilib getmirmiş. Deyirmiş ki, sənin həsrətinlə öləcəyəm. Yenicə evləndiyi arvadına gözucu da  baxmırmış. Və bir günü qəlbində onun sevgisi vəfat edibmiş oğlan. Odur ki, o da ərə getmək fikrini, sevgilisinin nakam arzularıyla birlikdə  qəlbində birdəfəlik dəfn edibmiş. Qeyd edim ki, mənim nağıla inanmaq limitim sıfra bərabərdir. Belə şeylərə şübhə ilə yanaşıram.  Amma  yanımdakı  rəfiqəm çox mütəəsir olub, ah çəkərək təəssüflə başını bulayır. Mən də arabir qeyri-müəyyən ifadələrlə onu təsdiqləyirəm.
Böyük qız ilk baxışda o qədər də diqqət çəkmir. Adi üz quruluşuna malikdir, bir qədər buruq və səliqəsiz görünən saçı, dolu   girdə sifəti var.Amma sifətindəki insana rahatlıq gətirən ifadə və  mənalı gözləri ilə yadda qala bilir. Bir qədər təcrübəli  evdar xanımları xatırladır. Böyük qız deyir ki, taleyə boyun əymək gərəkdir. “Daha məndən keçdi, məndən ərə gedən olmaz. Gecdi. Bir dəfə getdim alınmadı”.
Bəlkə də qızlar bu tərəflərdə dəbdə olan, tez-tez təkrarlanan “niyə ərə detmirsiniz” sualından bezərək, bu aşıqlamaları verirlər.
Əsas odur ki, onlar özləri   inanırlar söylədiklərinə.İnanclarının içində istədikləri  və bacardıqları şəkildə öz  portretlərini yaradıblar və bura başqa rənglər əlavə etməkdə maraqlı deyillər.
 Qızların şox həvəsli və işgüzar  olduqları  uzaqdan hiss olunur. Bilinir  ki, belə işlərin peşəkarıdırlar.  Həm də xeyli   təkəbbürlü  və  iddialıdırlar.
Tədbir gənc bir rəssama həsr olunub. Qızlar özlərini  əsl ev sahibi kimi aparırlar.  Kənardan,  diqqətlə izlənildikdə isə  nəyinki ev sahibi, hətta dünyanın sahibi kimi görünürlər.
 Bu rəssam hələ lap uşaqdır. Amma gözlərindən cin yağır, diribaşdır,  hiss olunur ki, hər şeyə maraqlıdır.
 Burda çıxış edənlərin sözlərinə inansaq  çox  istedadlıdır, gələcək üçün işartılar var kifayət qədər. Əgər  çalışsa,  sonralar  uğur əldə edə biləcək....
Bacılar onu əhatəyə alıblar. Əməlli- başlı qayğı göstərirlər: lap uşaq kimi. Oğlan, sözün əsl mənasında,  onların himayəsindədir, qızların təmasından uzağa düşməməyə çalışır. Hiss olunur ki, onun üzərində bacıların zəhməti böyükdür və o da öz növbəsində “onların böyüklüyünü” hiss etdirir,  bu zəhməti dəyərləndirməyə çalışır.
Qızlar tədbir boyu diqqət mərkəzində qala bilirlər və  bundan məmnun olduqları üzlərindən bilinir. Çox xoşbəxt görünürlər.
Burda söylənilən tərif və minnətdarlıq dolu çıxışların çoxu onlara ünvanlanıb.hiss olunur ki, bacılar bunu gözləyirlər. Çıxış edənlər bütün bunların bacıların zəhmətlərinə hesablandığını  gözəl anladıqlarından tərifləri şiddətləndirirlər.
Tədbirdəkilərdən kimsə, oğlana tezliklə ailə qurmağı arzulayır. Sonra bu arzular bir neçə dəfə təkrarlanır. Qızlar gülümsünürlər, amma dinmirlər.Gənc rəssam indiki halıyla onların  həyatlarının ödənişidir, qızlar evli adamlarla dostluq etməyi sevmirlər. Bilirlər ki, oğlan  bir az dirçələndən, evlənəndən sonra ondan  aralanacaqlar. Oğlan onların himayəsindən çıxacaq, artıq həvəskar olmayacaq. Onlar yalnız  ilk addımı olanları dəstəkləyirlər.
Ortancıl qız gülümsünərək astadan pıçıldayır ki, bizim işimiz ancaq həvəskar və istedadlı insanlarladır.Elə ki, bir az məşhurlaşdılrar, tanındılar bizlik deyil. Sonrasını özləri bilsinlər. Böyük adam olurlar... Qız bunu xüsusi tələffüslə qeyd edir və bunu deyərkən hər üçünün sifətində bir məyusluq qonur. Sonra o, köksünü ötürür. Ehtiyatla əvvəlki tədbirlərdən birində təqdim etdiyi və sonralar onların yanında tez-tez gördüyüm gənc rəssamı soruşuram. Danışmaq istəmirlər,hiss olunur ki, bərk inciyiblər: “O, daha bizlik deyil, deyirlər. Böyük adamdı...”
Oğlan qızlara öz minnətdarlığını bildirir. Bildirir ki, onların zəhmətini heç vaxt unutmayacaq. Harda olsa onları axtarıb tapacaq. Sonra qeyd edir ki, bacıları , xüsusilə ortancılı özünə ana hesab edir. Qızların hər üçünün üzünə müəmmalı bir təbəssüm qonur.Ortancıl qız nədənsə darıxırmış kimi görünür. Ah çəkir və tədbiri yekunlaşdırmağa qərar verir.
Qapıdan çıxarkan adətim üzrə dönüb  geri boylanıram. Mənə  elə gəlir ki, bir az əvvəl  alışdığı  hay-küydən, sevgi və nəşədən ayrı qalmış  zal indicə bağlanacaq qapıya nə isə demək istəyir. Amma müdrikcəsinə susur. Taleyinə baş əyib boş otaq. Demək boşluğa düşmək təkcə  insanların qisməti deyilmiş. Ayrı əlac yoxdur.
Bacılar yanımızdadırlar, bizi yola salırlar.
 “Günəş də özünü həsr edir” - böyük qız kədərlə  gülümsünür. Qızlar yarıaçıq qalmış qapının arxasında xeyli kübar və  təkəbbürlü görünürlər. Həm də xeyli  əzəmətlidirlər!

Комментариев нет:

Отправить комментарий