06.01.2013

Polisin nəzarətində 150 nəfərlik dəstə

İdmançılardan ibarət dəstə hansı işlərlə məşğuldur?

İdmançı olan Nofəl polisin adamı olduğunu yaxın çevrəsindən gizlədir, polislə əməkdaşlığı “əsl kişiyə yaraşmayan” hal kimi qiymətləndirir

Onların maaşını Bakıda fəaliyyət göstərən iri ticarət mərkəzlərindən birinin sahibi ödəyir

Qəzetimizin ötən saylarında müxalifətə qarşı istifadə edilən “mülki geyimlilər”dən Nofəl adlı şəxs barədə məlumat vermişdik. Bu şəxs müxalifətin aksiyalarında etirazçılara qarşı zorakılıqda xüsusi fəallığı ilə seçilir.
Nofəlin noyabrın 2-də Ictimai Palatanın parlament önündə keçirdiyi aksiya çəkilən fotosunu da təqdim etmişdik. Həmin fotoda o, AXCP fəalı Dəyanət Babayevin boyunundan yapışıb onu polis maşınına salmaq istəyir.
Bildirmişdik ki, əldə etdiyimiz dəqiq məlumatlara görə, Nofəl polis deyil. Onun ev ünvanlarına qədər dəqiq məlumatlar redaksiyamıza təqdim edilib. İdmançı olan Nofəl polisin adamı olduğunu yaxın çevrəsindən gizlədir. Polislə əməkdaşlığı “əsl kişiyə yaraşmayan” hal kimi qiymətləndirir. Nofəlin qanun, qanunçuluğa münasibəti birmənalı neqativdir, buna işarə kimi onun telefonunun fon rəsmlərində kirminal aləmin avtoritetlərinin fotolarının olmasıdır.
Onu da qeyd etmişdik ki, Nofəlin işi yalnız aksiyada adam döymək deyil. O, həm də polisin izləmə və müşahidə əməliyyatlarında da fəal iştirak edir.
DIN isə bu məsələ ilə bağlı açıqlamasında Nofəlin polis olduğunu iddia etmişdi. Lakin dünən redaksiyamıza daxil olan məlumatlar bu iddianın əksini göstərir. Həmin məlumatlarda bildirilir ki, Nofəl tək deyil. Onun kimi 150 nəfərdən ibarət dəstə var. Bu dəstədə birləşənlər idmançıdır. Dəstə DIN-in Baş Mühafizə Idarəsinin rəisi Yaşar Əliyevin müavini polis polkovniki Sabir Quliyevin tabeliyindədir. Dəstə üzvləri hər ay 500 manat alırlar. Onların maaşını Bakıda fəaliyyət göstərən iri ticarət mərkəzlərindən birinin sahibi ödəyir. Pulu hər ay şəxsən Nofəl həmin sahibkardan götürür. Təkcə bu fakt kifayət edir ki, dəstə üzvlərinin polis olmadığı aydınlaşsın. Əgər polisdirlərsə, nədən onlara maaşı hansısa ticarət mərkəzinin sahibi verir? Digər tərəfdən bu şəxslərin hansı polis idarəsindən və ya bölməsində çalışdığı bəlli deyil. Dəstənin sərəncamında 30 maşın var. Bu maşın onlara izləmə-müşahidə əməliyyatlarını həyata keçirmək üçün verilib. Dəstənin evsiz üzvləri Polis Akademiyasının yataqxanasında otaqla təmin edilib.
Məlumatlarda bildirilir ki, dəstə üzvləri aksiyalar zamanı həbsləri həyata keçirməkdə polisə yardım etməklə, adi günlərdə isə ictimai-siyasi fəalları güdməklə məşğuldur.
Əgər DIN iddia edirsə ki, bu şəxslər polisdir o zaman onların hansı idarə və ya bölmədə çalışdığını, hansı rütbə daşıdığını və s. açıqlaması yaxşı olardı.

S.Novruz                              azadliq.info

Комментариев нет:

Отправить комментарий