20.01.2013

ŞƏHİDLƏR

Bəxtiyar Hidayət

Ucaltdıq ölməzlik saraylarını
Bu yolda şəhidlər memara döndü
Vətəni ag günə çıxartmaq üçün
Hərəsi bir qara mərmərə döndü
 ***
Onların yoluna bir nəzər salın
Keçəndə onların küçələrini
Hələ bığ yerləri tərləməmişdən
əcəl təri basdı neçələrini
***
Hərbi qaydaları pozmazdı onlar
Həmişə hər işdə düz olubdular
Indi pozubdular boy sırasını
Ölüm sırasınnan düzülübdülər

***
Arxadan gələnlər bir-biri ilə
Rahat çilingağac oynasın deyə
əzrayılnan çilingağac oynayıb
Onlar tuş gəldilər qızıl gülləyə
***
Titrətdilər düşmən ölkələrini
Bircə dəfə titrəmədi dizləri
Mələklər uçanda çiyinlərindən
Çiyinlərdə mələk oldu özləri
***
Alın yazısını güllələr yazsa
Faciə deyilmiş ömrün azlığı
Onlar getsələr də vaxtsız zamansız
Vaxtlı qazandılar zamansızlığı
***
Zamansız ömürə zaman neynəsin
Demə ki bu hökmü zaman veribdi
Naməlum qəbirdə yatana bir bax
Yurda adını da qurban veribdi

Комментариев нет:

Отправить комментарий