06.01.2013

Teoekosistem və psixoekosistem haqqında

Моя фотографияRəşad Həqiqət

Allahın istəyi bizim üçün gərəkliliyidir. Fexner Gustav Teodor

Teoekosistem kateqoriyası mahiyyət və məzmununa görə ilahi mühit anlayışına çox yaxındır, amma ondan daha genişdir. Psixoekosistem deyəndə isə biz təkcə antropogen amillə bağlı psixi hadisə və prosesləri deyil, psixi maddənin hər bir və hər cür formasını nəzərdə tuturuq. Teoekosistem və psixoekosistem anlayışları əsasən transsendental xarakterli metafizik kateqoriyalar olduğundan bu anlayışların mahiyyətinə varmaq üçün əvvəlcə Allah, ruh, daxili səs və digər bəzi metafizik kateqoryıalara miniumum lakonik interpratasiya verməyə çalışacayıq.
Ağıl və iman problemi olanlardan başqa heç kim inkar etmir ki, Allah nəhəng kosmik sistemin başçısı olub bütün mümkün olan və ola biləcək varlıqların ən təmizi, ən yaxşısı, ən gözəli və ən güclüsüdür! Bu baxımdan Nazzam və Kindi demişkən "Allahın varlığı vacib və zəruridir!"
Etiraf edim ki, Allah haqqında söz və fikirlərim mənim üçün əvəzedilməz bir maksiumumdur. Allah elə bir varlıqdır ki, onun mahiyyəti barədə bizə heç nə məlum deyil. Biz onun haqqında yalnız onun özünün istədiyi qədər bilirik. Bəgərə surəsinin 255-ci aiəsində bu barədə deyilir: "…Onlar (yaradılmışlar) Allahın elmindən yalnız Allahın istədiyi qədər bilə bilərlər…" Allah materiyanın ən təmiz, ən ülvi, ən uca, bənzərsiz formasıdır və Mütləq Maddədir. O, kainatın mütləq enerji sahəsidir və bu sahə saysız-hesabsız funksiyalar icra edir. Bu funksiyalardan mənə məlum olanlarından biri də Allahın kosmosun daxili səsi funksiyasını icra etməsidir. Digər tərəfdən Allah kosmosun daxili gözü funksiyasını da icra edir. Yer üzündə insanlara Allahın ad və sifətlərindən başqa heç nə açıqlanmamışdır. Bunların da yalnız bir qismi deyilmişdir. Kosmik kitablarda(Tövrat, Incil, Quran) bundan artıq heç nə deyilmir. Kosmos bütünlüklə çalxalanır, ilahi "qaşıqlarla" qaşışdırılır ki, bunun da nəticəsində Anaksaqorun təbirilə desək, "hər şeydə hər nədən var" olur. Hələlik təbiətdə təbii şəkildə 88 kimyəvi elementin mövcudluğu aşkar edilsə də ehtimal edirik ki, tezliklə bu sayın 99 olduğu məlum olacaq. Allah bizim yaşadığımız ekosistemi 99 maddədən təşkil edib ki, mənim buna heç bir şübhəm yoxdur. Elə bir növ bu səbəbdən Allahın 99 gözəl adı var. Bütün maddələr də substansional olaraq bir maddənin müxtəlif formalarıdır ki, Allahın yüzüncü adının Allah sözünün özü olması da buna uyğundur.
İnstinkt, şüur, təhtəşşüur, fövqəlşüur və daxili səs ixtiyari orqanizmin ruhi və ya psixi bazasını təşkil edir. Bu psixi komponentlər hər bir orqanizmin həm növünə və həm də özünə görə spesifikdir. Orqanizmdə olan şüur instinktin başıdır. İnstinkt isə şüura bədənlik edir. Təbiidir ki, baş normal işləməzsə bədən dağıdıcı fəaliyyət göstərər. Bu səbəbdəndir ki, insanların böyük əksəriyyəti Yaspersin sözlərilə desək, "fərdiyyətdən məhrumdur, varlığın aşağı pilləsindədir!" Fərdiyyətdən məhrum olan hər bir kəs azadlıqdan da məhrum olur. Azadlıqdan məhrum olanların təhtəlşüuru və fövqəlşüuru passiv halda donub qalır. Belələrinin daxili səsi çox vaxt orqanizmə səslənmir. Hər bir adamın daxili səsi var, amma yalnız düha bu səsi duya və anlaya bilir. Daxili səsin çağrışına qulaq asmayanlar xaricdən gələn dəyərsiz və çirkin səslərə qulaq asır və nəticədə daxili səsləri yavaş-yavaş məhv olub gedir. Və beləliklə bəşəriyyətin böyük çoxluğu beləcə tarix və ruhdan məhrum olur. Çünki tarix daxili səs adlanan ruhun dilini və şərqisini dinləyən və bu mübarək nəğmədən zövq alan kimsələrə məxsusdur. Kütlə elementlərinin daxili səsləri isə artıq əbədiyyən susmuş və ya susdurulmuşdur.
Ruha gəlincə, bu barədə də insanlara çox az elm verilmişdir. Quran bu barədə deyir: “Sənə ruhdan sual verirlər. De ki, ruh Rəbbimin əmrindəndir. Sizə az elm verilmişdir!”(İsra, 85) Bu ayəni təfsir və təvil edənlər insana verilmiş az elmi ruh haqqında elmlə xüsusiləşdirməkdə xəta etmişlər. Ayədə ümumən insan elminin azlığına işarə edilir ki, ruh haqqında elm də bunlar arasındadır. Hətta, böyük filosoflar içində ruh haqqında kamil elmə sahib olanlar çox azdır. İxtiyari hadisə, proses və ya şey haqqında bilik, təcrübəmizdə məlum olan uyğun biliklərin sistemi və sintezindən başqa bir şey deyil. Ümumiyyətlə insan elmi bizim təcrübədə mövcud olan biliklərdən çox ola bilməz. Nə Platon, nə Aristotel, nə Fərabi, nə Dekart, nə Leybinits, nə Malnbraş, nə Fexner, nə də Freyd ruhun nə və necə olduğu barədə kamil elmə nail ola bilmədilər. (Qərb filosofları arasında Svedenborq kimi ruhi həqiqətləri bilənlər çox azdır.) Quranda ruhun Allahın əmrindən olması açıq-aydın söylənmişdir. Bu isə ruhun ideal enerji olduğunu söyləməyə əsas verir. Allahın əmrinin məxluq olması da şübhə edilməyəcək bir xüsusdur. Filosof maskası taxmış şarlatanların uydurma və qondarma fəlsəfəsində materiya və ruh həmişə bir-birinə zidd və ya əks olan varlıq və anlayışlar kimi təqdim, təbliğ və izah edilmişdir. Halbuki ruh ən ideal materiya olub duyulan materiyanın substansiyasından başqa bir şey deyil. Ruh ən saf və ən təmiz materiyadır. Ruh - katarsis olmuş materiya! Vgininger ruhu "orqanizmin mərkəzi aparatı ilə əlaqədə olan bir şey" adlandırmağda qismən də olsa haqlı idi. Əslində isə ruh elə o mərkəzi aparatın özüdür. Həm də ruh da bir orqanizmdir, lakin o çox pak orqanizmdir, digər orqanizmlərə bənzəməyən orqanizmdir. Ruh yaradılmış orqanizmlərin, Kantın terminilə: "bizim təcrübəyə aid olan" maddi elementlərin ən sağlamı, ən mükəmməli və ən təmizidir. Kanta görə bü dünyada bizim Ağıldan daha dəyərli və daha mükəmməl heç nəyimiz yoxdur. Amma Kantın bu fikri doğru olsa da, məhdud və yarımçıqdır. Çünki Ağıl ruhun bədənə təsir etmə miqdarıdır. Ruh bədənə nə qədər çox və nə qədər intensiv təsir edirsə Ağıl da bir o qədər geniş enerji sahasinə malik olar. Spinoza və Leybnis iddia edirlər ki, "materiya bölünür, substansiya isə bölünmür, buna görə də materiya substansiya ola bilməz!" Bu fikrə dəstək göstərən bir çox mütəfəkkir var. Amma məsələ onların düşündüyü kimi deyil. Çünki mövcud olan hər şey materiyadır və sonsuzdur. Sonsuzluq isə heç bir zaman bölünə bilməz. Belə isə sonsuzluq substansiyadır. Sonsuzluq materiyanın ən böyük sifəti və ya atributu olduğu üçün ən azından dolayı da olsa materiya ümumi halı ilə substansiya olur. Baxmayaraq ki, substansiya bölünür. Ruh da "xalis materiya" kimi substansiyadan heç də ciddi fərqlənmir. Ruh həm dinamik, həm mexanik, həm də ilahi bir prosesdir. Ruhun mexaniki tərəfi benzinin maşındakı rolu ilə müqayisə edilə bilərdi. Ruhlar arasında da, benzinlər arasında olduğu kimi keyfiyyət və kəmiyyət fərqləri var. Məsələn, A-93, A-95, A-98 və s. benzin növləri olduğu kimi, ruhların enerji keyfiyyəti və enerji miqdarı da bir-birindən fərqlidir. Filosofların ruhu kosmosda olan ən yüksək keyfiyyətli enerjidən yaradılmışdır. Elə ona görə də filosofun instinkti heyvani olmaqdan daha çox ilahidir. Digər insanlarda isə ruhi enerji standart paylanır. Elə buna görə də bu insanların çoxu bərabərlik, birlik deyib sayıqlayırlar! Insan bədəni elə bir çirkli materyaldır ki, ruh burda daimi qala bilmir. Benzin qurtardıqda maşınlar dayandığı kimi, ruhun enerji miqdarı azalan kimi də insan ya ölür, ya da yatır. Yatmaq da nə zamansa əbədi yatış olan ölümə çevrilir. İnsan yuxuda olarkən ruhi enerji döş məmələrinin arasında cəmlənir. Çünki ruhun mərkəzi bu nöqtədə - sinədədir. Plutarx elə bu səbəbdən insanlara bunu tövsiyyə edirdi: "Öz idarəniz sinənizdən başlasın. Bu idarənin təməlini də öz ehtiraslarınız üzərində hakimiyyətiniz təşkil etsin!" Plutarx bizə psixokrat olmağı tövsiyyə edirdi ki, belə olmaq üçün də, ilk öncə sinəyə nəzarət etmək lazımdır. Psixokrat olmaq şərəfi yalnız əsl filosoflara nəsib olur. Taha surəsində də bildirildiyi kimi, Allahın elçisi Musa əbəs yerə "Rəbbim sinəmi genişləndir!" deyə dua etmirdi. Çünki sinənin genişlənməsi psixi kütlənin artması deməkdir. Filosofluq və ya psixokratlıq da sinənin genişlənməsilə bağlıdır. Sinə ruhi enerjinin insan bədənində standart paylanması üçün ən əlverişli nöqtədir. Əgər bu zaman yatan insanın həmin nöqtəsini yüngülvari zədələsələr o əbədiyyən yuxuda qala bilər. Ruh insanın sinəsində gərar tutduğu kimi, Allah da kainatın sinəsində gərar tutmuşdur. Ola bilsin ki, kainat da öz sinəsinin zədələnməsi nəticəsində məhv olacaq. Allah bizim təcrübəyə aid olan ruhların sayını dəyişməz yaratmışdır. Hər sanyyədə, dəgiqədə, saatda, gündə, ayda, fəsildə, ildə, əsrdə nə qədər canlı məhv olursa bir o qədər də əmələ gəlir. Bu aləmdə nə qədər psixosistem və ya psixobiosistem varsa onların ümumi çəkisi və sayı dəyişməz qalır. Hal-hazırda Yer üzündə insanlardan başqa digər canlıların sayı və çəkisi azalmaqdadır. Bu da insanların mədəniyyət və texnika adını verdikləri vandallıq və barbarlıqlarının nəticəsində vaqe olur. Lakin buna baxmayaraq insanlar artır və digər canlıların azalmasını öz artımları ilə konpensasiya edirlər. Bu yalnız fiziki-anatomik konpensasiyadır. Ruhi və ya mənəvi baxımdan bu konpensasiyanın heç bir dəyəri yoxdur. O ruhlar ki, heyvan və bitki orqanizmlərinə məxsusdur, bitki və heyvanların kütləvi məhvi o ruhları başqa orqanizmlər axtarmağa vadar edir ki, son nəticədə insan orqanizmi bu zəif ruhların sığınacağı olur. Bunun da nəticəsində çox dəyərsiz, mənəviyyatca cılız, ikiüzlü, hiyləgər və xəbis insanlar peyda olur. Həm fitoorqanizmlərin, həm də zooorqanizmlərin ruhi enerjisi az olduğundan, insanların Yer üzündə fitosid, lendosid və zoosid törətmələri mənəvyyıat dünyasını da alt-üst edir! Yoqa Sutralardakı anemnezis adlanan proses elə bu məsələnin primitiv izahından başqa bir şey deyil. Aristotel və Leybinistin entelexiya adlandırdıgları poses də buna çox yaxındır. Mən bunu psixoekonomik proses və ya psixoekogenez adlandırmaqda tərəddüd etmirəm.
Kainatda olduğu kimi yer üzündə də fiziki və psixi kütlə sabitdir. Lakin ayrı-ayrı fərdlərin ruhi çəkisi fərqlidir. Mübarək, isdedadlı və mənəviyyatca zəngin olan insanların ruhi çəkisi ən aşağı halda 5 qram olur. Adi adamların ruhi çəkisi isə 3 qram və 5 qrama qədər aralıqda dəyişir. Amma burda ruhun pozitiv çəkisi və ya kütləsi nəzərdə tutulur. Belə ki, ruhi aləm də mikroaləmdə olduğu kimi pozitiv və apozitiv və ya antipozitiv xüsusiyyətlərə malikdir. Mikroaləmdə zərrəcik - antizərrəcik qarşılığı olduğu kimi, psixi proseslər arasında da buna oxşar bir şey var. Allahın bəxş etdiyi böyük ruhi enerji bəzən metamorfoz ola bilir, yaxud tamam satanik enerjiyə çevrilə bilir. Amma bəzi tədqiqatçılar bu enerjini də ruhi enerji adlandırırlar ki, bu çox yanlışdır. Böyük məlunları da müqəddəslərin arasında zikr edən bu cahil tədqiqatçılar belə bir yanlış gyimətləndirmə aparmışlar ki, guya Yer üzünün ən böyük mufsidlərinin (nəmrud, ramses, navuhodonossor, avgust, neron, müavyyə, buş, neomüaviyə və b.) də ruhi çəkisi çoxdur. Amma əslində bu böyük məlunların daxilində qərar tutmuş enerji ruh və ya ruhi deyil, psixi enerjinin şərir tərəfindən çevrilmiş formasıdır - apozitiv və ya antipozitiv enerjidir. Bu cür insanların ruhi çəkisi törətdikləri günahların ucbatından azalır və azalmış pozitiv enerjinin boşalmış yerini satanik enerji zəbt edir. Mufsid və musrif insanların hamısının daxili dünyası beləcə Cəbrayıl və Mikayılın nəzarətindən çıxıb şərir iblisin nəzarəti altına keçir. Təbiət və bəşəriyyət üçün təhlükə yaradan bu insanların pozitiv psixi kütləsi 3,5 qramdan çox olmur. Mufsid, mucrim və musriflər pozitiv psixi enerjidən yalnız həyatda qalmaq üçün istifadə edirlər. Hətta, bəzən mufsid və mucrimlərin psixi kütləsi 3 qramdan da az ola bilir ki, bu da törədilən günahların həm genetik, həm də ümumi fizioloji təsirindəndir. Yalnız saleh əməllərlə psixi kütləni artırmaq mümkündür. Ən dahi və ya saleh insanların psixi çəkisi 9 qram ağırlığadək qalxa bilir. Məhəmməd salavatullah, Musa kəlamullah, İbrahim xəlilullah, İsa ruhullah kimi böyük və əzmli Nəbilər 9 qramdan az olmayan ruhi çəkiyə malik olublar. Bu cür insanların sayı barmaqla sayıla biləcək qədər azdır. Digər Nəbilərin fərdi psixi kütləsi 7 qramdan 9 qram ağırlığadəkdir. Insanlardan olan hər bir şeytanın da satanik enerjisi bu qədər olur. Imam Əli kimi bir grup nübuvvət verilməmiş dahilər də var ki, psixi kütləsi 7 qramdan aşağı deyil. Bu dahilər Yer üzünün ən prespektivli hüceyrələridir. Bu dahilər iblisi və əsgərlərini daim narahat edirlər. Bu insanların ən böyük düşmənlərini idarə edən antipisixi enerjinin miqdarı adətən 6 qram olur. Bu böyük mufsidlərə də kosmosdan 9 qramlıq ruh göndərilir, amma axirətlərini dünyalarına satdıqlarından psixi enerjiləri öz razılıqları ilə iblis tərəfindən modifikasiya və inversiya edilir. Psixi kütləsi 5 qramdan aşağı olmayan insanların ruhlarına kosmosda həmişə Yer var. Psixi enerjisi zəif olan insanların ruhları isə heç vaxt göyə galxmır. Çünki bunlar çirkli ruhlardır, xəbis, riyakar, xain, qəddar insanların ruhlarıdır. Quranda bu barədə deyilir: “Ayələrimizi yalanlayan və təkəbbür göstərənlərə göyün qapıları açılmaz!”(Əraf, 40) Bu cür insanlar öldükdən sonra ruhları Yer üzündə dolaşır və iblisin istifadə dövriyyəsinə daxil olur. Ruh müxtəlif formada təzahür edə bilər. Yer üzündə ruhun təzahürünün ən yüksək forması cinlərdə olur. Kosmik kitabların (Tövrat, İncil, Quran) bildirdiyi kimi mələklər nurdan, cinlər isə tüstüsüz oddan xəlq edilib ki, ərəbcə buna “nar” deyilir. Şübhə yoxdur ki, bu nar hidrogenin özüdür. Bəzi dinlərə görə Allah və mələklər bizimlə əilənirlər. Məsələn, Veda lüğəti Niruktidə deyilir: "Uca Allah öz enerjilərini təzahür etdirərək öz dərk olunmayan əyləncələrini həyata keçirir!" Amma bu çox absurd fikirdir! Bu absurd iblis tərəfindən təlqin edilmişdir. Allah və onun əshabı bizimlə əylənməkdən çox ucadır. Onların ən kiçik işləri belə çox təmiz və çox ciddidir!
Qeyd etdiyimiz kimi Allah kosmosun daxili səs və daxili gözü funksiyasına malikdir. Bu mütləq funksiya yalnız öz daxili səsinin çağrışına qulaq asan və bəsirəti olanlarla təmasda olur ki, bunlar da filosof, dahi, düha, seçilmiş, harizmatik nüsxə və sairə adlanırlar. Şübhəsiz ki, biz bu müqəddəs və mübarək adların əsl sahiblərini nəzərdə tuturuq, meşşan və mənəvi lümpenlər yığını tərəfindən filosof, dahi, harizmatik lider və digər gözəl adlar altında bəşəriyyətə sırınan yalançı və yaramazları deyil! Hər bir etnos və ya cəmiyyətin daxili səsi və daxili gözü funksiyasını dühalar icra edir. Bu nüsxələrə Allahın Yer üzündəki diplomatları kimi də baxmaq olar. Buna görə də hər bir düha hər hansı bir sosial sistemin həyatına, taleyinə müdaxilə edə bilmək qüdrətinə malikdir. Varlığın həqiqətləri və bu həqiqətlərin ən böyüyü olan Allahı dərk etməyə cəhd edənlər də yalnız bunlardır. Amma Allahın, həyatın, varlığın bir-çox sirrlərinə vaqif olan dühalar antipsixi enerji daşıyıcıları tərəfindən dünya həyatının küncünə sıxışdırılır! Tomas Karleyl «Həyat Etikası» əsərində bu həqiqəti belə ifadə edir: «Dünyanın zənginliyi məhz nadir şəxslərdir.» Onların əsərlərinin və əməllərinin sayəsində dünyanın işığı artır. Belə adamlar haqqında xatirələrər və onların həyat tarixi gücünün dəyəri, görünməyən dərinliklərin fəthinə imkan yaradan şəxsi mülkiyyəti müqəddəsdir. Xalqın içində göylərin çoxlarının bilmədiyi ədalətini görən, onun yer üzündə bütün hadisələr və qüvvələr üzərində hakim olduğunu bilən nə qədər oğullar var! Nə qədər oğullar var ki, xalqlar onların şöhrəti arxasında dayanıb?! Nə qədərdir, amma çox deyil! Hər şeyə qadir olan ulu göylər bizə daim ürəyi daşdan və ya dəmirdən deyil, ətdən və qannan olan yeni-yeni oğullar göndərir. Amma əvəzində onların, xalqın tərbiyəçisi olan bu adamların taleyinə ağır bədbəxtlik və tənhalıq qismət olur!» Filosof, alim, fəqih maskası taxmış, tiran, kral, prezident və ya sultan tərəfindən insanlara papa, şeyxülislam, nobel mükafatçısı, akademik, arxiyepiskop, hüccətülislam, professor, yepiskop, molla, dosent və başqa təmtəraqlı adlarla hiylə və ya zorla sırınan cəhalət və zəlalət lider və alimləri insanları varlığın həqiqətlərini öyrənməkdən məhz din və ya elm və ya həqiqətə ziddir bəhanəsilə uzaqlaşdırarlar! Belələri din maskasında hakimiyyətdə olan elmi nailiyyətlərə gah zındıqlıq, mulhidlik, gah da kahinlik, cadugərlik damğası vurublar, vurmağda da davam edirlər. Halbuki heç bir səmavi din belələrinin başı üçün deyil. Elm maskasında hakimiyyətdə olanda da elmin əsl qaynağını gizlətməyə çalışmış, əsl elmə xurafat, fanatizm, radikal dindarlıq damğası vurmuş, son zamanlar hətta terrorist damğasını da əlavə edirlər. İndiyə qədər iqtidar sahibi cahillərin ucbatından minlərlə elm və mənəvyyıat adamı gətl, həbs və işgəncə edilib! Çünki həqiqi alim daoya adaptasiya olan dühadır. Logos (Ruhul Əmin) hər zaman dühalara ilham verir. Amma kütlə elementləri düha və dühalığı başa düşmədiyi üçün ona düşmən kəsilir. İmam Əli çox gözəl deyir: "İnsan anlamadığına, bilmədiyinə düşməndir!" Yalançı alimlər, xüsusilə din pərdəsinə bürünmüş ikiaiqlı bugələmunlar kütlədən həmişə həqiqi dahilərə garşı istifadə etmişlər. Nəsimi həqiqi alimlərə düşmən olan bu yalançı "alimlər" barədə necə də gözəl deyir:

Haqqə münkirdir fəqih, inanma o şeytanə kim,
Yoxdur o cinxislətin zatında iqrar istəmə!

Haqqı, həqiqəti inkar edən "fəqihlər" Nəsimi kimi minlərlə dühanı məhv ediblər! Sokratı, Məhəmməd salavatullahı, Cəfər Sadiqi zəhərlədilər! Pifaqor, Ipatyıa, Buruno və Serveti diri-diri, qovuraraq yandırdılar! Mani, Eynəlqüzat və Nəsimini qəssab kimi soyub doğradılar! Zeynuddin bin Əli və Luvaziyeni qoyun kimi boqazladılar. Hələ bunlar nədir ki?! Nəbilər və saleh alimlərin əksəriyyəti "fəqihlər"in fətvaları ilə qətl ediliblər! Yəhya, Zəkəriyya, Hüseyn, Əbu Hənifə, Evarist Qalua, Etibar Elkin və yüzlərlə başqa alimlər ən alçaq və ən namərd üsullarla qətlə yetriliblər! Alçaq, xəbis və mufsidlər tarix boyu öz zülm və zəiflik acağlarını məzlum və məsum dühaların qanları ilə suvarıblar! Güclü nüsxələrin teoekosistemin məxfi sirlərinə bələd olması zəiflərin hoşuna gəlmir. Zəiflər elə hesab edirlər ki, kimin maly-dövləti, arvad-uşağı, pulu çoxdursa yaxud, iqtidar sahibidirsə vəhy və ilham da ona gəlməlidir! Zəiflərə elə gəlir ki, Allah və mələklər də "daydaylıq" edir. Insanlardan fərqli olaraq Allah layiq olmayanları heç vaxt seçmir, sevmir və vəzifələndirmir! Bu isə hər bir və hər cür ekosistemin əsasını təşkil edən zəiflərin xislətindəki paxıllığı kulminasiya nöqtəsinə galdırır. Avropanın təfəkkür səmasında ulduz kimi yanyb sönən böyük alman filosofu Otto Veyninger bu acı və cahanşümul həqiqəti yeganə əsəri "Cins və Xarakter"də çox mükəmməl ifadə edir: "Dahi, Dahilik! İnsanların əksəriyyətində nə qədər narahatlığa, nə qədər həsədə, nə qədər ruhi hoşagəlməz hisslərə bais olur bu fenomen!" Xəbis və cahillər nə qədər çox olsa da, nə qədər güclü olub hər bir ekosistemi kontrol etsələr də, ekosistemin əsası olsalar da, dəyəri, məzmunu və mənası ola bilməzlər. Ekosistemin mənası və dəyəri olmaq üçün düha olmaq vacib və lazımdır. Düha olmayan teoekosistemin diqqətindən kənarda qalır. Bu teoekologiyanın üsul və metodudur. Əgər psixi kütlə lazım olan miqdarda deyilsə psixoekosistem kosmik daxili səsin çağrışını eşitmir. Psixi kütləni artırmağın da yalnız bir iolu var - saleh əməllər və ya səma qanunlarına kamil şəkildə itaət! Bu qanunlar Kosmik kitablarda açıq-aydın yazılmışdır. Bu qanunlara kamil şəkildə itaət yalnız endirilmiş orjiinal formasına sadiqliklə mümkün ola bilər. Əfsus ki, insanların böyük əksəriyyəti bu və ya digər səbəblər ucbatından (totalitarizm, ekonomik sıxıntı, savadsızlıq və s.) dao və ya siratül-müstəqimdən uzaq düşmüşlər. Bu səbəblərin hər biri xüsusi formada araşdırılmalı və təhlil edilməlidir. Lakin bir gün gələcək ki, Yer üzündə yalnız ruhuna hakim olan psixokrat insanlar yaşayacağ və Yer üzünün yeganə, əbədi sakin və hakimi olacaqlar. Uca Allahın da bizi yaratmaqda yeganə məqsədi supermenlər cəmiyyətinə nail olmaqdır. Əlbəttə uca Allah bir göz qırpımında bizi supermen edə bilər, lakin bu klassik və orjiinal prosesə bizi şahid tutmaq və bizə bu bənzərsiz ruzi və neməti pillə-pillə daddırmaq üçün öz yaradıcılığında uzunmüddətli metodu seçib.
Bütün bu mülahizələr daha çox metafizik xarakter daşısa da, real tərəfləri də var və hər halda oxucuda teoekosistem və psixoekosistem haqqında ümumi və lakonik təsəvvür və informasiya formalaşdıra bilər.

Комментариев нет:

Отправить комментарий