25.01.2013

Üsyanla şəkil çəkdirən

Arzu Abdulla

“Biz hamımız eyni bataqlıqda yaşayırıq, lakin bəzilərimiz hərdən ulduzları seyr edirik”. Astrid Liqren

Bu gün sanki onun günü idi. Nədənsə, beynimə dolmuşdu. İniltili səsi, kədərli iri gözləri ilə...
Onunla rastlaşanda 16 yaşım vardı. Süsən adlı bu qadından nədənsə, xoşum gəlmirdi. Qaraqabaq, kədərli idi. Tək qalanda başqa dildə zümzümə edirdi. Zəhləm gedirdi bu zümzümədən. Elə bil bayquş ulayırdı. Anamdan qorxmasam üstünə qışqırıb “səsini kəs” deyərdim. Zəhləm gedən bu qadına anam xüsusi hörmət edirdi. O, tək deyildi, onlar 5 nəfər idi. Azərbaycanın Cənub bölgəsindən idilər. Bizim kəndə pambıq yığmağa gəlmişdilər. Amma baş verən bir olay ona münasibətimi 180 dərəcə dəyişdi. Bir gün məktəbdən gələndə Süsənin bizim təndirdə çörək bişirdiyini gördüm. Qəribə idi, təndirdən qapqara, balaca çörəklər çıxarırdı.
Baxdığımı görüb, mənə də təklif elədi. Uşaqlıqdan etikalı olduğuma görə, çörəyi yeyib, “sağ olun, çox dadlıdır”, dedim. Çörək qapqara, daş kimi bərk idi. Üstəlik, çörəkdən çox pis qoxu gəlirdi. Həmin gün anam onlara bir təndir çörəyi bişirdi. Onlar işdən gələnə qədər evlərinə qoydu. Axşam Süsən qapını döydü. Çörək məsələsi ona qəribə gəlmişdi. Bəlli oldu ki, Cəlilabadın ucqar kəndində yaşayan Süsəngilin obalarında hələ də dəni su dəyirmanında üyüdürlər. Su dəyirmanında üyüdülən buğdanın unu da belə keyfiyyətsiz olurmuş, demə. Bu su dəyirmanı məni lap uşaqlıq aləmimə apardı. Oxuduğum nağıllardakı yel dəyirmanı, su dəyirmanı yadıma düşdü. O gecə Süsənə xeyli sual verdim. Əməllicə dostlaşdıq. Başqa dildə oxuduğu mahnılara da aydınlıq gətirdi. Sən demə, bunlar qədim talış mahnıları imiş. Süsən talış idi.
Süsənin qəribə bir şakəri vardı. O, başqaları kimi tarlaya yük maşınında deyil, piyada gedərdi. Deyirdi ki, maşından qorxur. Bax, məni də bu qorxunun marağı öldürürdü. Orda qorxmalı nə var axı?
Dəfələrlə soruşdum. Axır ki, bir gün Süsən bu qorxunun tarixçəsini danışdı; bu həyatımda ilk dramatik film idi, yaxud faciə janrında insan taleyinin ifadəsi idi, bilmirəm nə idi, amma dəhşətli idi.
...Süsən 14 uşaqlı ailənin 13-cüsü idi. 16 nəfərlik ailənin başçısını, Süsənin anasını bir dəfə televizorda da göstərmişdilər. Çoxlu uşaq doğduğuna görə. Süsən isə bu anda gözlərimin önündə 12 yaşının faciəsini yaşayırdı: “Ailədə 16 nəfər idik. Hər gün anam, böyük bacılarım, qardaşımla üzümə gedirdik. Bir gün dedilər ki, Zeynəb Xanlarova rayona konsert verməyə gəlir. Zeynəb Xanlarova ilə bir yerdə böyük vəzifəli bir adam da gəlirdi. Briqadirlər tələsik hamını yük maşınlarının kuzasına doldurub, rayona tərəf götürüldülər. Elə bil qiyamət idi, ana baladan ayrı düşmüşdü. Briqadirlərin söyüşü, analarından ayrı düşən uşaqların çığırtısı aləmi başına götürmüşdü. Maşın yola düzələndə briqadir üstümüzə qışqırıb, dedi ki, Zeynəb xanımın üzünə gülə-gülə baxın, sifətinizdən zəhrimar yağmasın, yaxınlaşıb şəkil çəkdirin. Briqadirin səsi qəfil kəsildi. Qabaqdakı maşın dağın başından dərəyə yuvarlanırdı. O qarışıqlığın içində dəqiq yadımda idi. Qardaşımla-anam qabaqdakı maşına minmişdi”.
Bir maşın insan dağdan dərəyə yuvarlanır. Onlarla evin çırağı sönür. Lakin “sovet” fəhləsi Zeynəbin konsertinə çatmalı, yorğun olmasına baxmayaraq, Bakıdan gələn böyük adamın çıxışına saatlarla ayaq üstə dayanıb qulaq asmalı, sonra onu alqışlamalı, sonra Zeynəb Xanlarovanın konsertini dinləməli, sonra onu qucaqlayıb xoşbəxtcəsinə gülümsünərək şəkil çəkdirməliydi.
Hə, deyirəm axı, Süsən hardan soxuldu beynimə? Bütün bunları dünən İsmayıllı rayonunda yandırılan evin qarşısında öz telefonu ilə şəklini çəkən o, oğlan xatırlatdı mənə.

yashilqafqaz@gmail.com                              teleqraf.com

Комментариев нет:

Отправить комментарий