25.02.2013

Akif Abbasov. SARA

Kamalın telefon kitabçası qeydlərlə dolu idi. Bu gün işsiz-gücsüz olduğundan kitabçanı vərəqləməyə başladı. Bir-iki adama zəng edib hal-əhval tutdu. Birdən gözləri Sara adına sataşdı. Ha çalışdı yadına sala bilmədi. «Ya allah!» deyib Saranın telefon nömrəsini yığdı. İncə səs eşitdi:
-Bəəli…
Kamal «tor» atdı:
-Can bəli.
Qız kim idisə Kamal onu tanıyırdı, yoxsa onun adı, telefon nömrəsi onun kitabçasında nə gəzirdi?! Sadəcə, xatırlaya bilmirdi. Qızlardan o qədər dost-tanışı vardı ki… Görünür, uzun müddət başı qarışdığından, onu yadına salmayıb ki, indi də xatırlaya bilmir. Qız isə onu dərhal tanımışdı. Odur ki, telefonun o biri başından səs gəldi:
-Eşidirəm, Kamal.

Kamal zənnində yanılmadığını başa düşüb sevindi. Lakin onu sorğu-suala tuta bilməzdi ki, sən hansı Sarasan, rəngin-ruhun, bərin-bəzəyin, görünüşün necədir, ayaqqabının ölçüsü neçədir, nə yeyib-nə içirsən, harada yaşayırsan, harada işləyirsən, axşamlar saat neçədə yatırsan?! Qızı hürküdə, onu xatırlamadığını bildirə bilərdi. Necə deyərlər qaş düzəltdiyi yerdə vurub gözü də tökərdi. Ona görə də çoxdanın tanışı kimi onu dindirdi:
-Necəsən, gözəl, çoxdandır zəng etmirəm, fəqət həmişə qəlbimdə, yanımda olmusan. Molla Pənah demişkən, gözüm gözündən uzaq olsa da, könüldən könülə yollar görünüb.
Xəttin o biri başından səs gəlmirdi. O xanım ya fikirləşirdi, ya da Kamalın belə danışmağına təəccüblənirdi.  Kamal qızın qəlbini ələ aldığını düşünüb kompliment deməkdə davam edirdi.  Həyat yoldaşı Həqiqətin içəri girdiyini görən tez Sara ilə xudahafizləşdi:
-Bağışla, iş çıxdı, zəngləşərik.
Ertəsi gün Kamal yenə Saranın nömrəsini yığdı. Bu dəfə Sara onu qabaqladı:
-Kamal, dünən ayıq idin? İçməmişdin?
Kamal and-aman elədi:
-Nə danışırsan, gözəl. Özün bilirsən ki mən yalnız məclisdən-məclisə, özü də çox yox, yüz, yüz əlli qram içirəm. Hətta evə gələndə ata-anam: 
-Ay bala, toydan, qonaqlıqdan gəlmirsən?» - deyə soruşurlar. -Cavab verirəm. -Niyə soruşursunuz?
Onda deyirlər: 
-Toydan, qonaqlıqdan gələnə oxşamırsan axı.
Bunun mənası, bilirsən, nədir: yəni heç içməmisən. Bunu anlayıb mən də cavab verirəm: 
-Qədərimi içirəm, yolda gələndə onun da qazı qaçır, oluram tamam ayıq! Əlqərəz, bu sualı niyə verdin, gözəl?
Sara aydınlaşdırdı:
-Dünən çox odlu-alovlu danışırdın. Dedim yəqin kefin yuxarıdır.
Kamal şirin dilini işə saldı. Onu inandırmaq üçün dedi:
-Yox, sadəcə ürəyim istəyən, arzuladığım xanımla danışmaq həmişə mənimçin xoş olub. Mən həmişə ayıq oluram. Görüşəndə süfrə başında birgə oturmalı olsaq, bəlkə əlli qram içərəm. O da sən icazə versən.
Maraq Saraya  güc gəldi:
-O biri qızlarla da əlli-əlli içirsən?
Kamal and-aman elədi:
-Yox, ay gözəl, könlümü ovlayan bir tək sənsən.
-Yəni heç bir qıza kompliment demirsən?
İndi Kamal necə desin ki, heç kimlə oturub-durmur, xoş sözlərlə onların ağlını başından almır?! Özünü yığışdırıb:
-Yox, yox, gərək  tanış qız ola ki, ona kompliment deyəm. Olmaya-olmaya nə deyim, nə danışım?!
-Evlisən?!
-Guya bilmirsən ki, subayam.
-Bəs niyə?
-Axtarıram, tapanda subaylığın daşını atacağam.
-İndi məni dişinə vurmaq istəyirsən?
-Bu nə sözdür, gözəl? Dişimə vurmaq niyə? Bəlkə elə qismətim sənsən.
Arvadı Həqiqətin səsi gəldi. Kamalı çağırırdı. O, duyuq düşməmiş Sara ilə sağollaşdı.
Telefon söhbətləri, sorğu-suallar, komplimentlər haradasa bir-iki həfətə, bəlkə də bir ay çəkdi. Daha danışılası sözləri qalmayanda görüşmək qərarına gəldilər. İndi Həqiqət Kamalın şalvarını, köynəyini ütüləyirdi. İşini qurtarıb, ayaqqabılarının tozunu aldı. Zarafatla:
-A kişi, xeyir ola, yaman bəzənib-düzənirsən, - dedi. 
Kamal səksəndi. Lakin tez özünü ələ alıb dedi:
-İşgüzar görüşüm var, arvad, nə edim, iş adamıyam… 
Ətirlənib əlavə etdi: 
-Gərək səliqəli geyinəm.
Həqiqət xanım mənalı-mənqalı ona baxıb bir söz demədi, mətbəxə keçib öz işi ilə məşğul olmağa başladı. Kamal çıxdı.
Onun kefi kök idi. Evdən bir saat tez çıxmışdı. Bu da səbəbsiz deyildi. İlişə bilərdi. Bir də gördün, dost-tanışdan, qohum-əqrəbadan  biri qapını döydü. Ondan sonra gəl evdən çıx görüm, necə çıxırsan. Adını nə qoyacaqsan?! Deyəcəksən görüşüm var?!
O, ağır addımlarla Axundov adına parka sarı getməyə başladı. Yolda üç dənə qızıl gül də aldı. Görüşə əliboş getmək yaxşı olmazdı. Saraya nəm-nişanını demişdi. O, görüş yerinə təyin olunan vaxtdan 10-15 dəqiqə tez çatdı. Gəzinməyə başladı. Həyəcanlı idi. Sara görünmürdü. Hələ vaxta qalırdı. O, skamyalardan birində əyləşdi. Elə yerdə oturmuşdu ki, Sara gələndə onu görə bilsin. Vədələşdiyi vaxta 5-6 dəqiqə qalırdı. Bu zaman ağacların birinin arxasında iki nəfər qadın dayanıb oğrun-oğrun Kamala baxırdı. Həyəcanlı olduğundan Kamalın bundan xəbəri yox idi. Düz saat dörddə  qadınlar dayandıqları yerdən  hərəkətə gəlib Kamala sarı gəlməyə başladılar. Kamal onları görən kimi dik ayağa qalxdı. Özünü itirdiyindən əlində tutduğu gül yerə düşdü. Qadınlardan biri arvadı Həqiqət, o biri isə onun xalası Sara idi.

prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий