27.02.2013

Cavanşir Yusifli: "Ədəbiyyat saytları səriştəsiz adamın..."

Tanınmış ədəbi tənqidçi, tərcüməçi Cavanşir Yusifli ilə müsahibə

-“Azadlıq Radiosu”nun Ədəbiyyat səhifəsində ədəbi-tənqidi yazılarla çıxış edirdiniz. Son vaxtlar bu yazılara ara vermisiniz. Aldığımız məlumata görə buna səbəb Elvin Bakiroğlunun həmin saytda bir yazısında sizi tənqid etməsi olub...
- Bu məlumat tam olaraq düzgün deyil. Adı çəkilən yazı, tənqid deyildi, nə idi, onu görüb oxuyanlar yaxşı bilir. Bu yazının adı çəkilən portalda yerləşdirilməsi ilə nə isə istədilər, mən də onların arzusunu yerinə yetirdim. Bunda nə var ki? Yəni, o yazının yazılması, üzərində kimlərinsə işləməsi bir çirkin iş idisə, digər cəhət – bu yazının tam olaraq demokratik prinsiplərə cavab verməsi üstündə israrlar bu gün insanların başını qarışdıran bir problemin xəstə tərəfidir.
Mən arzu edərdim, xüsusən portallarda çalışanlar, təhqirlə tənqidi bir-birinə qarışdırmasınlar. Bunu irad kimi demək, o adamların diqqətinə çatdırmağın özü də başqa bir problemdir. Dərhal əks hücum həmləsi başlanır. Sənin əvvəlki yazılarından qəribə “çıxarışlar” edirlər, bax, burda sən də filankəsə filan sözü deyibsən. İndi o portalın təhqirxanaya çevrilməsi hardan baxsan görünən bir şeydir. Mən bu işin detallarına getmək istəmirəm, bilirsiniz, bəzi adamlar özləri üçün yox yerdən karyera qurmaq istəyirlər, əllərini hara gəldi atırlar, ağıllarına nə gəldi edirlər, təki nəsə qazansınlar. Allahın ver günü bir müsabiqə təşkil edildimi, qan su yerinə axır, bütün mümkün təhqir ləpələrini yarıb o neçə min manatlıq mükafatı bağırlarına basmaq istəyirlər. “Qızıl kəlmə” ilk dəfə təsis edildikdə sənədlərimi hazırladım, “525-ci qəzet” vasitəsi ilə Əli Kərim haqqında yazdığım kitabı təqdim etməyi qərarlaşdırdım, ancaq sonda vaz keçdim. O nominasiyada nəhəng yazıçı H.Mirələmovun çox dəyərli bir kitabı da vardı, dedim ahhh... sən o kişinin səviyyəsinə gəl çıx da, bu iddiaya düş! (Gülür) Dediyim kimi də oldu, mükafat o kişiyə verildi. Əgər bir yerdə, bilirsən ki, hansısa mükafatı kiminsə barmaqla möhürlədiyi siyahı əsasında verəcəklər, ondan vaz keç, ən yaxşısı gözəl-göyçək banklarımızdan nisbətən aşağı faizlə kredit götürmək daha münasibdir.

-Siz həm də bədii tərcüməylə məşğulsunuz. Son tərcümə olunan əsərlərdən hansını oxumusunuz, ümumi səviyyə sizi qane edirmi?
- Bədii tərcümə ilə tələbəlik illərindən məşğulam. Son zamanlar ard-arda çevrilən əsərləri izləyirəm, bu və ya digər əsərdə hansısa uğurlu yerlər var. Tam olaraq uğurlu sayılacaq bir nümunədən danışmağa çətinlik çəkirəm. Nə vaxtsa bu da olacaq. Görürsünüz “Qanun” ara vermədən kitab nəşr edir, digər tərəfdən ən yaxşı tərcümə əsərinə mükafat təsis edir. Mexanizm prosesin öz içindədir. Təki proses davam eləsin. Bu işi üzərinə götürən nəşriyyat sona qədər dözsə, nəsə alınacaq. Yaxınlarda “Azərbaycan” jurnalında Alber Kamünün “Düşgünlük” romanı mənim tərcüməmdə nəşr ediləcək. Tomas Eliotdan şeirlər tərcümə etmişəm, onun haqqında iri həcmli bir oçerk yazmışam, Marqaret Dürasın romanını çevirmişəm. Bir sıra filoloji tərcümələr etmişəm. Səpələnib qalıb hərəsi bir yerdə... Bir iri həcmli roman da var, fransız dilindən çevirirəm. Hələlik adını çəkmək olmaz. Çox istedadlı bir adamın həddən ziyadə orijinal üslubda qələmə aldığı bir əsər. İnanıram ki, bir Azərbaycanlının fransız dilində yazdığı bu əsər maraqla qarşılanacaq!
Marsel Prustun yeddi cildlik “İtmiş zamanın axtarışında” romanının tərcüməsinə hazırlıq mərhələsi bitib.

- Azərbaycan ədəbiyyatında tez-tez ortaya belə bir sual atırlar ki, “estafeti kimdən götürməliyik?” Füzulinin, Vaqifin, Vidadini, Mirzə Cəlilin, Səməd Vurğunun adını çəkənlər var. Sizcə müasir Azərbaycan şairi yaxud yazıçısı hansı xətti davam etdirməlidir?
Hansı xətti davam etdirisə-etdirsin o xəttin bir ucu onun ürəyindən başlamalıdır, əks təqdirdə sərf edilən enerjidən heç nə alınmayacaq. Hər şey yazan adamın ürəyinə qaynaq edilməlidir. Günlərin bir günü, görəcəksən milli ədəbiyyat dediyimiz məbədin divarlarından bir neçə misra suvaq kimi qopub düşdü. O yer illər, bəlkə əsrlər boyu boş qalacaq, üşüyəcək... Uşaq idim, lap elə bizim kənddə o qədər adam Səməd Vurğun olmaq istəyirdi ki...Nə qədər Vurğun kimi yazan, ona oxşayan adam meydana gəldi, bütün mümkün qafiyələri tum kimi çırtladılar, birinin də bəxti çırtlamadı. Az qala bütün Azərbaycan Səməd Vurğunun tərzində şeir qoşurdu. Hamı eyni yuxunu görürdü, səhər gəlir suya danışır, ancaq heç nə alınmırdı. Görürsünüzmü estafet deyilən şeyin nə qədər problemi var? Yaxşı şey olsaydı onu elə doğmaca oğlu Vaqif Səmədoğlu götürərdi.

-Siz Yazıçılar Birliyinin üzvüsünüz. Birliyin ədəbi nəşrlərinin səviyyəsi sizi qane edirmi?
-Başqaları kimi məni də etmir. Sizə məlumdur ki, heç Anar müəllimi də etmir. Ancaq “Azərbaycan” jurnalı seçilir. İndi kollektivi işlətmək, çəkici bir nöqtəyə vurmaq çətindir. Ağız deyəni qulaq eşitmir. Birinə deyirsən ki, a bala, dur mənə çay gətir. Beş saat keçir, gətirmir, durub gedirsən ki, a bala nə oldu, - üzünə durur ki, sən mənə belə söz deməmisən. Bir qərib şair demişkən, “gəl indi bu daşdan təzə söz çıxar”...
Çətindi, çox çətindi...

-Yazıçılar Birliyinin hansısa ədəbi orqanının maliyəsi sizə ayrılsa minlərlə tirajı olan səviyyəli bir dərgi çıxara bilərsinizmi?
- Çətin məsələdir. Nəşr kollektiv əməyin məhsuludur. Ancaq kolektiv bir neçə adamın ixtiyarı cəmi və ya kombinasiyası... demək deyildir. Niyyəti də, ürəyi düz beş-on adam varmı ki, bir araya gəlib babat bir şey yaradasan? Belə deyək də: meyxana var, Vahid yoxdu, qəlyan tüstülənir, muğamatçı ölüb, əsa var, şlyapa var, şair o şair deyil. Yumor həmin yumordu, ancaq məlum olur ki, duzu xörəyə bişəndən sonra atıblar. Hamı yalandan gülür və duza gedir. Bir çox portallarda lətifə əsaslı, duzlu-məzəli yazılar oxuyursan, ancaq bütün canınla hiss edirsən ki, nəsə o deyil, söz çirklənib, belə olduğu üçün yazı sənə yer eləmir. Onu facedə like də edirsən. Məcbursan yalandan güləsən. Yumor tərtərmiz olmalıdır ki, əməliyyat bitəndən sonra gördüyümüz ancaq işıq olsun. İynə, satiranın iynəsi o qədər şəffaf və pak olmalıdır ki, insanlar yoluxmasınlar, ancaq indi iynələrin özünün çirki bir bəladır. Və günlərin bir günü, bütün bu yalanların əvəzində meydana elə bir BƏLA çıxır ki, öhdəsindən heç kəs gələ bilmir. Bütün əclaflar bir ağızdan qışqırır: BELƏ DƏ ƏCLAF OLAR?!
Vaxtilə Məsiağa Məhəmmədinin başçılığı ilə “Cahan” jurnalı çıxrdı. Onun maliyyəsi çox az idi. Ancaq bu jurnal səsi-sorağı çox uzaqlardan gəldi. Onun nəşrində mənim də azacıq da olsa payım var yəqin ki. Ağa durub, ağacan durub.

-Bəs ədəbiyyat saytlarının necə, səviyyəsi sizi qane edirmi?
-Ədəbiyyat saytları və portallar səriştəsiz adamın divarda çəkdiyi rəsmlərə bənzəyir. Yaxud nəyəsə bənzəyir. Adam şəkli çəkirlər, ancaq hələ ağız-burun qoymayıblar.

-Zəhmət olmasa deyin, özünüzdən başqa sevə-sevə oxuduğunuz tənqidçi varmı?
-Mən özümü bütün qələm dostlarımın arasında görürəm. Bu vəziyyət, yəni hamıyla birgə olmaq gözəldir. Hamını izləyirəm, yaxşıya yaxşı pisə pis deməyə çalışıram. Kiminsə yaxşı yazısını gördükdə dərhal reaksiya verməyə çalışıram. Nəyinsə xətrinə xora qoşulub kimisə tərifləmirəm. Bir əsəri 50-60 adam tərifləyirsə, mən orda olmamalıyam. İndi əlahiddə bir dövrdür. Ədəbi cameədəki aktyorların böyük əksəriyyəti ədəbiyyatla məşğul olmur, onun haqqında danışır, deməli bu adamaların hamısı potensial tənqidçilərdir. Bir roman var, qəhrəman hər gün məcbur olub yer dəyişir ki, bir yerdə qalıb çirklənməsin, çünki virus qapdısa əlacı olmayacağını bilir. Axırda bir kəndə köçür. Burda hamı sözü bir yerə qoyur: bu kənddə danışmaq qadağandır. Danışmaq istəsən, buyur, cəriməni ödə, sonra...
Bilirsiniz, tənqidçilik təkcə kiminsə əsəri haqqında rəy söyləmək, o əsəri təhlil etmək, kimisə tərifləmək, yaxud yerdən yerə vurmaq deyildir. Bütün bunların fövqündə dayanan bir dəyər də var: sakit, təmkinli və ən əsası iddiasız təhlillər əsasında dövrün, epoxanın düşüncə ritmini mənimsəmək və başqalarına anlada bilmək. Bunu bacarmayanlar sonda ya kimlərinsə əl buyruqçusuna çevrilir, ya da təlxək olub gedir. Bax, bu “Daş yuxular” olayında diqqətimi bir detal cəlb elədi: bu barədə heç nə yazmayan bir-iki adam tanıyıram ki, roman haqqında müəyyən adamların fürsətdən istifadə edərək danışmasına dözə bilmirdilər. Məsələnin ən qəliz yeri həm də oydu ki, onlardan biri hətta ağlayırdı da... Neyləyəsən ki, bəzən bizim cəmiyyətdə müəyyən situasiyalarda əclafla əclaf üz-üzə gəlir. Biri yerin dibinə girəcək, o biri sinəsini qabağa verəcək ki, pencəyin döşündə hansı medala desən yer var...
Sonra. Bəzən tənqidçilər kimlərinsə qabağında xəcil olurlar, söz götürürlər, bu mənə pis təsir eləyir. Nizaminin sözləri yada düşür:

Niyə alçaqlara boyun əyirsən, 
Oyuncaq olursan əclaflara sən...

Sakit iddiasız, təmkinli təhlilin yeri həmişə var. Bütün zamanlarda. İndi bizdə filologiya elminin vəziyyəti çox acınacaqlıdır. Rəsmi elm müəssisələri və onların təşkilatçıları fırıldaqla məşğul olurlar. Yaxınlarda çox bəsit bir kitab - ədəbiyyat nəzəriyyəsi dərsliyi haqqında yazı yazdım. Dedilər ki, guya yer-yerdən oynadı. Bir jurnalist gəlmişdi yanıma. Təriflədi. Ancaq bunu da əlavə etdi: çox qəribədir, bu yazıdan sonra, elə bil sənin acığına respublikaının ən müxtəlif elm-sənət guşələrində o kitabın təmtəraqlı təqdimatları oldu. Utanmasan oynamağa nə var ki! Bir neçə digər hadisələr də var ki, haqqında bundan da sərt yazılar yazmaq olar və fikrimcə buna ehtiyac var. Ancaq, o adamlar çoxdular, bizdən ölçüyəgəlməz dərəcədə çoxdular, fransızca bir ifadə var: “la majorite ekğesante” – yəni abırsız dərəcədə çox olamaq.

-Son vaxtlar şeir yazan, şeirdə uğur qazanan istedadlı qələm adamlarının nəsrə keçdiyinin şahidi oluruq. Dünya ədəbiyyatını yaxından izləyən biri kimi sizin fikriniz maraqlı olardı: Doğrudanmı poetik düşüncə öz yerini prozaik miqyasa verir?
-Bu adi bir şeydir. İnsanın öz sənətinə münasibəti ciddiləşdikcə differensasiya prosesi də sürətlənir. Qələm əhli var, nə yazır-yazsın heç onun özünün janrını müəyyənləşdirmək olmur. Vay dədəm vay, bir də görürsən seçilmiş əsərlərinin beş cildi çıxdı. Bu beş cilddəki əsərləri astar üzünə çevirirsən, görürsən ki, hamısı bəhri-təhvildi.

-Azərbaycanda sərbəst şeir yaranandan bəri heca-sərbəst dartışması olub. Bu gün də sərbəst şeiri qəbul etməyib, “hecasız şeir olmaz” deyənlər var. Şeirin gücünə vəznin təsiri varmı?
Mikayıl Müşfiqin hecada yazdığı şeirlərə kimin nə sözü ola bilər. Yaxud Səməd Vurğunun sərbəst şeirlərinə. Və ya qəzəllərinə. Yaxşı şeir vəznin, qafiyənin üstünü örtür, texnikanı görünməz edir. Rəsul Rzanın hecada yazdığı o qədər gözəl şeirləri var ki... Yaxud R.Rövşənin nəğmələri, bu janr məhz onun qələmində dünyaya gəldi, bu, Azərbaycan poeziyasında yeni bir nəfəsə çevrildi, bu nümunələr o qədər uyarlı oldu və populyarlaşdı ki, çox adamlar görmüşəm, utanmasa dərdini bu şeirlərlə dilləndirmək istər. Ələkbər Salahzadənin sərbəstəki şeirləri müstəsna dərərcədə gözəldir. “Biçənəkdəki otlar” şeirini oxuyun, sonra kefinizə düşəndə onun intonasiyasını zümzümə etməli olacaqsınız. Yaxud Nəsimi haqqında cavanlığında yazdığı poema.
Heca-sərbəst qarşıdurması nadan və cahillərin yarışması idi.

-Yazıçının siyasətə qoşulmasına necə baxırsınız?
-Yaxşı yazıçı siyasətin tən ortasındadır. Heç hara qaça bilməz, imkanı yoxdu. Ancaq heç kəs bunu ona sübut eləyə bilməz. Bunun özü də bir siyasətdir. Ancaq yazıçının siyasətində çirkinlik yoxdur. Olsa, onu bir dənizin suyu ilə də yuyub aparmaq olmaz.

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий