23.02.2013

Ruslan Dost Əli - Şeirim qırsın inadını

Görüş vergül, intizarsa nidadır

Qoyma yaş yandıra yanaqlarımı,
Hardasan, tez gəlib kirit sən məni.
Ayrılıq dondurub ayaqlarımı,
Sevginlə sevindir, yerit sən məni.

Səni görmək dərdlərimə əlacdır,
Az məni diz çökdür, göyə əl açdır…
Deyirəm könlümdə bağ sal,gül açdır,
Demirəm, xəzəl et, çürüt sən məni.

Sevən bilər, soruş: hicran nə dadır?
Görüş vergül, intizarsa nidadır!
Bir canım var, o da sənə fədadır
Yandırmaq istəsən, qurut sən məni.


Necə qalsın qamətim şah, tel qara,
Sənsiz keçən günüm qara, il qara…
Dönük çıxsam etibara, ilqara
Onda, həsrətinlə çürüt sən məni,
Unut, birdəfəlik unut sən məni…

Şeirim qırsın inadını

Lal baxışlım ,sualmısan?
Görkəmin nidadır mənə!
Ağzına nə su almısan?
Bir kəlmən qidadır mənə.

Hikmətin kimdən soruşum?
Ehh... mən sənsiz bir quru şum...
Matəmsayağı duruşun
Min qandır, qadadır mənə.

Olmusan şerim,qəzəlim,
Zülm etmə, danış,düzəlim.
Sənin o könlün, gözəlim
Otaqdır, odadır mənə.

Quşam, olsun göy-gözlərin,
Vurğunuyam göy gözlərin.
Canlar alan göy gözlərin
Dənizdir, adadır mənə...

Комментариев нет:

Отправить комментарий