25.02.2013

Baharın ilk günlərində kitabxana kafesində kosmopolit gənc şairlərə bir cüt söz

Adil Mİrseyid

milli kitabxananın xudmani kafesində
mübahisə edirlər humanist gənc şairlər
sanki bütün dünyanın dərdi onlara qalıb
parklarda sevişərkən yazılmamış şeirlər
dışarda da gözəlim ağaclar çiçəkləyir
divarda bir rəsm var rəsmdə sıra dağlar
bu qış cox uzun sürüb inşallah bahardı
mən kəfəni yırtmışam çay məndəndi uşaqlar
yox şair deyiləm mən siz narahat olmayın
sizin dünyaya asi yuvasız bir dərvişəm
ömrümdən nə rüzgarlar gəlib keçib bilsəniz
mən cənnət bağlarında qızıl alma dərmişəm

ulduzlara baxmışam uçurumun kənarından
ölümün nəfəsini ənsəmdə duymuşam mən
yarınlara aldanıb xəyallar qurdu könül
taleyimlə oynadım kor fələk mənə düşmən
hava tutulur yenə yaz yağışı yağacaq
bir göyərçin qonubdu pəncərənin önünə
nə deyirsiniz deyin lümpen deyiləm əsla
mən dabbaqda bələdəm şairlərin gönünə
ərik kimi dadlıydı dağ başında sarı ay
dəhlizdəki aynada nənəmizin nəfəsi
qəsəbənin balaca şahzadəsi olmuşam
uzaq dağ qəsəbəsi gecələr bayquş səsi
anamın duaları quruyub illər boyu
çarəsizliklər məni sıxışdıranda tinə
bir cüt sözüm var bu gün kosmopolit gənclərə
amandı aldanmayın mefistonun vədinə

Комментариев нет:

Отправить комментарий