23.02.2013

Aslanın ərkək dişisi olmaz


Ruqəyyə Kəbiri

Eyvay! İndi hamısı calanacaq. Gör nə ayaqaltılarını sürtəliyə-sürtəliyə o başdan bu başa qaçır! Kaş mən də onun kimi yüngül olaydım. Buna bax sən Allah!.. Mən iki boşqabı belə əlimdə tuta bilmirəm; atam doğrudan deyirha «əlinin tutumu yoxdu»; gör neçə istəkan-nəlbəkini bir əlində tutub aparır. Canı da yoxdu. O cilaz canınan necə də qıvraq-qıvraq hərləniz. Mənə tay deyil ki, iki addım getməmiş nəfəsi kəsilsin. Nə eylim, nə olsun ki!
Biri yoxdu ona desin ki, o istəkan-nəlbəkiləri yavaş yığ daa...Çaq-çuq. Çaq-çuq. Offf, bir əlində iki qəlyan başı, o biri əlində isə neçə dənə çay... Ürəyim qırılacaq haa. Hövüşnədən öldüm! 

Axı mənə deyən yoxdu qız! Səfeh! Sənə nə? Başını sal aşağı çayını iç daa...Özündən yekə poxlar yeyib, gəlib oturubsan burda, hələ pis–pus də...
Daha o cilaza baxmyacam. Deyir bəs nə var. Qoy beçara oğlan işin görsün. Gördün birdən çaşdı, istəkan-nəlbəki əlində qəhvəxananın ortasına uzandı. Amma yooo... Yazıqdı. Yıxılırsa, barı əlindəki istəkanlar boş ola. Yoxsa yanar, pöşlənər. Məni qarqışlayar, ala-qarı  deyər, yazığam. Özü də nifrin eləməsə anası qarqış edər. Onun sir-sifətindən bəllidir ki, anası, lap saqqız partladan Xədcələrdən biridir. 
Ancaq nə məzəli olar indi mənə baxarkən, ayağı, mizin payasına toxunsun!.. Ürəyim xoş olar ki biri də mənə vurulub. Qəhvəçi şagird olur olsun; nə olar ki! onun da ürəyi var daa...
Gic Ramin! Elə bərk-bərk yapışıb o qara pıs-pıslıdan ki, guya göy açılıb göydən düşüb. Deyirlər haa «qonşunun toyuğu qaz görünər». Təbrizin ağ-apbağ, balıq kimi ətli-canlı, qara qaş-göz qızlarını görmür ki! Maymağın biridir. Bilmirəm zəncilərə bənzəyən Pərisanın qap-qara sifətində nə görüb. Əti-qanı da yoxdu. Bütün sür-sümükdü. Onun çılpaq canını hamamda görməlidi baa... Ütülmüş toyuğundan seçilməz. Gic Ramin! Ancaq elə Pərisa, o, dovşan dişi ilə qırıldadsın, qırcansın, hırıldasın, əzilsin, büzülsün, onun da ağlı getsin.
Rəna dedi haa «Şərarə! Dəyməz! “Touch screen Nokia” nədir ki, ondan ötrü gedib, o qədər kişinin içinə girəsən.» Ona deyə bilmədim ki, mənim dərdim Nokia deyil...
Doğrudan da dəyərdimi?! Səfehləmişdim mərc elədim! Kimə görə axı? Nə olsun ki? Rəna hardan bilsin ki... Kaş elə dərdim Nokia dərdi olaydı. Ağzımdan söz çıxan kimi atam hələ Nokia səhlidi, Apple də alardı. 
Nə bilim! Mənim, elə bu lotubazlığım, həmişə başıma bəla olur. Oğlanlar məni özlərinə sırdaş bilirlər. Səfeyəm daa... Elə ancaq qızlarla onların arasında söz aparım gətirim. Gör neçə dəfə könülsüz-könülsüz, Raminlə Pərisanın arasında söz daşımışam! Hələ onda bir o qədər üzləri açılmamışdı. 
O gün elə Rəna «daş başına qız! Az ona-buna qulluq elə, öz başına bir çarə qıl» - deyəndə, niyə narahat oldum! Düz deyir daa... Üç ildi danişqahda üç törəli adam mənə rast gəlməyib. Görürəm! Məni bəyənən elə bu qəhvəçi şagird olacaq…
Eyvay canın yansın oğlan! Elə bil əməli azıb. Gör nə də gözaltı mənə baxa-baxa fırfıra kimi fırıldayır! Gic Ramin! Bu cilazın qadası sənə gəlsin; bunca da olmadın. Bura bax!.. Görəsən o narıncı köynəklə bir-birlərinə nə deyirlər? Hətmən məndən danışırlar haa...
Canım niyə belə qızışdı? Mən ki, utanqaç deyiləm. Hər gün danişqahda yüz nəfərinən üz-üzə dururam. Amma narıncı köynəyin gözlərindən bəllidir ki, saman altından su yeridən, yer altından yasa gedəndi haaaa... Lap cələsini qırmış üç tüləmədi. Əlindəki təsbehə bax!. Dənələri elə bil yaşıl şardı. Ancaq boynunda qoçu dəstmalı əksikdi… Gör necə də qəlyanı xoruldadır!
Zəhləm tənbakı iysindən gedir. Vax-vax... Burnum acışdı, min rəhmət siqaretetə. Səfehləmişəm haaa....Axı bəyəm siqaretin özü də tutun deyil?! Nə bilim tutun da olsa, onun iysinə adət eləmişəm. Evdə atam fısqırdır, danişqahda Raminlə yoldaşları. Şükür allaha qardaşım da murəxəsiyə gələndə, atamdan gizlin, otağında tüstülədir. Amma qəlyanın qoxusu boğazımı acışdırır. Gözlərimi sulandırır. Yəqin gözlərim qızarıb. 
Vaaay... Qəhvəçinin yanında oturan gör nə babama oxşayır! Yoooox... Babamdan bir az yaşlıdır. Allah eləməsin biri məni burda görsün haa... Babam bilsə mərc eləyib, qəhvəyə gəlmişəm nə deyər!
Bilirəm: «gözümüz aydın! Qız nədi bu işlər nədi? Qəhvə hara... Sən hara...Yaxşı məni biabır elədin» - deyər. «Məni el-adam içində rüsvay elədin, indi ananın sümükləri qəbirdə tir-tir titrəyir...»
Bax ora... Dedim bə qəhvəçi şagird yazıqdan zaddandı! Necə də istəkan yuyan qoca kişi ilə dikbədik deyişir. Gör necə yazığın beli bükülüb! Qup-quru qaxdı elə bil. Bir dəri, bir sümükdü!.. Siqaret dodaqda istəkan yumağı da görüdüm. Yaxşı, vallah taza işdi! Amma o da deyəsən qərəçidi haa, sir-sifətindən tökülür. De daa niyə qəhvəçi şagird bədbəxt kişini, günün günorta çağında gözü baxa-baxa yeyir! Nə bilim; bəlkə də atasıdır? !
Hən!.. Əlində məjmeyi gəlir. Mənə gətirir haa. Kaş piti istəyərdim. Amma doğrusu utandım bu qədər kişinin içində tiltə doğrayım. Kababın çörək doğraması yox, yeməyi də rahatdı. İki-üç bəlləyə höpüdərəm.
Qoy istəkanı qırağa çəkim. Az qalmışdı yadımdan çıxsın. Ramin, qəhvəyə girmədən sanki hər hankı bir musiqini dilaltı pıçıldayırdı; mənə dedi: «çayın biri faydadı, ikincisi qaydadı, üçüncüsü nəhsdi, dördüncü bəsdi, çıxdı beşə, vur onbeşə! Çay nədi? Say nədi? Bir də dedi yadından çıxmasın qəhvədə çay içmək istəməyəndə, nəlbəkini istəkanın başına çevirərlər. Onda çayın ardı kəsilir. Qəhvəçilər arasında adət belədir».
Qoy cəhənnəm olsun. İnşallah o cilaz canı ila təpəsi üstə yerə yıxılar. Mən deyirdim bəs yazıqdan zaddandı! Duzsuzun biri duzsuz! Ruf məjmeyini miz üstə qoyarkən, sağ ol! - dediyimdə, gözləri parıldadı. Elə bil ömründə qız görməmişdi. Dili açıldı səfeyin biri səfeh! İstəkan-nəlbəkini götürəndə mənə deyir «xoşgil xanım! Nənəm-bacım yerində olasız. Qəhvənin adətlərin yaxşı bilirsiz haa». Az qaldı məjmeyini başına çırpım. Şeytan deyir ki, dur qəhvənin ortasında qulağının dibini qızdır. Allahımdandır bu dəfə əlində çay gətirirkən, təpəsi üstə yerə gəlsin. 
Eyvay!.. Bu nədi? Öləsən, qan əndərəsən pişik! Məni niyə belə diskindirdin? Bax gör necə hamı mənə güldü. Hələ qəhvəçiyə bax! Utanmır, nəvəsi boyda qıza gülür. Nə var?! Hardan biləydim ayağıma sürtüşən pişikdi! Qəhvə nədi, pişik nədi? Axı məgər bura qəssab dükanıdır?! 
Biri yoxdu bu qəhvəçiyə desin mənə güldüyün yerdə, başının üstündə, duvardakı şəkillərə gül baaa... Maşalla biri birindən gözəldir. Papaqlıya bax! Geydiyi o kot-şalvara bax! Elə bil siçanı torbaya salıblar. Deyirəm duvara şəkil asırsan barı əməlli-başlısını as daa... Genə o zərih qabağında duran. Gör necə də ədəb-ərkanla əlini döşünə qoyub! Elə bil qəhvəyə girənlərin qabağında iki qat əyiləcək. 
Ağa babamın da belə şəkilləri var idi. Amma ağa babam onda uşaq idi. Atasının yanında zərih qabağında durub, o da əlini sinəsinə qoyub. Şəkildə çox duzlu, göyçək görüşür. 
Amma nə gülməli olur əgər qəhvəyə girənlər, qəhvəçiyə deyil zərih qabağında duran kişiyə salam versələr! Bunu Raminə deyəcəm. O mırtcıldı. Belə sözlərdən ötrü ölər. 
Biri yoxdu mənə desin, başını aşağı sal xorəyini yeə daa. Yəqin Ramin dibdə-bucaqda durub məni güdür haa... Deyirdi bəs utanacam. Qəhvəyə, girə bilməyəcəm. Nədir ki?! düz deyirdin, Pərisanı qəhvəyə göndərərdin! O gəlsəydi, indi siçan kimi, mizin dalısında gizlənmişdi; zağ-zağ əsirdi, bəlkə də bu ac gözlü pişik onu yemişdi. Gör necə də yaşıl gözlərilə məni süzür; gözləri, narıncı köynəyin əlindəki təsbehin dənələrinə oxşayır. Qoy bir parça kabab qoparıb, qabağına atım, yoxsa ona yemək verməsəm ilanları gəlib yuxuda məni sancar. 
Elə bil bəyənmədi. Qarnı toxdu. Nə oldu? Hara getdi? Bura bax... Nə də həyalı pişik imiş. Deyəsən, çini qabda qoymaqdan pay uman pişiklərdən deyil haa... Kababı səndəlin altına çəkib, orda yeyir. 
Deynə qoca qəhvəçi, bu pişikdən öyrən daa... Mənim pişikdən çəkinməyimə elə gülürsən ki!.. Yaşından utanıb, bir söz demədim. Gedəndə ona deyəcəm; birini, luğaza qoyanda heç olmasa, üzünü başqa tərəfə çevir, əlini ağzına qoy...
Aaaay... O nədir, o kişinin ayağının yanında?!. Çəlik?.. Ayaq əvəzinə çəlik?.. gözlərim görəsən tərs görmür?.. deyəsən o, bir ayaqlıdı! Yazıq... Ürəyim xarab oldu. Mən, iki ayağımla, iki addım düz yol yeriyə bilmirəm; bu kişi necə bir ayaqlı yeriyir!
Nə də şaqqavatlı, boy-buxun şələlidir, yaxası gör haracan da açıqdı! Vax- vax... Sinəsinin tüklərinə bax! Qap qaradı. Deyən yoxdu yaxanı bağla daa... Nədi belə! Adamın zəhleyi-zəndi gedir. Yəqin ki, bədənində yara izi çoxdo... Ayağı elə olsa, gör bədəni necədi!
Eeeee… Zəhləm getmiş, səfeh adam! Axmaq kişi!.. Deyir bəs kimdi! Hələ utanmır o ayağınan mənə göz də vurur. Gör bu iki ayaqlı olsaydı nə eylərdi?! Allah dağına baxar qar verər. Düz deyiblər; dəvənin qanadı olsaydı yıxmamış dam qoymazdı... 
...Deyənə sən burda nə qələt dartısan! Sən də elə onun yerinə olsaydın, ətli-canlı birisini görsəydin, göz vurmaq səhldi, bəlkə bir əl də uzadardın. Elə məndə də var axı!.. Utanmaz-utanmaz tək başıma gəlib, girmişəm bir belə acgöz kişinin içinə, hələ xalxa irad da tuturam. Yəqin gözlərilə indi mənim boy–buxunumu atdan, üstə ölçürlər haa...
Yarım saat da ötsəydi durub qaçardım. Raminin də mobaylı təpəsinə dəysin. Nə özünü istəyirəm nə də mobaylını! Heç qeyrəti yox idi. Ağzını açıb, bir kəlmə də demədi, getmə! Mən nə bilim qəhvə necə yerdi. Burda nə pox yeyərlər. Elə o qurumuş, qazalax Pərisa onun başından da artıqdı. Mən səfeh! Qoy ikisi də cəhənnəm olsun.
O yaraşıqlı, göyçək oğlanın yanında oturan, gör necə də gözümə tanış gəlir! Olmaya qonşularımızdan ola!.. Yooooo. Bizim elə qonşumuz yoxdu. Bəs harda görmüşəm? Hən... İndi yadıma düşdü. Lap elə özüdü. Ağa babam gildə qəlyan küpünün üstündəki Nasirəddin Şahdir. Gör necə də qəlyan damağında nəşələnir! Ağa babam burda olsaydı, deyərdi, o yanındakı da "Məlicək"di. Mən gic! Hələ Məlicəkin kim olduğunu taza bilmişəm. Elə bu gündə danişqahda rəsm olub. Saçların uzaltmaqları bəs deyildi, qaşlarına sap da salırlar. Pox yedi qızlar!
Hələ o gun Rəna deyirdi; biri gözlərinə midad çəkib, məəllimin qabağında oturmuşdu...
O pəncərə qabağında oturan gör necə Raminə oxşayır! Eeee... Elə özüdü daa... Nə vaxt gəldiyini görmədim!
Elə bil məni tanımır. Hətmən Pərisa qurub göndərib. Bəs ki fuzuldi. Qoy yansın tökülsün. Qəhvədən ona heç nə deməyəcəm. 
Bəs ki gözüm orda-burda qaldı, kababın yağı dondu. 
 Axeeeeey...Yarım saat qurtardı. Qoy elə bu kababın hamısını pişiyə verim yazıqdı, həyalı pişikdir. 
Ramin xan! Bax gör indi necə də dim-dik bu qədər kişinin önündən sovuşacam. Sən elə get o qara pıs-pıslının dalısıca sürün. Hər yerdə car sal ki, Şərarə əl-ayaqsızdır. Hələ bax! Bir iş də görürəm ağzın açıla qalsın. Qoy əlimi bağrıma qoyum. Qəhvəçinin başı üstündə, zərih qabağında duran kişiylə sağollaşım. 
Neylədim ki! Qəhvəçinin gözləri niyə təpəsinə çıxdı!..

Комментариев нет:

Отправить комментарий