21.02.2013

21 ilin dedikləri

Cavid Şükürov

Xocalı haqqında çox yazılıb. Mənim də yazmağımın bir sakıncası olmaz yəqin. “Acındansa toxundan ölsün” misalı. Bəlkə kimlərinsə tutulmuş qulağını açdı bircə cümlə...
Zarafat, zarafat 21 il keçir artıq o gündən - əsrin beşdə biri. Orda ölənlərin qocalmadığından 21 il ötür. 21 ildir ki, onlar üçün zaman donub. Orda tökülən qanın, donmuş torpağı cırmaqlayan güllələrin, abad evləri xaraba qoyan mərmilərin, Xocalının üzərindən asılı qalan ölümün 21 yaşı tamam olur. Qundaqda qanına boyanan körpə bu gün: “mənim 21 yaşım var” deyə bilərdi, məsələn.
Amma o, hər ilin bu günü hansısa qansızın əliylə qanına qəltan olur... Və nə qədər ki, Xocalı üçün zaman donub, nə qədər ki, Xocalı tapdaq altındadır, nə qədər ki, qisas alınmayıb orda şəhid olanlar hər il yenə, yenə, yenə öləcəklər... Hər il Xocalıda bir ananın bətnindəki körpə süngüyə taxılacaq, hər il Xocalıda cavanca bir qız zorlanacaq, hər il Xocalıda ağsaqqal bir kişinin başı diri-diri kəsiləcək, hər il Xocalıda gənc bir oğlanın üstünə su töküb şaxtalı havada ağaca bağlayacaqlar... Nə qədər qadın, qız, qoca, cavan, uşaq min bir əzaba düçar olacaq. Və nə qədər ki, Xocalı alınmayıb bu qan, bu qisas yerdə qalacaq... Allahın sabahı çox, illəri sanısız... Hər il bir az daha artacaq orda ölənlərin, orda yaxınlarını itirənlərin naləsi... Bir gün o qədər artacaq ki,biz də boğulacağıq o qan gölündə, o nalə burulğanında. Bəsdir unutduq, bəsdir saxta gülüşlərlə güldük, bəsdir hər gün bir bayram “kəşf” edib oynadıq! 74 il ərzində iki dəfə soyqırıma məruz qalmış xalqın yaddaşında ciddi problemlər var, deməkdir. Ölülər qocalmır, onlar dərd, qayğı da çəkmir, amma yaşamırlar da daha. Hər dəfə günəşin doğulmasını seyr edə bilmirlər, məsələn. Sevə, yağışın altında qaça bilmirlər... Onların bacarmadıqları çox şey var... Amma Xocalıda ölən 2 yaşlı qızcığaz indi 23 yaşlı sevgi dolu biri ola bilərdi – bir gəncin gözündə dünya olardı bəlkə də... 14 yaşında zorlanaraq, öldürülən bir qız hansısa ailənin dayağı, bir körpənin anası ola bilərdi. Orda şəhid olan o qədər əsgər neçə ananın, neçə bacının gözünün çırağı olardı. 21 il əvvəl orda başı kəsilən nurani bir kişi bir nəslin ağsaqqalıydı indi yəqin... Amma indi bütün bunlar xülyadır yalnız... Çünki 21 il əvvəl Xocalı adında bir şəhəri öldürdülər...

Комментариев нет:

Отправить комментарий