24.02.2013

Hakimiyyə İsraildən kömək istədi

2013-cü il seçkilərini yəhudi texnoloqları həyata keçirəcəklər

Azərbaycan hakimiyyəti builki prezident seçkilərini İsrail siyasi texnoloqlarının əli ilə idarə edəcək. Bu barədə hakimiyyət düşərgəsinə yaxın qaynaqlardan məlumatlar daxil olub. Həmin qaynaqlar bildirir ki, 2003, 2005 və 2008-ci il seçkilərində Rusiya siyasi texnoloqları ilə işləyən hakimiyyət builki seçkilərdə ruslarla əməkdaşlıq etmir. Onların yerinə İsraildən bir qrup bahalı siyasi texnoloqlarla razılaşma əldə edilib və onlar artıq Bakıda fəaliyyətə başlayıb. İsraildən gətirilmiş siyasi texnoloqların hansı institutu təmsil etdiyini dəqiqləşdirmək mümkün olmayıb.


Belə ki, onlar kifayət qədər qapalı rejimdə fəaliyyət göstərir və hakimiyyət strukturlarından məhdud sayda adamlarla təmasları var. Bildirilir ki, İsraildən olan siyasi texnoloqlar seçkilər ərəfəsində ictimai rəylə manipulyasiya etmək üçün Azərbaycan üçün yeni metodlar tətbiq etməyə hazırlaşırlar, yaxud artıq tətbiq etməyə başlayıblar. Bu baxımdan seçkilər ərəfəsində siyasi proseslər qızışdıqca ölkə xeyli sürprizlərlə qarşılaşa bilər.
Qeyd edək ki, Azərbaycan hakimiyyəti seçkiləri keçirmək üçün xaricdən peşəkar siyasi texnloqların cəlb edilməsinə əsasən 2003-cü il seçkilərindən sonra başlayıb. Bu işdə hakimiyyətə Rusiyanın “Sankt-Peterburq siyasi texnoloqlar məktəbi” kimi tanınan mütəxəssislər kömək edirdi. Həmin məktəb Kremlin, şəxsən prezident Putinin nəzarətində olub. Seçki kampaniyasında rəqiblərə qarşı çirkli texnologiyaların tətbiqi də bu məktəbin adı ilə bağlıdır. Təsadüfi deyildi ki, Azərbaycandakı seçki metodları Rusiya metodları ilə xeyli dərəcədə üst-üstə düşürdü. Eyni zamanda ona da şübhə yoxdur ki, Kremlin ən peşəkar siyasi texnoloqlarını Azərbaycana göndərməsi həm də hakimiyyətə dəstəyin təzahürü idi. Ancaq indi Rusiya ilə münasibətlər korlanıb və belə görünür ki, hakimiyyət ruslarla işləməkdən ehtiyat edir. Yaxud istisna deyil ki, ruslar özləri də bu dəfə Bakı ilə əməkdaşlığa getməyə maraqlı olmayıblar.
Əvəzində Azərbaycanın İsraillə münasibətləri xeyli irəli gedib, Bakı yəhudi dövləti ilə hərbi-texniki və təhlükəsizlik əməkdaşlığından əlavə, həm də iqtidarı qorumaq üçün onun imkanlarından istifadə etməyə çalışır. Son vaxtlar Amerikadakı yəhudi lobbisinin Azərbaycan hakimiyyətinin maraqlarının müdafiəsində fəal iştirak etdiyi müşahidə olunmaqdadır. Nəqliyyat nazirinin lobbi işi üçün Vaşinqtona “ezam edilən” biznesmen oğlu Anar Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Londonda lobbiçilik işinə baxan oğlu Tale Heydərov da yəhudilərlə sıx işləyir.  Eyni zamanda İsrailin ictimai rəyi istədiyi səmtə dəyişdirə bilən güclü siyasi texnoloqları var və onlar keçmiş sovet respublikalarındakı seçkilərdə rol alırlar. Məsələn, xəbərlərə görə, Ukraynadakı son prezident seçkilərində İsrailin ən bahalı siyasi texnoloqu hesab edilən ravvin İshaq Pantoseviç və qrupu namizədlərdən birinin seçki kampaniyasını təşkil edib. Lakin onun hansı namizədə işlədiyi açıqlanmayıb. Digər tanınmış İsrail siyasi texnoloqu Yuri Boçarov isə “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının üzvüdür, onun Bakı ilə yaxşı münasibətləri var.
İsrail siyasi texnoloqlarının metodlarının əsasən nədən ibarət olduğunu bu sahənin mütəxəssisləri ilə araşdırmağa cəhd edəcəyik. Digər tərəfdən, hələ məlum deyil ki, Bakıya gətirilənlər hansı metodlar üzrə mütəxəssislərdir. Çünki Azərbaycanda normal Qərb seçki metodları işləmir və hakimiyyət ənənəvi kobud metodlara üstünlük verəcəyini artıq nümayiş etdirir.

musavat.com

Комментариев нет:

Отправить комментарий