21.02.2013

MƏNİ ÜRƏYİNƏ SALMA, SƏN ALLAH

Xatirə Xatun

Mən belə sevdayla yaşayammaram,
Məni ürəyinə salma, sən allah!
Sonra bu günahı daşıyammaram,
Məni ürəyinə salma, sən allah!
Mənim öz yolum var, sənin öz yolun,
Nə sağım bilinər, nə də ki solum,
Gəl belə danışma, qurbanın olum,
Məni ürəyinə salma, sən allah!
Bir gün bu sevdadan doya bilərəm,
Sirrini aləmə yaya bilərəm,
Səni yarı yolda qoya bilərəm,
Məni ürəyinə salma, sən allah!
Dil açdı ürəyim danışdı axı,
Mənə bu duyğular tanışdı axı,
Neyniyim ürəyin genişdi axı,
Məni ürəyinə salma, sən allah!

Axtarma, sən düşüb bir də izimə,
Rastlaşsaq, gözünü dikmə gözümə,
Yer tapa bilmərəm orda özümə,
Məni ürəyinə salma, sən allah!
Nə giley,nə ahu-zar eyləyərəm,
Vallah,utanaram,ar eyləyərəm,
Kiminsə yerini dar eyləyərəm
Məni ürəyinə salma, sən allah!
Bu qədər alışıb-yanma, əbəsdir,
Ötəri bir hissdir, adi həvəsdir,
Elə xatirənə həkk elə,bəsdir--
Məni ürəyinə salma,sən allah!

Комментариев нет:

Отправить комментарий