25.02.2013

Ağlama, Xocalım, ağlama...

Mahir Şəkərov

-Salam, Xocalı.
-Salam.
- Niyə belə kədərlisən?
- Bu gün ayın neçəsidir?
- Bu gün Fevral ayının...
- 26-dır, düzdür?
- Bunu necə bildin?
- Bunu bilməyə nə var ki... Məgər siz məni başqa vaxt xatırlayırsınız ki... Siz...
- Düz deyirsən biz unutqanıq.
- Mən elə bilirdim ki...
- Elə bilirdin gecə-gündüz sənin azadlığın haqqında düşünürük? Sənin azadlığın haqqında planlar cızırıq?
- Xeyr! Xeyr! Onsuz da mən sizə yaxşı bələdəm. Düşünürdüm ki, bu illər ərzində mənə qarşı olan laqeyid münasibətiniz az da olsa dəyişib.
Lakin görürəm ki, dəyişən illər sizdə heç bir təsir qoymayıb. Çox təəssüf olsun ki, mənə qarşı olan laqeyid münasibətiniz hələ də davam edir. Mənə qarşı olan zülmlərə göz yumub məni məzlum etmisiniz.
- Ay Xocalım! Elə bilirsən ki, təkcə sən məzlumsan? Düşmən tapdağı altında olan, hər qarış torpağımız məzlumdur. Xankəndi, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan. Heç onları görürsən?
- Bəli görürəm.Kimi dindirsəm sizdən gileylənir, şikayət edir...
- Niyə Xocalım?
- Çünki sizin laqeyidliyiniz daha onları da təngə gətirib. Məgər düşmənin bizimlə necə rəftar etməsindən xəbərsizsiniz?
- Xeyr Xocalım. Sizin başınıza gətirilən bütün faciələrdən xəbərimiz var.Təbii sərvətlərinizin yağılar tərəfindən necə talan olunmasını, meşələrinizin necə yandırılmasını, və ya qoynunda necə əylənib kef çəkmələrini, tarixi abidələrin məhv edilməsini, adlarının dəyişdirilərək təhrif olunmasını, üzərinizdə hərbi təlimlərin keçirilməsini, bir sözlə öz çirkin siyasətlərini sizin üzərinizdə necə həyata keçirtdiklərini çox yaxşı bilirik. Hələ bunlar azmış kimi...
- Bəsdir!!! Daha dinləməyə taqətim qalmadı. Deməli siz bütün bu həqiqətləri bildiyiniz halda hələ də susursunuz?
- Bəli, Xocalım.
- Heç xəcalət çəkib utanmırsınız?
- Xeyr Xocalım. Artıq dəyərlər dəyişilib, biz başqa şeylərdən utanırıq...
Biz hicabdan utanırıq. Hicablı xanım görəndə utandığımızdan ölmək istəyirik....
Biz Mübariz İbrahimovdan utanırıq...
- Axı o şücaətli, imanlı və qorxmaz bir qəhrəman idi... Onun igidliyi bütün Qarabağa yayıldı.Onun igidliyi bizi necə sevindirdisə, eləcə də, şəhidliyi də bizi kədərləndirdi. Çünki bizim Mübariz kimi qəhrəmanlara ehtiyacımız var.
- Amma biz insanları qəflətdən oyadaraq, onlara vətən, din sevgisini aşılayan qəhrəmanlardan utanırıq.Bizə insanlara lay-lay çalıb, “hər şey yaxşı olar”, “heç narahat olmayın, hər şey düzələr”, deyib bütün faktları ört-basdır edən, yaltaq, dırnaqarası qəhrəmanlar lazımdır.
Biz ölkəmizdə məscidlərin çoxalmasından, əzan səsinin şəhərə yayılmasından, müasir gəncliyimizin vətənpərvər, əxlaqlı, əli dəstnamazlı, dili Quranlı böyüməsindən utanırıq.
- Artıq utanmaq hissinizdə ölüb?
- Utanmaq həyadan gəlir Xocalım.
- Siz necə həyadan danışırsınız ki, hicabdan utanırsınız.
- Həya imandandır Xocalım.
- Siz necə müsəlmansınız ki, Allahı qoyub şeytana qulluq edirsiniz.
- Biz coğrafi müsəlmanıq Xocalım. İman hələ qəlblərimizə daxil olmayıb.
- Məgər Quran oxumursunuz?
- Xeyr Xocalım... Quran bizim stolüstü kitabımızıdır.
- Kaş Quran sizin həyat kitabınız olaydı.Onda mən də tezliklə əsarətdən azad olardım.
- Sənə bir şad xəbər verimmi Xocalım?
- Şad xəbər? Bütün bunlardan sonra?
- Bəli Xocalım. Bəlkə də eşitmisən. Bu yaxınlarda sənin başına gətirilən bu faciələrin tanınması üçün səs vermə keçirtdik. Artıq bütün dünya sənin məzlumluğundan xəbər tutacaq. Bilirsən səni kim yad edəcək? Ba...
- Onun adını eşitmək istəmirəm.
- Niyə Xocalım? Burda pis nə var ki. Bəs istəmirdin ki...
- Xeyr mənim heç vaxt belə istək və arzum olmayıb. Niyə özünüzü bu cür sözlərlə aldadırsınız? Sizin halınıza təəccüb edirəm.Siz öz dost və düşməninizi hələ də yaxşı tanımamısınız.
- Axı o səni yad edəcək?
- Məni yad etmək yox, əsarətdən azad etmək lazımdır. Siz niyə anlamırsınız axı niyə? Mənim ürəyim qan ağlayır.Düşmənin üzərimdə atdığı hər addım bağrımı dəlir, çəkdiyi qəhqəhələr qulaqlarımı deşir. Gözlərimi yola dikərək hər an sizi gözləmişəm. Amma siz mənim düşmənlərimin quru sözlərinə aldanaraq, xəyallara dalmısınız.Onların başımıza açdığı bu müsibətlərdən dərs almadınızmı? Siz niyə belə sadəlövhsünüz? Hər sözə, hər şayəyə niyə birinci siz inanırsınız? Siz niyə bu faciələrdən ibrət götürmürsünüz? And olsun Allaha mənim azadlığım yalnız və yalnız xalis əsgərlərin əli ilə olacaq.
- Xalis əsgər?
- Bəli. Onların sayı Bədir əsgərlərin sayı qədərdir. Onların rəhbəri nə gözəl bir rəhbərdir... Amma siz onu da mənim tək məzlum edərək, səhralara salmısınız. Siz bu qədərmi laqeyid və məsuliyyətsiniz? Siz... Siz...
- Nə oldu Xocalım, niyə susdun?
- Aaaa sən ağlayırsan? Ağlama Xocalım ağlama. Elə bildim bu xəbərdən sevinəcəksən.. Əgər bilsəydim...
- Siz indiyə kimi mənim nə istədiyimdən xəbərsizsiniz? Mən sizi istəyirəm, sizi gözləyirəm niyə anlamırsınız. Nə qədər mənə qarşı laqeyid olsanız belə mən yenə sizi sevirəm.
- Kaş biz də səni bu qədər sevə biləydik... Bağışla Xocalım gedirəm... Salamat qal...
- Bizi azad etməyə nə zaman gələcəksiniz?
-
- Bizi azad etməyə nə zaman gələcəksiniz?
-
- Onları azad etməyə nə zaman gedəcəyik bilirsinizmi?

Комментариев нет:

Отправить комментарий