28.02.2013

Kult yaradan Qasid

İbrahim Sel

Gülən və düşündürən, mübarizəyə səsləyən Qasid Nağıoğlu xatirələrdə yaşayır

 İstedadlı jurnalist və təcrübəli yazıçı Qasid Nağıoğlunu ötən əsrin 90-cı illərindən tanımışdım. Daha dəqiq desəm, özündən öncə Qasid Nağıoğlu imzasına, müxtəlif janrlarda qələmə aldığı əsərlərinə bələd olmuşdum. Ərsəyə gətirdiyi yazılarının yığcamlığı, lakonikliyi, şirinliyi, yaxınlığı, tənqidi məqalələrinin sərtliyi, ciddiliyi diqqətləri cəlb edirdi. Orta məktəbdə oxuduğum, nostalji hisləri ilə xatırladığımız həmin o şanlı Sovet illərində Qasid Nağıoğlu imzası kifayət qədər geniş tanınmışdı. Təcrübəli, ortastatistik bir sovet jurnalisti kimi hörmət-nüfuz qazanmışdı, ictimaiyyətdə fəal vətəndaş mövqeyinə malik birisi olmuşdu. Vaxt gəldi ki bir oxucu kimi məni özünə çəkən bu unikal adamla yaxından tanış olmaq imkanı qazandım, bir azdan bu tanışlıq yaşlarımız arasında kəskin fərqə baxmayaraq dostluğa da çevrildi. Sonralar hər görüşümüzdə çox sevdiyimiz xırda şeirlərini pafoslu şəkildə bizim uşaqlarçün oxuması ilə də yaddaşımda qalıb. Məclislərimizdə gülüb və güldürüb, bir dünya sevinc verib, enerji ilə yükləyib, böyük mətləbləri bir neçə cümlədə ifadə edib, bütləri sındırıb, çoxlarının ürəyindən tikan çıxarıb.
 Qasid müəllimin şəxsi həyatında və yaradıcılığında qibtə ediləsi, hər kəsə xas olmayan məqamlar çox idi. O yazıları çap olunan bütün qəzetləri, hətta dostlarının məqalələrini, ona bağışlanan kitabları da səliqə ilə arxivində mühafizə edib saxlayırdı. Məsələn, mən yazım çıxanda birini verirdim ki ala oxu. Bəzən bizə maraqlı bir mövzu lazım olanda Qasidi arayırdıq. Cəfakeş kolleksionerin arxivində istənilən cərəyandə, hətta ağlasığmaz mövzularda yazılara, kitablara, broşürlərə rast gəlinirdi. İnternet çıxmamışdan Qasid müəllim bizim google sistemimiz idi.
 Onun populyarlığı həm də parlaq şəxsi keyfiyyətlərində, genişürəkliyində, mərdliyində, müdrikliyində idi. Bu cəhətdən Qasid Nağıoğlu həqiqi mənəviyyat adamı kimi də yaddaşlarda qaldı. O tək-tük şəxsiyyətlərdən idi ki, həyatdan ziyalıya gərək olan, insanlığa xidmət edən şeyləri seçib götürmüşdü. Aydın fikri, iti düşüncəsi, pedaqoji duyumu ilə bir müdrik ömrü yaşamış Qasid müəllim həmin mənəvi statusunu ömrünün sonuna kimi qoruyub saxlaya bilmişdi.
 Qasid Nağıoğlunun yaradıcılığı da çoxşaxəlidir. Bu sıraya məqalələr, esselər, hekayələr, povestlər, ədəbi tənqid, satirik şeirlər, dərin məzmunli qısa parçalar, fəlsəfi traktatlar və s. daxildir. Son zamanlar isə Qasidi ədəbi gündəmdə saxlayan onun qısa şeirləri və yapon hoykularını xatırladan üçlükləri idi. Bu xırda parçaları müəllif daha çox süzgəcdən keçirib ortaya qoyduğundan maraqla qarşılanır, düşündürücü ovqata kökləyirdi. Üçlüklər yapon milli şeirindən qaynaqlansa da, müasir dövrümüzdə onlara böyük maraq var; ədəbiyyatımızda bu janra üz tutanların sayı get-gedə artmaqdadır. Lakin onların içərisində gözəl şairimizin öz müstəsna yeri vardi. 
 Onunla hər görüşümüzdə yeni hoykularından hökmən bir qisminə qulaq asır, heç olmasa birini mən, ya da Ülvi Məmmədli öz bloknotumuza köçürərdik. Sonra həmin şeirlər saytlarımızda, bloglarımızda, yazılarımızın epiqraflarında özünə yer tapırdı. Bizcə zəif və oxucu zövqünü oxşamayan, boş söz yığınından ibarət olan kitabdansa, qısa, mənalı hoyku oxumaq daha əfzəl və xeyirlidir. Sözü qısa, sərrast və yerində demək, həqiqəti söyləmək cəsarət nümunəsidir.
 Tanıyanlar yaxşı bilir, bütöv bir ədəbi sima kimi Qasid çox maraqlı birisiydi. Həyatda elə insanlar var ki, onlara ünsiyyət həmişə insana xüsusi zövq verir, hər dəfə nəsə öyrənirsən, içində tüğyan edən suallara cavab tapırsan. Söhbət Azərbaycan söz sənətində ciddi iş görmüş bir yazıçıdan, antik dövrdən günümüzəcən dünyanın ədəbi gəlişmələrini mükəmməl bilən ədəbiyyatşünasdan, dil-intonasiya, ruh etibarilə fərqli şairdən, çərçivəsiz düşüncə tərzinə malik peşəkar jurnalistdən gedəndə onun haqqında danışmaq o qədər də çətin deyil. Ancaq məsələnin başqa tərəfi də var axı: iş ondadır ki sadaladığımız bütün bu məziyyətlərin, onun üçün verdiyimiz və daha çox nəzəri görünən bu təsnifatın içində əslində sadə, iddiasız, tək, ədəbi aurası daima dağınıq və yır-yığışa heç vaxt macal tapmayan narahat bir söz adamı dayanırdı.
 Ütülü yazıçılarla bizim işimiz yox, burası aydın, bizim üçün maraqlı görünən Qasidin bir yazıçı kimi həm də yaxşı mənada estetik pintiliyi idi. Estetik pintilik dünyada gah nizama, gah da xaosa qarşı hərəkətin törəməsidir. Fərhadoğlunun dediyi kimi, bu cür adamlar olmasaydı, Azərbaycanda yaşamaq doğrudan da cansıxıcı olardı.
 Dəfələrlə çayxanalarda, sənət görüşlərində, eləcə də yeyib-içmək məclislərində birlikdə olmuşuq. Elitar ədəbiyyat, ari qadınlar, ünlü insanlar barəsində bitməz-tükənməz söhbətlər etmişik. Bəzən kiminsə dalınca danışdığımız, kimisə bəyənmədiyimiz məqamlar da olub. Amma bununla belə həmişə Qasidin təqdirlərində də, inkarlarında da daxili inam çuğlayıb, bəd məramlıqdan uzaqlıq nəzərə çarpıb. Məncə onun həm şəxsi həyatının, həm də ədəbi və publisistik yaradıcılığının əsas uğuru həyatımızın, mənəvi mühitimizin əsas bəlalarından birinə çevrilən zərərli fenomendən- ikiləşmədən kənarda qala bilməsində idi.
 İllərlə ayaq döydüyü şahmat məktəbindəki pillələr onun ömür pillələri ilə qovuşmuşdu. Qıvrım saçlar, təbəssüm dolu xırda gözlər, nurlu və mehriban çöhrə, geniş alın, asta yeriş o vaxtdan beynimdə həkk olub qalıb. Biz onu beləcə görmüşdük. Asta-asta gələr, sakit-sakit sözə başlardı. Gəlişi ilə ayağa durardıq. Bu ehtiramı özü qazanmışdı; geniş qəlbi, təmkin və iradəsi, ən əsası- hüdudsuz biliyi ilə. Dəlillərinin tutarı və məntiqi güclü idi, ona görə də heç kəs onunla mübahisə etməyə ehtiyac duymazdı.
 Yadıma krişnaçılarla bağlı yazdığım məqalə düşür. Baş redaktor oxuduqdan sonra dedi: “Yazıda sanki krişnaçılara rəğbət hiss olunur”. Hə, rəğbət, daha doğrusu, heyrət hissi vardı- onların arasında olarkən xoşbəxt görünüşləri mənim kimi tez təsirlənən birinə olduqca maraqlı gəlmişdi.
 İndi onun barəsində yazdığım bu yazıda da, təbii ki təəssüratların təsiri hiss olunacaq, bu da yəqin elə həmin xasiyyətimdən irəli gəlir. Yeri gəlmişkən, krişnaçılarla bağlı fikirlərimi ona dedim və o anladı. Mənə elə gəlir, biz-birimizi sözlərsiz də anlayırdıq, bu, sanki enerji sahələrimizin yaxınlığıyla bağlıydı.
 Qasid Nağıoğlu bir məktəbdir. Bir çox qəzetlər və jurnallar onun adını öz redaksiya heyətlərinə salmışdılar. Tez-tez yazılar istəyirdilər. Sıravi qəzetçilər üçün Qasid Nağıoğlunun adının səhifələrdə görünməsi prestij sayılırdı. Qasid Nağıoğlu bir marka idi. Ədəbi, ictimai-siyasi təşkilatlar vardı ki, onu təkidlə öz sıralarına çağırırdılar. Azad Yazarlar Ocağı onu özününkü sayır, “Çərçivəsiz” ədəbi qrupu öz yaradıcısı hesab edir, Professional Oxucu Liqası mənəvi atası adlandırırdı. Tanıdığım bir çox yazarlar üçün indi də Qasid müəllim Mənəvi Genefond hesab olunur. Elə biz də Qasid Nağıoğlu məktəbinin yetirmələriyik və bu gün qürurla deyə bilərik ki, yaradıcılıq aspektlərini bu gözəl insandan öyrənmişik. Vaxtilə respublika ədəbi mühitində önəmli yer tutan “Çərçivəsiz” qrupu da məhz Qasid Nağıoğlunun xeyir-duası ilə yaradılmışdır. Qrupun aparıcı bloggerləri fəxarətlə vurğulayırlar ki, hələ “Alatoran” jurnalı çıxmamışdan çox-çox qabaq “Çərçivəsiz” çıxırdı, bu da ki Qasid Nağıoğlunun ideyası, eləcə də gərgin əməyinin nəticəsi idi.   
 Onun heç vaxt yaddaşlardan silinməyəcək fikirləri, dəyərli əsərləri və ərsəyə gətirdiyi markalar qalıb bizlərə. Bizim də borcumuz ustadın yaradıcılığını işıqlandırmaq, onu yarımçıq qoyduğu nöqtədən davam etdirməkdir.

Комментариев нет:

Отправить комментарий