17.04.2013

Cavidan - Rozariya

Cavi Dan1
Əyalət – insanların sadə və qəliblərə hesablanmış həyatlarını sürdükləri yerdir. Onlar təbii bacarıqları və tələbatlarıyla gündəlik həyatlarını yaşayır, aram bir dalğavari ritmdə doğulur, yaşayır, ailə qurur, övlad dünyaya gətirir, xəstələnir və ölürlər...Seçki günlərində dəstəylə axışıb səs verərlər, hərçənd siyasətin nə olduğundan xəbərləri belə olmaz, dəstəylə sevərlər, dəstəylə nifrət edərlər, dəstəylə inanarlar Allaha. 
Sanki nəhəng bir canlı varlığın ayrı-ayrı hissəcikləri kimi bütöv və tam olaraq, özlərinə bənzəməyən, onlardan bircə zərrə fərqli olanları yad cisim kimi bu nəhəng orqanizmdən sıxışdırıb kənara itələyərlər, mübarizələri qızdırmaqla, üşütməklə, zəhərlənməklə müşaiyət oluna bilər hətta...
ta ki sənin onları sevdiyinə inanana qədər! Sənsə onları tam və bütöv sevməyə vadarsan. Ya da bütün parçalarıyla sənə yad olan bu nəhəngdən vaxtında qaçıb canını və ruhunu xilas etməlisən, zira sən özün, tək olaraq bütöv və tamsan ki, o, bunu sənə heç bir zaman bağışlaya bilməyəcək...
Böyük şəhərlərdə doğulub yaşamağa öyrəşmiş adamlar hərdən-hərdən əyalət kəndlərinə ekzotika axtarıb tapmaq, ya da macəra yaşamaq həvəsiylə gələrlər. Ən çox yazıçılar, şairlər, rəssamlar can atarlar belə yerlərə. Bir də izlənilən, axtarılan, bəlkə də haqlarında ölüm fərmanları verilmiş canilər... kim bilir, olsun ki, hətta qəhrəmanlar...
***
Mənim doğulduğum şəhər böyük bir çayın okeana axıb birləşdiyi yerdən azca aralıda yerləşirdi.
Günəşlə dostluğum da elə sahildə başlamışdı.
Hər səhər atamın dalğalarda itən balaca balıqçı qayığının ardınca qumsallıq boyunca qaçıb-qaçıb, okeanın o tayından boylanan nəhəng odlu kürənin altındamı, içindəmi itdiyini görüncə dizlərim üstə çökər, əllərimi hər an daha bir az yuxarı qalxan od topasına sarı uzadar, “atamı aparma, aparma atamı, qaytar, xahiş edirəm”, - deyər, hər axşam da Günəş batan kimi qayığın sahilə yan aldığını görüb, bu dəfə də atamı dalğalardan, bəlkə də oddan, özümü və anamı isə təklikdən xilas edə bildiyimə sevinərdim.
Atam buraların ən yaxşı balıqçısı idi, uşaqdan böyüyə hamı hörmət edirdi ona. O, şəhərin cavanlarına yüngül və rahat qayıqların düzəldilməsində, torların hörülməsində, sularda ən uğurlu ov vaxtının və yerinin müəyyənləşdirilməsində əlindən gələn yardımı əsrirgəmirdi.
Bir-birinə bitişik, bir-birinin üstünə çıxmış evlərdə həyat balıq qoxuyurdu bir az.
Mən hələ də xatırlayıram anamın atamla birgə həftədə bir dəfə olan gəzintilərini.
Ailəmizin, bəlkə də anamın özünün atədinə görə, hər bazar günü biz üçümüz də yaxşıca yuyunub, saçlarımızı darayıb, ən yaxşı paltarlarımızı geyinərək, küçəyə çıxardıq.
Atam ucaboylu, yaraşıqlı kişi idi, gəzinti günü üçün xüsusi kostyumu vardı. Anam özü tikmişdi onu mənim doğulduğum il – liman bazarındakı bir müsəlman tacirindən aldığı tünd qəhvəyi rəngli yun parçadan. Kostyum – düz dar şalvardan və gödək pencəkdən ibarət idi, pencəyin ciblərinin və düymə bağlarının köbələri qara qumaşdan biçilmişdi. Pencəyin altından çıxan naxışlı-tikməli kətan köynəyi və tünd qəhvəyi panaması ilə atam əsl yaraşıq mücəssəməsi idi.
Anam isə enli və uzun narıncı ətəyi, ətəyin üstündən bağlayıb belini kip sıxdığı qurama parçalı önlüyü, narıncı jileti, eynən atamınkına bənzəyən, amma daha zərif görünüşü olan ağ naxışlı-tikməli köynəyi və mavi-narıncı rənglərin qarışığından toxunuşu olan ipək yaylığı ilə qalıb yadımda. Bir də, anamın gəzintidən qabaq yanaqlarına, dodaqlarına kəsilmiş çuğundur tikəsi, qoltuqlarının altına portağal dilimi sürtməsini xatırlayıram.
Özüm isə... düzü, indi desəm ki, özümün nə və necə geyindiyimi xatırlamıram, yalan olar.
Mən anamın balaca surəti idim elə bil.
O, özü üçün tikdiyi hər şeyin balaca ölçüdə olanını da mütləq mənim üçün tikərdi və biz hər bazar günü evdən kilsəyə, oradan da liman ətrafı gəzintiyə çıxdığımız zamanlarda bir-birini həm geyim, həm gözəllik, həm sevgi ilə tamamlayıb addımlayan böyük bir xoşbəxtlik üçbucağına bənzəyərdik.
- Atanın, Oğulun və Müqəddəs ruhun naminə... - deyərdi anam, hər birimizin sinəsinə barmaqlarının ucu ilə xaç çəkərək.
***
Mən tramvay xətti ilə yeriməyi çox sevirdim. Relsin üstü ilə qollarımı yanlara açaraq, ləngər vura-vura addımlamağın dadı bir başqa olurdu. Hər an azacıq da olsa sürüşmək və xəttən çıxmaq ehtimalı hisslərimi, ağlımı, bədənimi idarə etməyimə səbəb olurdu. Daha diqqətli, daha dəqiq, daha qəti olurdu hər növbəti hərəkətim, hər növbəti addımım.
Ümumiyyətlə isə, əyalət və şəhər söhbətinə qayıtsaq, deyərdim ki, şəhərdəki basırıqda, tələskənlikdə idarə etməyə vadar olduğum hisslərim, ağlım, bədənim sonralar yaşayacağım kənd həyatında daha sərbəst, daha güclü olmağıma səbəb oldular.
Şəhər dünyası dardır, insanlar bir-birləri ilə toqquşmamaq, bir-birini zədələməmək üçün mütləq başını bir tərəfə, ayağını başqa yana çəkməli olurlar, ziqzaq adamlar toplusu yaranır beləcə, yan-yana yeriyən hər ikisinin arasına yalnız onlardan birinə başıyla, digərinə ayağıyla uyğun gələn birisi girə bilər.
Kənddə isə adamlar meşə zolağındakı yabanı ağaclar kimi bitib cücərirlər. Dümdüz olurlar əsasən, hər ikisinin arasına daha neçəsi istəsə, girə bilər, amma bir şərtlə - dümdüz olmaq şərtilə yəni.
Şəhərin ziqzaq adamlarına kəndin düzündə həyat yoxdur.
Necə ki, kökü kənddən olan birisi üçün də şəhərin dar dünyası sınmaqdan və qırılmaqdan başqa heç nə verə bilmir.
***
Anamın gözəl əl qabiliyyəti vardı.
Şəhərin qadınları onun yanına parçalar gətirir, o da onların ölçülərini götürüb, istədikləri geyimləri tikir, ailə büdcəmizə pul, qadınlara isə gözəllik və yenilik qazandırardı.
Kasıb evlərin uşaqları üçün əlinə keçən, ya da tikdiyi paltarların parçalarından qalmış tikələrdən köynəklər, papaqlar, önlüklər tikər, bazar günü gəzintiləri vaxtı kilsə xidmətçilərinə verərdi ki, ehtiyacı olanlara bağışlasınlar.
Atam, hava isti də olsa, soyuq da olsa, yağış da yağsa, gün də çıxsa, qara nimdaş çətirini götürmədən evdən çıxmazdı.
Belə günlərdə eynən bizim kimi ailə adəti olub, bəzənib-düzənərək gəzməyə çıxan ailələrlə qarşılaşarkən, atam kişilərlə, anam qadınlarla, mən isə uşaqlarla salamlaşardıq. Bu salamlaşma – atamın və həmin ailənin kişisinin bir-birləri üçün panamalarını başlarından azca qaldırıb, başlarını tərpətməkdən, anamın həmin ailənin qadını ilə bircə dəqiqəlik belə olsa hal-əhval soruşub, yeni xəbərləri paylaşmaqdan, mənim və həmin ailənin uşağı üçün isə bir-birimizə dil çıxarıb ağız-burun əyməkdən ibarət olurdu adətən.
Daha doğrusu, sonuncu salamlaşma həmişə cavabsız qalırdı – mən heç kimə dil çıxartmır və heç kim üçün ağız-burnumu əymirdim.
Ümumiyyətlə, qəribəliklərim, yaşıdlarımdan fərqli cəhətlərimin olması atamla anamı da narahat olmaq həddinə çatdırırdı bəzən.
Məsələn, mən bir dəfə qonşulardan birinin uşaqlarının sobanı özbaşına qurdaladığı zaman döşəməyə saldığı közdən alışıb yanmağa başlayan həsir palazı gözlərimin və əllərimin köməyi ilə söndürmüşdüm. Mən indi xatırlamıram, dəqiqliklə necə baş vermişdi hər şey, çünki, çoxdan olub bu, hardasa doqquz-on yaşımda. Uğaqlar qorxaraq çölə qaçmış, paltar yuyan analarını evə çağırmış, qadın nəfəsi darala-darala qapıdan içəri girib tavana bərkidilmiş iri qarmaqdan asılı nənnidə yatmış körpəsini xilas etməyə tələsmiş, amma məni evin ortasında əllərimi açıb diqqətlə oda baxan yerdə görərək yerindəcə donmuş, nənninin altına çatmış odun yavaşca sönüb yoxa çıxdığından əmin olanda isə huşunu itirmişdi.
***
Həmin gün məni kilsəyə apardılar, yadımdadır.
Xidmətçilər, rahibələr tək-tək, cüt-cüt məni dindirir, verdiyim cavablardan razı qalmayaraq əsəbləşir, deyinir, özümü, atamı, anamı cəhənnəm odunda yanacağımızla hədələyir, otaqdakı alovu necə, nəylə, kimin köməyi ilə söndürdüyümü öyrənmək istəyirdilər.
-          Rozariyaaa!!!- deyə bağırırdı üstümə kilsənin ən qoca rahibəsi, - de görüm, sən otaqda kimlə idin? Kim vardı yanında? Sən neylədin ki, od çəkilib söndü? De, bilmək istəyirəm, qız!!!
-          Orda körpə vardı. Orda körpə yatmışdı nənnidə. Mən od gördüm. Sonra od körpəni aparmaq istədi. Mən odu qucaqladım, dedim, getmə nənninin yanına, uşağı yandırma, - mən dilim topuq vura-vura artıq neçənci dəfə təkrar-təkrar deməyə məcbur olduğum cümlələri bir də deyirdim.
-          Bizi axmaq yerinə qoymusan, şeytan qız? Biz sarsağıq səncə? Nə qədər ki, ananı şalbana bağlayıb yandırmamışıq, danış görək nə baş verdiyini! – qoca rahibə kipriksiz gözlərini göz bəbəklərimin içinə sıxa-sıxa deyirdi.
-          Mən xahiş elədim oddan, xahiş elədim ki, yandırmasın uşağı... - mən ağlayırdım, - mənim anamı yandırmayın, xahiş edirəm sizdən!
-          Yandırarıq!
-          Yoox!
-          Bəsdir! – atam məni kənara çəkdi, - dəli olmusuz? Balaca uşaqdan nə istəyirsiz?
-          O, balaca uşaq deyil, don Almeyda, - qoca rahibə belini dikəltdi, - onun qəlbinə iblis də girə bilər, biz katolik kilsəsi olaraq, bunu bilməli və qarşısını almağa çalışmalıyıq, əks halda bütün şəhərin, bəlkə bütün ölkənin hansı bəla ilə üz-üzə dayandığının fərqində olmamış kimi görünəcəyik Yaradanın gözünə.
-          Güldürməyin məni, siz Allah! – atam qolumdan tutub bir az da qapıya sarı getdi, - siz hardan bilə bilərsiz axı, Yaradanın gözündə nə necə görünür, kim necədir?!
-          İblis artıq sizin də ruhunuza hakim olmaqda, görünür, - qoca rahibə xaç çevirdi, - mən bu barədə Müqəddəs Ataya şəxsən özüm hesabat verməli olacam.
-          Mənim qızımı bir də narahat etməyin! – atam qapını çırpdı.
***
Mən onun sağ əlinin şəhadət barmağından möhkəmcə tutub, yanınca addımlayır, kilsədən evimizə qədər olan yol boyunca düzülüb bizə baxan, pıçıldaşan, başını bulayan, gülümsəyən, panamasını götürüb salamlayan adamlara baxmamağa çalışaraq, bütün varlığımla bu yaraşıq mücəssəməsinə sığınmışdım. Bu anlarda o, mənim üçün dünyanın ən güclü insanı, ən etibarlı dostu, ən sevimli kişisi idi.
Biz evə gəldiyimiz zaman mənzildə hər şeyin darmadağın olduğunu gördük. Anam otağın bir küncündə büzüşüb ağlayırdı. Bizi görəndə qalxıb atama sarıldı, bir əli ilə də məni özünə sıxdı, hönkürməyə başladı.
-          Nə baş verib burda? – atam onu özündən aralayıb soruşdu, - axı nə olub?
-          Onlar məni döydülər, evi də bu hala gətirdilər, nə axtarırdılar, bilmirəm, amma nəsə axtardıqları dəqiq idi, - anam gözlərindən dayanmaq bilmədən axan yaşları ovcunun arxası ilə tez-tələsik silir, özünü ələ alıb azca da olsa sakitləşməyə çalışsa da bacarmır, yenidən hönkürürdü, - nə olacaq, Almeyda? Biz neyləyəcəyik indi? Bizi öldürəcəklər?
-          Dəli olma, Mariya! – atam sərt və sakit tərzdə desə də, üzündə təlaş vardı, - heç nə olmaz, heç nə eləməyəcəklər bizə, eşidirsən?
-          Axı mən sənə deyirdim, qoşulma bunlara, - anam mənim bütün bu olanlar üçün özümü günahkar bilib xəcalətimdən ölmək istədiyim bir anda dedi və mən çaşqınlıqla ona, sonra da atama baxdım.
-          Yığış, gecə hamı yatandan sonra çıxırıq şəhərdən, - atam qəti qərarını verdi.
-          Bu, ən yaxşısıdır, - anam həmən paltarlarımızı yığmağa başladı.
***
Amma biz şəhərdən çıxa bilmədik.
Axşam düşən kimi küçədən hay-küy, güllə səsləri, qadın və uşaq qışqırıqları eşidilməyə başladı.
Atam anamın tikiş maşınının altlığındakı siyirmədən tapança və daha nələrsə götürüb pencəyinin astarına tikilmiş gizli cibinə basdı və bizə evdən çıxmamağı tapşıraraq, ikimizi də öpüb getdi.
Anam Müqəddəs Mariyanın şəkli qarşısında diz çöküb təsbehində “Ave Mariya” təkrarlamağa başladı.
Hay-küy, güllə səsləri, qışqırıqlar evimizə hər an daha çox yaxınlaşmağa başladı və az sonra biz özümüzü hay-küy, güllə, qışqırıq səslərindən ibarət nəhəng dalğaların qoynuna atılmış, istiqamətini itirmiş, müvazinətini heç cür saxlaya bilməyən balaca, yelkənsiz, lövbərsiz, avarsız bir qayıqda dünyanın ən tənha adamları kimi hiss etməyə başladıq.
Anamın pıçıltılarına hər tərəfdən nəhəng dalğayla sıxışdırılan evimizin pəncərə layları arasından, dam örtüyündən sızmaqda olan daha bir qəribə səs qoşuldu sonra.
Bunun yanmaqda olan divarlarımız olduğunu anlayanda artıq gec idi.
Tavan üstümüzə çökmüşdü...
***
Mən elə bilmişdim, evimizi kilsə rahibələri yandırıblar.
Xilas olduğumu anladığım ilk anlarda dəli kimi ora-bura qaçıb anamı, atamı axtarmağa başladım.
Yanımdan qışqıran, söyən, bağıran adamlar keçirdi.
Ətrafımda yaralılar, ölülər uzanmışdı.
Hər tərəfdən güllə atırdılar, kimin kimlə davasıydı bu, anlaya bilmirdim.
Bildiyim tək o idi ki, atam da evdən tapança götürüb çıxmışdı və indi hər an mənim özümə də dəyib öldürəcək bu güllələrdən birisini o da atmış ola bilərdi.
Bəlkə artıq gec idi?
Bəlkə mən bunları düşündüyüm anlarda mənim atam bu bir-birinə olduqca yaxın tikilmiş evlərin arasında can verirdi?!
Bəlkə də artıq ölmüşdü?!
Bəs anam?
Yanan, tavanı çökən təkcə bizim evimiz deyildi.
Nəhəng tonqallar kimi yanmaqda olan başqa evlərin içindən gələn qışqırıq səsləri kəsilmək bilmirdi.
Mən onları hələ də eşidirəm.
Hələ də!
***
Tavan üstümüzə çökəndən həmən sonra çiyinlərimdən tutub məni qaldıran, kənara sürüyüb buraxan adamın kim olduğunu bilmədim.
Bəlkə də bu, atam olmuşdu elə.
Amma yox, atam idisə, mütləq məni heç olmasa bircə dəfə ya çağırar, ya qorxmamağım üçün bir söz uydurub deyər, ya da ən azından, bircə anlığa da olsa, bağrına basardı.
Mən küçə boyu ora-bura qaçdığım zaman kimsə sanki məhz məni təqib edib yaxaladı, belimdən yapışıb həmən öz çiynindən salladaraq dar dalanlarla qaça-qaça harasa aparmağa başladı. Adam qaçırdı, mən də heç nə anlamayaraq, çuval kimi onun çiynindən sallanıb qorxudan dilimi udmuş halda susurdum.
Səs-küyün, güllələrin, fəryadların bitdiyi yerdəki evlərdən birinin yanında dayandıq.
Bir neçə qadınla və bir dəstə uşaqla üç-üç bölünüb, qayıqlara oturdulduq və bir azdan mənim doğulduğum, doqquz-on il yaşadığım şəhər gecənin qaranlıqlarında itməyə başladı.
***
Mənim olduğum qayıqda bir qadın, bir kişi, bir də özüm yaşda olacaq qız var idi.
Onları daha əvvəllər də görmüşdüm.
Joze əmi idi, arvadı Marta xala və onların qızları Viktoriya.
Viktoriya da hər bazar gəzintisi vaxtı mənə dilini çıxarıb, ağız-burnunu əyən uşaqlardan idi, amma indi o, sakitcə anasına qısılmışdı, gözlərini üstümə zilləyərək susurdu.
Anamı istədim.
Üşüdüyümü və ağladığımı görən Marta xala məni də qucağına sıxdı:
-          Darıxma, - dedi, - səhərə yaxın tamam başqa bir yerdə, rahat evdə olacağıq, sizə noxud şorbası bişirəcəm, sonrasına baxarıq.
-          Mənim anamı görmədiniz? – mən sakitləşə bilmirdim.
-          Yox, onu görmədik, - Marta xala kədərlə cavab verdi.
-          Axı niyə? Axı o da evdə idi, mənim yanımda oturmuşdu, Mariya Anaya dua oxuyurdu.
-          Yəqin Mariya Ana onun qeydinə qalar, sən sakitləş, ağlama, səhər, ya da birisi gün bir xəbər öyrənə bilərik şəhərdə qalanlar barədə.
-          Sakit qalın, danışmayın! – avar çəkən Joze əmi bizə xəbərdarlıq etdi, - bilmək olmaz, izləyirlər bizi, ya yox.
-          İlahi, qoru və rəhm et... - Marta xala astadan pıçıldayıb köksünü ötürdü.
Biz susduq...
***
Joze əmi atamla dost idi. Tez-tez birlikdə səhərə qədər ya bizdə, ya da onlarda oturub portveyn içərdilər. Belə gecələrdə onlar çox astadan danışar, pəncərələrin taxta laylarını da bərk-bərk sıxıb bağlayar, pərdələri örtər, lampanın işığını azaldardılar.
Marta xala isə anamın yanına gələrdi. Onun kətan üstə əla naxış tikmə bacarığı vardı və anamın tikdiyi ağ köynəklərin yaxalıqlarını, qollarını, ətəklərini tikmələyərdi. Belə köynəklər daha baha satılardı və onlar qazandıqları pulu tən ortadan bölüb yenidən iş başına keçərdilər.
Amma Viktoriya ilə mənimki heç tutmurdu. Gah anamın hər ikimizə hazırladığı əski gəlinciklərdən mənimkinin hörüklərini kəsir, gah içdiyim suya duz qatır, gah diliylə islatdığı barmağını ovulmuş bibərə batırıb ağzıma sürtürdü.
İndi mən bu ailənin qayığı ilə şəhərdən köçür, bir daha nə evimizi, nə valideynlərimi görməməyə məhkum olurdum.
Amma, təbii ki, həmin gecə bunları düşünmürdüm, əksinə, elə bilirdim, sahilə yan alacağımız zaman atam, ya anam, ya da bəlkə elə hər ikisi gəlib qarşılayacaq, məni onlardan təhvil alıb rahat yaşaya biləcəyimiz bir evə aparacaqlar.
***
Amma bizi İlya dayı adlı bir rus qarşıladı.
İlya dayı başı daz, azca dolubədənli, gömgöy gözləri və at arabası olan ortayaşlı bir kişi idi.
Joze əmi dedi ki, biz indi ondan ayrılıb İlya dayıgilə getməliyik, sonra hər şey yaxşılıqla bitərsə, o və çox yəqin ki, mənim atam da buralara gəlib bizi tapacaqlar, hələlik isə xoş gələcək naminə savaşmaq vaxtıdır, daldalanmaq yox.
-          Bəs anam? Bəs mənim anam necə olacaq? – soruşdum.
-          Qızım, - Joze əmi məni qucaqladı, deyəsən gözləri də doldu, - anan Mariya bizi tərk elədi, indi o, göylərdən sənə baxır və İlahiyə dualar oxuyur ki, xoşbəxt yaşayasan.
-          Axı o mənim yanımda idi, - mən Joze əminin nə dediyini anlasam da özümü bu sözlərdən heç nə başa düşməyən kimi göstərirdim, istəmirdim mənə həqiqəti bu cür desinlər birdən-birə və istəmirdim həqiqəti məhz həqiqət olduğu üçün qəbul etmək, mənə onun “anan da gələcək, amma sən bir az da böyüyəndən sonra” kimi  həqiqət olmayan sözləri daha çox lazım idi indi, axı mən onsuz da artıq dumanlı da olsa xatırlayırdım pəncərə taxtaları arasından, dam örtüyündən içəri sızan alovun anamın “Ave Mariya” pıçıltılarına qarışmış səsini, sonra tavanın üstümüzə çökməsini, anamın mənə uzalı əlindən asılı qalmış təsbehin muncuqlarını...
-          Söz ver ki, yaxşı qız olacaqsan, anana, atana layiq, vətənimizə layiq, yaxşı, Rozariya? – Joze əmi məni bir də bağrına basdı və mənə elə gəldi ki, bu dəfə o, bunu mən onun ağlamaq həddində olduğunu görməyim deyə etdi.
-          Söz verirəm, - onun boynuna sarıldım və deyəsən mən də istəmədim o, ağlamağımı görsün, dodağımı möhkəmcə dişlədim.
Ayrılanda o, mənə bəzi muncuqları azca yanıb qaralmış bir təsbeh verdi, kimin olduğunu demədi, mənə nə üçün verdiyini də.
Amma mən anladım.
Bu, anamın təsbehi idi.
2
İlya dayının evi iki otaqdan və bir balaca mətbəxdən ibarət birmərtəbəli alçaq tikili idi.
Onun məndən və Viktoriyadan üç ya dörd il böyük iki oğlu, balacaboy, qarayanız portuqal arvadı vardı. Onlar kənd adamları üçün evlərin içində rus sobaları hazırlamaqla dolanırdılar, bir də at arabasıyla kəndliləri bazara, bazardan qayıdanları isə kəndlərə daşımaqla. İlya dayı öz vətənində asılmağa məhkum edilmişdi və edamına bir gün qalmış bir neçə yoldaşı ilə həbsxana gözətçilərini öldürüb aradan çıxmış, bir müddət əvvəlki silahdaşlarının köməyi ilə müxtəlif yerlərdə gizlənmiş, sonra ilk fürsətdəcə bizim ölkəmizə gəlmişdi. O vaxtdan da burada yaşamışdı.
Arvadı Elena Marta xalaya tez-tez xəbərdarlıq edirdi ki, İlya dayının şərab içib sərxoş olduğu zamanlarda onunla təklikdə qalmasın, çünki o, inqilabçı və yaxud da əksinqilabçı ( Elena ərinin kim olduğunu bilmirdi və bilmək marağında da deyildi) olmasından əlavə həm də dəhşətli dərəcədə şorgözdür, imkanı olsa, itlə də yatar.
İtlə yatmağın nə demək olduğunu o zamanlar anlamırdım və İlya dayının sərxoş olduğu zamanlarda itlə yatmaq azarından Viktoriya ilə öz aramızda söhbətləşib o ki var, gülmüşdük. Hətta bir dəfə onların Alexandro və Kolya adlı oğlanları növbəti dəfə bizə su səpib cırnadanda üzlərinə beləcə də bağırıb gülmüşdük:
-          Ayıb olsun sizə, ayıb olsun! Sizin atanız sərxoş olanda itlə yatır, ayıb olsuuuunnnn!
Onlar bizim anlamadan dediyimiz sözlərdən heç nə başa düşməyərək, analarının yanına qaçmışdılar. Az sonra isə Marta xala həyətə çıxıb məni də, Viktoriyanı da möhkəmcə kötəkləmişdi.
Biz həmin axşam şorba yeməkdən məhrum olaraq, çardaqda yatmalı olduq.
***
İki aydan sonra isə Marta xala özünü asdı.
Onun öldüyü axşamdan bir gün qabaq İlya dayı səhər sübhdən çıxıb bazara adamlar aparmış, axşam qaranlıq düşəndə isə sərxoş halda evə dönmüşdü.
Oğlanları həmən mətbəxin bir küncünə qısılıb analarının səssizcə verdiyi kökələri və turşumuş südü içmiş, elə oradaca yatmışdılar.
Mən və Viktoriya yenə çardağa çıxarılmışdıq.
Gecənin bir aləmində üfunət qoxuyan bir ağızın dodaqlarımı heyvan kimi çeynəməsinə ayıldım. Nə baş verdiyini anlamır, gözlərimi nə qədər böyük açsam da, qaranlıqda heç nə görmür, var-gücümlə çırpınır, ayaqlarımı bir-birindən aralamağa çalışan nəhəng əlin barmaqlarına müqavimət göstərə bilmirdim. Bu barmaqlardan bütün varlığıma yayılan ağrı dözülməz idi. Başımın hərləndiyini, hələ də üfunətli ağızın içində çeynənməkdə olan dodaqlarımla, ağladığıma görə dolmuş burnumla nəfəs ala bilmədiyim üçün boğulduğumu hiss elədim. Bədənim halsızlaşanda dodaqlarımı azad edən ağız qulağımın içinə fısıldadı:
-          Əlini ver buraa, səsini çıxartma, əlini verrr, bu da nədi belə sıxmısan? Bu nə muncuqdu? Lənətə gələsən! – təsbehimin çardağın bir küncünə çırpıldığını eşitdim, özümün də artıq yerini bilmədiyim əlimin tərli bir ovucda sıxılıb, yapışqan yaxılmış kimi kirli bir bədəndə dəli kimi gəzdirildiyini anladım, - kimsəyə desən, başını kəsərəm...
-          Get, get burdan, get, - aramsız pıçıldadım, yanımda yatan Viktoriyanın oyanıb qışqıracağından, İlya əminin başlarımızı kəsəcəyindən elə qorxurdum ki!
***
Amma Viktoriya yerində qurcalanan andaca o, yerə çökdü və demək olar ki, sürünə-sürünə çardaqdan çıxıb getdi.
Mən sümüklərinin içindən suyu çəkilib çıxarılmış kimi boş və heysiz olan ayaqlarımı bir yerə yığaraq, qalxmaq istəyəndə belimin, qarnımın, sinəmin ağrısına əyilib yenidən üzüqoylu yatağımın içinə düşdüm. İçi quru samanla dolu döşəyi, yastığı didib parçalamaq, dağıtmaq istəyirdim, artıq oyanıb oturmuş Viktoriyanın dünyadan xəbərsiz, qayğısız nəfəsi kürəyimə toxunduqca sakitləşməyə başladım. İndi bu evdən qaçmaqdan başqa heç nə haqda düşünmək vaxtı deyildi və mən Viktoriyanın da bir gün mənim bir az əvvəlki halıma düşəcəyini ağlımdan ani də olsa keçirəndə bütün bədənimi soyuq tər basdı.
-          Nə olub? Niyə qurdalanırsan? - əsnəyə-əsnəyə soruşdu.
-          Heç nə olmayıb, - səsim titrəyirdi.
-          Mən yuxuda sənin ananı gördüm. O, təsbeh çevirirdi, balaca ağ buludun üstündə dayanmışdı, Müqəddəs Mariyaya oxşayırdı lap. Amma onun kimi mərhəmətli deyildi, İlya dayını göstərib ağlayırdı, o ağladıqca da İlya dayı yanırdı, elə bil ona yağ sürtüb od vurmuşdular, - Viktoriya bunları da əsnəyə-əsnəyə dedi və yastığa çökdü.
Mən bütün ağrılarımı unudub, çardağın bayaq təsbehimin çırpıldığını eşitdiyim tərəfinə süründüm, əllərimi döşəmədə gəzdirməyə başladım, bir azdan isə qaranlıqda heç nə görməsəm də, barmaqlarımın soyuq, zərif, yamyaşıl təzə ot və səhər yağışı qoxuyan ayaqlara toxunduğunu hiss elədim, nəfəsimi içimə çəkib başımı qaldırdım, saçlarımı arxaya tumarlayan əldən boynuma sürüşən təsbehi hiss elədim, bir də... anlayan olsa, deyərdim ki, alnımın tən ortasıyla eşitdiyim pıçıltını:
-          Yat...hər şey yaxşı olacaq...mən səninləyəm!
***
Marta xala özünü asdı.
İlya dayını həbs etdilər.
Elena evə yığışan kəndlilərə ağlaya-ağlaya deyirdi ki, İlya bu gecə çox sərxoş imiş, Martayla yatıbmış, elə-belə də yatmayıbmış, Martanı qorxudaraq, bıçaqla yaralayaraq yatıbmış, Elena onların hənirtisinə gələndə isə Martadan qopub, onu it kimi döyübmüş, səsə oyanan oğlanlarını da təpikləyibmiş.
Alexandronun sağ qolu sınmışdı.
Kolya dayanmadan ağlayırdı.
Marta xala hələ də ağacdan asılı qalmışdı.
Viktoriya qışqırır, hönkürür, hamıya məni göstərirdi:
-          O, ifritədir! O asıb mənim anamı! O, öz anasını da öldürmüşdü! Hamını öldürəcək o! Hamını! Hamını yandıracaq, baxarsız!
Mən həyətdən çıxdım...
***
İnsan özünü tapmadığı yerlərdə qərib olur, özünü itirdiyi yerlərdə məğlub.
Mən ilk dəfə nənnidə yatan bir körpənin alovda yanmasını istəmədiyim üçün itirməli oldum özümü. İnsan özü üçün istədiklərinin əvəzində də istədiyinin dəyərində nədənsə keçməyi qabaqcadan gözünə almağı bacarmalıdır, çünki, istədiyini sənə verməyə razı olan qüvvə ya tez, ya gec, ya birdəfəlik, ya hissə-hissə, mütləq əvəzini alacaq səndən.
Mən ilk dəfə başqa bir insanın oddan qurtulmasını istəmişdim, bunu o qədər ürəkdən istəmişdim ki, əvəzində od anamı aparanda belə heç bir şey anlamadan sadəcə ağlamışdım. Anamı itirməyimi dərd kimi qəbul etmişdim, halbuki onun odda yanmaq qismətini mən özüm satın almışdım taledən – odun aparmalı olduğu başqa bir insan həyatının yerinə...
Demək, buna görə gərək imiş dualar, ibadətlər, qurban mərasimləri...
İnsanlar tapındıqları qüvvədən arzularının həyata keçməsini, düşdükləri müşkül vəziyyətdən ən azından itkisiz qurtulmağı, yaxınları, doğmaları üçün nəyi isə istədikləri zamanlarda buna görə səcdəgahlara üz tuturmuşlar!
İstəyinin müqabilində ruhunu verməlisən, ruhunu verməsən, cismindən, varidatından, sevdiklərindən alıb aparacaq tale dediyin, başqa variant yoxdur...
***
-          Rozariya! – çağıran səsə döndüm, Marta xalanın hələ də cəsədi ağacdan asılı qalmış həyətə yığışan kənd adamlarının içindən çıxıb ardımca qaçan qarayanız, hündürboylu oğlanı ilk dəfəydi görürdüm deyə ani olaraq yerimdə dayansam da, ondan daha arxada qalmış dəstənin hay-küyündən qaçmaq istəyim bu tanımadığım oğlanın məni öz adımla rahatca çağırmasından yaranmış marağıma üstün gəldi və mən harasınadək gedəcəyimi bilmədiyim yolla daha artıq sürətlə qaçmaqla davam etdim.
-          Rozariya! Dayan, Rozariya, qaçma! – oğlan israrla çağırmağa başladı, dönüb baxdığım zaman onun mənə hər an daha bir az yaxınlaşmaqda olduğunu gördüm, hay-küylü adam dəstəsi təpənin ardında görünməz olmuşdu indi, kəndin daxmaları da arxada qalmışdı, irəlidə meşə başlayırdı, kəndin bitdiyi, meşənin başladığı yerdəsə Padre Xulionun evi yerləşirdi. O, bir müddət əvvəl, daha doğrusu, elə bizim də Portudan qaçıb buralara sığındığımız vaxtlarda oğlu, ya da oğulluğu ilə bura gəlib respublikaçıların təqibindən gizlənmiş, əsasən iezuitlərdən ibarət olan kənd adamların arasında Allahın mərhəmətinə ümidlə yaşamağa başlamışdı.
-          Rozariya! – oğlan bir də lap yaxınlığımda, demək olar ki, qulağımın dibində bağıranda mən Padrenin qapısını iki əlimin yumruqlarıyla döyəcləyirdim:
-          Padre! Padre Xulio! Açın! Açın, Allah xatirinə!
-          Niyə qışqırırsan? – oğlan böyrü üstə yıxılmış ikicə kəsik kötükdən ibarət pilləkənin birincisinə çöküb təngnəfəs halda soruşdu, - niyə qaçırdın və indi niyə qışqırırsan?
-          Paadree! – mən ona əhəmiyyət verməyib qapını yumruqlamağa və qışqırmağa davam etdim, - açın qapını!
-          Yaaxşı! – oğlan bir əlini sinəsinə sıxmış halda boğazını arıtladı və qapının cəftəsini çəkib açdı, - açdım, buyur, indi gir içəri və de, görüm bura niyə qaçırdın.
-          Sən Padrenin evinə özbaşına niyə girirsən? –mən artıq astanadan içəri adlayıb məni də ardınca çağıran oğlana mat-mat baxdım.
-          Bura həm də mənim evimdir, mən də burda yaşayıram.
-          Sən Padre Xulionun oğlusan? – onu başdan-ayağadək heyrətlə və diqqətlə nəzərdən keçirdim.
-          Oğlu da deyə bilərsən, onsuz da hamı belə deyir, - o, otağın ortasındakı masanın üzərindən dolçadan dəmir fincana su töküb bir-iki qurtum içdi, qalanını mənə uzatdı, - iç, sən də yorulmusan.
-          Sağ ol, - mən fincanı boşaldıb masanın üstünə qaytardım, - bəs məni hardan tanıyırsan sən?
-          Səni kim tanımır ki, Atəş qız? – o, güldü, - buralarda hamı ancaq elə səndən danışır, Portudan gələn balaca ifritə!
-          Sarsaqlama! – mən dönüb getmək istəsəm də, gözümə dəyən balaca səcdəgahdan keçə bilməyərək qarşısında dayandım.
-          Müqəddəs Mariyadır, - oğlan da yanıma gəldi, - deyirlər, sənin anan ona çox bənzəyirmiş, adı da Mariya imiş, düzdü?
-          Hə, eləydi adı, - mən əllərimi sinəmdə cütləşdirib səcdəgahdakı qadın fiquruna təzim etdim və xaç çevirdim.
-          Demək, sən də Ona bənzəyəcəksən, çünki, ananın surəti olduğunu da deyirlər sənin.
-          Sən nə çox bilirsən mənim barəmdə?! – mən səcdəgahdan aralanıb qapıya doğru getdim, - mənsə heç sənin adını da bilmirəm.
-          Pako, - dedi, - getmə, Padre də gələcək axşama, axı hara gedəcəksən ki? Evin yox burda, ailən yox...
-          Viktoriya...
-          O qız səni diri-diri yandıracaq bir gün, - Pako ucadan güldü, - hamı da inanır ki, sən odla oynayan ifritəsən, adamlara bəla gətirirsən, heç kəs istəməz səninlə yaşamaq... yəni, heç kim istəmir...
-          Nə bilirsən axı? – qapıya doğru daha bir addım atdım, o, qarşımı kəsib gözlərimin içinə baxaraq qətiyyətlə dedi:
-          Padre deyib mənə. Padre hər şeyi bilir, Padre Xulio səni heç yerə buraxmayacaq, Rozariya, çünki, səni heç yerdə yaşamağa qoymayacaqlar.
-          Mənim atam var, mənim atam gələcək bir gün, ya da mən gedəcəyəm Portuya, tapacağam onu, - göz yaşlarımı ovuclarımın içiylə silməyə çalışaraq dedim.
-          Padre gəlsin, sonra, sonra, Rozariya, sonra danışarıq, indi mənə kömək elə, buraları silək, süpürək, şorba hazırlayaq...
***
On yaşlı bir qızcığaz özündən üç ya dörd il böyük bir oğlana ev işlərində nə dərəcədə yardımçı ola bilərdisə, mən də Pakoya o qədər kömək edə bildim və axşam Padre Xulio adlı uzun, arıq portuqal qapını açıb içəri girdiyi zaman məni görüb, bu dünyada ən dərdli insanın əlinə qəfil xoşbəxtlik düşdüyü üçün necə sevinib gülümsəyə bilərdisə, o cür gülümsədi:
-          Áve, María, grátia pléna! – deyib qarşımda dayandı, diqqətlə üzümə, gözlərimə baxmağa başladı.
-          Salam, - mən özüm öz səsimi zorla eşidəcək qədər astadan dedim.
-          Salam, Rozariya! – ucadan dedi, - xoş gəldin!
-          Pako deyir ki, mən burda qalmalıyam, Pako deyir ki, bunu Siz belə istəmisiz.
-          Pako haqlıdır, - o, oğlanın uzatdığı dəmir fincandakı suyu başına çəkdi, - sən burda qalmalısan... daha doğrusu, həm burda, həm də Mişel ananın yanında, o, çox da uzaqda yaşamır, Pako səni istədiyin zaman onun yanından bura, burdan da ora aparıb-gətirəcək.
-          Bəs mənim atam? Atam gələcəksə, İlya dayıgildən məni soruşacaqsa, onlar da yerimi bilməyəcəklərsə, onda bəs necə olacaq hər şey? – səsim titrədi.
-          Narahat olma, Rozariya, - o, dəmir fincanı masanın üstünə qoyub mənim başımı tumarladı, - mən sənin atanı tanıyıram, Almeyda ilə Joze birgə mənə yardımçı oldular Portudan qaçmaqda, bura gəlməyimi də elə onlar məsləhət gördülər, səndən canım çıxana qədər muğayat olacağıma söz verdim.
-          Siz mənim atamı tanıyırsız? – az qala diz çökəcəkdim qarşısında, - hardadır o? Padre, Allah xatirinə, deyin, hardadır mənim atam?
-          İndi bilmirəm, Rozariya, - o, köksünü ötürdü, - oralarda indi nələr baş verdiyini də bilmirəm dəqiqliyi ilə. Bildiyim tək odur ki, sənin yaşına görə olmayan söhbətlərdi bunlar və mən sənə Portuda respublikaçılarla katoliklər arasında gedən mübarizədən nə danışım ki?
-          Biz artıq Respublika vətəndaşlarıyıq! – Pako gözləmədiyim bir qürurla dedi, - mənim də valideynlərim respublikaçıdırlar.
-          Hə, amma onlar həm də gözəl insanlar, yaxşı dostlardırlar, - Padre Pakoya pərt nəzər saldı, - bizi siyasət və din ayırsa da, insanlıq və bəşəri duyğular daha da yaxınlaşdırmış oldu, mən təqibdə olan katolik kimi həyatımı həmin bu respublikaçı dostlarıma etibar etdim, onlarsa, öz balalarını mənə tapşırdılar, bilə-bilə ki, başqa katoliklər üçün bu uşaqlar ən qatı düşmənlərin övladlarından başqa bir şey deyillər.
-          Mişel ana kimdir, Padre? – mən bayaqdan adı bircə dəfə çəkilib unudulan qadını soruşdum.
-          Əslən fransızdır, katolikdir, o da Portu ilə Vatikan arasında bütün bağlar qırılandan sonra başını götürüb ucqarlara pənah gətirənlərdəndir, etibarlı adamdır, onun yanında atan səni gəlib aparana qədər qala bilərsən.
-          Mən də gələcəyəm tez-tez, - Pako dedi.
-          ... – mən susdum...
***
Padre mənə və Pakoya əsl ata mehribanlığı ilə qayğı göstərirdi, bizsə təsərrüfat işlərində ona yardım edirdik.
Adamlar tez-tez artırmanın yanınadək yığışıb paytaxtda baş verən hadisələri müzakirə edir, Padrenin sakit və təmkinli çıxışından sonra isə hamılıqla dua edib evlərinə dağılışırdılar.
Belə günlərin birində Elena xala Viktoriya ilə birlikdə gəlib məni evə aparmaq istədilərsə də, Padre razı olmadı, heç mən özüm də bir daha ora qayıtmaq istəmirdim. Amma Viktoriya üçün darıxdığımı hiss edirdim, məni hər zaman qıcıqlandırıb özümdən çıxarsa da, mənim barəmdə bütün kənd uşaqlarına “odla oynayan ifritə” nağılı danışsa da, anasının özünü asdığı gün məni onun ölümündə təqsirli bilib üstümə bağırsa da, mənim atalı-analı illərimin, xoşbəxt və qayğısız həyatımın tək və yeganə şahidi olan bu qızı çox istəyirdim.
Pako Alexandro və Kolya ilə həmyaşıd idi deyə, onlar da bir çox başqa yeniyetmələr kimi demək olar ki, hər gün Padrenin evinə gəlirdilər.
Padre onlar üçün İisus Xristos və Mariya barədə danışır, dualar öyrədir, kilsənin dövlət üçün vacibliyindən söhbət açır, ölkənin gələcəyinin məhz bu yeniyetmələrin həyatı necə dərk edib yaşayacaqlarından asılı olmasını deyirdi:
-          Yepiskopun istəyi – kilsənin azad söz hüququ idi, amma buna görə onu devirdilər, kilsənin başqa yüksəkçinli simaları da sürgün həyatına məhkum oldular, artıq məktəblərdə dini dərslər də keçirilmir, kilsəyə ianə və qurbanlar qəbul etmək qadağan edilib, açıq şəkildə dualar oxumaq, dini geyimdə gəzmək mümkün deyil, hökümət idarəçiliyin əsas sütunlarından biri olan dindən imtina etməklə dövləti də, əhalini də çətin duruma salmaqda davam edir, adamlar başlarını itirmiş bir vəziyyətdə sanki nə edəcəklərini belə bilmədən yaşamağa vadar ediliblər, mən bəxti gətirən minlərdən biriyəm ki, hələ də İisus və Mariya adıyla sizlər üçün dualar oxuya bilirəm, nə qədər çəkəcək bu, bilmirəm, çünki hər an sizlərdən ayrılmaq qismətini qəbul etmək məcburiyyəti yarana bilər...
Padre evdə olmayanda isə Pako öz dostlarını yenicə qurulmuş respublikanın yaşaması naminə mübarizəyə, savaşa hər zaman hazır olmağa, kilsənin dövlətdən ayrı olması üçün qanından-canından keçən insanların əməyini dəyərləndirməyə çağırırdı:
-          Kral ölkədən qaçandan sonra yaranmış qarışıqlıqda bizim atalarımız, analarımız rahat, azad Portuqaliya uğrunda savaşa qalxdılar, biz isə dağlara, meşəliklərə səpələndik, evlərimizdən, doğmalarımızdan uzaq düşdük, heç birimiz əminliklə deyə bilmərik ki, hər şey bitəndən sonra bizim həyatımızın qopub qırılan parçaları yenidən qurulub qayğısız və xoşbəxt uşaqlıq illərimizdəki kimi rahatlıq gətirəcək. Amma biz atalarımızın, analarımızın bizim üçün, bizim xoşbəxt yaşamağımız üçün başladıqları işdə onların yardımçıları və ardıcılları olsaq, o zaman həqiqətən də Padrenin dediyi kimi, ölkənin gələcəyi bizim onu necə görmək istəməyimizdən asılı olacaq. O gələcəyi biz özümüz qurmasaq, o ölkəni özümüz yaratmasaq, bizə onu heç kim heç vaxt heç bir halda hədiyyə olaraq verməyəcək. Azad Portuqaliyanı biz yaratmalıyıq, biz, yalnız biz!
3
Mən – kişisi respublikaçı, qadını katolik olan ailədə doğulmuşdum. Anamın duaları hər zaman atamın inqilabçı şüarlarıyla yanaşı səslənmişdi iki yanımda və mən atamın dostları üçün bir üsyançının katolik qadından doğulmuş qızı idimsə, anamın rəfiqələri üçün də bir katolik qadının kilsəyə qarşı dayanmış bir kişidən aldığı inqilab zərrəsiydim az qala.
İndi, anamı itirdiyim, atamdan ayrı düşdüyüm bu aylar, illər boyunca Padrenin evində, Mişelin komasında mən bütün həyat tərzimlə əsl rahibə məktəbinin davamçısı kimi görünsəm də, içimdə qaynar bir dünya daşıdığımın da fərqindəydim.
Pako!
Mən onu sevirdim...
Mən onun üsyançı ruhuna məsumca aşiq olmuşdum.
O, mənə atamın dünyasını xatırladırdı, mən hərdən-hərdən onun sinəsinə qısılıb anamı düşünmək, onun atamı necə sevdiyini anlamaq, onun atama hiss etdiklərini duymaq, onun atamla birgə yaşadıqlarını yaşamaq istəyirdim.
Pakonun olmaq!
Bu, mümkün idimi?
Bu, mümkün deyildimi?
Bir rahibənin bir inqilabçıya vurulması, ona ərə getməsi, ondan uşaq dünyaya gətirməsi nə verə bilərdi ki dünyaya?
Bunu daha əvvəl atamla anam yaşamışdı.
Bunu bundan sonra mən Pako ilə yaşamaq istəyirdim.
Dodaqlarımdakı dualar dodaqlarındakı şüarlara qarışacaqdı, içimdəki həlimlik içindəki üsyankarlıqla qovuşacaqdı, balaca pakolar, balaca rozariyalar doğulacaqdı sonra, onlar, ola bilsin ki, dinin və siyasətin insanları bir-birindən ayıra bilməyəcəyi Portuqaliyada yaşayacaqdılar, o Portuqaliyanı isə bir yaradacaqdıq, biz, yalnız biz!
Pakoya vurulmaq!
Bu, könüllü olaraq özünü ayrılıqlara, məhrumiyyətlərə, həyatın bütün çətinliklərinə məhkum etmək demək idi.
Yer üzünün harasında, hansı bir qadın hansı bir üsyançıya aşiq oldu da bunları yaşamadı ki?
Sənin hədiyyən – ətir və qızılgül dəstəsi yox, sevgilinin zindan divarlarından edam qabağı yazıb ötürdüyü kirli məktub olacaq bəlkə.
Sənin görüşün – silah önündə dar ağacına aparılan yol boyu üzünə belə baxmayan əsgərlərin mundirlərinə toxuna-toxuna addımladığın dəqiqələrdən ibarət olacaq bəlkə.
Sənin öpüşlərin – bumbuz, gömgöy, nəfəssiz, səssiz, sözsüz dodaqlara qismət olacaq bəlkə.
Amma sən bütün bunlara hər an hazırsan, hər an!
Pakonu sevmək!
Odu baxışlarımla, alovu ovuclarımın içi ilə tutub saxlamaq, sındırmaq, söndürmək bundan min dəfə, milyon dəfə, saysız-hesabsız dəfələrlə dəfə asan idi mənim üçün.
Mən dünyanın ən zəif qadınının ən ağır yükü çəkmək qismətini seçmişdim.
Mənim seçimim – mənim həyatımın bütün mənası idi.
Mən yaşayırdım...
Odun içindəydim artıq, alova bürünmüşdüm, üstüm-başım, içim-çölüm dilim-dilim atəş idi, yanırdı, Günəş ruhuma köçmüşdü mənim, Günəş ruhuma köçmüşdü...
Pakoda nə vardı?
Od vardı onda!
Od çəkmişdi məni, od aşiq etmişdi məni bu dəli-dolu, ucaboy, qarayanız, qaynar gözlü oğlana.
Ona vurulan bütün Fatima qızları, qadınları arasında sevgisinə qarşılıq ala biləcək o tək və o yeganə birisi kim olacaqdı, kimsə bilmirdi.
Hərçənd, heç bir qızın, heç bir qadının Portuqaliyanın bircə zərrəsi qədər də ümidi yox idi onun sevgisinə...
Pakodan uzaq qalmaq!
Bu, dünyanın ən dəhşətli əzabı, ən müsibətli işgəncəsi idi.
Amma mən buna məcbur idim.
Mən – sadəcə ilk gənclik illərini yaşamağa başlayan və ilk dəfə bir oğlana vurulan bir qız idim.
O isə...
***
- Mən Portuqaliyanın xilas mələyiyəm! – deyirdi Pako, - sən də xilas mələyisən, o da xilas mələyidir, biz hamımız Portuqaliyanın xilas mələkləriyik, içimizdə sevgi, ruhumuzda üsyan, ürəyimizdə ədalət daşımağa borcluyuq, belə olmasaq, belə birləşməsək, ölkəmizin yüz il sonrakı taleyi üçün indidən oturub ağlamaqdan başqa heç bir yolumuz qalmayacaq!
***
-          O da tərki-dünyadır əslində, - dedi bir dəfə  Mişel, - gəncliyini, yaraşığını, sağlamlığını insanlar üçün sülh naminə xərcləmək də Dünyadan, onun məkr və yalanlarından uzaq dayanmaqdır.
-          Yox, Mişel ana, - mən etiraz etdim, - insanlar üçün sülh naminə savaşa girmək tərki-dünyalıq ola bilməz axı, bu – özünü qurban verməkdir, bu – intihar etməkdir başqalarının yaşaması uğrunda.
-          Özünü qurban edən bircə O olub – İisus, eşidirsənmi, Rozariya? Sənin üçün, mənim üçün, bütün bəşəriyyət üçün ölən yalnız O olub, Ondan başqa kimsə yox!
-          Mənim anam da ölüb, Mişel ana, mənim anam da sənin üçün, mənim üçün, bütün bəşəriyyət üçün ölüb, mən də elə öləcəyəm, sən də, Padre Xulio da, Pako da, hamı, hamı, hətta mənim atam da!
-          Sənin ürəyinə şeytanmı girib, qız? – Mişel gözlərimin içinə diqqətlə baxdı, - nə danışdığının fərqindəsənmi?
-          Hərdən mənə elə gəlir ki, bu dünyanı tərk eləyən hər bir adam çıxıb getməsi ilə özündən sonra qalanlara xidmət göstərmiş olur. Biz bizdən gedənlərin arxasınca nə qədər ağlasaq belə, bu gediş bizim və həmin adamların bir-birlərindən qurtulmasından başqa bir şey deyil, ağlamaq isə qalanların öz günlərinə yanıb-tökülməsidir, ağlayan gedənin torpaq altında çürüməsinin dərdindən ağlamır, getməsi ilə qurtulandan hələ nə qədər müddət sonra özünün qurtulacağını bilmədiyi, özünün qurtulma məqamı gəlib çatanadək hələ nə qədər Dünya sınağına və zülmünə tab gətirməli olmasını bildiyi üçün ağlayır, hərçənd bütün bunları ürəyinin dərinliklərində də olsa bildiyini o heç özü də bilmir...
-          Mən Padre ilə danışmalı olacağam sənin barəndə, - Mişel ana həyəcan və təlaşla xaç çəkdi, - İisus səni xilas eləsin və sənə rəhm eləsin!
-          Mişel ana...
-          Bəsdi! – o, sözümü kəsdi, - bundan artıq bircə kəlmə də eşitmək istəmirəm səndən! Mən sənə əsl rahibə məktəbi keçmişəm, səninsə ürəyin Tanrıdadırmı, kimdədirmi, bilmirəm, Rozariya, bu barədə mütləq Padre ilə danışmalı olacağam.
***
Əslində o zaman mən sadəcə on beş yaşımın içindəydim və həyatın hələ demək olar ki, başlanğıcında dayanan bir qız üçün həyatın ən son məqamı olan ölüm barədə danışmaq, düşünmək Mişel kimi rahibəyə qəribə, hətta bəlkə doğrudan da bir qədər şeytani görünə bilərdi.
Amma düşüncələrimizi bizmi idarə edirik?
Mənə kim və nə zaman öyrətmişdi ki, səhərlər yuxudan oyanan kimi ilk olaraq Günəşə gülümsəyib salam pıçıldamağı? Mənə kim demişdi ki, meyvəsini dərdiyin ağacların, çiçəyini qopardığın çəmənliyin, daşını-kəsəyini yerindən oynatdığın yolun, cığırın da ruhu var, inciyə bilər, canı var, ağrıya bilər? Mənə kim nə zaman göstərmişdi ki, yanmasını istəmədiyin həyatın xətrinə odu baxışların, alovu ovucların içi ilə dayandırmaq mümkündü?
Heç kim!
Heç zaman!
Mən sadəcə elədiklərimi bütün ruhumla istəmişdim hər dəfə.
Mən sadəcə bütün ruhumla istədiyimi etmişdim...
Hərdən elə bilirdim, gözlərimi bərk-bərk yumub-sıxıb bütün ruhumla da ətrafımdakı canlı-cansız hər kəsin, hər şeyin hərarətindən bircə zərrəni özümə çəksəm, bircə anın içərisindəcə özüm boyda od parçasına dönüb həmən də kül ola bilərəm.
Ölüm barədə düşünmək, ölüm barədə danışmaq nə idi ki bacardığımın, amma hələ ki istəmədiyimin yanında?
***
Mişel bilmirdi, bilə də bilməzdi ki, mən ən azından ayda bir dəfə də olsa, anamın ruhu ilə görüşə bilirəm.
İlk dəfə mənim on yaşımda İlyanın çardağında gecə vaxtı hiss etmişdim onun varlığını, sonralar isə hər ayın ortaları üçün gəldi, hər ayın.
Əvvəlcə soyuq, zərif, yamyaşıl təzə ot və səhər yağışı qoxusu duyardım havada, sonra isə səsini eşidərdim, “Bizim Ata” duasını pıçıldayardı, mən həmən ona qoşulub ardınca “Ave Mariya” pıçıldamağa başlayardım.
Dilimin ucundaydı bu sözlər... pıçıltılarımla dodaqlarımdan bircə-bircə  qopub yayılardı otağa,sığal çəkirdi divarlara, tavana, pəncərə şüşələrinə...
Gözlərimi yumub dua etdiyim zaman içimə qapılardım tamamən, pıçıldadığım adlardan ətrafıma gözlərlə görünməz bir örtük, bir pərdə çəkilərdi, təsbehin hər yeni dövrəsində yeni bir pərdə duyardım, ilıq bir nəfəsdən tərpənərdi bu pərdələr, dalğa-dalğa üzümə, boynuma, saçlarıma, yumulu gözlərimə toxunardı... dodaqlarım qaçardı azca, bapbalaca bir təbəssümlə davam edərdim zikrə... həmən başlayardı bu pərdələr dalğa-dalğa, dövrə-dövrə azalmağa, itməyə... az sonra o doğmaca, o xəfifcə ilıq nəfəslə baş-başa dayanardım... üzümə, boynuma, saçlarıma, yumulu gözlərimə sığal çəkərdi barmaqlarım arasından ötürdüyüm hər bir təsbeh dənəsində... uçunardı ruhum bu ilahi həzzdən, ürəyim köksümü parçalayar kimi çırpınardı, nəfəs nəfəsimə qarışardı, pıçıltılarıma sarılardı, səsimi unudardım tamam... içimdə doğmaca, xəfifcə bir başqa səsin pıçıltısını duyardım... öncə mənimlə birgə, sonra mənsiz... tək...
...ağlayardım səssizcə...
***
-          Rəqs gecəsi var! – Viktoriya uzun qızılı hörüyünün ucunu didə-didə həyəcanla deyib qapıdan içəri belə keçmədən geriyə qayıtmaq istədi.
-          Gəl içəri, - təsbeh zikrimdən ayrılıb ayağa qalxdım, - niyə belə təngnəfəssən?
-          Yoox, tələsirəm, qızlara çatdırmaq lazımdı xəbəri, Pako meşənin içindəki talaya çağırıb hamını, kəndin bütün qızlarını, oğlanlarını, hamı orda olacaq, başa düşürsənmi, bu nə deməkdi, Rozariya? – mənə elə gəldi ki, Viktoriyanın həyəcandan hətta gözləri də doldu, - Pako özü dəvət edib hamını, mənə şəxsən özü deyib bunu, hamıya xəbər eləməyimi tapşırıb... Rozariya, dəli oluram, Rozariya!
-          Nə olub axı? – onun təlaşını anlamadan soruşdum, - niyə dəli olursan? Nəyə görə axı?
-          Bilmirəm, bilmirəm, heç nə bilmirəm... - o, pilləkənə çöküb qaldı, - mən də ona aşiqmi olmuşam? Hamı kimi mən də onamı görə dəli oluram? Bəs Alexandro? Mən axı onun adaxlısıyam?!
-          Viktoriya, belə şeylər düşünmə, yaxşı? – mənim səsim titrədi deyəsən, - bax, ağlına belə gətirmə, axı sən Alexandronu sevdiyin üçün ona ərə getməyə razılıq vermisən, bunu hamı bilir axı?!
-          Hə, əlbəttə, mən nəfəs alıram Alexandro ilə, mən onu dünyada heç bir kişiyə, heç bir oğlana dəyişmərəm... amma Pako, Rozariya! Mən bilmirəm bu nə hissdir, onu düşünürəm hər an az qala, Alexandro yanımda olanda da, olmayanda da, anlamıram nə baş verir.
-          Bəs o? Pako özü səninlə necə davranır? Səni özünə çəkmək üçün nəsə edirmi? – səsim daha bir az artıq titrədi deyəsən.
-          Yox, Rozariya, yox! – Viktoriya halsızca divardan yapışıb ayağa qalxdı, - o, heç kimi heç vaxt sevməyib, bilirsən, kəndin bütün qadınları, bütün qızları ərlərini, adaxlılarını buraxıb onun ardınca hara desə, getməyə hazırdırlar, inan, bu dəqiqə savaşa belə çağırsa, bircə an belə düşünmədən hər kəs ardınca gedəcək, hətta sən də, Rozariya, sən də! – o, birdən ayılmış kimi gözlərini gözlərimdə donduraraq susdu, sonra səsi batmış bir halda, az qala boğula-boğlula soruşdu, - bəlkə o, səni sevir, hə? Axı sən onunla demək olar ki bir evdə yaşadın, bir damın altında böyüdün...
-          Yox, nə danışırsan? – mən gözlərimi qaçırtdım, - mən rahibəyəm, bilirsən, o isə Padrenin övladlığı belə olsa, qanındakı üsyanın yolunu seçib, adi bir oğlan kimi yaşamağı yox, hətta Padre də onu özünə, öz yoluna çəkə bilmir, mən kiməm ki?
-          Bilmirəm... - Viktoriyanın gözləri yol çəkdi, - adamlar deyirlər, sən qəribəsən, rahibələr kimi deyilsən, əzbər bildiyimiz dualara özündən sözlər əlavə edirsən, Günəşə sitayiş eləyirsən, ruhlarla danışırsan, kabus kimi dolaşa bilirsən ayın bədirləndiyi gecələrdə kəndin üstündə uça-uça...
-          Dəli olmusan? – mən nə edəcəyimi bilmədən çaşıb qaldım, - bu nə sərsəmləmələrdir? Kim uydurub bunları?
-          Mən nə bilim? Heç nə bilmirəm, kim görüb, kim eşidib, kim danışıb... amma əmin ol ki, hamı kimi olmadığını hamı bilir burda, - Viktoriya nəhayət ki, azca da olsa gülümsündü, - yaxşı, mən qaçım, talada görüşənədək!
***
Viktoriya haqlıydı, mən İlyanın evindən qaçdığım gündən bu yana bütün bu illər ərzində Pakoyla birgə yaşamışdım.
O, Padrenin evində də demək olar ki, hər gün mənim yanımda olmuşdu, Mişelin evinə gedən və Mişelin evindən gələn yol boyu da yanımca addımlamışdı, təkcə Mişellə qaldığım zamanlarda bir damın altında gecələməli olmamışdıq, amma hətta belə zamanlarda da hər gün gəlib su daşımaqda, odun doğramaqda, bazarlıq etməkdə yardımçımız olmuşdu.
Onun gəldiyini həmişə dodaq qarmonunda çaldığı melodiyadan bilərdim.
Ürəyim bircə anlıq dayanardı, sonra dəli kimi çırpınardı ruhum ürəyimin dörd divarı içərisinə sığmayıb, həmən qaçardım qarşılamağa, həmən atardım əlimdəki işi, həmən unudardım yanımdakı canlı-cansız hər kəsi və hər şeyi...
Bir dəfə belə bir söhbətimiz olmuşdu onunla.
-          Sən yaxşı qızsan, - demişdi sakitcə, - amma heyf ki, rahibəsən, heyf ki, nə mahnı oxuyursan, nə də rəqs edirsən, sən heç üsyançı da deyilsən, heyf, heyf, heyf...
-          Üsyan insanın içində olmalıdır, insan hər kəsdən əvvəl özünə, öz dünya istəklərinə üsyan etməyi bacarmalıdır, özünə qalib gəlməyən biri heç vaxt, heç yerdə, heç kimə, heç bir şeydə, heç cür qalib gələ bilməz.
-          Ah, bağışlayın, bacı, bağışlayın, müqəddəs ana, - o, gülmüşdü, - üzr istəyirəm ki, xalqımız üçün, ölkəmiz üçün gözəl günlər uğrunda savaş yolundayam, başımı kilsə astanasına qoyub mütiliyin gilyotin kimi boynumu vurmasını gözləmək üçün kifayət qədər səbr və mərhəmət yoxdu ürəyimdə.
-          Pako, belə danışma, ən böyük səbr və ən səbəbsiz mərhəmət Tanrıya məxsusdur, sənsə bu cəhətləri qəbul eləmirsən.
-          Aha, qəbul eləmirəm, çünki, insanlar anlamazlar nə səbrimi, nə mərhəmətimi, çünki onlar heç Tanrının da səbrini və mərhəmətini anlamadılar, çünki onlar Onun oğlunu çarmıxa çəkdilər, Onu bir oğrudan daha çox layiq bildilər rüsvayçı və əzablı ölümə.
-          Bəs sənin içindəki üsyanın bir səbəbi də ürəyindəki mərhəmət hissinə görə deyilmi? Gözəl gün istədiyin Portuqaliyanın hər bir sakini üçün deyilmi üsyanın? Səbrin – o gözəl günün gələcəyinə inamından doğmurmu? Səni bu iki hiss, bu iki cəhət saxlamırmı seçdiyin yolda?
-          Elə bilirsən mən allahsız birisiyəm? Elə bilirsən mən Padrenin dediyi, danışdığı, öyrətdiyi ruhani saflığın əleyhinəyəm? Qətiyyən! – o, əsəbi halda otaqda var-gəl etməyə başladı, - Mən sadəcə Tanrıya gedən yolun da Sevgi kimi tək və hər kəs üçün onun öz ürəyinin tutumu qədər olduğuna inananlardanam və bütün varlığımla əminəm ki, Padre Xulionun özü də ürəyində tamamilə mənim kimi düşünür, üzdə olanlar, üzdə nümayiş etdirilənlər yalnız və yalnız kütlə üçündür, sürü üçündür, təklər, fərdlər üçün deyil, necə ki, sənin üçün deyil, Rozariya və necə ki, mənim üçün də deyil...
-          Bəs sənin üsyanın? Bəs sənin savaşın?
-          Mənim savaşım da təklərin kütlə üçün nümayişindən başqa bir şey deyil əslində, - o, köksünü ötürdü, - mən də sadəcə nümunəyəm, məktəbəm, hardasa da qurbanam və demək hardasa da Tanrı mənim də çarmıxa çəkilməyimə, eyni səbrlə və eyni mərhəmətlə sadəcə susacaq...
-          Niyə?
-          Çünki, O da nümunədir, çünki O da məktəbdir, O da Təkdir çünki, Təkdir və bütün təklər kimi O da hər zaman Özünü hər bir şeydə, hər bir halda haqlı hesab edir.
-          Padre bilir belə düşündüyünü?
-          Padre hər şeyi bilir. Hətta sənin kim olduğunu da, - o, gözləri yol çəkə-çəkə gülümsədi.
-          Mən kiməm ki? İfritə? Odla oynayan ifritə, hə, Pako? – onun üstünə yeridim, - Hə? Sən də belə düşünürsən? Padre da belə düşünür? De!
-          Rozariya! – o, əllərimi tutub gözlərimin içinə baxdı, mən baxışlarımı qaçırdım, üzümün allandığını, köksümün köynəyimin altından hiss olunacaq dərəcədə çırpındığını hiss elədim, - Sən ifritə deyilsən...
-          Nəyi bilir Padre, nəyi? – mən əllərimi çəkib otaqdakı səcdəgaha sarı getdim, Müqəddəs Mariyaya sığındım, - niyə demirsən, Pako?
-          Deyirəm, - kədərlə gülümsəyib qapıya tərəf getdi, dəstəyi çəkib astanadan adlayanda bir daha geri boylandı, - Padre bilir ki... Sən ifritə deyilsən...
***
Bəs mən kim idim?
İçimdə bir dünya ağrı daşıyırdım, bir dünya intizar, bir dünya da sevgi.
Anamın ölümü, atamın xəbərsiz itməsi, Pakoya duyduqlarım...
-          Atanın, Oğulun və Müqəddəs Ruhun naminə... – pıçıldayıb qapını taybatay açdım, yayın ilıq küləyi üzümü, gözlərimi öpüb baş örtüyümü arxaya çəkdi, əllərimi küləyin öpüşlərinin üstündən sürüşdürüb baş örtüyümü də, ardınca üst köynəyimi də soyundum, rahibə paltarlarımı Padrenin astanasında buraxıb saçlarımı Günəşin, küləyin ixtiyarına verdim, dizlərimədək qalxan otların, çiçəklərin arasında böcəklərə, kəpənəklərə qarışdım, qollarımı açıb ruhumun oxuduğu mahnını dinlədim, bircə sözdən ibarət idi bu mahnı, bircə kəlmə idi təkrar-təkrar səslənən, bircə ad idi oxunan...
-          Pakooooo!!! – çağırdım, - Pako!
Bir anda ətrafımda canlı-cansız hər şey də, hər kəs də mənə qoşulub onu çağırdı.
***
-          Rozariya! – qadın səsinə döndüm, Mişel idi, Pakoyla birgə Padrenin evinə gəlmişdi yenə, məni bu halda görüb ayaq üstəcə ölmüşdü, üzü, dodaqları ağappaq idi, Pako isə çaşqın halda mənə baxır, gözləri sevincdən parıldayırdı, üzünə işıq səpmişdilər elə bil, - Rozariya, geri dön!
-          Dönəcəyəm, Mişel ana, axşam evə qayıdaram mütləq, söz verirəm, - mən əllərimlə ətrafımda uçuşan kəpənəkləri o tərəfə-bu tərəfə ötürə-ötürə dedim, - bir az gəzmək istəyirəm indi.
-          Rozariya, danışmalıyıq! – Mişel mənə sarı gəlməyə başladı, - sən, mən, Padre, mütləq danışmalıyıq! Eşidirsən?
-          Hə, eşidirəm, amma indi yox, bu gün yox, bu axşam yooox, - mən ona baxa-baxa arxaya addımlamağa, yana açılmış qollarımla kəpənəkləri uçura-uçura getməyə başladım.
-          Pako, saxla bu qızı! – Mişel nə edəcəyini bilməyərək təşviş içində çabalayırdı, - saxla onu, dayandır, Tanrı xətrinə!
-          O, bilir neynir, Mişel ana, ona görə narahat olmayın, gəlin evdə sizə su verim, için, sonra dua eləyin, - Pako gülə-gülə, gözlərini məndən çəkməyərək dedi, - onu isə rahat buraxın, qoy getsin.
-          Mən ifritə deyiləm, düzdü, Pako? – mən yerimdə bir dövrə fırlanıb hoppandım, - düzdüüüü???
-          Düzdü, Rozariya, düzdü! – arxaya atdığım hər addımımda məndən daha bir az uzaqlaşan Pako qışqırdı.
Mişel dizləri üstə yerə çökdü...
4
Gitara və dodaq qarmonu, səs-səsə verib oxuyan kənd oğlanları və qızları, gah aram, gah dəlisov rəqslər, ayaqların yupyumşaq tala çəmənliyindən belə qopara bildiyi ürək çırpındıran ritmik tappıltı, əllərin bir-birinə çalınmasından uçuşan gecə quşlarının qanad səsləri, mən, Pako, sevgi, sevgi, Pako, mən, mən, Pako, sevgi, sevgi...
-          Sən mələksən, - pıçıldayır qulağıma.
-          Özünsən, - gülürəm, yanağımı dodaqlarından qaçıraraq.
-          Mən Portuqaliyanın, sən mənim, - o da gülür, gülüşü dodaqlarımı od kimi qarsıb keçir.
-          Hamı deyir, sən heç kimi sevmirsən, - deyirəm.
-          Hamı bilir ki, səndən başqa, - o yenə qulağıma pıçıldayır.
-          Hamı deyir, sənin bircə sevgilin var – Portuqaliya.
-          Hamı bilir ki, sən mənim Portuqaliyamsan, Portuqaliya isə mənim Rozariyamdır.
-          Sən dəlisən, gülürəm.
-          Sənsə bu dəlinin mələyi, - gülüşü dodaqlarımı qapayır...
***
Biz kəndə gecədən xeyli keçəndən sonra qayıdırıq.
Yorğunuq hamımız, qızlar oğlanların qoluna girib, başlarını çiyinlərinə qoyublar, Kolya hələ də gitarada aram və sakit bir melodiyanı çalır, Pakonun dodaq qarmonu məndədir, Kolyanın çaldığı melodiyaya köklənmişəm, əynimdə keçən il Viktoriya üçün tikdiyim, amma ona yaraşmadığı üçün mənə bağışladığı, o vaxtdan da geyinmədiyim uzun, qara zərif don var, addımlarımı atdıqca bayaq taladakı tikanlı kollardan birinə ilişib çırılan ətəyindən yalın ayağım görünüb-itir, qarşımda üzü mənə, arxaya addımlaya-addımlaya gülümsəyən Pako, üstümüzdə səma, səmada topa-topa keçən qapqara buludlar, hərdən-hərdən onların arasından görünüb-itən Ay, sevgi, mən, Pako...
-          Səni sevirəm, mənim gözəl Portuqaliyam! – Pako arxaya daha bir addım atıb qışqırır, qollarını yana açıb, biz hamımız onun qucağına gedirmişik kimi astaca, yorğunca, xoşbəxtcə addımlayırıq...
Hə, biz hamımız xoşbəxtik!
***
-          Müharibə başlayıb! – Padrenin astanadaca bizə dediyi bu iki kəlmə sözlə hər şey bitir amma, hər şey dağılır, hər şey bir andaca ölür...
***
O, getdi...
Mən meşənin içi ilə qaçıb kəndin çoxdan bitdiyi yerdən keçən kələ-kötür yolda dayandım, o, Kolyanın, Alexandronun və daha üç nəfərin oturduğu at arabasıyla paytaxta doğru gedirdi. Kəndin bütün cavan kişiləri beləcə kiçik dəstələrlə at arabalarına doluşub paytaxta, müharibəyə yollanmaq üçün könüllü olaraq orduya yazılmağa gedirdilər.
Araba ikicə addımlığımda dayandı.
O, yoldaşlarından ayrılıb yanıma gəldi, bircə anlıq gözlərimə baxıb məni qucaqladı, bütün varlığımla sevdiyim insanın köksünə qısıldım, üzümü sinəsinə sıxdım, özümü nə qədər saxlamağa çalışsam da, ağlamaya bilmədim...
- Getmə, - dedim.
Saçlarımı oxşadı, əllərinin titrədiyini hiss edirdim, öpüşdüyümüz zaman gözlərindən dodaqlarıma hopan duzlu damlalar ürəyimə axdı, ruhum min yerdən gizildəyib yandı.
-          Getmə, Pako, - bir də dedim.
Dodaqlarımı ikicə sözlə qapadı:
-          Səni sevirəm...
Susdum...
***
-          Dua edək ki, övladlarımız sağ və qalib bitirsinlər savaşı, - Padre evin qarşısına yığışan adamlara səsləndi, - biz ölkədaxili və ölkəxarici siyasi gərginliyin müharibə  ilə nəticələnəcəyini daha qabaqcadan da başa düşürdük, amma bu müharibənin özü nəylə, nə vaxt, necə nəticələnəcək? Kimsə deyə bilərmi?
-          Doğrudur, hələ keçən ilin axırında Anqola ilə Mozambik üçün təhlükənin yarandığı məlum idi. Almanların Portuqaliya ərazisinə hücumu Almaniya- İngiltərə sazişinə hücum deməkdir, - adamlardan biri dedi,
-          Aydındır ki, Almaniya Portuqaliyaya birbaşa müharibə də elan edəcək, - daha birisi söhbətə qoşuldu, - bizim müdafiə dəstələrimiz Anqolaya da, Mozambikə də getməyə hazırdırlar, mən dünən Portuda könüllülərin necə qətiyyət və cəsarətlə döyüş meydanına getmək istədiklərini özüm gördüm.
-          Amma Portuda aclıq başlamasa yaxşıdır, adamlar müharibəyə yalnız ruhən hazırdırlar elə bil, - Portuda dünən olduğunu bildirənin yanında dayanan adam dedi.
-          Adamlar müharibəyə heç vaxt hazır olmurlar, adamlar müharibədən həmişə qorxublar, savaşa hər zaman yalnız ordu hazır olub, adamlarsa bütün müharibələrdə ağrı, qan, itki, aclıq, səfalət, xəstəliklə üz-üzə dayanmağa məcbur olublar, - Padre söylədi, - və bütün bunların əvəzinə O əzab çəkib, sizin, bizim, hamının günahının qarşılığında O çəkib ağrını. Bu dünyada səbrin və mərhəmətin tək mücəssəməsi olan O – İisus! O qədər səbrli olub ki, Onu anlamayıb çarmıxa çəkənlərin də əvəzinə ağrı çəkməyə tab gətirib. O qədər mərhəmətli olub ki, Onu çarmıxa çəkənlərin günahından keçməsi üçün o boyda ağrının içində də Tanrıya yalvarıb duasıyla: “ Ata, onları bağışla, çünki, onlar neylədiklərini bilmirlər...” İnsanlar savaşa, qana heç vaxt hazır olmurlar, amma çox təəssüf ki, onlar bunu yaratmağa hər zaman meylli olurlar. Hər kəsə hər zaman elə gəlir ki, bu dünyanın bütün qanı-qadası ondan yan ötəcək, heç kim yanında savaşan iki nəfərdən hansınınsa təsadüfi də olsa zərbəsini alacağını düşünmür. Onlar həmişə etdikləri günah üçün bir başqasının əzab çəkəcəyinə arxayındırlar sanki. Kim çəkməlidir başqasının günah əzabını? Hansı ata sevimli oğlu cani oldu deyə, onun əvəzinə asıldı ki dar ağacından? Hansı ana hansı məhkəmənin edam qərarını dəyişə bildi ki, övladına kəsilən haqlı cəza üçün? Hər kəs öz içindəki şeytaniliklə savaşsa, nə ailədaxili davalar baş verər, nə ölkələrarası müharibələr, inanın. İnanın və ürəyinizi Tanrıya bağışlayın, Tanrıya bağışlanmayan ürək bir gün mütləq İblis sığınacağına dönür və hər ürəkdəki İblis də ən azından bircə ruhu da olsa aparır özüylə - Məhşər günündəki ən böyük savaş üçün öz əsgəri edərək...
***
-          Padre, siz Tanrıya bağışlanmayan ürəkdən danışırdınız, - mən şam yeməyindən sonra onunla danışmağa cəhd etdim.
-          Sənin buna şübhən var? – o, gülümsədi.
-          Şübhə deməzdim, amma özümün də bu haqda bir qədər başqa cür düşündüyümü bölüşmək istərdim.
-          Yəni?
-          Mən düşünürəm ki, insan ürəyini Tanrıya bağışlamırsa, həmin ürəkdə sadəcə qaranlıq bir boşluq ola bilər, İblisin sığınacağı isə ürək ola bilməz.
-          ... - Padre sadəcə gözlərimin içinə diqqət kəsilib susdu, daha doğrusu, sözümün ardını dinləməyə hazır olduğunu bildirdi.
-          İblis insanın ürəyini deyil, beynini zəbt etməyə cəhd edər həmişə.
-          Maraqlıdır...
-          Sevgimiz ürəyimizdə, ağlımız beynimizdə olduğu üçün belə düşünürəm. İblis sevgi məkanında sığınacaq istəməz, sevgi yalnız Tanrıya gərəkdir – bizim ürəyimiz kimi. İblis yalnız və yalnız ağlımıza hakim ola bilər, o da əgər ürəyimiz qaranlıq və boşdursa.
-          Demək...
-          Demək əsl savaş doğrudan da ilk olaraq insanın öz içində gedir. Ağlımız və ürəyimiz arasında, Padre. Hətta bir insanı sevdiyimiz zaman belə ağlımızla ürəyimiz iki yolun arasında saxlayır bizi, gah Tanrının, gah İblisin istəyinə köklənirik, gah sevgimiz, gah ağlımız diqtə edir nə etməli olduğumuzu, hansını dinləsək, hansının hökmüylə davransaq, ondan asılı olacaq sevdiyimiz insanla münasibətlərimizin sonrası da.
-          Aşiq olmuş rahibəylə danışıram? – Padre güldü.
-          Siz Məhşər günü olacaq böyük savaşdan danışırdınız, amma bizim hər birimizin içində hər an Məhşər savaşı gedir, hər an Tanrının və ya İblisin tərəfinə keçmək üçün sınaqlarla üz-üzə qalmış oluruq və gah məğlub, gah qalib halımızla ətrafımızdakı insanları da həmin məqamda olduğumuz tərəfin ordusuna çəkmiş oluruq. Bu, bizdən asılı olmayan bir şeydir əslində. Çünki, biz tam mahiyyətimizlə sadəcə və sadəcə Tanrının və İblisin savaş meydanıyıq. Bütün Kainatda baş verənlərsə bu iki bir-birinə əks qüvvənin yüz milyardlarla bu cür  meydanlarda savaşlarından doğur.
-          Yəni?
-          Bizim ruhumuz – üçüncü qüvvədir və bu ikisindən hansının daha güclü olması məhz bizim ruhumuzun onlardan hansının tərəfində olmasından asılıdır. Amma biz hansının tərəfindəyik? Hər kəsin ürəyində və beynində olandan asılıdır bu da. Yəni hər kəsin sevgisindən və ağlından.
-          Mişel mənə demişdi, sənin ürəyinə İblis girib, mənsə indi görürəm ki, sən İblisin sənin beynində oturub ağlını almasından danışırsan, - Padre yenə güldü.
-          Mənim beynimdəki İblis hal-hazırda mənim ürəyimdəki Tanrıya aşiq bir vəziyyətdədir, Padre, aşiq olan İblis isə özü də öz ürəyini Tanrıya bağışlayıb demək, - mən də güldüm.
***
Müharibə kabusu ölkənin üstünü alandan sonra Padre adamlarla yalnız bir kilsə nümayəndəsi kimi davranmırdı, evinə gələn hər kəsə qarşı ən yaxın adamı kimi daha artıq qayğı ilə yanaşır, daha çox mehribanlıq göstərirdi. Yanına gələ bilməyən xəstələrə, qocalara özü qonaq gedir, səbr və mərhəmət aşılamağa çalışır, əlində heç nəyi olmayanda belə ümid, inam, sevgi bağışlayırdı. Hətta onun kəndin balaca uşaqları ilə qaçdı-tutdu oynadığını da görmüşdüm neçə dəfə.
Padre ətrafındakı insanların indi Tanrının ümid, sevgi, inam bəxş edə bilən təbəssümünə ehtiyacları olduğunu deyirdi, indi bu adamlar qadağalardan, tabulardan, ciddi dini ehkamlardan daha çox Yaradanının səmimi və təmənnasız dostluğuna möhtac idilər, onun fikrincə və bu Dost onların ən çətin günlərində sadəcə bir təbəssümüylə də olsa, dərdlərini yüngülləşdirəcək qədər doğma olmalıydı.
Padre Tanrının onu yaşamağa yolladığı yerdəki insanların dostu-doğması olmuşdu artıq.
Mişel isə Padrenin əksinə olaraq, əvvəlkindən daha artıq özünə qapılmış, daha qaraqabaq, daha ciddi olmuş, hər kəsə küsmüş kimi bir əhvalda səssiz-sözsüz dolaşmağa başlamışdı. Bütün boş vaxtlarını səcdəgahın qarşısında çöküb dua oxumaqla keçirirdi.
Bir gün o, xəstələndi, yatağa düşdü, mən və artıq hamilə olan Viktoriya düz iki həftə gecə-gündüz onun qulluğunda dayandıq.
Gecələrin birində isə od kimi yanan əli ilə əlimi sinəsinə sıxıb, onu tanıdığım bütün bu illər ərzində ilk dəfə olaraq gördüyüm təbəssümlə:
-          Axı deyirdilər, sən odu qova bilırsən, - dedi, - bax, yanıram, qova bilərsənmi odu məndən?
-          Mişel ana, - səsim titrədi, - sizi anam kimi sevmişəm, bilirsiz...
-          Mən ölürəm, Rozariya! – o, əlimi daha bərk sıxdı sinəsinə, - od məni aparır.
-          Belə danışmayın, - mən onun yatağının baş tərəfindən üstünə axmaqda olan süd rəngli işığı görüb dondum.
-          Rozariya, söz ver ki, hər gün dua oxuyacaqsan, sənin dua oxumağın çox vacibdir, - işıq onun başının üstündən ikiyə ayrılıb çiyinləri bərabəriylə yatağının hər iki tərəfiylə iki əl içi boyda zolaq şəklində çəkilməyə başladı.
-          Bəlkə qalxasınız, sizi təmiz havaya çıxarım bir az, - özümdə deyildim artıq.
-          Yox, halım yoxdur, elə bil Ölüm mələyi başımın üstündədir bu an, elə bil əllərindən bumbuz nəsə axır iki yanımdan... su ver mənə, Rozariya, dodaqlarım quruyur... yox, Padreni çağır... çağır Padreni, teez...
-          Yaxşı... - mən əlimi çəkib ayağa qalxdığım andaca qoşa işıq zolağı onun sinəsi bərabərinə gəlib çatdı, özümü astanaya atıb, bir gözüm Mişelin yatağının hər iki tərəfindən axaraq ayaqlarına yaxınlaşmaqda olan süd rəngli qoşa işıq zolaqlarında,  həyətdə iki kişiylə söhbət edən Padreni çağırdım, - Padre! Padre Xulio!
Padre evə girib, rəfdən “İncil”i götürüb oxumağa başlayanda işıq zolaqları Mişelin topuqlarının yanındaydı və mən bu zolaqların onun ayaqlarına çatdığı anda ruhunun bədənindən çıxacağını anlayırdım artıq.
Mişel gülümsəyirdi...
***
Padre ilə tək qaldıq.
Mən yenə rahibə paltarlarımı geyinirdim, hər gün həyətdə, evdə nəfəs belə almadan bütün işləri təkbaşıma görməyə çalışırdım. İstəyirdim, boş keçəcək bircə dəqiqəm də olmasın. Belə dəqiqələr mənə yer üzündə tək-tənha qaldığımı, sevdiyim insanları bir-birinin ardınca itirməyimi, bir gün Padre də olmayacaqsa, taleyin məni daha hansı sınaqlarla üz-üzə saxlayacağını bilmədiyim üçün qorxduğumu, qorxduğum üçün də ümidimi itirə biləcəyimi xatırladırdı. Ümid sonuncu ölmür, yalan deyirlər, insan qorxduğu anda ilk ölən elə ümid olur, daha sonra inam, sonra da sevgi...
Qorxmaq olmazdı, qorxmağa haqqım yox idi.
Buna görə də düşünməyə, olanları və ola biləcəkləri fikirləşməyə bircə boş dəqiqə də saxlamamalıydım, işdən və ibadətdən yalnız tamamilə halsızlaşıb, başımı yastığa qoyan kimi yuxuya gedə biləcəyimi anladığım anda əl çəkirdim.
***
-          Atandan xəbər var, - dedi bir axşam Padre, - Rusiyadakı yoldaşlarının yanına gedibmiş, orda iki silahdaşı ilə birlikdə həbs olunublar, iki ildir ki, həbsxanadadır.
-          Kim dedi? – indicə yuyub yaxaladığım boşqab əlimdən batıq qablar olan ləyənə düşdü.
-          Bir adam, - Padre ovcunda sıxdığı bükülü kağızı mənə uzatdı, - həbsdən qurtulub qaça bilən birisi. Bu məktub da sənə çatacaq.
-          Mən o adamı görə bilərəm? – kağız bükülünü ondan aldım.
-          Yox, Rozariya, o, bura gizli gəlmişdi, gecəylə, məktubu mənə verib həmən də getdi, özü dediyinə görə, iki ay olar artıq Rusiyadan qaçdığı, yəni, bu məktubu atan iki ay bundan əvvəl yazıb.
Mən daha heç bir şey deməyib-soruşmayıb otağıma çəkildim.
Ovcumun içində od kimi yanırdı atamın məktubu və bu, sadəcə məktub deyildi, atamın ürəyi idi - əlimdə çırpınırdı...
***
“Əziz Rozariya!
Son iki ildə sənin barəndə heç bir məlumatım olmasa da, yenə də əvvəlki kimi Padre Xulionun evində yaşadığına ümid edirəm. Əvvəllər gecələr də olsa, gizlicə o kəndə gəlib səni, Viktoriyanı soruşardıq. Mən və Joze dayı. Yaxınlaşmaq, görüşmək sizin üçün təhlükəli ola bilərdi. Yəqin ki, məni başa düşər və bağışlayarsan, qızım. Bizim Rusiyadakı yerlərimizi və adamlarımızı İlya satdı, özü həbsdə olarkən, işgəncələrə dözməmişdi.
Qızım, mən çox istərdim ki, sənin necə böyüməyini, ailə qurmağını görüm, o zaman ananın da ruhu bizimlə birgə rahat və xoşbəxt olardı. Amma həyat elə gətirib ki, mən tamam yad bir ölkədə, həbsxana divarları arasında oturub sənə məkrub yazıram və cəmi bir faiz ümid edirəm ki, bu məktubu verəcəyim adam buradan sağ çıxıb sənin olduğun yerə kimi gəlib çıxa bilər. İnan ki, indi bu anlarda hətta mən - sənin ateist və inqilabçı atan belə dua edirəm, Rozariya!
Səndən ötrü çox nigaranam, müharibənin gəlib başının üstünü aldığı bir vaxtda mən sənin üçün döyüş meydanında olmaqdansa, bu zindandayam, bunu özümə bağışlaya bilmirəm.
Viktoriyaya demə sənə məktub yazdığımı, qoy atasını soruşmasın. Joze dayı biz tutulan vaxt həlak oldu.
Qızım, səni bağrıma basıram, arzu edirəm ki, inqilablara ehtiyacın, müharibələrin olmadığı bir gündə görüşək, səni Moskvaya gətirim, buradakı həyatla, insanlarla tanış olasan.
Öpürəm.
Atan Almeyda.
3 fevral, 1915-cil il.”
***
Məktubu neçə dəfə təkrar-təkrar oxudum, bilmirəm.
Səhər Günəşin ilk şüaları pəncərədən yastığıma düşəndə qalxıb pərdəni çəkdim və bütün gecə boyunca ağladığım, ovuşdurduğum üçün göynəyən gözlərimi nəhayət ki yumub yatdım.
Yuxuda Pakonu gördüm.
Gördüm ki, atamdan mənə məktub gətirən adam o imiş, mənsə bütün halımla ona bildirməyə çalışıram ki, incimişəm.
-          Niyə gülümsəmirsən? Niyə danışmırsan, Rozariya? – soruşur.
-          Səndən küsmüşəm.
-          Axı niyə?
-          Mənə indiyə kimi heç bir xəbər yollamamısan, bircə kəlməlik məktub da yazmamısan, - deyirəm.
-          Ehh, - gülür, sonra birdən üzü ciddiləşir, - sən pərdəni nahaq bağladın, aç pəncərəni, qaç meşəyə sarı, orda səni gözləyəcəm, tez ol, tez ol, deyirəm sənə!
Oyanıram.
Padrenin otağından səs-küy, süpürüşmə eşidirəm.
Kimisə döyürlər, nələrisə aşırır, dağıdırlar, tanımadığım kişi səsləri nəyinsəmi, kiminsəmi yerini soruşur təkrar-təkrar.
Mən yuxulu və çaşqın halda nə edəcəyimi bilmədən otağın ortasında durmuşam.
Bu anlarda qonşu otaqda nə baş verdiyini bilməsəm də, təhlükə və qorxu hiss edirəm, bir anlıq nəfəsim çatmır sanki və mən qeyri-ixtiyari olaraq pərdəsi də kip bağlanmış pəncərəyə baxdığım zaman Pakonun səsini bir də eşidirəm: “... aç pəncərəni, qaç meşəyə sarı, orda səni gözləyəcəm, tez ol, tez ol, deyirəm sənə!”
Həmən pəncərəni açıb həyətə tullanıram, meşəyə sarı qaçmağa başlayıram, hərdən geriyə boylansam da, arxamca kimsənin gəldiyini görmürəm, bir azdan Padrenin evi tərəfdən güllə səsi eşidirəm, qorxudan ürəyim dayanmaq istəyir, amma özümü ələ alıb gəldiyim yolu bir daha geri dönürəm, ağacların, kolların arxasında gizlənib, həyatımın beş ilini yaşadığım, azca bundan qabaq da pəncərəsindən tullanıb qaçdığım evin alov içində yandığını görürəm.
Yerə çöküb çarəsizcə ağlayıram.
Daha mənim buralarda kimsəm qalmadı, deyə düşünürəm.
Buralara çox bənzəyən, buraları çox xatırladan bir başqa yerdə yaşamaq istədiyimi anlayıram. Elə bir yerdə ki, orada nə üsyanlar olsun, nə inqilablar, nə din insanları sıxa bilsin, nə siyasət, nə müharibə olsun, nə qəhrəmanlıqlar, bunların hamısı olsa belə, mənim indi yaşadığım ölkədəki kimi ağır, məşəqqətli, insanın ümidini, inamını, sevgisini öldürəcək qədər dəhşətli olmasın...
Pako mənim yuxuma niyə gəlmişdi?
Niyə?
Niyə axı?
Yumruqlarımı gah torpağa, gah dizlərimə çırpa-çırpa, ürəyimin içində həyatımın bütün mənasının necə yanıb külə döndüyünü hiss edə-edə ağladığımın da səbəbini anlayıram.
Mənim Pakom artıq həyata yoxdur...
Yoxdur!
Yoxdur ki, yanıma yalnız bu cür gələ bilib, yalnız bu cür...
İlahi!
Mən niyə hələ də sağ idim ki?!
5
Bunları xatırlamaq, bunları unuda bilməmək asan deyil.
Amma mən yüz min dəfə təzədən ölüb, yüz milyon dəfə təzədən doğulsam da, yalnız on yeddi il yaşadığım Portuqaliya həyatımın yer üzünün bütün həyatlarından daha gözəl olduğunu düşünəcəyəm.
Yaşayacağım heç bir həyatda Pako olmayacaq çünki, mən də olmayacam, sevgi də...
***
Mən Mişelin meşənin dərinliyindəki gizli komasında yaşamağa başladım.
Burada tək yaşayacaq bir adam üçün bəlkə üç ilə bəs edəcək qədər azuqə vardı – arpa, lobya, qurudulmuş yeməli otlar, meyvələr... Yaxınlıqdakı bulağın suyu isə məndən sonrakı min illik nəslə də bəs edərdi.
Arada bir dəfə axşam qaranlığı düşməyə başlayanda kəndə sarı yollandım, zülmət çökən kimi Viktoriyagilin qapısını döyməyə başladım.
Məni özü qarşıladı, qarnı çox böyük idi artıq.
-          Oğlum olsa, adını Alexandro qoyacam, - deyirdi, - qız olsa, Marta.
-          Qoy oğlun olsun, - dedim.
-          Alexandro da onunla birgə olub, - dedi, - onları mühasirəyə alıblar, məğlub olduqlarını anlayanda, əsir düşdükləri məqamdaca bir-birlərini vurublar.
-          Ağlama, uşağa ziyandır, - desəm də, özüm də onu qucaqlayıb hönkürdüm.
-          Sənə olmaz kənddə görünmək, gərək gizli yaşayasan. Bilmirəm haçana qədər, amma belə lazımdır, - o, ayağa qalxıb pəncərə pərdələrini kip örtdü.
-          Niyə axı?
-          Hamı sənin öldüyünü düşünür, elə bilirlər, o vaxt Padre ilə birlikdə səni də güllələyib sonra yandırıblar, ya da səni görməsələr belə, evi yandırdıqları vaxt yatıbmışsan deyə xilas ola bilməmisən.
-          Nə danışırsan?!
-          Hə! Hamı belə bilir. Hətta sonradan səni soruşanlar, axtaranlar oldu, nə yaxşı ki, kənddə sağ olduğunu bilən yox idi, yoxsa bəzi satqınlar mütləq yerini deyəcəkdilər.
-          Məni kim axtarırdı ki?
-          Bilmirəm, amma paytaxtdan gəlmişdilər deyəsən, Elena xala deyirdi, kilsə adamlarıdı.
-          Qəribədir...
-          Qəribə heç nə yoxdu... Padreni respublikaçılara kömək etdiyinə görə öldürdülər, o, dostlarını himayə edirmiş, gizli tapşırıqlarını lazım olan yerlərə, adamlara çatdırırmış, yəni, katolik kilsəsinə qarşı işlərdə təqsirliymiş. Sənisə yəqin yenə də oda, ruhlara-filana görə axtarıblar, özünü başqa cür aparan rahibəni cəzalandırmaq üçün bəlkə...
-          Padre gözəl insan idi.
-          Bunu hamı bilir, amma o, artıq yoxdur. Adamlar gecə-gündüz dua edirlər, İisusdan, Müqəddəs Mariyadan möcüzə istəyirlər, Tanrının onları unutduğunu düşünməməkləri üçün, ürəklərindən ümid, inam, sevgi itməsin deyə gecə-gündüz yalvarırlar Ona.
-          Bu dəhşətdir, Viktoriya!
-          Hə, amma deyirlər, almanlar birbaşa bizə müharibə elan eləsələr, daha dəhşətli olacaq hər şey, - onun rəngi ağappaq idi dediklərinin qorxusundan, bir anda boynuma sarıldı, - getmə, Rozariya, yalvarıram sənə, hələlik qal burda, mən səni gizli saxlayaram, heç Elena xala da xəbər tutmaz, amma mən uşağı dünyaya gətirənə qədər getmə, yaxşı? Yaxşı, Rozariya? Mənə söz verirsən?
-          Yaxşı, söz verirəm, - onu bərk-bərk qucaqladım.
***
Viktoriya Alexandronu, ya da anası Martanı yenidən dünyaya gətirmək kimi bir arzuya kökləmişdi özünü.
Oğlu olsa, adını Alexandro qoyacaqdı, qızı olsa, Marta.
Nə gözəl bir ümid!
Məndə heç vaxt olmayacaq, mənim heç vaxt taledən almayacağım, qoynuna qısılıb ovunaraq yaşamayacağım bir ümid...
Nə qədər oğlan uşaqları doğulacaq görəsən yer üzündə, nə qədərinin adı Pako olacaq, bu pakoların neçəsi üsyançı, inqilabçı, savaşçı olacaq görəsən?
Mənim Pakom kimi bircəsi olacaqmı, olacaqmı, olacaqmı?
***
Viktoriyanın bütün cəhdlərinə baxmayaraq Elena xala məni gördü.
Qadın əvvəl qorxdu, kabus görürmüş kimi rəngi ağardı, sonra xaç çevirdi, salamımı eşitdikdə isə özünü üstümə atıb qucaqlayaraq ağlamağa başladı:
-          Nələr oldu, Rozariya?! Bax bir nələr gəldi başımıza! Mənim zavallı balam, çarəsiz qızcığazım...
Sonra o da Viktoriya kimi mənə kənddə görünməməyi, bəzi satqın adamların güdazına gedə biləcəyimdən mümkün qədər ehtiyatla dolaşmağımı tapşırdı dönə-dönə, bir müddət, daha doğrusu, müddəti bilinməyən bir dövr boyunca gizli yaşasam yaxşı olarmış.
Daha sonra isə kəndin bitdiyi, meşənin başladığı ətrafda, yəni Padrenin indi artıq olmayan evinin yaxınlıqdakı ərazıdə kənd uşaqlarının gözlərinə görünən kabusdan söhbət açdı. Uşaqlar başı, qolları görünməyən, sanki dğşəkağına bükülmüş adam formasında ağ süd rəngli buludabənzər nəsə görmüşdülər və kimi bunun Padrenin narahat ruhu olduğunu deyir, kimi başımızın üstünü almış müharibə kabusu hesab edir, kimsə də müqəddəslərdən biri kimi qəbul edirmiş.
-          Kənddə adamlarla Tanrı arasında bağ qalmayıb, Mişel bacı öldü, Padreni vurdular, sən də bu vəziyyətdəsən. Kim yol göstərəcək uşaqlarımıza? Kim yönəldəcək kəndi Tanrıya? Adamlar inanırlar ki, bu kabusun görünməsi heç də yaxşı hal deyil, uşaqlarını təsbehsiz evdən buraxmırlar, çöldə-talada olduqları vaxt bircə dəqiqəni də duasız qalmamağı tapşırırlar.
-          Hamıya görünüb kabus? Bəlkə sadəcə qorxublar uşaqlar?!
-          Düzünü yalnız Tanrı bilir, - o, xaç çevirdi.
***
Viktoriyanın yanında qaldığım müddətdə ev işlərində ona və Elena xalaya əlimdən gələcək qədər kömək etməyə çalışırdım, Viktoriyanın indi əyninə olmayan paltarlarından körpə üçün papaqlar, köynəklər tikirdim. Hətta balaca bir yataq dəsti də hazırlamışdım: döşəkçə, yastıq, yorğan. Çox yaxın bir zamanda xırdaca bir oğlanmı, ya qızmı bu balaca yastığa üzünü söykəyəcək, bu yorğanın altında şirin-şirin yatacaqdı.
Viktoriyaya baxırdım, hər gün bir az daha ağırlaşan bu gənc qadın içində hələ bu dünyanın necə bir yer olduğunu bilməyən tam yeni, tam başqa bir insanı daşıyır, qanı ilə, canı ilə bəsləyir, böyüdür, bətnindən həyata ötürəcəyi zaman çəkəcəyi ağrılara bütün varlığıyla qorxa-qorxa, həm də sevinə-sevinə hazırlaşırdı.
Bu, möcüzəydi mənim üçün. İçində başqa bir insanı daşıyan maraqlı, güclü, böyük, saf, hətta müqəddəs bir qadın idi nəzərimdə Viktoriya.
Yəqin mənim anam da məni beləcə daşımışdı içində aylar boyunca, o da beləcə ayağa qalxanda qeyri-ixtiyari əllərini ağrıyan belinə aparıb gövdəsini qabağa əyərək inildəmişdi yəqin astaca, sonra yaxınlıqdakı stulamı, masayamı, çarpayı başlığınamı, divaramı bir əliylə söykənib qəddini düzəltmişdi... Onun da yəqin ki, burnunun yuxarısında, yanaqlarında açıq-qəhvəyi xırdaca çillər yaranmışdı, o da bütün halıyla bu dünyanın ən köməksiz varlığı kimi görünmüşdü yəqin. Yer üzündə hamilə qadından daha tək birisi varmı görəsən? O, uşağa qaldığı andan onu dünyaya təhvil verəcəyi ana qədər ilk olaraq özünün könüllü çəkəcəyi ağrılara, əzablara, hətta ölümə də imza atmış olur və uşağı bətnində daşıdığı anların hər birində ölüm yanaşı addımlayır onunla, içində həyat, yanında ölüm gəzdirdiyi müddətdə isə bu dünyada kimsə ona yardımçı ola bilmir, kimsə...
Budur, gecələrin birində o, birdən durub yatağında dik oturur:
-          İçimdə nəsə qırıldı elə bil... elə bil qarnımın içində hansısa bir ipi birdəncə qayçıyla kəsdilər, - deyir qorxa-qorxa, anlamır çünki bətnində bu an nə baş verdiyini, özünü belə düşünməyi unudaraq yalnız körpəsinə pis bir şey ola biləcəyi üçün qorxur, yavaşca ayağa qalxdığında isə birdəncə də ayaqları boyunca yerə dağılan suya görə dəli olur, indicə bəlkə uşağı da çıxıb döşəməyə düşəcək deyə bütün varlığıyla titrəyə-titrəyə bir əliylə qarnının aşağısını tutub saxlamağa çalışır, bir əliylə yatağına söykənir, birtəhər böyrü üstə uzanır, qorxudan və ağrıdan tər içində olan bədəninin bütün ixtiyarının özündə olmadığını anlaya-anlaya inildəyir, - mənə kömək edin... uşaq doğulur...
***
-          Pako! Onun adı Pako olsun! – Viktoriya Elena xalanın yuyundurub bələdiyi balaca oğlanı məndən alıb alnından öpdü, - qoy o da Portuqaliyanın xilas mələyi olsun.
-          Biz hamımız Portuqaliyanın xilas mələyi olmalıyıq, - dedim gözlərim dola-dola.
-          Hə, Pako belə deyirdi, belə istəyirdi, - Viktoriya da ağlamsındı.
-          Xoş gəldin, Pako! – Elena xala da gözlərini sildi.
***
Mən Viktoriyanın ad seçiminin çox qəfil dəyişdiyi anda qorxdum ki, Elena xala oğlu Alexandronun deyil, Pakonun adı seçilib deyə inciyəcək, bəlkə etiraz da edəcək. Amma belə olmadı və mən Pakonun, mənim Pakomun yalnız mənim üçün deyil, doğrudan da buralarda hamı üçün sevimli, arzulanan olduğunu bir də anladım. Adamlar onu kimi oğlu tək, kimi dostu tək, kimi sevgilisi tək xatırlayır və sevirdilər.
***
Uşaq evə əsl həyatı gətirmişdi yenidən.
Bizim günümüzün və gecəmizin çox hissəsini özünə götürən bu balaca varlığın xətrinə ən xoş hadisələrdən söhbət edir, ən yaxşı adamları xatırlayır, ən gözəl gələcək haqqında danışırdıq.
Balaca Pako atasına oxşayırdı, dərisi ağ, saçları sarı, gözləri maviydi.
Elena xala onu qucağına alıb əzizləyəndə “Pako-Alexandro” çağırırdı. İndi bu qadının gülməyə, sevinməyə, zarafat etməyə bapbalaca, şipşirin bəhanəsi vardı.
Elə mənim və Viktoriyanın da.
Biz saatlar boyunca körpəni top kimi bir-birimizə ötürür, atır-tutur, oynadır, yedirir, əynini dəyişir, yatmağına doymadan tamaşa edir, üzünü, boynunu qoxlamaqdan doymurduq. Viktoriyaya uduzduğum tək məqam – onun uşağı əmizdirməsi vaxtları olurdu, belə vaxtlarda mən oturub sakitcə Tanrının mənim həyatımın ən ağır çağında gözlərim üçün ayırdığı bu məsum xoşbəxtliyə baxır, bütün acılarımı unudub gülümsəyirdim.
Ürəkdən güldüyüm məqamlar isə Viktoriyanın uşağı soyunduranda balaca əllərinə, ayaqlarına baxa-baxa dedikləri olurdu:
- Tanrıya and olsun ki, baxanda özümü saxlaya bilmirəm, onun əllərini, ayaqlarını şorba boşqabında görürəm az qala, yanında kartof, göyərti... ağzımın suyu axır yemək istəməkdən...
***
Beləcə günləri həftələrə, həftələri aylara ötürə-ötürə yaşayırdıq.
Mən onların evində çox az olmağa çalışsam da, oradakı qaynar və saf həyat məni çəkib aparırdı gecələrin qaranlıqlarında meşədən kəndə hər dəfə.
Meşədəki komada keçirdiyim gecələrdə də, kəndə gəldiyim gizli yol boyu da gah anamı, gah Pakonu yanımda hiss edirdim.
Mənim indi bu dünyadan köçənlərlə bu dünyada yaşayanlar arasında özümün olan gizli bir həyatım yaranmışdı və onu yaşamağa qərar vermişdim.
Amma bir gün, daha doğrusu, balaca Pakonun bir yaşına az qalmış, onun ilk dəfə ayağa qalxıb ikicə xırda addım atdığı gündə almanlar ölkəmizə müharibə elan etdilər və xəbəri eşidəndə Elena xalanın da, Viktoriyanın da, mənim də təbəssümümüz üzümüzdə dondu, nə edəcəyimizi bilmədən qəfil xəbərdən karıxıb, pəncərənin o üzündə kənd evlərinin arasıyla qaça-qaça həyəcanla xəbəri yayan uşağı çağıraraq bu haqda nəsə soruşmağı belə düşünmədik, bir-birimizə və indicə həyatda atdığı ilk iki addımından sonra birdən yerə oturan körpənin üz-gözünü büzüb sonra birdən də gülməsinə, qollarını uzadıb bizdən birimizin onu yerdən qaldırmasını istəməyinə baxa-baxa qaldıq.
Pəncərədən o tərəfdə isə artıq bütün kənd evlərdən küçələrə axışmışdı.
Səs-küydən qulaq tutulurdu.
Adamlar dəhşətli bir panika içində nə edəcəklərini bilməyərək vurnuxurdular.
Elena xalanın bir dəfə dediyi sözləri xatırladım:” Kənddə adamlarla Tanrı arasında bağ qalmayıb, Mişel bacı öldü, Padreni vurdular, sən də bu vəziyyətdəsən. Kim yol göstərəcək uşaqlarımıza? Kim yönəldəcək kəndi Tanrıya?”
Görünür, bunları deməkdə o, haqlıydı.
Kəndi xilas etməyin, adamları həyata çağırmağın, onların ürəklərində yenidən ümidi, inamı, sevgini cücərtməyin tək çarəsi möcüzə ola bilərdi. Elə bir möcüzə ki, insanlar yorğun ruhlarıyla ona söykənib ağrılarını, dərdlərini hərdən də olsa unuda bilsinlər, həyatın bitmədiyinə, müharibənin başlamasının hələ Tanrının onları unutması demək olmadığına inansınlar.
-          Atanın, Oğulun və Müqəddəs Ruhun naminə! – Elena xala nəhayət bizdən daha tez ayıldı və körpəyə baxmağımızı tapşırıb, küçəyə çıxdı.
Qapının açılıb-örtülməsiylə çölün səs-küyü bütün ağırlığı, dəhşəti, ümidsizliyi ilə evə girib üstümüzə çökdü.
Pako ağladı.
Biz hələ də onun qollarını açıb yerdən qalxmaq istəyərək bizdən kömək istəməsini unutmuşduq...
***
Müharibə insanların iç üzünü açıb çölə tökmüşdü, bütün ağır sınaqlar kimi o da insan ruhunun ən gizli cəhətlərini üzə çıxartmış, hər kəsi nəinki yanındakılara, özünə belə tanıtmışdı.
Kübarlığı, alicənablığı ilə tanınanlar bazar adamı səviyyəsinə düşür, tərbiyyəsizlikdə, xuliqanlıqda ad çıxaranlar xalqın qorxmaz, cəsur qəhrəmanlarına çevrilirdilər.
İnsanlar ruhlarının müvazinətini itirmiş bir hala düşürdülər.
Bəziləri kənddən köçüb başqa yerlərdə yaşayan yaxınlarının yanlarına gedirdilər. Bəzi evlərə isə tanımadığımız adamlar gəlirdi yaşamağa başqa-başqa şəhərlərdən, kəndlərdən.
Adamlar ən son bir ümidin dalınca düşüb şəhər-şəhər, kənd-kənd dolaşmaqdaydılar, onlara elə gəlirdi ki, rahatlıq hardasa daha bir azca yaxındadır və mütləq o bir azca yaxına da köçüb onu yaşamaq lazımdır.
Portudan yeni-yeni tətillərin, mitinqlərin xəbərləri gəlirdi, indi bu tətil və mitinqlərin partlayışlarla, böyük yanğınlarla müşaiyət olunduğunu da deyirdilər.
Portuqaliyanın müharibədə iştirak etmək qərarıyla razılaşmayan hər kəs küçələrdə idi.
Həbslər, izləmələr bəs etmədi, ölkədə ən ağır cəza hesab olunan ölüm hökmü yenidən bərpa olundu.
Amma müharibəyə qatılmağa qərar vermiş bir ölkə onsuz da özünün hər bir sakininin ölüm hökmünü qabaqcadan vermiş olmurmu?
***
-          Səni görüblər! – Elena xala həyəcanla evə girib təkrar-təkrar xaç çevirə-çevirə dedi və qapını kilidlədi.
-          Kim? – mən də, Pakonu əmizdirən Viktoriya da eyni anda soruşduq.
-          Uşaqlar. Balaca uşaqlar. Yadınıza gəlir, bir ara kənddə söz düşdü ki, onlar Padrenin evi ətrafında kabus görürdülər? Bax, həmin uşaqlar meşəyə girdiyin yerdə görüblər səni. Yaşca böyük olan qız tanıyıb ki, Rozariyasanmış. Anasına danışıb, anası da hamıya. İndi kənddə hər kəs sənin meşə yaxınlığında dolaşan ruhundan danışır.
-          Necə yəni? – biz yenə demək olar ki eyni anda soruşduq.
-          Axı səni ölmüş bilirlər?! – Elena xala stula çöküb köksünü ötürdü, - axı hamı elə bilir ki, sən hələ o vaxt, Padre ilə birlikdə yandırılmısan?! İndi isə varsansa, görünürsənsə, demək ruhsan, kabussan. Hələ üstəlik, bilsələr ki, bu qədər vaxtı sağ olmusan və biz də bunu bilmişik, üstəlik də səni evimizdə gizlətmişik... İlahi!
-          Narahat olmayın, Elena xala, bu qədər qorxmağa dəyməz məncə, o uşaqlar əvvəllər də kabus gördüklərini danışardılar. Məncə adamlar elə də ciddi yanaşmayacaqlar, - qadını sakitləşdirib qorxusunu qovmaq üçün nə edəcəyimi bilmirdim.
-          Adamlar artıq Padrenin evi ətrafında az qala pusqu qurublar, - o, ümidsiz halda mənə baxdı, - sən aşa düşürsənmi bu qədər vaxtı itib, ölmüş sayılıb, indi kabus kimi görünməyin sənə nəyə başa gələ bilər?
-          Bəs... - artıq yuxulamış Pakonu yatağa qoyub üstünü örtən Viktoriya yanıma gəlib qoluma girdi, həyəcandanmı, qorxudanmı əsdiyini hiss etdim, - bəs Rozariya neyləyəcək? Neyləyəcəksən, Rozariya?
-          Elə bu axşam burdan çıxıb yenə meşəyə qapanacağam, başqa nə edə bilərəm ki?
-          Biz də köçməliyik kənddən, - Elena xala dedi, - mən də, Viktoriya da, Pako-Alexandro da. Bir müddət Alqarvedə qalacağıq – mənim qardaşımın ailəsinin yanında, sonra sən də istəsən, gələrsən yanımıza, Rozariya... təəssüf edirəm...
***
O, haqlıydı.
Mən onlarla birgə çıxa bilməzdim kənddən, bizim birgə görünməyimiz onlar üçün olduqca təhlükəli ola bilərdi və mən sevdiyim, doğmalarım bildiyim bu insanların mənə görə əzab çəkmələrinə yol verə bilməzdim.
Hələ Pako...
Balaca, şirin, dəyərli Pakonu düşünməliydik hamımız...
Odur ki, elə həmin günün axşamındaca mən onların hər birisini bağrıma basıb ayrılaraq meşəyə, Mişelin komasına yollandım.
Bu dünyada artıq heç bir insanla heç bir halda əlaqəm və ünsiyyətim olmayacaqdı.
Mənim yanımda yenə də anamın ruhu olacaqdı, bir də Pako...

***

Əvvəlcə soyuq, zərif, yamyaşıl təzə ot və səhər yağışı qoxusu duydum havada, sonra isə səsini eşitdim, “Bizim Ata” duasını pıçıldayırdı, mən həmən ona qoşulub ardınca “Ave Mariya” pıçıldamağa başladım.
Dilimin ucundaydı bu sözlər... pıçıltılarımla dodaqlarımdan bircə-bircə  qopub yayıldı meşəyə, sığal çəkdi ağaclara, səmaya...
...ağladım...
6
-          Salam, Günəş! – deyərdim hər səhər gündoğana baxıb, - sabahın xeyir, Dünya, sabahınız xeyir, insanlar, hamınıza sevgi, səadət arzulayıram. Xoşbəxt olun!
-          Salam! – deyərdi yarpaqlar, külək, quşlar...
Gülümsəyərdim gözlərimi yumub tərtəmiz səhər havasını ciyərlərimə çəkərək.
Elə bilirdim, buradakı otların, çiçəklərin, yarpaqların hər birisi tanıyır, hər birisini hiss etdiyim kimi, hər birisi də hiss edir məni.
Tək qalmaq, insanlardan uzağa çəkilmək əvvəlki kimi sıxmırdı məni artıq.
Bəlkə də əvvəllər buradan çıxıb gizli və hərdən də olsa Viktoriyanı, Elena xalanı, balaca Pakonu görə biləcəyim ümidi vardı deyə, sıxılırmışam. İndi bu ümid yerli-dibli yox idi deyə, mən bütün varlığımla meşədəki tənhalığıma qapılmışdım və ətrafımdakı canlı-cansız hər şeyin ruhunu duya bilirdim.
Bu halım mənə vaxtilə Padrenin öyrətdiklərini xatırladırdı:”Bircə ay duzsuz və şəkərsiz qidalanmaq bəs edər ki, indiyədək yediyin ərzaqların hər birisinin əslində özünün tam başqa bir dadı olduğunu anlaya biləsən.”
Duzsuz və şəkərsiz bircə ay yetirmiş yediklərinin əsl dadını-tamını bilməyə.
İndi mən insanlarsız idim...

***

İndi daha tez-tez düşürdü yadıma Portuda keçən uşaqlıq illərim.
Mən azacıq balıq qoxusu verən məhəlləmizi, evimizi, küçəmizi xatırlayırdım.
Hərdən gözlərimi yumub pəncələrim üstündə qalxaraq, özümü uşaqkən relsləri üstündə yeridiyim tramvay xəttində hiss edərdim.
Atamın gur və doğma səsi, anamın şən və şirin gülüşü, bizim həftəsonu gəzintilərimiz...
Sonra bir daxmada tavandan asılı nənniyə sarı sürünən alov dilimləri gəlirdi gözlərim önünə, ovuclarımın içiylə odu saxlamağım, arxamda dayanan qadının qışqırığı, adamların heyrəti, qorxusu, kilsə xidmətçilərinin məni dindirmələri, odu saxlamağımın sirrini deməsəm, anamı yandıracaqları ilə hədələmələri, atamın məni onlardan alıb evə aparması, anamın duaları, təsbehi, evimizin yanması, üstümüzə çökən tavan... Bir də bir gecə İlyanın evinin çardağında duyduğum soyuq, zərif, yamyaşıl təzə ot və səhər yağışı qoxusu, sonra isə o pıçıltı:” ...hər şey yaxşı olacaq... mən səninləyəm!”
Burada bitirdi uşaqlıq xatirlələrim, burada qapanırdı qayğısız, atamla, anamla keçən illərimin kitabı... və buradan başlayırdı hər anı təhlükə, çarəsizlik, ölüm olan həyatım.
Amma bu təhlükənin, çarəsizliyin, ölümün içində də mən tapıb dada bilmişdim əsl xoşbəxtliyi – bu, mənim ümidim, inamım, sevgim idi – Pako!
***
Meşənin dərinliyindəki talaya gedirdim tez-tez.
Burada saatlarla gəzişir, oturub dua edir, ya da eləcə Günəşlə, ağaclarla, quşlarla, otlarla, böcəklərlə, küləklə danışırdım.
Hərdən darıxmağım o həddə çatırdı ki, ətrafıma boylanıb eləcə deyirdim:
-          Bilirəm ki, yanımda var kimsə. Bilirəm ki, tək deyiləm. İndicə də dörd tərəfimdə görmədiyim o qədər varlıq var ki! Nolar, biriniz danışın, bircəciyiniz nəsə deyin! Axı məndən daha çox gətirib bəxtiniz, sizi kimsə görə bilmir, hara istəsəniz, gedə bilirsiniz rahatca, heç nədən, heç kimdən çəkinmədən dolaşırsınız dünyanı, mənsə... mənsə dustaq olunmuşam bu meşədə, buradan çıxmağa, qurtulmağa, xilas olmağa heç bir şansım yoxdur! Çünki, mən hələ sizin kimi deyiləm, çünki mən hələ də insan gözünə görünə bilən halımdayam, məni görsələr, məni tapsalar, həmən ağrıdacaqlar, həmən qanımı içəcəklər... yox, qorxmuram ölümdən! Qətiyyən qorxmuram! Məni qorxudan – öldüyüm, indiki halımı dəyişməyə məcbur olacağım zaman yaddaşımı, xatirələrimi, özümün indiki kimliyimi, ən dəhşətlisi isə, Pakonu unutmaq və demək, tamamilə itirmək dərdidir.
Külək əsib saçlarımı üzümə-gözümə dağıdırdı, gülümsəyirdim qeyri-iradi, düşünürdüm, yanımda dolaşan saysız-hesabsız ruhlardan birisidir, toxunur...
-          Əslində, ürəyimdə balaca da olsa, bir ümid var ki, bəlkə mən də sizin kimi olsam, bəıkə mən də sizin halınıza düşsəm, o zaman Pakomu görə bilərəm, ona toxunaram, onunla evlənərik hətta, - qoluma ağappaq bir kəpənək qonub,həmən də uçur və mən daha ürəkdən gülümsəyirəm, - hə, bunda nə var ki? Bir rahibə ailə qura bilməzmi? Axı, yadımdadır ki, Mişel ana da bir vaxtlar Fransadan buraya məhz bunun üçün gəlmişdi – gözəl, yaraşıqlı və müdrik bir katolik gənclə ailə qurmaq üçün. Amma Padre ilə söhbətlərindən sonra qadın həm ona aşiq olmuşdu, həm də Padreyə ömrünün sonuna qədər xidmətçilik edib, heç vaxt ərə getməyib, özünü yalnız o əbədi və əzəli sevgili – İisus üçün qorumağa qərar vermişdi... elə deyilmi, Mişel ana? Burdasanmı, nolar, de...
Ayaqlarımın yanındakı otlar, çiçəklər donumun ətəklərinə sürtünür, topuğum qıdıqlanır. Gülürəm:
-          Ah, Mişel ana, ah! Əminəm ki, sən də məni unutmusan artıq. Yoxsa, haqqında belə şeylər danışdığıma görə indi məni lənətləyərdin bəlkə, ya da Padreyə şikayətə qaçardın həmən...
Susuram sonra.
Köksümü ötürüb gözlərimi uzaqlara, uzaqlara dikirəm, hər yanı ağaclar, kollarla divarlanmış bu talada uzaqlar nə gəzir amma...
-          Uzaqlar yalnız bircə an əvvələ qədər yaşadığın həyatın xatirələrinə qədər gedə bildiyin yoldur. Bu yol isə sənin ürəyindən ağlına qədərdir sadəcə, yaxud da əksinə - ağlından ürəyinə qədər. Kim amma haradan başlayır yolunu və haraya qədər gedir yaşaya-yaşaya, bunu yalnız özü bilə bilir, o da yalnız son mənzilinin astanasına çatan anda... hə, məhz o sonuncu anda başa düşür insan ürəyindənmi yol aldı ağlına sarı, ya ağlındanmı ürəyinə...
Donumun ətəyindən yol alıb üstümə gələn parabüzənə gülümsəyirəm yenə:
-          Sən də kimsən görəsən?! Sən də niyə bu haldasan, bilə bilərsənmi? Ehh... hardan biləsən?! - əlimlə qarşısını kəsirəm, barmaqlarımın üstünə keçib dırnağımda dayanır, Günəşə sarı qaldırıram onu, Günəşlə gözlərimin arasından qanadlanıb uçur, - hər şeyi bilmək olmur, olmur, mənim əzizlərim... baxın, hətta İisus da demişdi bunu, çarmıxda olarkən üzünü Tanrıya tutub demişdi:” Ata, onları bağışla, çünki onlar neylədiklərini bilmirlər...”
***
-          Kabus! Kaabuuus! – qışqırdı kimsə.
Səs gələn tərəfə döndüm, balaca bir qız idi, lap mənim ilk dəfə buralara gəldiyim yaşımdakı kimi. Yanında da başqa iki uşaq vardı.
Yerimdən qalxıb hara qaçacağımı, necə gizlənəcəyimi bilmədən dörd bir yanıma baxdım, bir anda mənə elə gəldi ki, ətrafımdakı canlı-cansız hər şey və hamı başını aşağı saldı, xəcalət çəkdi, utandı məni gizlədə bilmədiyinə görə, bir anda ruhumu sıxmağa başlayan pərtlik halına, hətta Günəşin belə az qala bir bulud tikəsi tapıb üzünə çəkmək istəyinə dözmədim amma:
-          Mən kabus deyiləm! – dedim.
-          Kabussan! – ilk qışqıran qız dedi, - Sən Padrenin evində yanan qızın ruhusan, biz bilirik!
-          Yox!
-          Hə! Hamı belə deyir! Bizi aldadıb oğurlayacaqsan, eləmi? Səni tutsalar, kəndin ortasında ağaca bağlayıb bir də yandıracaqlar ki, yoxa çıxasan.
-          Nə danışırsız? Dəli olmusuz? Sizi niyə oğurlayım axı? Məni niyə yandıracaqlar ki? Mən heç kimə pislik eləməmişəm... kabus da deyiləm.
-          Bəs sən kimsən? İfritə? Düzdür ki, od səni yandırmır?
-          Mən... mən... - hiss elədim ki, başım hərləndi.
Uşaqlar onsuz da bir ayaqlarını qaçaraq qoymuşdular, üzlərində qorxu vardı, mənim susmağım onları üzlərini çevirib qaçmağa məcbur etdi, gözlərimin qabağına kəndin tanıdığım köhnə və tanımadığım təzə sakinləri gəldi. Onların müharibədə itirdikləri hər kəsin və hər şeyin ağrısı, itən heç nə qayıtmayacaqsa, ölən kimsə dirilməyəcəksə, yaşamağa davam etməyin mənasızlığına qapılıb ümidlərini öldürmələri, başlarının üstündə uçuşan müharibə kabusunun hər an onları ağuşuna alıb aparacağını düşünməkdən doğan qorxuları... və mən – odu ram edə bilən, odda yanan, amma odun da öldürə bilmədiyi mən! Onlar heç düşünmədən məni ağaca bağlayıb yandıracaqdılar ki, bu dünyanın üzündən bir ifritənin yoxa çıxmasına inansınlar, saçlarım, üzüm, əllərim, ayaqlarım, ürəyim, xatirələrim onların gözlərinin qarşısında yanıb töküldükcə əmin olsunlar ki, bu dünyada pis olan, pislik doğa biləcək, pislik yaradacaq birisini külə döndərə bildilər.
Mənim yanmağım – Tanrı naminə edə biləcəkləri son xidmət idi onlar üçün.
Onlar bu xidmətin müqabilində Tanrıdan nələr və nələr istəyəcəkdilər!
Onlar hətta müharibənin belə dayana biləcəyinə inanardılar bəlkə...
Mən onların son ümidi idim indi.
Onlar məni mütləq öldürməli idilər.
Çünki... çünki onlar nə etdiklərini bilmirdilər...
***
-          Dayanın! Nolar, dayanın! – onların dalınca qaçıb çığırdım, - yalvarıram sizə! Tanrı xatirinə, qaçmayın məndən, nolar, qaçmayın... Atanın, Oğulun, Müqəddəs Ruhun naminə, qayıdın...
Onlar dayandılar.
Mən də.
Qız yanıma gəldi.
Üzümə, gözlərimə, əllərimə, titrəyən barmaqlarımın arasında sıxdığım təsbehimə diqqətlə baxdı, sonra yoldaşlarını da yaxına çağırdı:
-          Gəlin, qorxmayın, o, düz deyir, kabus deyil o.
-          Hə, kabus deyiləm.
-          Bəs kimsən?
-          Günahsız birisi. Tək və günahsız... - deyə bildim.
Qızın gözlərinə heyrət doldu, arxasında dayanan özündən azca kiçik görünən qıza və oğlana sarı çöndü:
-          O deyir ki...
-          Bəkə o, müqəddəsdir?! – oğlan qorxa-qorxa soruşdu.
-          Mən sizə pislik eləmərəm, uşaqlar, and içirəm ki, kabus deyiləm, ifritə də deyiıləm!
-          Hamı belə deyir, kabusların hamısı! – qız dilləndi, - səndən qabaq gördüyümüz oğlan da belə deyirdi: “Mən kabus deyiləm, mən xilas mələyiyəm, Portuqaliyanın mələyi”. O, hətta bizi də mələk olmağa çağırırdı, deyirdi: “ Siz hamınız Portuqaliyanın xilas mələyi olmalısınız, sən də, o da, hamı da...”
-          Onu haçan görmüşdünüz? Harda? De! – mən az qaldım, diz üstə çökəm.
-          Keçən yazda gördük bir dəfə, sonra yayda da, bu il də görmüşük, mən yox, kəndin bütün balaca uşaqları görüblər, o, bizi özü çağılrırdı, hər dəfə Ay bədirləndiyi vaxt, bir yekə palıd ağacı var, onun altına yığırdı bizi, danışırdı elə, sonra isə çıxıb gedirdi.
-          Necə gedirdi o? Necə gedirdi axı? Eləcə addımlayırdı?
-          Yoox, addımlamırdı, havada itirdi, bizim başımızı mütləq bir başqa tərəfdə nə iləsə qatıb, yayıyndırıb gedirdi. Mən onun necə getməsini görmüşəm, havada ağappaq buluda girirdi elə bil, sonra bulud da itirdi, o da.
-          O, necə görünürdü bəs? Mənim kimi?
-          Yox, sənin kimi görünmürdü, - qız birdən ayılmış kimi daha diqqətlə məni başdan-ayağadək nəzərdən keçirtdi, - sən adam kimisən, o amma belə deyildi, bir az şəffaf idi demək olar ki...
Ayaqlarım saxlaya bilmədi məni daha, yerə çöküb hönkür-hönkür ağlamağa başladım,Pakonun öləndən sonra da Portuqaliya üçün yeni-yeni xilas mələkləri hazırlamaq istəyi sıxdı ruhumu, demək, o, məni də unutmamışdı hələ, demək, məni də xatırlayırdı, məni sevdiyini və mənim onu sevdiyimi də...
-          Ağlama, - qız halıma acıyırmış kimi göründü, - ağlama, biz heç kimə demərik ki, səni görmüşük, and içirik ki, demərik.
-          And içirik, - o biri qız da dilləndi.
-          Sən kabus deyilsən, - oğlan qorxa-qorxa gülümsədi, - mən sənin şəklini görmüşəm, tanıyıram səni.
-          Harda? – qızlarla mən demək olar ki, eyni vaxtda soruşduq.
-          Kilsədə qoymuşdular, anam da görüb, əvvəlki kəndimizdə hamı görüb.
-          Sən çox balacasan hələ, qarışma belə söhbətlərə, - qız onu ərklə çəkib apardı, o biri qız da onların dalınca düşüb getdi.
-          Bura yenə gələrsiz? – bu dünyada ən əziz adamlarından ayrılırammış kimi ağrayıb soruşdum.
-          Sən burda olarsan? – qız da məndən soruşdu.
-          Bilmirəm... getməyim lazımdır əslində.
-          Bəs getməsən? Bir də nə vaxt olarsan?
-          Ay bədirlənəndə yəqin ki...
***
Ay bədirlənəndə...
Yəni, Pakonun ruhunu da olsa, görmək imkanım yaranacağı bir vaxt...o vaxta isə hələ bir ayadək zaman vardı...
Və...
***
-    Sən mənə əmr etmişdin ki, gəlim bura və mənə sözünü deyəsən, - ilk dəfə gördüyüm qız gözləmədiyim halda deyib səcdə etdi.
Heç nə anlamadım, heyrət və həyəcan içində onun dua arasına salıb mənə çatdırmağa çalışdığı:” Adamlar burda!” – pıçıltısından diksinərək, ağacların arxasında düzülən kəndlilərə baxdım. Dizlərim əsdi. Məni indicə hay-küylə qamarlayıb yandırmağa aparacaq bir kənd adamın qarşısında özümü bu dünyanın ən sonuncu qurbanı kimi hiss edərək dayandım.
-          Domine Jesu,Dimitte nobis debita nostra,Salva nos ab igne inferiori,Perduc in caelum omnes animas,Praesertim eas, quae misericordiae tuae maxime idigent. Amen. - qız başını köksündə cütləşdirdiyi əllərinə əyərək, ucadan söylədi və həmən ardınca pıçıldadı, - sən də dua oxu…
-          O mi Jesu, dimitte nobis peccata nostra;libera nos ab igne inferni;perduc omnes animas in caelum,praesertim maxime indigentes.Amen. - üzümü adamlara tutaraq, ucadan dedim, qız, ehtiyatla mənə bircə anlıq baxıb dodaqlarını qaçırtdı, mən onun təbəssümündə elə bir ümid işartısı gördüm ki, qorxum həmən yoxa çıxdı, gözlərimi yumdum, burnuma yamyaşıl təzə ot qoxusu gəldi, yağış damcılarının səsini duydum dörd yanımda, ürəyimin içindən eşitdim bu dünyada mənə ən doğma olan qadının səsini: “…səninləyəm…”, səsimi azca da qaldırıb, artıq bir-birinin ardınca yerə çöküb səcdə eləməyə başlayan adamlara baxdım, - qoy mərhəmətli İisus günahlarımızı bağışlasın, bizi cəhənnəm odundan xilas etsin, ruhlarımızı səmaya aparsın, xüsusən də, Ona ən çox ehtiyacı olanları…Amin!
-          Amin! – adamlar dedilər…
***
-          Sən niyə belə elədin? – mən, mənim doğrudan da xilas mələyimə çevrilən qızdan soruşdum sonra, - adamlara nə demişdin? Həm də, axı and içmişdiniz…
-          Mən heç nə eləmədim, - o, köksünü ötürdü, - o balaca oğlan vardı o gün, yadındamı, bizimlə gəlmişdi?! Bax, o oğlan demişdi anasına ki, səni görüb, evdəki səcdəgahda Müqəddəs Mariyanın ikonasını göstərmişdi, qızdırması qalxmışdı həm də, sayıqlayırdı, sonra məni çağırdılar, mən boynuma almadım, o biri qız da heç nə demədi, and içmişdik axı?!
-          Bəs gətirdiyin adamlar? Oxuduğun dua?
-          Məndən bunu o mələk istədi.
-          Hansı mələk? – qaşlarımı çatdım.
-          Portuqaliyanın xilas mələyi.
-          Axı… - donub qaldım.
-          Ay bədirlənməmiş gəlmişdi bu dəfə, mən tək idim yolun kənarında, quzularımı otarırdım, birdən onun gəldiyini gördüm. O dedi ki, vaxtı çox azdı, daha gələ bilməyəcək, dedi ki, onu başqa yerə göndərirlər, - qız üzümə baxdı, - o, əsgər idi, hə? Bəlkə orduyla gedəcəkdi?!
-          Bilmirəm…- ürəyim sıxıldı, - amma daha mən də buralarda qalmaq istəmirəm.
-          O, dedi ki, pis adamlar yalan uydurublar, sən ifritə deyilsən, əksinə, müqəddəssən və adamlara da bunu mütləq demək lazımdır, yoxsa onlar Tanrını unudacaqlar, nəticədə isə cəhənnəm odunda yanmalı olacaqlar, - qız qorxa-qorxa birdən soruşdu, - sən cəhənnəmi görmüsən?
-          Mən cəhənnəmin necə olduğunu bilirəm, - dedim köksümü ötürərək.
-          Orda hamı yanır? – qız daha dəhşətlə doruşdu.
-          Bu, sanki bir nəhəng okeandır, - dedim gözlərim yol çəkə-çəkə, - oddan olan okean… sahili yox, adası yox, elə bil ki, qapalı bir yerdədir, bəlkə də üstündə dayandığımız torpaqların altında… orda bu dünyanı alova-ölümə bələyən iblislər, iblis kimi insanlar qıpqırmızı közlər kimi yanırlar, odun içində balıqlar kimi üzürlər, alov dalğaları qaldırır onları bu okeanın üst qatlarına, sonra yenə dibinə çökürlər, ağrıları duyulmaz, fəryadları eşidilməz…
-          Mən qorxuram! – qız sinəmə qısıldı, onu qucaqlayıb, saçlarını tumarladım.
-          Qorxma… səninləyəm mən, - dedim gülümsəyərək, - Tanrı üçün yaratdığı bütün varlıqlar müqəddəs və dəyərlidir, unutma, hətta ən günahlı birisi də. Əgər belə olmasaydı, O, onları cəhənnəmin odundan xilas etmək üçün hər dəfə yeni bir ümid, yeni bir inam, yeni bir sevgi göndərməzdi. Bu dünyada hər kəsin oddan qurtulmaq şansı var, mütləq var… Bax, müharibə də bitəcək, adamların qorxusu da. Amma onlar Tanrını unutsalar, yenidən cəzalanmalı olacaqlar odla. Bu isə yenidən bir başqa müharibə və onun gətirəcəyi aclıq, səfalət, xəstəliklər deməkdir… Mənim atam indi Rusiya adlı bir ölkədədir. Həbsdədir. Kim bilir, bəlkə də sağ deyil artıq. Amma mən bir gün mütləq həmin ölkəyə getmək istərdim. Atamın ya özünü, ya ruhunu oddan xilas etmək üçün! Və əgər buna görə bütün Rusiyanın özünü xilas etmək lazım gələrsə, ona da gedərdim...
-          Sən möcüzə göstərə bilərsən demək! – o, yenə üzümə baxdı, - o, dedi axı, sən müqəddəssən!
-          Mən sadəcə Rozariyayam, - dedim, - buralara gələndə sən yaşdaydım, sonra illər keçdi və hər şey elə dolaşıq düşdü ki...
-          Hamı sənə səcdə edir, nəinki bu kəndin, indi başqa kənlərin və hətta uzaq şəhərlərin adamları da gəlirlər səni görmək üçün, səndən mərhəmət istəmək üçün. Adamlar danışırlar ki, səninlə görüşlərdən sonra onların həyatında mütləq nəsə dəyişməyə başlayır, həm də yaxşılığa doğru. Kimsə sağalır hansısa xəstəlikdən, kimsə pul tapır, kiminsə uşağı doğulur...
-          Yay bitdi, - gözlərim yol çəkdi, - mən onu bircə dəfə də olsa görüm deyə, neçə dəfələrlə dəfə gəldim talaya, neçə dəfələrlə dəfə üzə çıxdım gizləndiyim yerdən... o isə gəlmədi heç, görünmədi mənə. Daha qalmaq istəmirəm burda. Deyəsən, doğrudan da çıxıb getməli olacağam ölkədən.
-          Rusiyaya?
-          Yəqin ki! Atam ordadı. Eşitdiyimə görə isə, indi oralarda inqilab olmalıdır, kim bilir, bəlkə də həbsdən qurtula bilib atam, qurtula bilməyibsə də, inqilab olarsa, demək, mütləq xilas olacaq.Amma lap əgər ölsə də, tapacağam onu.
-          Amma adamlar yenə gələcəklər sabah, həm də çox adam gələcək bu dəfə, deyirlər, lap çox.
-          Olsun!. Sabah axırıncı dəfə görünərəm. Sonra gecəylə çıxaram meşədən yola, sadə kənd qadını paltarı geyinərəm, Tanrı da qoruyar, ümid edim ki...
***
-          Padre bu dünyanın ən yaxşı insanlarından biri idi, - dedim üzümü adamlara tutaraq, - o, Tanrının ordusunun əsgərlərindən idi, ruhlarımızın xilası naminə vuruşurdu odla, dualarıyla qoruyurdu bizi. Onun kimi nə qədər Tanrı əsgəri qurban getdi, nə qədəri gedəcək hələ, bilmirik. Biz ruhlarımızı xilas etmək üçün özümüz də savaşa qalxmalıyıq ürəyimizlə ağlımızın arasındakı dar və qarışıq yolun dolanbaclarında... Mən Padrenin ruhunun hələ də ağrı və təəssüf içində günahları təmizlənmədən ölənlərin ruhu üçün dualar oxuduğunu, Tanrıdan onların xilası naminə mərhəmət dilədiyini bilirəm. O, hələ də rahatlıq tapa bilmir. Çünki, Portuqaliya azad və rahat deyil hələ də. Çünki, Pakonun ruhu da rahatlıq tapa bilməyib hələ. Çünki, birisi ruhumuzun, birisi bədənimizin uğrunda qurban getmiş bu iki insanın savaşı bitməmişdi, onların işini davam etməli olanları isə savaşa atılıb mübarizə aparmaqdan çox, Tanrının yollayacağı möcüzələr çəkir, onlar, içində yandıqları odu düşünməyib, görmədikləri, nə olduğunu anlamadıqları cəhənnəm haqqında söhbətlər maraqlandırır... Tövbə edin, ürəyinizdə, ürəkdən tövbə edin ki, Tanrı sizi eşitsin, yardımçınız olsun!
-          O, burdadır! – qız qışqırdı, - onu görürəm! Sənin solunda dayanıb, əlində oddan qılınc görürəm...
-          Tövbə edin! – eşitdim və... ürəyim dayandı az qala...
-          Pako! – çağırdım səsinə tərəf dönərək.
-          Səni sevirəm, mənim gözəl Portuqaliyam! – dedi və gülümsədi.
-          Pako... getmə, Pako! – onun hər an bir az arxaya çəkildiyini anlayıb yalvardım.
-          Səni sevirəm... - pıçıldayıb gözlərimin qabağındaca hər an daha bir az şəffaflaşaraq yoxa çıxdı...
Susdum...
Amma qarşımdakı insan kütləsi uğuldamağa başlamışdı.
İnsanlara möcüzə lazım idi, onları arxasınca çəkib başlarını qatacaq müqəddəslərə ehtiyacları vardı, onlar, varlığının səbəbini anlamadıqları insanları ya kabus sayıb cəzalandırmalı, ya da müqəddəs bilib cəzalarının verilməsini gözləyirdilər – bu dünyanın hər yerində və hər zamanında olduğu kimi...
Başımı qaldırıb səmanın tam ortasında dayanmış Günəşə baxdım.
Odunu gözlərimə yığdım, eləcə gözlərim Günəşlə dolmuş bir halda qarşımdakı insan okeanına baxdım...
Bir anda baxışlarımı onların üstünə sıxıb hər birisini son zərrəsinə qədər külə döndərə biləcəyimi hiss etdim.
Amma eləmədim bunu, Padrenin ruhu, Pakonun varlığı uğrunda qurban getdikləri bu kütləni sevdiyimi anladım...
Amma mənim buralarda qalmaq üçün heç bir səbəbim, heç bir bəhanəm yox idi daha.
Mən Pakonu son dəfə gördüyüm bu anlardan sonra nəfəs belə almaq istəmirdim artıq.
Gözlərimi yumdum...
Günəş içimə doldu.
Bir azdan mənim bu torpaqda bircə ovuc külüm qalmışdı.
Qəfil tutulan hava, çaxan şimşək, guruldayan ildırım, yağan yağış onu da yuyub apardı...

Комментариев нет:

Отправить комментарий