22.04.2013

"ABŞ təyyarələri PKK-ya yardım paylayır" dedi və öldürüldü

Türkiyənin gündəmini tutan əsas mövzulardan biri də keçmiş prezident Turqut Özalın öldürülməsi ilə bağlı iddialardır. Ümumilikdə, son iki onillik Türkiyənin gündəmi müəmmalı sui-qəsdlərlə zəngin olub. Onların bəzilərinin arxasında gizlənən əsl məqamlar üzə çıxsa da, bəziləri hələ də sadəcə “qəza” olaraq qalır. Diqqətçəkən əsas məqam isə həmin şəxslərin “öldüyü”ndən bir neçə gün əvvəl konkret hədəflərə ünvanlanan bəyanatlar verməsidir. Həmin bəyanatların əksəriyyətidə isə ABŞ-ın ittiham olunması diqqətdən qaça bilməz.
Türkiyə mətbuatına istinadən həmin şəxslərin bəzilərini və ölümündən bir neçə gün əvvəl verdiyi bəyanatları təqdim edirik.
Keçmiş maliyyə naziri Adnan Kahveci: “Bizim müstəqil olmağımız üçün ABŞ və Beynəlxalq Valyuta Fondundan xilas olmağımız lazımdır”.
Bu bəyanatdan iki gün sonra, 5 Fevral 1993-cü ildə həyat yoldaşı və iki uşağı ilə birlikdə Bolu-Gerede yaxınlığında avtomobil qəzası keçirdi. Adnan Kahveci və  həyat yoldaşı hadisə yerində, 17 yaşındakı Aslihan Kahveci isə 10 gün sonra öldü. Xalq arasında dürüstlüyü ilə tanınan və çox sevilən maliyyə nazirinin yeni tikilən şosedə əks istiqamətdə hərəkər edərək qəza törətməsi müxtəlif şübhələrin ortaya çıxmasına səbəb oldu. Uşaqları onlar üçün toplanılan pulun əllərinə çatmadığını açıqladılar.                          
Səadət Partiyasının Qaziantepdən olan millət vəkili Bedri İncetahtacı: “ABŞ bu ölkədə ən böyük əngəldir. ABŞ-ın istədiyini baş nazir, istədiyini prezident edər”. Açıqlamadan beş gün sonra avtomobil qəzasında öldü. Tam doqquz il sonra, yəni 2008-ci ildə Türkiyə Böyük Millət Məclisinin komitə rəhbəri Mehmet Elkatmış Bedri İncetahtacının qəzaya uğradılaraq öldürüldüyünü açıqladı.
Millət vəkilinin həyat yoldaşı Rahaf İncetahtacı bu tipli ölümlərin arxasında mütləq şəkildə MOSSAD və CİA-nın maraqlarının olduğunu bildirib: “Çünki, sionizm və imperializm sistemləri bu gün və sabah üçün planlarını qurmurlar.Onlar yüzillik planlar hazırlayırlar. Və biz xalq olaraq hadisələri müşahidə edirik və yalnız 50 il sonra başa düşürük. Çünki, media və arxasındakı güclər hər kəsin beyinlərini hipnoz edir”.                
Hadisə ilə bağlı “Kanal D”yə açıqlama verən şahidlərdən biri daha sonralar gözə görünməyib. Həmin şəxs millət vəkilinin avtomobilinin başqa bir avtomobil və tır tərəfindən sıxışdırıldığını söyləmişdi. Bir dəfə telekanalda görünən şahidı bir daha ortaya çıxarmadılar və onun açıqlaması ilə bağlı bir söz belə danışmadılar.
Keçmiş prezident Turqut Özal: “Mosul və Kərkük bizimdir. Bunu dünya bilir, bu əraziləri geri qaytaracağıq”. Özal bu açıqlamadan 10 gün sonra öldü.  Turqut Özalın ölümü ilə bağlı çox danışıldığından, yazıldığından onun ölüm səbəblərinə yenidən qayıtmaq istəmirik. Türkiyə Ana Vətən Patiyasının (ANAP) sədri İbrahim Çələbinin Publika.Az-a müsahibəsində söylədiyi “Turqut Özal öldürülməsəydi, Naxçıvanı, Şimali İraqı, Livanı və Kipri içərisinə alacaq çox böyük bir layihə həyata keçirməyi nəzərdə tuturdu”, - ifadəsində də keçmiş prezidentinin ölümünün məhz Mosul və Kərkükü ilə bağlı olması öz əksini tapır.
Türkiyə Jandarm Qüvvələrinin qərargah rəisi Eşref Bitlis: “ABŞ-ın İncirlikdən qalxan təyyarələri PKK-ya yardım paylayır”. O, 4 gün sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə ilə Sirtə gedərkən qəzada öldü. Qəza səbəbi olaraq təyyarə mühərriklərinin donması göstərildi. Halbuki Sirtdə həmin vaxt havanın tempuraturu mənfi 11, Ankarada isə 5 dərəcə idi, təyyarənin mühərriki isə mənfi 60 dərəcədə işləyə bilmək xüsusiyyətinə malik idi.
Dənizli valisi Rəcəb Yazıçıoğlu: Dənizlidə kafelərdə və bənzəri yerlərdə ingilis adlarından istifadə edilməməsi ilə bağlı qanun verdi. Məsələn, kafe deyil, qəhvə yazılmalı idi. Vali bir həftə sonra Ankaraya gedərkən yol qəzasında öldü.
Diyarbəkrin Jandarm Komandiri Bahtiyar Aydın: “Əsla inanmayın, aldanmayın, qardaşı qardaşa vurdururlar. Eyni irqin övladlarıyıq, bu ölkə asan qazanılmadı, Çanaqqalada da babalarımız çiyin-çiyinə vuruşaraq qazandılar. Biz də qazandıqlarımızı mühafizə edəcəyik və bu PKK bitəcək, ABŞ-ın bu oyunu sona çatacaq”. 10 gün sonra Diyarbəkrdəki bir orta məktəbdə şagirdlərə dəftər ləvazimatları, ayaqqabı və geyim paylayarkən snayper silahı ilə uşaqların gözü qarşısında arxadan vurularaq öldürüldü.                
B. Aydına edilən sui-qəsdin  PKK tərəfindən edildiyi açıqlandı. Məhkəməyə verilən ifadələrdən birində  Aydının Türkiyə Jandarma Qüvvələri daxilində yaradılmış gizli Jandarma Kəşfiyyat və Terrorla Mübarizə Təşkilatına (JİTEM) çalışanlar tərəfindən öldürüldüyü iddia edildi. Baş Qərargah JİTEM iddialarını rədd etdi və PKK versiyası üzərində dayandı. “Ergenekon” istintaqı çərçivəsində ifadə verən və bir vaxtlar PKK daxilində yüksək səviyyəli idarəçilərdən hesab olunan “Dəniz” kod adlı gizli şahid isə Bahtiyar Aydının bir əsgər tərəfindən öldürüldüyünü, onun isə başqa bir əsgər tərəfindən öldürdüyünü iddia etdi.
Türkiyə parlamenti 1 Mart sənədini rədd etdi. Üç gün sonra İstanbulun mərkəzində bombalar partlamağa başladı. Qeyd edək ki, həmin sənəddə İraqın işğalında Amerika və İngiltərənin Türkiyə torpaqlarından istifadə etməsi nəzərdə tutulurdu. AKP-nin israrla qəbulunu istədiyi sənəd 62 min ABŞ və ingilis əsgərinin 6 ay müddətində Cənub-Şərqi Anadoluya yerləşməsini və Mersin, İskəndərun ilə yanaşı Samsun və Trabzon limanlarında baza qurmasını nəzərdə tuturdu. Lakin Türkiyə parlamenti AKP-nin bu qanun layihəsinin əleyhinə səs verdi.

publika.az                   Ömər Əmirov

Комментариев нет:

Отправить комментарий