29.04.2013

Məlihə Əzizpur - Uşaq şeirləri

1
gəlin bir şəkil çəkək
şəkildə çiçək çəkək
çiçək üstə kəpənək
qanadını çil çəkək
sonra gözəl rəngləyək
öyrətmənə pay verək.

2
Qarışqaya dən qədər
Serçəyə böcək qədər
Çörək çataydı keşkə
Ac ölən uşaqlara...

3
Pişan-pişan xan pişan
Hamıdan qorxan pişan

Niyə yedin cücəmi
O, sarı tüklücəmi
Səni harada tapsam
Gəzib izinə çatsam
Qulağını çəkəcəm
Səndən acıq açacam...

4
Ay gözləri mavi qız
Hörükləri sarı qız
Gəl mənimlə oynayaq
Oynamaqdan keyf alaq
Gah qonaq ol, gəl bizə
Gah qonaq olum sizə
Gah sən qurd ol, mən keçi
Gah qurd olum, sən keçi
Gahdan da quş tək uçaq
Uçub qəfəsdən qaçaq.
Amma gözəl yoldaşım
Sevimli oyundaşım
Saat zəngi çalanda
Məktəb vaxtı çatanda
Tez oyunu qurtaraq
Mədrəsəyə yollanaq...

5
Mənim adım Ayçiçək
Tellərim ləçək-ləçək
Yarpağını qırmaram
Qorxma-qorxma ay çiçək!
Mənim adım Aybəniz
Gözlərim dərya-dəniz
Sizə dən gətirmişəm
Quşlar-quşlar gəlsəniz!
Mənimsə adım Aynaz
Hamıya edərəm naz
Narin-narin gülərəm
Yanağımda bitər yaz
Biz üç mehrəban bacı
Elimizin baştacı
Yaşıl ürəyimizdə
Nə kədər var, nə acı...

6
Balaca Selin
Darayıb telin
Geyib ağ donun
Olubdur gəlin
Əlləri çiçək
Telləri ləçək
Gülüşlərinə
Qonub kəpənək
Ay gözəl bala
Gözləri ala
Şirin dilinə
Qurbandır xala...

7
Bu əl çatmaz göy üzündə
Külək uçar
Bulud uçar
Kəpənəklər-quşlar uçar
Bütün qanadlılar uçar.
Amma bunu bilirəm ki
Nə qədər qanad çalsalar
Nə qədər zirvələnsələr,
Yenə çatanmayacaqlar
Xəyalım uçduğu yerə...

Комментариев нет:

Отправить комментарий