Sima Ənnağı
Əsər necə yaranır? Nədən bir gün xeyli misra yazıb xöşbəxtlikdən dəli olmaq dərəcəsinə çatırsan, dünya sənin olur, qarşına çıxan hər kəsi bağrına basıb öpmək istəyirsən; hərdən də günlərlə özünü oda-közə vurursan, yuxusuz qalırsan, qələmin/vərəqin yataqda da əlindən düşmür, amma ecazla dolu, şeir ətirli sözlər gəlmir ki, gəlmir? Nədən?
Yaradıcılıqda istedadla yanaşı intuisiya, bəzən şüur axını, yəni, izahedilməz, lakin sənətkarın yaxşı fərqləndirdiyi halət mühümdür. Bəs o halətə necə düşəsən, ram edilməyən sözləri necə əhliləşdirəsən ki, görünməyən dünyada məskən salmış sözlər səninki olsun?..
Hərdən aglına elə maraqlı, elə qəribə, gözəl, sehirli fikirlər gəlir ki... Özün də mat qalırsan. Axı bu haqda düşünmürdün, söz, ideya özü səni tapır. Sənətkar üçün əsas – elə ideyadır, amma bu ideyanın yaranması, agla gəlməsinin özü bir sirdir. İdeya hardan, necə yaranır?
Niyə ideyalar bəzən bir-birini itələyərək, beyni narahat edir, bəzən isə nə qədər çalışsan da, hər hüceyrənə hopmuş ətalətə qalib gələ bilmirsən? Onda ağlamaqdan, özünü istedadsız sayaraq lənətləməkdən başqa çarən qalmır... Təsadüfən bir şeir, hekayə yaza bilsən, bunu Tanrı mərhəməti, sonsuzluğun xırda, amma sənin üçün qiymətsiz hədiyyəsi kimi anlayırsan. Əgər şüur axınına (meynstrim) öz arzunla düşə bilsəydin, yaradılan əsərlərin sayı-hesabı olmazdı. Ancaq belə “məhsuldarlıq” da nəyə lazım...
Deyirlər ki, uğurun 10 faizi istedad, 90 faizi əməkdir... Yəni gecə-gündüz yazıb-yaradandan sonra bəlkə iki səhifəlik hekayə alındı... Onu da sonra bəyənməyib, zibil qutusuna atarsan...
Sənətkar öz istedadının əsiridir. O, yazmaq üçün daim axtarışdadır – fikir, söz, obraz, ovqat axtarışında. Çünki sadalanan məfhumlar əşya deyil ki, siyirməyə qoyub saxlayasan, sonra da sənə lazım olan zaman çıxarıb istifadə edəsən. Yazanda hər şeyi unudursan – bir sən qalırsan, bir də sözlər. Hər şey/hər kəs mənasını itirir, sözlərdən başqa. Amma yazmasan da olmur – itirdiyin hər sözün müqabilində pis əhval-ruhiyyə, bədbinlik, şəxsi faciələri qazanırsan. Bir əsər üçün bu, çox yüksək qiymət, çox böyük qurban deyilmi? Amma bu qurbansız da yaşaya bilmirsən...
Aglına gələn fikri, sözü “emal edib” şeir yazırsan, sonra da hazır əsər artıq sənə məxsus olmur – yazılana qədər o, sənindir, yazılandan sonra – başqalarının... Və yenə də boşluq sənə əzab verməyə başlayır... Söz, fikir çeşməsi hardadı, beynin hansı ənginliyindədi? Niyə o çeşmə daim fəvvarə vurmur, damla-damla axaraq, bizi ani sevindirib yox olur?
Bəli, sənətkar axtarır... O, zahiri dünyada məhz ona, yalnız ona məxsus dünyasını axtarır. Tapırmı? Olur ki, tapmır... Sanki gözüaçıq halda zülmətdə addım-addım yeriyirsən, əllərini irəli uzatmısan ki, büdrəyib yıxılmayasan… iliyinə qədər sirayət etmiş vahimə pıçıldayır: getmə… hər tərəf uçurum… Amma gedirsən... getməyə bilmirsən…. Çünki artıq sözlərin tilsimindəsən...

Комментариев нет:
Отправить комментарий