17.04.2013

Gecə sayıqlamaları

Nilufər Muğantürk

Otaq, sükut, qaranlıq,
Gecə həsrət qoxuyur.
Ulduzlar kefsiz-kefsiz,
Aya çadra toxuyur.

Qırır saat əqrəbin
gecənin səssizliyi.
Heç kəs doldura bilmir,
bu bomboş sənsizliyi.

Göylər badə endirir,
dibsiz bir yalnızlığa.
Yer də çat verir, özün
qoyubdu arsızlığa.


Vicdanımız sızlayır,
qaranlıq məhbəslərdə.
Qeyrətimiz kef çəkir,
düşmənlə məclislərdə.

Bir sürü soysuz köpək,
dağıdır səltənəti.
“Milyonlar məmləkəti,
dilənçilər vətəni”.

Badələr qaldırılır,
torpağın şərəfinə.
Vətəni olmayanın
torpaq axı nəyinə?!

Üzümə gülümsəyir,
qəddar ölüm mələyi.
Heç nəyi olmayanın
ölümdür son diləyi.

Çalışırlar ölkəni
insan-insan bölməyə.
Belə vaxtda qəzəbdən
utanırsan ölməyə...

Çökür sinəmə həsrət,
sənsizlik yaman ağır.
Bəs, “SƏN”i olmayanlar
görən necə yaşayır?!

08.08.2012

Комментариев нет:

Отправить комментарий