20.04.2013

“Səddam Hüseyn dövrünə həsrət çəkirlər”

...İnsanı öldürmək üçün onlar dünyanın ən bahalı silahlarını aldılar. İnsanı yaşatmaq üçün tüklərini belə tərpətmədilər. Və aldıqları silahlar 10 ildir ki, bu məmləkətdə xalqın həyatına zil qaranlıq çökdürüb, qorxu və vahimə gətirib, vahid dövləti parçalayıb. Zaman keçdikcə onlar üçün ölümlər, partlayışlar, terrorlar adiləşib. Beləcə, 10 ildir ölkəyə günəş doğmur.
***
Bu regiona - İraqa gedəcəyimə qərar verəndə ətrafdakıların ilk reaksiyası təxminən beləydi: “İraq olsun, ya da özündən muğayat ol”. Onlar yarıciddi, yarızarafat eyham vururdular ki, İraq riskli bir ölkədir və papağını qabağına qoyub düşün.

Mənsə qərarlıydım - Şimali İraqı görmək, Barzani hökumətinin siyasətini araşdırmaq, türkmənlərin durumunu öyrənmək və Səddam Hüseyn dövrü ilə analogiyalar aparmaq. 2003-2103 illəri arasında nələr dəyişdi, nələr dəyişmədi?
Artıq aprelin 12-dən Şimali İraq Kürdüstan muxtariyyatının paytaxtı Ərbil şəhərindəyəm. Bir haşiyə çıxım ki, Ərbil haqda, ümumən bu bölgədə görüb-eşitdiklərimi bir ayrı reportajda geniş təqdim edəcəyəm. Çünki Şimali İraqda görüb-eşitdiklərimizi bir yazıya sığışdırmaq həm mümkünsüzdür, həm də günah olar.
***
İndi isə səhərdən axşama kimi qaynayan Ərbil bazarında baş verənlərdən, orada işləyən türkmən tacirlərdən söz açaq. Zaman 17 aprel. Ərbildə axşam saat 8, Bakıda isə 10 tamamdır. Havada təxminən 30 dərəcə istilik var. Qaranlıq düşməkdədir.
Hər tərəfdən musiqi səsləri gəlir, qələbəlikdir, insanlar bir-biri ilə mehriban şəkildə salamlaşır (hətta tanımadıqları ilə də -E.S), şəhərin mərkəzində ara-sıra tıxaclar yaranır. İşıqforlar Bakıdakı qədər çox olmasa da, sürücü mədəniyyəti Avropa səviyyəsindədir.
Az sonra şəhərdə musiqi səsi kəsilir, hər yandan azan səsləri eşidilməyə başlanır. İnsanlar namaza tələsir, gecikəni isə dükanın qapısını bağlamadan istənilən yerdə möhürünü qoyub ibadət edir. Bu zaman hiss edirsən ki, bir Şərq ölkəsindəsən.
Namaza gedənlər dükanlarını açıq buraxanda nə bir kimsə gəlib obyekti qarət edər, nə də icazəsiz hərəkət. Yol üstündə pul dəyişənlərə tez-tez rast gəlirik. Onlar külli-miqdarda olan pullarını stul üzərinə qoyub namaza gedərlər, bir adam yaxınlaşıb aparmaz. Belə bir halı bizdə ağlımıza gətirə bilmərik.
***
Ərbil bazarında həm kürd, həm türkmən tacirlər var. Geniş bir ərazini əhatə edən bazarda elə gün yoxdur ki, izdiham olmasın. Bir tərəfdə par-par parıldayan zərgər dükanları, digər tərəfdə zər-zibalı geyim-keçimlər, məhəlli paltarlar, samovarlar, fincanlar, ədviyyatçılar və s. ilaxır bitib-tükənməyən mallar satılır.

Qiymətlər çox da bahalı deyil. Bir az geyim sektoru ərzaq məhsullarından fərqli olaraq bahadır. İran, Türkiyə malları Ərbil bazarında “at oynadır”. Ərzaqları isə keyfiyyətli və ucuzdur. İnsanlar daha çox zinət əşyaları almağa üstünlük verirlər.
Bazarda qışqır-bağır eşitmək mümkün deyil, sadəcə Şərq musiqiləri səslənir. Bazarın ortasında hər kəsin qarşısında bir armudu stəkanda çay var, ərbillilər çayı şirin içirlər. Bazarda mahnı diskləri satılan mağazalara baş çəkirik. Türk, kürd, türkmən müğənniləri ilə yanaşı Namiq Qaraçuxurlunun diskləri də diqqətimizdən yayınmır.
***
Ərbil türkmənləri meyxananı çox xoşlayırlar. Türkmən radiolarında tez-tez ANS-də yayımlanan “De gəlsin” meyxana yarışmasının deyişmələri dinləyicilərə təqdim olunur. Bazarda işləyən ticarətçi türkmənlər Səddam Hüseyn dövrü ilə müqayisədə bu günə şükür edirlər. Amma ölkənin bölünməsindən, digər bölgələrdə sabitliyin hələ də bərqərar olunmamasından narahatdırlar. Türkmənlər deyirlər ki, Ərbil 2003-cü ildə amerikan əsgərləri İraqa girəndə belə onlara ziyan dəyməyib.
“Hadisələr Ərbil hüdudlarından kənarda baş verib. Yalnız 2005-ci ildə bir dəfə Daxili İşlər Nazirliyinə bomba qoyub partladıblar, ölən və yaralananlar olub. Ancaq Kərkük, Tusxurmatu, Təzəxurmatu, Nəcəf, Mosul, Kərbəla və ən nəhayət, Bağdadda evindən çıxan hər gün fatihə oxuyur ki, bəlkə geri dönmədi. Bunu edənlər sadəcə İraqda sabitliyin olmasını istəməyən qüvvələrdir. Mərkəzi hökumətin nəzarətində olan bu şəhərlərdə yaşayanlar Səddam Hüseyn dövrünə həsrət çəkirlər” - deyə bildirir türkmən həmsöhbətimiz.
***
Bazarda söhbətləşdiyimiz türkmənlər digərləri kimi, rəsmilər və ziyalıların istəklərini Azərbaycana çatdırmağımızı istədilər. Onlar arzulayır ki, Azərbaycanın burada səfirliyi olsun.
Ərbil bazarını tərk edib axşam bir mövlud gecəsində iştirak edirik. İraqda valideyn oğluna toy etməzdən bir gün qabaq mövlud gecəsi təşkil edir. Yalnız kişilər iştirak edir. Geniş bir salona toplaşırlar. Hər gələn qonaq 5-10 dəqiqə oturur, musiqi dinləyir, şirniyyatla çayın dadına baxır, sonda bəyin və gəlinin atalarına xeyir-dua verib gedirlər. Beləcə, İraqın bir gününü belə başa vurmuş olduq. Qarşıda oxucularımıza İraqın bir başqa üzünü göstərəcəyik...

Ardı var...

Emil SALAMOĞLU          Şimali İraq, Ərbil                 musavat.com




Комментариев нет:

Отправить комментарий