27.04.2013

Gül incədirsə, sən, gözəlim güldən incəsən...

Əliağa Vahid

Gül incədirsə, sən, gözəlim güldən incəsən,
İncə nəzakətin qədər incə düşüncəsən.

Hər oynadanda xəm qaşını, qan olur könül,
Sanki bu fikirlə əl atırsan qılınca sən.

Zalim, həmişə könlümü incitdi firqətin,
Ömrümdə qoymadın məni bir ləhzə dincə sən.

Ayinələr xəcalət olur görcək əksini,
Naz ilə şanə zülfünə hərdən çəkincə sən.

Gözdən kənarə getmə, bu dərd öldürər məni,
Bilməm, nə növ səbr edə billəm gəlincə sən?


Qəm guşəsində əyri qaşın qiblədir mənə,
Ey eşq tanrısı, məni əydirmə küncə sən.

Vahid, uzatma məsələni, ömrdən gedir,
Ol qarə zülfə dərdini bir yol deyincə sən.

Комментариев нет:

Отправить комментарий