Daşdəmir ƏJDƏROĞLU
Gənc şair Vəfa Mürsəlqızı özünü dərk edir, öz imanı, məsləki, əqidəsi yolunda sabaha doğru mətin addımlarla addımlayır
Xoş təbiəti, həlim xisləti ilə öz oxucularının hafizəsinə qonmuş gənc şair Vəfa Mürsəlqızının yaradıcılığı ilə tanış olduqda adama elə gəlir ki, onunla neçə illərdir ki, tanışdır. Zamanından asılı olmayaraq o bizə – pərəstişkarlarına daha yaxın görünür. Onunla sırf təsadüf nəticəsində tanış olmuşuq. Bir neçə ay idi ki, görüşüb söhbət edə, yaradıcılıq polemikaları apara bilmirdik. Nə əlahəzrət zaman, nə də müqəddəs Tanrı imkan verirdi ki, bircə saatlığa olsa da, görüşüb söhbətləşək, yaradıcılıq diskussiyaları aparaq, poeziyamızın dərinliklərinə baş vurub dərdləşək. Bu da bir tale, qismət payıdır.
Bəli, üz-üzə dayanmışıq neçə illərin tanışı kimi. O danışır, mən qulaq asıram, mən danışıram, o, diqqət kəsilir mənim müxtəlif məzmunlu söhbətlərimə.
İlk baxışdan hiss olunur ki, biz anlaşa biləcəyik. Bu da həmsöhbətimin mənə yaratdığı sərbəst imkandan asılı oldu. Bir neçə dəqiqəlik söhbət zamanı onun necə böyük ürək sahibi olduğunu müşahidə etdim. Özünü ailəsinə, ünsiyyətdə olduğu yaradıcı ədəbi mühitə, həmçinin yaşadığı cəmiyyətə borclu sayan Vəfa xanımın həqiqətən sənət politrasına daxil ola bildim. Gördüm ki, həyatda sızıltılı anlar yaşasa da, bunu heç vaxt büruzə verməyib, heç kimlə bu barədə bir kəlmə də danışmayıb.
Mən gülürəm mənim nələr çəkdiyimi,
Başqaları anlamasın.
Sənə tənə eləməsin,
Ellər səni qınamasın,
- deyən Vəfa xanım saflığını, paklığını, ədalətə, həqiqətə inamını, gələcəyə, ümid dolu arzularının nə vaxtsa çiçək açacağına olan inamını ortaya qoya bilib.
Amma çoxu onun içindəki, daxilindəki böyük Vətən sevgisindən, dağlar boyda təəssübkeşliyindən, milli ruhundan xəbərsizdir.
***
1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş Vəfa xanım səkkizinci sinifdən yazmağa başlayıb və ilk şeirini Vətənə həsr edib, adını da “Vətən” qoyub. Deyir ki, əmisi yazan olub, amma üzə çıxarmayıb, çap etdirməyib.
APU-nun fizika, sonra isə riyaziyyat-informatika fakültələrini bitirib. Hazırda 127 saylı orta məktəbdə çalışan V.Mürsəlqızı riyaziyyat fənnini tədris edir. Gənc Ədiblər Birliyinin üzvü kimi vaxtaşırı olaraq həmkarları ilə yaradıcılığını bölüşür, müzakirələrdə həvəslə iştirak edir. Bir gənc kimi uğurları olsa da, hələ ki, təltifləri yoxdur.
***
Vəfa xanımın düşüncəsi də, amalı da, məqsədi də, həyatı da, yazdıqları da təkcə tarix deyil, eyni zamanda günümüzün reallıqlarıdır. Onun bir kitabı var: «Payız sevgisi. Bu kitabla və eləcə də çap olunmayan şeirlərlə, saytda yerləşdirdiyi poetik nümunələrlə tanış oldum. Hiss etdim ki, o, ailəsini də, torpağını da, vətənini də çox sevir. Əslində sevdiyi torpağın üstündə addımlayan xalqı – oxucu auditoriyası da onu çox sevir, bir şair və yaradıcı insan kimi. Çünki kompyuterdə onun poçtuna göndərilən rəylərin çoxluğu da bunu sübut edir. Cəsarətlə deyərdim ki, yaşıdları, eləcə də gənc şairlər arasında ən orijinal və yenilikçi şair kimi tanınıb.
Vəfa Mürsəlqızı çox həssas və istedadlı şairdir, vətəndaş şairdir, Böyük Azərbaycanın dərdlərini bir quşun həsrətində elə şeirə çəkir ki, ürəkləri tərpədir. Ona diqqətlə baxan belə hesab edir ki, Vəfa xanım üzdən sakit görünür. Amma içdən qaynayır, coşur. Haqsızlıqla barışmır, haqq-ədalət adamıdır. O, ədəbiyyata bənzərsiz gəlib, öz dəst-xətti, ədəbi yaradıcılıq yolu var. Şöhrət üçün dəridən-qabıqdan çıxmayıb, əyilməyib, bütövlüyünü, adını, sənətini təmiz saxlayıb. Odur ki, mənim nəzərimdə təmizlərin az olduğu yerdə örnək kimi onu görmək, adını çəkmək olar.
Vəfa xanım haqqında bir neçə aspektdən, baxımdan danışmaq olar və bu baxımların hamısında o, həqiqətən istedadlı şair kimi daha qabarıqdır. Əlbəttə, bu baxımların, yanaşmanın ən başlıcası odur ki, Vəfa xanım mənimlə həmyaşıd olmasa da, mən ona böyük yaradıcı, istedadlı, daim öz üzərində işləyən, yaradıcılığının axsamamasına diqqət yetirən şair kimi baxıram və buna heç də peşman deyiləm.
Bir məsələni deməyi özümə borc bilirəm: Vəfa xanım bir ŞAİR kimi hələ bəxt deyilən şeyin şirinliyini dadmayıb və mənə elə gəlir ki, bir kitabın yiyəsi olsa da, gələcəkdə lap iri həcmli əsərlərin müəllifi kimi tanınsa da, onda qəribə sənət doyumsuzluğu var. Lap adi bir həqiqəti deyim ki, V.Mürsəlqızı bir şair olaraq hələ ki, tənqidçi tərəfindən təhlil obyekti olmayıb və onun ədəbiyyatımızdakı YERİ (mən bu sözü ürəkdən, heç nədən çəkinmədən və cəsarətlə yazıram, bəli «yeri») verilməyib.
Vəfa xanımın yaradıcılığında bir xüsusiyyət mövcuddur, bu nümunələrdə özünəməxsusluq, yəni poetik dəst-xətt aydın hiss olunur. Bu şeirlərdə vətəndaş qüruru, şəxsi sevinc və kədər hissi, bu hisslərlə döyünən övlad ürəyinin çırpıntıları, övlad borcunun müqəddəsliyi motivləri qırmızı xətt kimi keçir. Bütün bu hisslər istedadlı şairin qələmində yeni məna kəsb edir, orijinal rənglərlə, boyalarla, səslərlə, naxışlarla təsvir və tərənnüm olunduğu üçün gözlərimiz önündə təravətlə canlanır. O, şeirdə əhval-ruhiyyə yaratmağı və oxucunu bü əhval-ruhiyyənin təsirinə salmağı bacarır, yəni oxucunu fərəhli hadisələrin fonunda danışmaqla sevindirməyi, qəmli əhvalat danışmaqla kədərləndirməyi bacarır.
İkimizin bir qəmi var dünyada,
Yarı səndə, yarı məndə olsa da.
Qəm bölünsə, nə artar, nə azalar,
Elə isə bölüşməkdən nə fayda?
Bu əzabın ağrısını duymuşuq,
Göz yaşıyla bu günahı yumuşuq.
Görüşəndə elə susub durmuşuq,
Elə isə görüşməkdən nə fayda?
Onun beyt və misralarında poetik yük şairin sözdən məharətlə istifadə etmək bacarığını nümayiş etdirir. Həm də V.Mürsəlqızı bütün poetik imkanlarını – obraz və təşbehlərini, ifadə ədalarını və deyim ahəngini bir məqsədə yönəldir: oxuculara aşılamaq istədiyi fikir və məna aydın olsun, hamını düşündürən məsələnin həlli kimi görünsün, ümuminin taleyi ilə bağlı olsun. Deməli, şairin poetik məramnaməsi var, ədəbiyyata elə-belə yazmaq xatirinə, yazmaq üçün gəlməyib, o, yazı stolunun arxasına da daxili zərurətin hökmü ilə keçir. Və oxuyub bu qərara gəlirsən: zəifləri də, güclüləri də, uğurluları da, uğursuzları da özünündür, öz iç dünyasının, yaşantılarının əksidir.
Erkən dərdin budağımda gül oldu,
Şaxtan vurdu gözlərimdə yaş dondeu.
Gəlişin tək gedişin də tez oldu,
Yollarına baxa-baxa qalmışam.
Vəfa Mürsəlqızı poeziyası haqqında çox yazmaq olar. Amma onun fərqli yaradıcılığında bəzi məqamları görürük. Başlıca cəhət bundan ibarətdir: istedadlı şairin uğurlu addımlarının sayı artır, yaradıcılığında poetik kamillik getdikcə aydın hiss edilir. Bunu şairin mövzu axtarışlarında da, ifadə vasitələrində də, gerçək aləmi duymaq, görmək bacarığında və bunları poeziya dilinə çevirmək məharətində də, həmçinin yazı tərzində də aydın hiss edirik.
Və sonda bir daha onun poetik dünyasına müraciət etmək istəyirik:
Gözlərimə nəm gətirdi,
Nə gətirdi, kəm gətirdi.
Özgələrə hər şey verdi,
Tale oynadı mənimlə.
Həmişə səbr eyləmişəm,
Bəxtimə boyun əymişəm.
Mən taleyə neyləmişəm,
Artıq bu dünyadan küsüb gedərəm,
Tale oynadı mənimlə.
Gəncdir, nələri edirsə, Allah və onun bəndələri yolunda edir. Deyir ki, Allah bütün bəndələri, xüsusən də yoxsul, imkansız insanları qorusun.
Ondan soruşanda ki, sənin ən böyük sərvətin nədir. O da bildirdi ki, şairlərin qələm nümunələri onların ən qiymətli sərvəti, oxucularına ərməğanıdır: “Söz bəxşişimizlə ayrı-ayrı yaşantıları anladır, məqamlara aydınlıq gətiririk. Sözdür yaralarımızı sağaldacaq məlhəm”.
Az-çox tanıdığım bu müddətdə sakit, təmkinli görkəmi ilə yadda qaldı Vəfa xanım. Onun içindəki ağrıların ağırlığından, yəqin ki, çoxunun xəbəri yoxdur. Amma onu tanıyanlar bilirlər ki, o, Vətən boyda Vətən ağrısını zaman-zaman ürəyinin süzgəcindən keçirib oxucusuyla bölüşüb, həmyerliləri ilə paylaşıb.
Və sonda deyək ki, özümüzü dərk edəndən, dünyanın halına yanandan böyüklərdən eşitmişik: «Özünü dərk edən Allahını dərk edər». Vəfa Mürsəlqızı da özünü dərk edir, öz imanı, məsləki, əqidəsi yolunda sabaha doğru mətin addımlarla addımlayır. Əməlisaleh xanım kimi daim ön sıralardadır. İnsan yaşlandıqca müdrikləşir. Mübaliğəsiz deyərdim ki, Vəfa xanım gənc yaşlarından müdrikdir. Bu da Allah vergisidir, bu da bir istedaddır. Dosta həlim, düşmənə qənim bir insandır o. İnanılmaz dərəcədə təvazökardır Vəfa Mürsəlqızı…
Ümidini Allaha bağlayan Vəfa xanımın fikrincə, ümidsiz şeytandır. Nəsə bir şeyi arzulayanda da deyir ki, Allah hansı məsləhətdir, o düzəlsin. Yoxsa fikirləşmir ki, hökmən bu düzəlsin. Qoy hər işdə Allıhn məsləhti olsun… İnsanda ağıldan qiymətli heç nə yoxdur. Bu, hətta insanın sağlamlığındjan vacibdir. Türklər deyir ki, mən hər şeydən keçərəm başıma görə, ancaq adıma görə başımdan da keçərəm…
Комментариев нет:
Отправить комментарий