Azər Nurun “Masallı Mamed" kitabından seçmələr
O, orta məktəbi bitirəndə univermaqda şöbə müdiri işləyən atasının işi məhkəməyə düşdü. Üzünə duran imansız şahid də milis işçisi idi... Əslində atası şöbədə satıcı işləyən gənc bir qızın milisə-məhkəməyə düşməsin deyə “günahını” öz üzərinə götürmüşdü, bu, əsl azərbaycanlı-müsəlman kişisinin necə böyük ürək sahibi olduğuna dəlalət edən alqışa layiq bir xarakter idi. Amma ailənin yeganə çörək qazananı olan ataya nahaqdan maddi və mənəvi ziyanlar vurulurdu. İşi o qədər yubatdılar ki, oğlu 17 yaşına qədəm qoydu. O, ailənin ikinci oğlu idi. Böyük qardaşı hərbi xidmətə yola düşmüşdü. Evdə ondan başqa 5 uşaq böyüyürdü. Böyük ailənin başsız qalacağını düşünə-düşünə içinə qorxunc fikirlərin nə zaman dolduğunu bilmədi... 5-10 qəpiyə görə ticarətçi atasının üzünə duran milisi yalan ifadəsini geri götürtmək, əks təqdirdə ona həddini bildirmək, cəzalandırmaq fikrinə düşdü.
Bürcündə deyildiyi kimi, “Əqrəblər ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahir, daim narahatlıq hissi keçirən adamlardır”. Elə bu narahatlıq hissilə də atasını həbsə saldırmaq niyyətindən əl çəkməyən milis işçisinin dərsini verdi...
Milisə əl qaldırdığına görə ona 3 il məcburi əməyə cəlb olunması haqqında hökm çıxarıldı. Bir həftə keçməmiş Sumqayıtdan – məcburi əməyə cəlb olunduğu “kolon pasledni”dən Bakıya gələndə tale yenə onu namərd əli ilə sınağa çəkdi. Texnikumda oxuyan qohumuyla tələbə şənliyinə getmişdi. Tələbə bir qıza sataşan oğlanla aralarında mübahisə düşdü. Qızı ağır söyüşlərlə təhqir etdiyinə görə həmin oğlanı bıçaqla vurub qətlə yetirdi. O dövrün qanunlarına görə Mamedi ölüm hökmü ilə güllələnməyə də göndərə bilərdilər. Atası İsgəndər kişinin döymədiyi qara meşin qapılar qalmadı. Meşin qapılarsa, belə müşkül işlərdə adamın üzünə pul cingiltisinə açılır... Nəhayət, ata oğlunu güllələnmə cəzasından güclə xilas etdi. Gözlənilən ölüm hökmü 15 illik cəza müddətilə əvəz olundu.
Və bu dəfə öz cəzasının 5 ilini çəkmək üçün əvvəlcə Şuşaya – Azərbaycanda ən sərt rejimi ilə seçilən qapalı tipli həbsxanaya göndərildi.
Burda da kəcrəftar çərxi-fələk yenə nə onun, nə atasının saydığını saydı. Dustaqlardan biri öz yoldaşları barədə tez-tez həbsxana nəzarətçilərinə “informasiya” çatdırırdı. Belə “informator”lardan “nadzor”lar gəlir mənbəyi kimi istifadə edirdilər. “Poqon”lularla məxfi əməkdaşlıq onsuz da ağır şəraitdə yaşayan dustaq yoldaşlarının vəziyyətini daha da çətinləşdirirdi. O, dustaqlara “torba” tikən adamın əclaflığına dözə bilmirdi. Bir dəfə ona həddini bildirdi, möhkəmcə əzişdirdi...
Onu Şuşa “qapalı”sından da ağır rejimli Qroznı həbsxanasına göndərdilər.
Sovet İttifaqının bir həbsxanasından digərinə ötürülən gəncin sorağı özündən qabaq Qroznıya çatmışdı. Çünki Mamed “asi” məhbusu özünəməxsus tərzdə cəzalandırmaqla günahsız dustaqların haqqını müdafiə etmişdi...
Kriminal aləmdə suçu sübuta yetirilən satqın məhbuslara “suka” deyilir. Həbsxanalarda belə məhbuslar “mavi”lərdən də aşağı səviyyəli, hörmətsiz şəxs hesab olunur. Belələri azadlıqda olanda da dolanmaq xətrinə “işverənlik” vərdişlərindən əl çəkmirlər. Qanuna görə (əlbəttə, burda söhbət kriminal aləmin qanunlarından gedir – A.) bu şərəfsizliyi istər azadlıqda, istər “zon”da edən “sukalarla” əl verib salamlaşmaq, yoldaşlıq etmək, bir masa arxasında çörək yemək yasaq sayılır. Hər hansı “zon”a, yaxud “xata”ya təzə gələn məhbusa dərhal həmin adamların kimliyi barədə məlumat verilir ki, sonradan pis vəziyyətə düşməsin.
Qroznı həbsxanasında o, nüfuzlu avtoritetlərlə tanış oldu. Gələcəyin iki “qanun oğrusu”nun – Masallı Mamed adıyla tanınacaq bir gəncin Dağlı Cavanşirlə dostluğu da Qroznıdan başladı...
Həbsxana hücrəsi onun üçün dünyanın ən “yaxşı” qiraətxanası oldu.
O, bircə saatını belə boş keçirmirdi. Dini, fəlsəfi, tarixi kitablar oxuyurdu.
Yada düşən o qədər xatirələr vardı ki...
Qapalı həbsxanada cəzası bitəndən sonra onu Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisəsinə göndərdilər. 80-ci illərin ortalarında cəzasını Bakı həbsxanasında yenə Cavanşirlə bir kamerada çəkdi. Burada da nəzarətçilərin qanunsuz əməllərinə dözmədiyi üçün yenidən yumruğunu işə saldı. Onu Rusiya həbsxanalarına göndərdilər.
Öz səyi ilə Voloqda şəhərində “Sentral” adlı müvəqqəti saxlama təcridxanasında “polojeniya” yaratdı. Sonra onu “Matrosskaya tişina”ya göndərdilər. Anzor Bezruki, voronejli Balandin və başqa tanınmış “qanuni oğru”ların cəza çəkdiyi bu həbsxana Lefortovo, Bastiliya qədər məşhur idi. Burada ağır şəraitə etiraz edən dustaqlar qiyam qaldırdılar. Qiyamçı dustaqların sakitləşdirilməsində Mamedin də böyük xidməti oldu. Dustaqların ona hörməti məşhur oğruların diqqətini cəlb etdi. Ona “Qanuni oğru” titulu təklif olundu. “Sən bizim ailəyə lazımlı adamsan!” O bu gözlənilməz təklif barədə düşünəcəyini bildirdi. Rusiya həbsxanalarında cəza müddətinin 5 ilə yaxınını Voloqda şəhərində çəkdi.
Elə burdan da “yaxşı oğlan” kimi azadlığa çıxması ilə kriminal aləmin daha çox diqqətini özünə cəlb etmişdi... Amma hələ “qanuni oğru” deyildi.
..1992-ci ilin mart ayının 26-da azadlığa çıxdı. Bu vaxt o, keçmiş SSRİ ərazisində – ümumittifaq miqyasda kriminal aləmin ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Artıq azadlığa təkcə o yox, adına SSRİ deyilən imperiyanın əsarətindən qurtulan XALQ(lar) da çıxmışdı.
1992-ci il. 4 noyabrda – ad günündə toyu oldu... Toyun ən unudulmaz məqamlarından biri Məşədi Təvəkkülün ürəklə “Oğru qisməti” mahnısına rəqs etməsi idi. Cansız videolent 31 bir yaşlı bəyi ekranda canlandırır. Türmə həyatının acısını dadmış Məşədi ərklə bəyi rəqsə dəvət edir... Leninin şəkli olan qırmızı onluqlar, bənövşəyi iyirmibeşliklər yağış kimi yağır. Bu kağız əskinaslar bir il öncə süqut edən sovet imperiyasının ayaqlar altında tapdanan son atributu idi! Yeni ildən Müstəqil Azərbaycanın milli pulu dövriyyəyə buraxılacaqdı: Üzərində Məmmədəmin Rəsulzadənin, Nizami Gəncəvinin və Qız Qalasının şəkli olan milli manatlar...
Onu yenə kriminal aləmin tanınmışları öz sıralarında görmək istəyirdi. Çoxları bu adla “təltif” olunmağa can atırdı. O isə “Qanuni oğru” adı daşımağın nə qədər məsuliyyətli olduğunu dərk edirdi. Amma bu da onun taleyinə yazılmışdı.
HAŞİYƏ: Uşaqlıq dostu Rafiqə bir dəfə: “Mənim bir adım var, onu da mənə atam İsgəndər verib!” demişdi. Çox sonralar “oğru” dünyasına maraq göstərən, onların ləqəbindən, statusundan “kodeksindən” ağızdolusu danışan, kriminal terminlərini söyləməkdən zövq alan gənclərə Mamed belə deyəcəkdi:
-Əsl qibtə olunası adam öz ev-eşiyində, ailəsinin başında avtoritet olan şəxsdir.
-Deyəcəkdi ki, özünüzə ayrı yol seçin! “Oğru” dünyasında qibtə ediləcək nə var ki? “Qanuni oğru” hər gün, hər ZAMAN “bespridel”lə duelə çıxmaq idi.
...1993-cü ilin dekabrında Bakıda “Leyla” şadlıq evində Sabirabadlı Hikmət, İrəvanlı Faiq, Lotu Bəxtiyar, Dağlı Cavanşir, Yetim Hüseyn, Ənvər, Çingiz Axundov və başqa avtoritetlərin iştirak elədiyi mərasimdə ona “Qanuni oğru” titulu verildi (Bəzi mənbələrdə yanlış olaraq Mamedin Sabirabadlı Hikmətin toyunda “korenavat” olduğunu yazırlar).
Könüllərdən və bədənlərdən qan fışqıran qanlı-qadalı illər idi. Cəbhə bölgələrindən Masallıya gətirilən şəhidlərin sayı 150 nəfərə çatmışdı. “torpağa dən əkmək üçün doğulanlar, özləri torpağa dən kimi əkildilər”. Müstəqillik Azərbaycana qan-qada bahasına başa gəlirdi. Ölkə 20 min şəhid vermişdi, minlərlə adam əsir və itkin düşmüşdü. Atəşkəs elan olunsa da, ölüm-itim casus kimi hər yanda insanları pusur, öz toruna salırdı.
1995-ci ilin mayın 4-də müharibə şəraitində yaşayan bir ölkənin paytaxtında – Bakıda onu tapança “gəzdirdiyinə” görə həbs etdilər.
Kriminal aləminin qanunlarına görə “qanuni oğru” üstündə yaxalandığı tapançadan imtina edə bilməzdi. Hətta o silah əməliyyatçılar tərəfindən qəsdən onun adına “yazılsaydı” belə... (“Qanuni oğru” statusu daşıyan hər kəs bu aləmin “kodeksi”nə sadiq qalacağını öz öhdəsinə götürür. Bu ehkamı pozanlar aid olduğu aləmdə nüfuzdan düşürlər.).
Tapançaya görə cəzasını çəkmək üçün onu Keşlədəki həbsxanaya göndərdilər.
Xatırlamalı elə anlar vardı ki...
...16 il öncə həmin həbsxanadan çıxanda Saşa adlı bir rus dustağın son kəlməsi qulaqlarında əks-səda verdi: “Mənə ünvan verməyinə ehtiyac yoxdur, kardeş, səni yerin altında da olsan tapacağam!” Amma taqanroqlu həmin rus yerin üstündə tapdı onu.
...Masallıda əmisi oğlunun toyuna, sonra Moskvaya ad gününə – şad gününə gəldi Saşa. Ona həsr etdiyi şeri də oxudu:
Когда бы поняли меня,
Вы б, несомненно, согласились:
Нам Божий суд будет вменять
Всё то, чем души окрестились.
Нам не дано, конечно, знать,
Кого Господь возьмёт на Небо
– Единый Бог! Мой долг сказать:
Возьми того, кто дал мне хлеба.
Bu şerin altında Saşa rusca “4 ноября 1995 г. г. Баку, пос. Кишлы” yazmışdı (28 aprel 2011-ci ildə Masallıda Mamedin məzarı önündə özünün dediyi kimi hələ o zaman Saşa Mamedin soyadını da bilmirdi.).
Üç il əvvəl yenə Bakıya gəldi. 10 saylı cəzaçəkmə müəssisəsində ona baş çəkdi. O gün Mamed Saşaya təsbeh bağışlamışdı...
Dustaqların zövqlə düzəldib cilaladığı 33 ədəd kəhrəba daşlar...
5 il əvvəl aprelin 7-də bahar günlərinin birində tanımış “qanuni oğru” “Sabirabadlı Hikmət” Moskvada – Leninqrad prospektində odlu silahla öldürüldü. Baharın o sarsıdıcı, gözlənilməz “sürprizindən” sonra Rusiyada məskunlaşan kriminal qruplaşmalar daxilində anlaşılmaz vəziyyət yarandı. O öz iradəsindən və “böyük qardaş statusu”ndan bacarıqla istifadə edib, anlaşılmaz durumu aradan qaldırdı. Bundan sonra Azərbaycanın hüdudlarından kənarda böyük nüfuz sahibi kimi o, kriminal aləmdə Sabirabadlı Hikmətin yoxluğunu hiss etdirməmək üçün var gücü ilə çalışdı... Görüləsi işləri çox idi.
Ölüm korpusunda ölüm
Bir vaxt mütaliə etdiyi dini kitabda Xaliqin öz məxluquna buyurduğu ismarışı xatırladı: “Mən sizi yaratdım. Sizə ağıl, istedad və gözəllik verdim. Bundan sonra bəxş etdiyim ömür payınızı insan kimi yaşayın! Mənim uca səltənətimi – ucsuz-bucaqsız kainatımı DÜZ əməllərinizlə şərəfləndirin. Bir-birinizə qarşı mehriban olun!”
...İki gün idi ki, həbsxanada bayram ab-havası vardı. Onun adına göndərilən maşın-maşın bayram sovqatı dustaqlara paylanırdı.
– Bəlkə ərzağa, siqaretə qənaət edək, qədeş!
– Bayram ərəfəsidir, qoyun dustaqlar gen-bol yeyib-içsinlər, bura nə gətirirlərsə hamısını paylayın!
... İki gün idi ki, dustaqlara konsert verirdilər. İki gün idi ki, gələn qonaqları qəbul edirdi. Yorulmuşdu. “Eybi yox, bayramı yola verib, sonra doyunca dincələrəm!” düşündü. Bu gün də konsert proqramı nəzərdə tutulmuşdu. Durub üzünü qırxdı. Duş qəbul elədi... İnsan çiməndə ruhən dincəlir. Ruhu sevinc içindəydi.
...amma ürəyi sıxılırdı. “Bir az uzanım, dincimi alım, sonra durub gedərəm!” Uzandı. Gözlərini yumub xəyala daldı. Az sonra gözlərini təzədən açmaq istədi. Kirpiklərindən elə bil daş sallanmışdı. Göz qapaqları HƏYAT səhnəsində pərdə kimi qapanmışdı.
Dünən qardaşlarına – Elşənə, Əjdərə: “Qohum-qardaşı yığın, gedin Masallıya, bayramı anamla birgə keçirin!” – demişdi. Dünən elə yaxşıydı ki... Özünü sapsağlam hiss edirdi. Dostu Rafiq gəlmişdi... Deyib-güldülər. Heç ayrılmaq istəmirdi. Dünən dünəndə qalmışdı.
Bu gün... Dünya dünənki dünyaya bənzəmirdi. Bədbəxtçilikdən yanında da heç bir dustaq yoxdur. Belə məqamda onu silkələyib yuxudan oyatmaq yenidən həyata qaytarmaq demək idi.
Xəyalı yenə Azərbaycan fəzasında quş kimi qanad açdı... Mavi dənizin üstündən keçib cənuba getdi. İsti təndir çörəyinin ətri doldu burnuna...
Ata evində – aynabəndli eyvanda yuxuya getmişdi.
“Oyan, Mamed, oyan!”
Gözlərini açdı. Qardaşı idi.
“Nə olub, niyə rəngin qaçıb?”
“Qorxdum, elə bil nəfəsin gizlənmişdi”
“Hə, nə yaxşı ki, məni oyatdın, ürəyim bərk sıxılırdı...”
Onu burda – həbsxana hücrəsində yuxudan oyatmaq lazım idi.
“Məni günün bu vədəsində dərin yuxuya getməyə qoymayın, qardaşlar!”
... Doğma qardaşlarını bir-bir xatırladı: Möhübbət, Əjdər, Elşən, Qoşqar...
Anası açıq qalmış həyət qapısından yola boylanırdı.
Əziz gündə oğullarının yolunu gözləyirdi. O, anasını çağırmaq istədi.
Səsi uzaq bir vadidən gəldi.
... Bura son görüş yeri – vida vadisi idi.
“Ayrılıq” nəğməsinin sonuncu akkordları o taylı-bu taylı Azərbaycana səs salmışdı:
“Hər bir dərddən olur, yaman ayrılıq...”.
...Ölümün al yaşıla bürünmüş AYRILIQ vadisində soyuq nəfəsini duyan xəyal geri dönmək istədi. Burda – həbsxanada BÖYÜK QARDAŞ tituluna görə “azad” yaşamaq hüququ “qazansa” da, insan kimi AZAD ÖLMƏK hüququndan məhrum edildiyini bilirdi... “Lotu Bəxtiyar” da bu həbsxanada – məşhur “Ölüm korpusu”nda gözlərini əbədi yummuşdu... İndi də o əbədi AZADlığın astanasında idi.
“İlk dəfə 18 yaşında həbsxanaya düşən Məmməd Hüseynov 18 yaşından 49 yaşınadək yetkinlik dövrünün 33 ilinin 20 ilə qədərini həbsxanalarda keçirdi.
Masallıda belə möhtəşəm dəfn və hüzr məclisinin keçirildiyi kimsənin xətrinə gəlmir. Hüzr məclisinə minlərlə insanın qatılmasını, ata yurdundan qəbiristanlığadək səpələnmiş qərənfilləri, daim dolub-boşalan, sonu güclə görünən 800 nəfərlik yas çadırına baxanları bir sual düşündürürdü – bu şəxsə bu qədər ehtiram nədəndir? Əgər qorxudan idisə, o artıq həyatda yox idi. Kino ulduzu, məşhur idmançı da deyildi. Qardaşları heç bir xeyir-şər məclislərindən qalmasalar da, bu da minlərlə insanın bura toplaşmasına əsas vermirdi. Bəs bu ehtirama səbəb nə idi? Düzü, bu sualı birbaşa cavablandırmaq çox çətindir. Yaxın dostlarının bildirdiyinə görə, Masallılı Mamed təkcə Masallı camaatının yox, Azərbaycanda, eləcə də, Rusiyada yaşayan qafqazlıların ən ümidsiz vaxtlarında onların dayağı idi. Kimsə nahaqdan incidiləndə, kiminsə haqqı tapdalananda onun bircə kəlməsi ilə aylarla, illərlə çözülməyən məsələlər bir neçə dəqiqəyə həll edilirdi. Mamedin yaxşılıq etdiyi, dardan qurtardığı insanlar haqqında yüzlərlə nümunələr göstərmək olar. Həbsxanada təmir işlərindən, kommunal məsələlərin həllinədək onun xidmətləri olurdu.
Qəribə səslənsə də, Mamed hansı həbsxanaya düşürdüsə, oradakı dustaqlar daha çox sevinirdilər. Bilirdilər ki, Mamed olan yerdə onlar nahaqdan incidilə bilməz, o olan yerdə möhkəm qayda-qanun olar. Dostlarının bildirildiyinə görə, əgər həmin “zonda” ət qıtlığı olurdusa, onun bir sifarişi ilə həmin həbsxanaya bir neçə yüz kiloqram ət gələrdi. Yaxud bir də görürdün ki, həbsxanaya bir KAMAZ siqaret gəldi.
...Hələ bir neçə ay öncə onun xəstəlikləri barədə mətbuata xəbərlər sızırdı. Bəziləri bu xəbərlərin gələcəkdə ona qarşı baş verə biləcək təxribatlara baza hazırlamaq üçün olduğu qənaətində idilər. Amma hazırda onun xəstəlikdən ölməsi barədə mövcud versiyalarda özgə şübhəyə əsas verəcək heç bir əsas yoxdur. Düzdür, ölümündən bir gün əvvələ qədər onun halında pis bir şey müşahidə edilməsə də, yekdil rəy ondan ibarətdir ki, Masallılı Mamed beyninə qan sızmasından və ürək çatışmazlığından vəfat edib.
Bu hüzr məclisinə 7 gün insan axını kəsilmədi. Yas mərasimində Rusiyadan, Türkiyədən, İrandan, Ukraynadan, Gürcüstandan və sair yerlədən məşhur avtoritetlərin iştirak etdiyi bildirilir. Digər məlumata görə Moskvada azərbaycanlılara məxsus əksər restoranlarda “Masallılı Mamed”in 7 mərasimi düzənlənib. “Konkret Moskvanın cənubundakı DAK-ın Rusiya nümayəndəliyinin sədri Mirəşrəf Fətiyevə məxsus ”Qız qalası" , habelə “Kura”, “Səmərqənd”, “Şəki” restoranlarında ehsan verildiyi dəqiqdir" deyə, mənbəmiz bildirir. Yeri gəlmişkən, mərhumun üçü günü Bakıdakı əksər cəzaçəkmə müəssisələrində ehsan mərasimləri keçirilib...”
Sonuncu səfər
O gecə Mamedin cənazəsini aparan “Karvan” mənzil başına cataçatda idi... Gecə yarıdan ötsə də, elektrik dirəklərində yanan gur işıqlar küçələrə çıraqbanlıq paylamışdı... Bir az əvvəl həyətlərdə tonqallar yandırılır, səmaya fişənglər atılırdı. Ağsaqqallar, ağbirçəklər ilin təhvil-təslim duasını oxumuşdular... Adətə görə ilin təhvil saatı evlərdə ailənin bütün üzvləri bir yerə yığışmışdı, evlərin bütün otaqlarında işıqlar bərq vururdu. Dünyagörmüş ulularımızın fikrincə, qaranlığa şər-şeytan yığışmasın deyə, NOVRUZ bayramı axşamı evdə-eşikdə bir otaq olsa belə, zülmətdə qoymaq olmazdı...
Sabah – Azərbaycanın hər bir guşəsində olduğu kimi Masallıda da Novruz bayramı münasibətilə hamı bir-birinə “Bayramın mübarək!” deyəcəkdi. Hətta ağbirçəklər-ağsaqqallar küsülüləri barışdıracaqdılar:
Gəbənin eni qarış,
Güllü-butalı naxış...
Bayram küsülü sevməz –
Qadan alım, gəl, barış!
Xalq arasında “Bayramın qara gəlsin!” qarğış duasıdır.
Mamedin ailəsini, doğmalarını indiyədək heç kim belə qarğımamışdı.
Əksinə, məhəllədə kiçiyə izzət, böyüyə hörmət edən Mamed kimi bir adamın anasına hamı alqış duaları edərdi:
– “Gedənin gəlsin, üzün gülsün!”
– “Oğlun darda qalmasın!
– “Oğul dağı görməyəsən!”
– “Allah balanın başından bir tük də əskik eləməsin “....
Mamedin doğma Masallıya hər dəfə gəlişi toy-bayram idi...
Amma bu dəfə...
Mamedlə ilk tanışlığım
4 oktyabr 1998-ci il. “Masallı” qəzetinin nəşri ilə bağlı rayondan Bakıya gəlmişdim, eşitdim ki, Qaradağda İlham Müseyib oğlunun toy məclisində Mamed də iştirak edəcək. Axşamüstü İlhamın tələbə yoldaşları Məzahim, Ramiz, Oqtayla birlikdə toya getdik. Məzahimlə Ramiz Mamedi tanıyırdılar. Onun barəsində o qədər maraqlı söhbətlər danışırdılar ki... Biz toya bir-iki saat geciksək də hamımız bir masa arxasında əyləşdik. Həddən ziyadə şux görünən və həmişə şən əhval-ruhiyyədə olan Oqtay tez-tez “görəsən, qədeş hansı masada əyləşib” deyə ora-bura boylanırdı. Hərdən də mənə söz atırdı: “Ə, redaksiya müdiri, (qəsdən redaktor demirdi, bəzən də məni “qəzet müdiri” çağıraraq cırnatmaq istəyirdi) sən də öz eloğlunu tanımırsan?” Mən çiyinlərimi çəkib, sakitcə: “Yox!” – dedim. Birdən tamada Mamedin adını çəkdi, onun şəninə xoş sözlər deyib, üzünü musiqiçilərə tutdu: “Mamed qardaşımızın şərəfinə qəlblərimizi iftixar hissi ilə coşduran “Koroğlu uvertürası” səslənsin!” Məzi (yəni Məzahim) mənim qulağıma pıçıldadı ki, bizim qədeşin iştirak etdiyi bütün toylarda – istər Rusiyada olsun, istər Azərbaycanda bu uvertüra himn kimi çalınır.
Düzü, ilk dəfə idi ki, uvertüra ifa olunan zaman toyda o cür səssizliyin şahidi olurdum. İnsafən, çalğıçılar da çox yaxşı ifa edirdilər. Hamını Üzeyir bəyin “Koroğlu” operasının uvertürasındakı əzmkarlıq, qəhrəmanlıq və fədakarlıq duyğuları ovsunlamışdı...
O, yəni Mamed bizdən bir xeyli uzaqda – bəyoğlana yaxın masaların birində Yapon Adil deyilən bir şəxslə yanbayan oturmuşdu. Bu qədər uzaqdan onun oturduğu masadakı adamlardan hansının Mamed olduğunu müəyyən eləmək çətin idi. Möhtəşəm uvertüra bitəndən sonra Oqtay ayağa durub dedi ki, gedib qədeşlə görüşəcəyəm... Getdi və kiminləsə görüşüb-öpüşüb qayıtdı. Mən bir də gördüm ki, Məzahimlə Ramizin ürəkləri gülməkdən qəşş eləyir. Sən demə, Oqtay Mamed zənn edib, qucaqlaşıb görüşdüyü tamam başqa adammış. Mən də onlara qoşulub bir xeyli güldüm. Özünə dəmbədəm “general müavini” deyib öyünən Oqtayla o vaxt “müvəqqəti işsiz” qalan tələbə yoldaşlarının zarafatı indi də yada düşəndə gülməkdən özümü güclə saxlayıram.
...O toyda mənə də söz verildi. Böyük Üzeyir bəyin tələbəsi – skripkada ifa etdiyi musiqiləri Azərbaycan Radiosunun Qızıl Fondunda saxlanılan Mir Kazım Aslanlının – Sarəngin adını dilə gətirdim, onu Masallının və masallıların mənəvi zirvəsi adlandırdım. Cənub bölgəsinin bu dilbər guşəsinə Ana Təbiətin bəxş etdiyi Dəmbəlo dağı, Viləş çayı, şəfa ocağı İstisu tək misilsiz nemətlərə və Masallının simvolu kimi bu nemətlərin qədrini bilib, doğma el-obasının adını uca tutan oğullara ürəkdən alqış dedim. Fikrimi Sarəngin ölməz misraları ilə tamamladım:
Ax, Viləş, qəlbimdə qanlar tək, fəğanlar tək Viləş,
Ax, Viləş, gərdişi dövranda zamanlar tək Viləş!
Hey axırsan naz ilə, avaz ilə, dəmsaz ilə,
Ruhuma layla çalan sənsən kamanlar tək, Viləş!..
...Mamedin ağayana iştirak elədiyi həmin toyda mikrofona ikinci dəfə dəvət olundum. Sarəngin qəzəllərindən bir neçəsini söylədim.
Tamadanın “səlahiyyətlərini” demək olar ki, ələ alan millət vəkili Əhəd Abiyev də (səhv etmirəmsə, İslam adlı tamadaya da elə toyu aparmağı o, həvalə etmişdi) çıxışında Mamedi Azərbaycanın qeyrətli, təəssübkeş oğlu adlandırdı. Bir-iki dəfə işlətdiyi “Mamed müəllim” ifadəsindən sonra Məzahim sanki gələcəkdə mənim Mamedlə görüşəcəyimi duyurmuş kimi, qulağıma: “qanuni oğruya müəllim deyə müraciət etmək düz deyil, sadəcə, Mamed, ya da Mamed qardaş demək olar...”
Əhəd Abıyev dedi ki, Moskvada müalicə olunanda bizim Muğan torpağının ziyalı oğlu Nurəddin Ədiloğlunun “Masallı” qəzetini oxuyub, şəfa tapırdım (O vaxt Əhəd çox ağır yol qəzası keçirmişdi. Əslində 95-in parlament seçkilərində “Avrasiya” qəzetində dərc olunan “Masallıda seçkilərə güllələr də qəhqəhə çəkdi” yazıma görə məndən incimişdi. Buna görə toyda onun bu diqqəti mənə bir az qəribə gəldi.). Muğan torpağının, Masallının ünvanına bir-iki xoş söz deyəndən sonra o, yenidən məni mikrofona dəvət etdi. Ona yaxınlaşıb: “həmişə ayaq üstə” dedim. Mikrofonu mənə verəndə qulağıma dedi ki, beş-on dəqiqədən sonra rayona çıxacaq. İlham çox yaxşı oğlandır. Gərək onun toyu axıracan şən keçsin”. Getdi.
Bir azdan masa yoldaşlarım siqaret çəkməyə çıxanda mən də onlarla foyeyə çıxdım. Bu məqamda bilmirəm, Mamed də getməyə hazırlaşırdı, yoxsa havasını dəyişməyə çıxmışdı. Onu üzük qaşı kimi əhatəyə almışdılar. Məzi ilə salamlaşandan sonra üzünü mənə tutub:
– Sağ ol, Azər müəllim, çox yaxşı sözlər dedin, – söylədi.
O vaxt mənin 40 yaşım vardı. İlk baxışdan Mamedə 28-30 yaş vermək olardı (Dünyasını dəyişəndə bildim ki, o, məndən 3 yaş cavandır.). Qəribə də olsa, Mamed mənim yaddaşımda ən çox o cavan, canlı və şahanə obrazıyla qalıb...
...Mən Moskvada Sabir oğlu Vaqifi köhnə “yurd yeri” kimi axtarırdım. Xoşbəxtlikdən o özü mənə rast gəldi. Masallıda deyilənlərə görə Vaqif Mamedin həm sürücüsü, həm də cangüdəni idi. Amma diqqətlə baxanda o, nə cangüdənə oxşayırdı, nə də sürücüyə. Mən onu doxsanıncı illərin əvvəllərindən tanıyırdım.
İndi – 10 il sonra həmən Vaqif məni Moskvada – Telmanın (Rövşən İsgəndər oğlunun qardaşı) kafesində görəndə gözlərinə inanmadı: “Sən hara, bura hara?” Söhbətimə haradan, nədən başladığımı bilmirəm. Bircə ondan xahiş etdim ki, məni Mamedlə görüşdürsün. Mən onu deyib, bura gəlmişəm. Dedim: “Səni and verirəm Seyid Sadıq ağanın cəddinə...”
Seyid Sadıq ağanın adı gələndə Masallıdan olan ən daş qəlbli adam belə rəhmə gəlir. Vaqif isə mənim xətrimi istəyirdi. 1994-cü ildə ağır cərrahiyyə əməliyyatı keçirəndə dəfələrlə mənə baş çəkmişdi və ən bahalı dərmanı o alıb gətirmişdi...
İndi budur, yenə “dərdinə təbib axtaran xəstə adam” kimi onun mənalı, təbəssüm əskik olmayan gözlərinə baxırdım. O, iki barmağını qalın həbəşi dodaqlarının üstünə qoydu: “Dilini dinc qoysan, istəsəm səni qədeşlə bu dəqiqə görüşdürərəm. Amma sənə bələdəm.
And içdim, kişi sözü verdim. Heç beş dəqiqə keçmədi ki, “Viktoriya” restoranına çatdıq... (Bu restoran barədə eşitdiklərim və gördüklərim barədə irəlidə söhbət açacağam) Foyedən içəri daxil olanda pəhləvan cüssəli Vaqif him-cimlə mənə “dayan” işarəsi verdi. Sağdakı qapını açıb hündürdən: “Qədeş, Azər Nur gəlib”. İçəridən Mamedin səsi gəldi: “ O jurnalist oğlan?” – deyə soruşdu. Bu dəfə mən Vaqifi qabaqladım, üzünü görməsəm də: “Mən bura jurnalist kimi yox, Masallıdan olan bir eloğlu kimi gəlmişəm, Mamed!” Vaqif dönüb gülə-gülə mənə baxdı və başını buladı. Yəni “sənə bir az əvvəl dilini dinc qoy, demədimmi?”
Deyəsən cavabım, Mamedin xoşuna gəldi, onun iznindən sonra içəri daxil oldum. Əvvəlcə, Mamedlə, sonra yanındakı adamlarla görüşdüm. Masanın üzərində demək olar ki, heç bir ləziz xörək gözə dəymirdi. Pendir, bir tava qayğanaq, mineral sular, yarımçıq araq və konyak şüşəsi, bir də sadə salat idi. Ürəyimdə “Mamedin əyləşdiyi süfrə, görəsən, niyə belə kasaddır?” düşündüm.
Mamedsə mənə üzünü tutub: “Sən xoşbəxt jurnalistsən, – dedi, – ...dünyanın dörd “vor-zakon”uyla bir süfrədə əyləşibsən. Çeçen Alloddin, Gürcüstanlı Vaqif, (üçüncü adı indi xatırlamıram – A.) və mən – Masallı Mamed. Bu cavan oğlan isə bizim qardaşımız Rövşəndir...
Masallıdan olan Rövşəni (Allah ona qəni-qəni rəhmət eləsin!) iş-güc adamı kimi qiyabi də olsa, tanıyırdım. Onun da atasının adı İsgəndər idi. Ona:
– Haqqınızda Əlqadir qohumum mənə çox danışıb, – dedim. Rövşən Mamedə Əlqadirin Moskvada itkin düşməsi və 6 aydan sonra “üzə çıxması” barədə macərasını qısaca danışdı. “Oğlu da atasını tapmaq üçün sənə xahişə gəlmişdi...” Mamed Əliqadiri xatırlayıb: “O qoca kişini deyirsən...” bildirdi.
...Az sonra Mamed rusca Çeçen Alloddinin adıyla mənim adımı özünəməxsus şəkildə açıqladı: “Allahın dini və dinin nuru”.
O gün Gürcüstanlı Vaqifin bir gün əvvəl azadlığa çıxması qeyd olunurdu. Vaqifin azərbaycanlı vəkili Nazim haqqında xoş sözlər deyildi. Sən demə, Nazim ana tərəfdən Mamedin uzaq qohumu, Masallının Xıl kəndindənmiş. Slavyan kökənli dövlət ittihamçısının soyadının mənasını məhkəmə istintaqında elə şərh edib ki, hakimin özünün də dodağı qulaqlarının dibinəcən qaçıb... O söhbətlərdən yadımda qalan son cümlə budur: “Dövlət ittihamçısının insan taleyinə soyuq münasibəti daşıdığı familiyasından bəllidir”. İki gün sonra məni o qalıb vəkillə – Nazim İbadovla da tanış edəcəkdilər... Gürcüstanlı Vaqifi, Rövşən, Nazim və mən gecənin xeyli hissəsini “Viktoriya”da keçirəcəkdik. Mən o unudulmaz gecəni “Poeziya buketi, nəğmə çələngi” adlandıracaqdım
...Vaqifin “izin” jestindən sonra gəlişimin məqsədini qısaca söylədim. Çantamdan bir-bir çıxartdığım “Seyid Sadıq aləmi”, “Əsrin sönməz şamları”, “Bakı açıq şəhərdir” kitablarımın hərəsindən bir nüsxə, Alim Qasımovun zərb-muğamları toplanmış audiokaseti və bir də Seyid Sadıq ağa haqqında ssenari müəllifi və rejissoru olduğum 45-50 dəqiqəlik yeni filmin videokasetini Mamedə hədiyyə etdim. Yeri gəlmişkən, qeyd edim ki, istər bu filmin, istər “Masallı XX əsrdə” (2000-ci il) sənədli filminin quruluşçu operatoru və əsl cəfakeşi Hacı Elnur Kamiloğlu mənim təklifimlə “Azərsel”in 55 metrlik ötürücü qülləsinə çıxıb yuxarıdan Masallının panoramını çəkmişdi. Elə gözəl çəkilmiş ki, sanki təyyarənin illüminatorundan Masallını seyr edirsən. Ayrı-ayrı vaxtlarda çəkilsə də, hər iki filmin kadrlarında Mamedin tikintisi yarımçıq qalan qırmızı kərpicli evi diqqəti özünə cəlb edirdi (Sən demə bu ev onun qardaşı Elşənin imiş... Mamed həmişə deyərmiş ki, azadlıqda mənim evim köhnə ata ocağımdı, həbs olunanda da ikinci evim həbsxanadır...).
Vaqif özünəməxsus istehza və təbəssümlə mənə:
– Öz cəzandı, çək indi. Kitablarını vur qoltuğuna, gəz Rusiyanı şəhərbəşəhər. Düz sözə nə deyəsən? İlin əvvəlində Samara, Nijni Novqorod, Kazanda olmuşdum. Hər şəhərdə kitablarımın bir-iksini Azərbaycan diasporuna hədiyyə edib, qalanını tanış-bilişin köməyi ilə satırdım. Dədəmin (atamın) qəfil ölüm xəbərini alan kimi səfərimi yarımçıq qoyub geri qayıtmışdım. Səhv etmirsənsə, Vaqif mənə Seyid Sadıq ağa haqqında yazdığım kitabımın “satışına” Mamedin etiraz edəcəyini də qabaqcadan – hələ Telmanın kafesində görüşəndə bildirmişdi. Bu dəfə də zənnində yanılmamışdı.
Mamed öz qərarını aydın şəkildə belə bildirdi:
– Bu kitabları aparıb oxuyacağam! Xoşuma gəlsə, sənə yaxşı bir köynək, üstündə də xameleon qalstuk hədiyyə edəcəyəm. Vəziyyətə baxaram, bəlkə sənə bir cib telefonu da bağışladım?! Qaldı, “Ağa”nın kitabları, kasetləri satılmamalıdır... Sən də ziyalısan. Ziyalı adamın Masallıdan – Azərbaycandan gəlib burda kitab-kaset satmağı yaxşı deyil! Burda hər millətdən var...
Düzü, mən çox pərt oldum. Qatarda gələndə təsəvvür etdiyim ümidlərim nagahan puça çıxdı. Yeyib-içməyə iştaham belə qalmadı. Niyə? Məni Moskvaya gəlməyə, Mamedi axtarmağa vadar edən səbəb nə idi?
Qısası, övladımın ali məktəbdə təhsil haqqını ödəmək üçün bir nəfərdən sentyabrın əvvəlində borc almağa məcbur oldum. O mənə minnətlə ayın sonuna kimi vaxt verdi. Üstəlik, borcunu yubadan, ya da qaytarmayan qohum-qardaşının ünvanına elə qəliz söyüş dedi ki, mən ona dübarə, əməlli-başlı KİŞİ SÖZÜ verməli oldum: “Oktyabra bir həftə qalmış pul sənin masanın üstündə olacaq, vəssalam!”
Bələdiyyədən aldığım maaşla borcumu heç bir ilə də ödəyə bilməzdim…
Beynəlxalq Bankın Xətai filialına rəhbərlik edən doğma dayım oğlu isə telefonda böyük təəssüf hissi ilə “xaricdə” olduğunu bəhanə etdi. Bizlərdə belə bir xalq deyimi var: 12 imama yalvarınca, bir olan Allaha pənah apar!”
...Bu barədə özümə qürbətdə bir köynək yaxın bildiyim Vaqifə belə, heç nə danışmamışdım. Moskvaya şəxsən onu və onun vasitəçiliyi ilə Mamedi özümə pənah bilib gəlmişdim... Bakıda verdiyim “kişi sözü”nün qürbətdə başıma hansı oyunlar açacağından hələ xəbərsizdim. Maddi əzablar bir yana qalsın, bəd ayaqda özündə dözüm tapırsan! “Axırı yaxşı olar, inşallah” deyə-deyə birtəhər yaşayırsan... Mənəvi əzab-əziyyətlər isə keçmişdə qalsa da, adamın qəlbini qəbir evinəcən yandırıb-yaxır. Əgər ali məktəbə (özü də özəl yox, dövlət!!!) oğlum qəbul olsaydı, yəqin ki, qürbətə üz tutmazdım və ruhumu yun kimi didik-didik eləyən, az qala hər gün xatırladığım – ÖLÜMÜN soyuq NƏFƏSİNİ bir addımlıqda duyduğum qorxunc bir səhnənin nə “tamaşaçısı” olardım, nə də iştirakçısı...
Bəli, övladımın ali təhsil alması üçün yeganə ümidim kitablarımı satmağa qalırdı. “Seyid Sadiq aləmi” o vaxt son kitabım (“Əbilov, Zeynalov və oğulları”, Bakı – 2011) idi. Moskvaya kitabdan 31, eyniadlı sənədli filmin “Səbuhi” studiyası tərəfindən hazırlanan videokasetlərindən 20 ədəd gətirmişdim.
– Sən o kitabları hədiyyə kimi paylayarsan, – Mamed sınayıcı nəzərlərlə mənə baxdı, elə bil qəlbimin dərinliklərinə boylandı və içimdəki nigarançılığı hiss edib ani pauza verəndən sonra dedi, – darıxma, ağlı oğlanlar səni burdan hörmətlə yola salacaqlar...
Özümə gəldim. Bayaqdan itən iştaham geri qayıtdı. O, sözünü belə tamamladı:
– Pul məsələsində məndən əlini üz, çünki pulum yoxdur... O ki qaldı dediyim hədiyyəyə, Vaqif günü sabah bura gələndə gətirib sənə verər...
Gedəndə Vaqifə: “Müəllimi “İzmaylovo” otelində yerləşdir, ya da apar, sənin yanında qalsın”. Və o dəqiqə Vaqifin qırımından bildi ki, ikinci variant nə mənə, nə də ona sərf edir. Bəlkə də Vaqifin “başqa qonağı” olduğunu, ya da qaldığı mənzilin şəraitini xatırladı? “ İzmaylovo” daha rahat olar!” – dedi.
İsmayıl adı qədər mənə doğma gələn “İzmaylovo” məni özünə cəlb etdi.
Bir neçə gündən sonra belə rahat və “doğma” yerdə NARAHAT olacağımı ağlıma da gətirə bilməzdim...
Mamedin məni xoş qarşılaması, hədiyyəsi ruhuma qol-qanad verdi. Rövşən mikrofonu mənə verib: “Qədeş deyir, sən yaxşı şeir deyirsən! Al, musiqi sədaları altında ürəyinin istədiyi qədər şeir de, biz də feyziyab olaq...” Bunu o Rövşən deyirdi ki, işgüzarlığı, bacarığı ilə vaxtilə Moskva şəhərinin meri Lujkovun diqqətini özünə cəlb etmişdi (Əslində yerli rusların “BöyükKepka” adlandırdığı bu şəxs bir çox millətçi siyasətçilər kimi azərbaycanlı biznesmenlərə birmənalı münasibət bəsləmirdi.).
…Birnəfəsə bir necə şeir dedim. Xalam nəvəsi, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, şair Arif Fərzəlinin şeirlərindən tutmuş, Aşıq Pənahın qoşmalarınacan! Əli Kərim, Ramiz Rövşən, Sabir Almazov (“Sağlıq” şeri, məncə, onundu: “Ömrümüz qalmasın təki yarımçıq, yarımçıq içilmiş piyalə kimi”). Əlbəttə, məqamı çatanda Masallının mənəvi zirvəsi – Sarəngin qəzəllərindən söyləyirdim. Bu zaman təkcə “tamaşaçılar” deyil, musiqiçilər də məndən məmnun qalırdılar:
Qadan alım, tarçı, bir az asta çal,
Könlüm yaralıdır, gəl ahəstə çal...
Mizrabı yavaş vur, ürəyim dolub,
Sarı simdə gəziş, bir az pəstə çal.
Canan xəstəsiyəm, sevda yolçusu,
Canım çıxhaçıxda, son nəfəsdə çal.
... Sarəng zarıncıdır sevda dəmindən,
Axırda sən Allah, “Segah” üstə çal!
Əli Kərimin “İki sevgi”, Arifin, “Mənim yolum haqq yoludur”, “Onda toylar vardı...”, “Axır pasın çıxar üzə...”, “Dünya düşmən qapısıdır, döymüşdük döyməmiş olaq” misrası ilə başlayan şeirlərini improvizə edir, bəzi adları, ifadələri qeyri-ixtiyari dəyişirdim. Məsələn, “İki sevgi” şerində “Daşkəsən” əvəzinə:
...Mən səni sevirəm,
Bakıdan, Masallıdan gələn gur səda kimi...
– deyirdim.
Musiqinin müşayiətilə Arifin şerini isə o gün Mamedin iştirak etmədiyi sözlü-nəğməli məclisimizdə belə söylədim:
Axır sirrin(!) çıxar üzə,
Zorun zordur, zər deyil ki!
Əyləşdiyin hər nədirsə,
Kürsüdür, minbər deyil ki!
Haqq itib, divan ki qalır,
Nər ölüb, meydan ki qalır.
Şeş oynadın, YEKi qalır.
Ağlatmasa, zər deyil ki...
Şahım, (!) gəl vurdur başımı,
Neynirəm çaylaq daşını,
Ver içim, “puff” göz yaşını, (!)
Bu, müşkü-ənbər deyil ki...
Yanar bu OCAQ, nə bilim,
Sönərsə haçaq, nə bilim,
Sonu nə olacaq, nə bilim,
Mamed (!) peyğəmbər deyil ki...
...Doğrudan da, Moskvada o soyuq payız gecəsi “Viktoriya”dakı məclisimiz əsl “Poeziya buketi, nəğmə çələngi”ni xatırladırdı. Masallıdan olan böyük Azərbaycan filosofu Rahid Ulusel demişkən: “Gərək söz qəlbə qaranquş yuvasına qonan kimi gəlsin...”
Qatıb-qarışdırdığım bu bir bənd şerinsə qəlbimə hardan, hansı şairin könül bağçasından qaranquş kimi qanad aça-aça gəldiyini bilmirəm:
Masallının əcəb, gözəl havası var,
Suyu sərin, ürəklərə şəfası var,
Moskvayla onun xeyli arası var,
Mən qürbətə yurddaş deyib gəlmişəm,
YURDdaşlara qardaş deyib gəlmişəm...
...Hətta tələbə yoldaşım Fəxrəddin Nəsirovun 1978-ci ildə – universitetə qəbul olduğumuz il auditoriya kürsüsündən söylədiyi “Şirinliyi gedən deyil damaqdan, çox çəksən də cəfasını qızların” rədifli qoşması da qəfil yadıma düşdü:
...Qız incisə dünya qopmaz, dağılmaz,
Qız naz etsə, oğlan üzü ağ olmaz,
Cavan canı dərdə düşər, sağalmaz,
Kim almasa, qadasını qızların.
Hər kəsin ki, öz başıdır, öz əli,
Qız axtarar, nazlı, duzlu, məzəli,
Biri sevər nərmə-nazik gözəli,
Biri sevər potasını qızların.
Qoy cavanlar inciməsin, küsməsin,
Qız üstündə dalaşmasın, kəsməsin,
Oğul odur barmaqları əsməsin,
Qaldıranda fatasını qızların.
Arada “Azərbaycan oğluyam” mahnısına birlikdə rəqs elədik. Gürcüstanlı Vaqif çalğıçılara rus minliyi, Rövşən 50 dollar, Nazim iki şax 50 minlik (Azərbaycan manatı verdi. O vaxt bu pula 5 şirvan deyirdilər)
Söz limiti yavaş-yavaş “qurtardı”...
Puldan söz düşəndə, onu israfla xərcləyən adamlara tuş gələndə, öz “şəxsi dərdim” – hər beş ildən bir, ətək-ətək pullar töküb, deputatlığa namizəd olan ziyalı eloğluma ayın sonunacan verəcəyim borcum yada düşürdü.
Elə yazımın bu yerində, əl boyda Moskva gündəliyim hardansa masamın üstünə düşdü. Və RUHUN varlığına, varlığın möcüzəsinə bir də inandım. Bu kiçik cib dəftəri digər əlyazmalarım kimi Masallıdan Bakıya köçəndən sonra mənimlə 4-5 ünvan dəyişmişdi. Hər dəfə yükümüz az olsun deyə, orta məktəbdən, əsgərlik həyatından, tələbəlik illərindən üzü bəri “sandığa çinlədiyim” qeyd dəftərlərimi saf-çürük edib zibilliyə atardım və özümə “Köç-köç Hüseynxan” deyib “kvartirant” yaşayacağım növbəti ünvana köçürdüm. Moskvada payızın vur-tut YEDDİ anı əks olunan “gündəlik”də Mamedin adını M.yazmışam.
Görünür, ilk gündən “Bura jurnalist kimi gəlməmişəm” vədim öz işini görmüşdü. Heç kimdən heç nə soruşmurdum. Hətta bizlərə xas olan “haralısan” sualını belə vermirdim. Əsas o idi ki, mənəvi və maddi sığınacaq kimi tapdığım bu qürbət guşə mənim üçün Azərbaycanın bir parçasıydı. Özümə aid qeydlərimi xəlvətcə yazırdım. Düşünürdüm ki, görsələr, kiminsə xoşuna gəlməz. Lap elə Mamedin qulağına çatar, o da mənə irad tutar: “Bəs deyirdin bura jurnalist kimi yox, eloğlu kimi gəlmişəm?!”
20 sentyabr. Bu gün niyyətim tək gəzməkdi. Evə zəng edəcəyəm. Metronun Leninqrad stansiyasının yaxınlığındakı kafedə inqilabla görüşdüm. M. haqqinda xeyli söhbət etdik. inqilab dedi ki, M. mütaliəni çox sevir. Bibliomandı. Marksdan tutmuş, Dostoyevskiyəcən bütün dahilərin kitablarını oxuyub... Nə isə... Burdan qayıdandan sonra gərək “Qaçaq Mozu” nu bitirim... Bu romanı qaçaq həyatı yaşayan qoçaq M-in taleyinə həsr edəcəm”
...İndi bu qeydlərə baxa-baxa Mamedin qəribə taleyini düşünürəm.
kulis.az

Комментариев нет:
Отправить комментарий