15.05.2013

«BAŞ KOMANDAN YAVƏRSİZ BU DÜNYADAN GEDƏ BİLMƏZ!»

Akif ABBASOV

19 MAY - Mustafa Kamal Atatürkün (1881-1938) anadan olduğu gündür

(“Samsundan başlanan yol” romanından bir parça)

Salih Bozok çalışırdı ki, içərisinə qızılgül mürəbbəsi salınmış çayı Atatürkə içirtsin. Atatürk əlilə işarə etdi ki, lazım deyil. Siqaret istədi. Salih bəy onun başını dikəltdi və yandırdığı siqareti ona uzatdı. Son zamanlar meyli siqareti də çəkmirdi. Özünü halsız və pis hiss edirdi. Atatürkü fransalı həkim Fissinger (Fisencer) müayinə etmiş, ona bildirməsə də, ətrafdakılara onun ciddi xəstə olduğunu demişdi. Bu hələ onun xəstəliyinin başlanğıcında idi. Fisencer Atatürkə deyirdi: «Mən sizi sağaltmağa çalışacağam. Amma bu işdə sizin köməyinizə ehtiyacım var. Siz böyük müharibələrdə qələbə çalmağa qadir komandir və komandan ola bilərsiniz.
Fəqət bu müalicə sahəsində sizin komandanınız da, komandiriniz də mənəm. Mənim sözüm keçməlidir. Ona görə də  istər-istəməz mənə qulaq asmağa və dediklərimə əməl etməyə məcbursunuz.
Onun sözləri Atatürkün xoşuna gəldi. Odur ki etiraf etdi:
– Doğru buyurursunuz, doktor. İndi baş komandan sizsiniz. Burada hamı sizi eşidir, sizin sözünüzü deyir.
Fisencer sözünə davam etdi:
– Paşam, indi söz sizin deyil, mənimdir. Mənim də təklifim budur ki, gərək içkiyə «yox» deyəsiniz, yataq rejimini gözləyəsiniz. Bundan başqa, ərköyünlüyünüzü də yerə qoymalı, siqareti azaltmalısınız.
Atatürk vəziyyəti nəzərə alaraq onunla razı olduğunu bildirdi.
Həmin söhbətdən xeyli keçmişdi. İndi Atatürk yataqda uzanmış vəziyyətdə kitab oxuyur, yazı yazır, yorulanda dikəlirdi. İştahası xeyli yaxşılaşmışdı. Enerjisi, düşünmə gücü bərpa olunmuşdu.
Fisencer onun ara vermədən siqaret çəkdiyini görüb narahat olmuş və xəbər almışdı:
– Əfəndim, görürəm, siqaretlə möhkəm dostsunuz. Gündə dostunuzla neçə dəfə görüşürsünüz? Yəni demək istəyirəm ki, gün ərzində neçə qutu boşaldırsınız?
Atatürk cavabında demişdi:
– Nə az, nə çox, vur-tut səkkiz qutu.
Təəccübdən həkimin gözləri bərəldə qalmışdı:
– Necə? Neçə dediniz?
– Səkkiz qutu.
Fisencer onu dilə tutmağa, inandırmağa çalışaraq əlavə etmişdi:
– Sayın Atatürk, məni əfv edin, mən deməsəm də, Siz çox gözəl bilirsiniz ki, siqaretin cana nə qədər böyük ziyanı var! Fikrim sizə öyüd-nəsihət vermək deyil, bir xahişim var, gərək sözümü yerə salmayasınız.
Atatürk onun üzünə baxdı. Yəni «Buyur, de, görüm».
– Təvəqqe edirəm, gün ərzində heç olmasa, bir qutu siqaret çəkin. Bilirəm ki, çətindir. Fəqət nə etməli?! Vəziyyət bunu tələb edir.
Atatürk güldü. Həkim elə zənn etdi ki, o demək istəyir ki, bundan sonra birdən-birə bu adəti necə tərgitsin. Fəqət Fisencerin gözlədiyinin əksinə olaraq Atatürk dedi:
– Mən sizinlə razılaşıram. Amma yadınızda saxlayın, siz özünüz icazə verdiniz ha…
Fisencer başa düşmədi. Çaşıb qaldı.
– Mən nəyə icazə verdim? Yox, mən demədim ki, gündə səkkiz qutu siqaret çəkin, dedim ki, çalışın bir qutunu aşmasın…
Atatürk cavabında dedi:
– Həkim, narahatçılığa əsas yoxdur. Gün ərzində mən cəmi bir qutu siqaret çəkirəm. Səkkiz qutu deyəndə, sadəcə, sizinlə zarafat edirdim. Siz özünüz demişdiniz ki, zarafat, gülüş əhval-ruhiyyəni yaxşılaşdırır. Odur ki, elə zarafata sizinlə başladım.
Fisencer güldü. Tələyə özü düşmüşdü.
Atatürk davam etdi:
– Deməli, doktor, bir qutuya siz özünüz də razılıq verirsiniz. Bundan belə həmin siqaretləri arxayınlıqla, sizin icazənizlə çəkəcəyəm…
Fisencer yenə çaşdı. Ürəyində öz-özünə: «Tələsdim, – dedi, – bilsəydim, yarım qutuya razılıq verərdim»…
***
Ülkü yenə Atatürkün yanında idi. Atatürk özü onu çağırtdırmışdı. Onsuz çox darıxırdı. O, yanında olanda özünü rahat hiss edir, onunla zarafatlaşır, onun şirin danışıqlarından ləzzət alırdı. Hətta bəzən yaxınlarının, həkimlərin, dostlarının, silah yoldaşlarının qıyıb ona demədiklərini dilə tutub Ülküdən öyrənirdi. Atatürk Ülkünün başını sığallayaraq Vəzifə xanıma dedi:
– Cümhuriyyətin bayramına az qalır. Bu dəfə Ankaraya mənsiz getməli olacaqsınız. Ülkünü də götürüb Ankaraya get. Qoy uşağın eyni açılsın, şadlansın, onu xiffət etməyə qoyma, qoy həmişə nəvazişlə, qayğı ilə əhatə olunsun. O, yaxşı baladır. Gedin, hazırlaşın.
Ülkü Atatürkün boynuna sarılaraq:
– Nolar, sən də bizimlə get. Mənimlə birgə şənliklərdə olmaq istəmirsən. Bir yerdə atılıb-düşər, şənlənərik. Bəs həmişə deyirsən, məni çox istəyirsən!
Sonra Atatürkün saçlarını qarışdıraraq:
– Sənə bu çarpayıda uzanmaq yaraşmır, Atatürkcüyüm. Sənin tapançan vardı axı. Bu xəstəlik nə olan şeydi. Onu birdəfəlik güllə ilə vur, qurtarsın getsin. Sonra hər şey yoluna qoyulacaq və biz birlikdə Ankaraya yola düşəcəyik: sən, mən, anam. Dur elə indi gedək. Ankaraya gedək.
Atatürkü gülmək tutdu. Ülkünün yekə-yekə danışmağından xoşu gəldi:
– Yox, qızım, körpə quzum. Həkimlər icazə vermir ki, xəstəliyi güllə ilə vurum. Deyirlər xəstəliyi yavaş-yavaş sağaltmaq lazımdır. Başa düşürsən, yavaş-yavaş. Özümə gəlmək üçün mənə vaxt lazımdır. Deyirlər sağalım, sonra hara istəsəm gedim. Burada bəzi işlərim də var, onları yoluna qoyub sizin yanınıza gələcəyəm.
Bu zaman Səbihə Göyçənlə Afət İnan içəri girdilər.
Ülkü sevindiyindən atılıb-düşdü:
– Bax, bacılarım da gəldilər. İndi səndən onlara şikayət edəcəyəm. Deyəcəyəm ki, mənim sözümə baxmırsan. Məni incidirsən, xətrimə dəyirsən.
Atatürk güldü, zarafatla:
– Elə bilirsən bacılarından qorxuram?!
Ülkü özünü Səbihə Göyçənlə Afət İnanın üstünə atdı. Görüşüb öpüşdülər. Gələnlər Vəzifə xanımla da görüşdülər, hal-əhval tutdular. Ülkü sözünə davam etdi:
– Səbihə, bacıcan, Atatürkcüyümə sən də de. Axı sən məndən böyüksən. Bəlkə sənin sözünə baxdı. De ki, bizimlə Ankaraya getsin. Axı o, bayramda çıxış etməlidir. O getməsə, kim danışacaq?
Atatürkü yenə gülmək tutdu:
– Qızım, tapşırmışam, mənim əvəzimdə danışacaqlar.
– Yox, mən istəyirəm sən danışasan. Onlar sənin kimi danışa bilmirlər…
– Afət bacı, sən də de. Qoy babam bizimlə getsin.
Afət İnan cavabında:
– Yaxşı, deyərəm.
Afət İnanın cavabını eşitsə də, Ülkü anlayırdı ki, Atakürk Ankaraya getməyə tələsmir. Odur ki:
– Onda mən də getmirəm ! – deyə inad etdi.
Atatürk onun xətrinə dəyməmək üçün:
– Ananla sən get, bir gə gördün mən də gəldim.
Ülkü dodağını büzüb, bir əli ilə dəmir çarpayıdan yapışmışdı. Vəzifə xanım onu özünə sarı çəksə də, qız əlini buraxmırdı. Atatürk bir xeyli qızı dilə tutdu. Sonra onu bağrına basaraq dönədönə öpdü.
Atatürk Vəzifə xanımı him-cimlə başa saldı ki, Ülkünü buradan aparsın….
Təxminən on gün sonra Vəzifə xanımla Ülkü artıq yola hazır idilər. Ankaraya gedirdilər. Ülkü göz yaşlarını tökürdü. Onun ağlamasına dözməyən Atatürkün də gözləri doldu. Ülkü qəhərli səslə:
– Gedirəm, amma yenə gələcəyəm, – dedi.
Atatürk:
– Sən gəlmə, mən özüm gələcəyəm, – desə də, fəqət artıq bilirdi ki, bu xəstəliyin pəncəsindən qurtula bilməyəcək. Ankaranı da çətin ki, bir daha görə bilsin.
Vəzifə xanım və Ülkü Atatürkün əllərindən öpərək pərişan, əhvalı pozğun ayrıldılar. Atatürk bacısına tapşırdı:
– Uşaqdan muğayat ol.
Vəzifə xanımla Ülkü Ankaraya yola düşdülər. Afət İnan onları ötürdü. Atatürkün tapşırığı ilə Nəsib əfəndi hər gün onlara zəng edir, hal-əhval tutur, Atatürkün salamını, sözlərini onlara çatdırırdı. Çox vaxt Atatürk telefonun dəstəyini alır, Ülkü ilə özü danışırdı. Telefonda Atatürkün səsini eşidən Ülkü daha bilmirdi ki, nə etsin. Sevinir, atılıb-düşürdü. Telefonun dəstəyi yerə qoyulanda üzünü Vəzifə xanıma tutaraq deyirdi:
– Anacan, Atatürkcüyümün sevdiyi mahnıları çal, oynayaq.
Vəzifə xanım da gah «Çanaqqala içində», «Yanık Ömər», gah «Olmaz əlac», «Adladım bağçasına girdim», gah da «Yəmən türküsü», «Şahanə gözlər, şahanə», «Zülfünün əsiri» mahnılarını səsləndirər, ana-bala qol götürüb oynayardılar.
* * *
Atatürk son günlərini Dolmabağça sarayında keçirirdi. O, burada yaşayır və müalicə olunurdu. Sarayın parket döşəməsinin üzərini çoxlu xalı və səccadə örtülmüşdü. Qəbul salonunda nəhəng bü¬lur çilçıraq asılmışdı. Bu əfsanəvi çilçırağın ağırlığı dörd ton yarım idi.
Dolmabağça Sarayı İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi bir saray idi. Sarayın yerləşdiyi ərazi vaxtilə XVII əsrdə Osmanlı donanmasının gəmilərinin lövbər saldıqları bir liman idi. Həmin yerdə vaxtaşırı dənizçilər üçün şənliklər təşkil edilirdi. Bir müddət keçdi. Liman gözlənilmədən bir bataqlığa çevrildi. Günlərin birində başladılar bu bataqlığı qurutmağa. Buralar cənnətə döndü. Ərazidə çoxlu malikanə və qəsrlər kompleksi tikildi. Bu malikanə və qəsrlər uzun illər Beşiktaş Sahilsarayı kimi ad çıxarmışdı.
Sultan III Səlim binaların qərb memarlıq üslubunda tikilməsinə üstünlük verirdi. Boğaziçində onun zövqü ilə ucalan xeyli malikanə və qəsr vardır.
Padşah II Mahmud Topqapı sarayı ilə yanaşı, Bəylərbəyi və Çirağan bağçalarında əzəmətli saraylar inşa etdirdi. Padşahlar buralarda – bağ-bağça, yaşıllıqlar qoynunda eyş-işrət məclisləri qurar, keflərindən qalmazdılar. Fəqət getdikcə Topqapı sarayı sanki gözdən düşdü. Gediş-gəlişin sayı azaldı.
Padşah II Mahmuddan sonra taxta çıxan sultan I Əbdülməcidi də Topqapı sarayı bir o qədər cəlb etmirdi. O, bu saraya ara-sıra, özü də qış aylarında gələr və çox da qalmazdı. Sultan I Əb¬dülməcidin uşaqlarını, necə deyərlər, hürkütməsən saymaq olmurdu. Onların sayı qırxı ötmüşdü. Bu uşaqların bir çoxu Boğaziçi saraylarında dünyaya gəlmişdilər. O zamanlar sultan I Əbdülməcid Beşiktaş sarayında yaşayırdı. Başqa şahzadələrdən fərqli olaraq, o, mükəmməl təhsil görməmişdi. Fəqət son dərəcə uzaqgörən, tədbirli və qərb ölkələrinə meyilli bir şəxs idi. Qərb musiqisini, Qərb həyat tərzini xoşlayırdı. Fransız dilində yaxşı danışırdı. O, klassik Osmanlı sarayları əvəzinə iqamətgah, səfirlik, qonaqların qəbulu və dövlət idarəsi üçün Avropa saraylarına bənzər bir saray tikdirmək qərarına gəldi və işə başladı.
Dolmabağça sarayının inşaasına 1843-cü ildə başlandı və onun tikintisi 1856-cı ildə başa çatdı. Memar Altunizadə İsmayıl Zühtü paşa idi. Saray Barokko memarlıq üslubunda inşa olunurdu. Sarpayın tikintisi beş milyon qızıl pula başa gəldi. Sultan I Əbdülməcid Dolmabağça sarayında vur-tut altı ay yaşadı.
Lakin sonralar sultan II Əbdülhəmid də, sultan V Mehməd Rəşad xan da Dolmabağça sarayından daha çox Ulduz sarayında yaşayıb işləməyə önəm verdilər. Hətta Sultan V Mehməd Rəşad xan Ulduz sarayında vəfat etdi.
Atatürk baxışlarını tavana zilləyib xəyala getmişdi. Atası Əli Rza əfəndi  az yaşamışdı. Bağırsaq vərəmindən ölmüşdü. Əli Rza əfəndidən sonra ailənin dolanışığı çox çətinləşmişdi. Uşaqlar balaca idilər, Fatma, Əhməd və Ömər hələ atalarının sağlığında difterit yolxucu boğaz xəstəliyindən ölmüşdülər. Ailə cüzi təqaüdün ümidinə qalmışdı. Belə ağır günlərdə Ragip əfəndi Zübeydə xanıma evlənməyi təklif etdi. Onun arvadı vəfat etdiyindən dörd uşaqla dul qalmışdı.
İmkanlı olmasına baxmayaraq, ögey ata dörd övladı ilə birlikdə Zübeydə xanımın evinə köçdü. Bu evliliyi qəbul etməyən Mustafa elə həmin gün evi tərk edib, Horhor məhəlləsində yaşayan xalası Əminə xanımın yanına getdi və bir daha atası evinə qayıtmayacağına and içdi. Mustafa bir müddət burada yaşadı və ögey atası ilə küsülü dolandı. Sonralar başa düşdü ki, ögey atası heç də pis adam deyilmiş. Sən demə, o, sadə, xeyirxah, xoşrəftar, ürəyi təmiz bir insanmış. Atatürk illər keçəndən sonra Afət İnana Ragip bəy barədə bunları söylədi: «Biz hətta dost olduq. Yaxşı kişi imiş. Anamı da başa düşdüm. O, gənc yaşlarında dul qalmışdı. Ailəni dolandıra bilmirdi. Ailədən çıxıb getməyim sadəcə bir çılğınlıq idi, atamın yerinin başqa birişi tərəfindən tutulmasına tablaşa bilməmişdim».
Atatürk ətrafa göz gəzdirdi. Sakitlik idi. Dəhlizdən pıçıltı səsləri gəlirdi. Nə danışdıqları aydın deyildi. Görünür, ona mane ol¬mamaq üçün ehmalca danışırdılar. Atatürkün yaxşı yadındadır: Zübeydə xanımın Ragip əfəndidən bir qızı olmuşdu. Adını Vəzifə qoydular. Vəzifə də atasını erkən – uşaq olarkən itirdi. Ragip əfəndi Birinci Dünya savaşından az sonra Salonikdə vəfat etdi. Mustafa bu balaca qızla, ögey bacısı ilə həvəslə oynayırdı. Zübeydə xanımın vəfatından sonra qız Atatürkün bacısı Makbulənin (Boysan Atadan) yanında qaldı. Qız böya başa çatanda, özünü tanıyanda Atatürk onu Çərkəz adlı bir şəxsə ərə verdi.
Atatürk Lətifə Uşaqlıgillə evliliyini bir yanlışlıq sayırdı. Bu evlənmədən uşaqları da olmamışdı, üstəlik Lətifə xanımın şıltaqlıqlarına dözə bilmədiyindən, xanımı onun etimadını və ümidlərini doğrultmadığından Atatürkün təşəbbüsü ilə onlar ayrıldılar. Bu hadisə Atatürk qırx dörd yaşında olarkən baş vermişdi.
Ülkü 1933-cü ildə doğulmuşdu. Mustafa Kamalın artıq əlli iki yaşı vardlı. Vəzifə xanım Ülküyə hamilə olanda Atatürk üzünü bacısına və Çərkəz bəyə tutaraq ərklə demişdi: «Hər ikinizin xətrini dünyalar qədər istəyirəm. Sizin istər qızınız olsun, istərsə də oğlunuz – fərq etməz, onun adını Ülkü qoyacağam!»
Vəzifə xanımla Çərkəz bəy onun istəyi ziddinə getməmiş, dediyi ilə razılaşmışdılar. Odur ki, uşaq doğularkən sözsüz-söhbətsiz onun adını Ülkü qoydular.
Atatürk yadına salıb gülümsündü. Ülkü qırx günlük idi. Onu qucağına götürüb astaca yanağından öpdü: «İlahi, necə gözəl yaranışdır?! Necə də məsumdur!»
Atatürk ölkə prezidenti idi. Bir müddət başı iş-gücə qarışdığından vaxtlı-vaxtında sevimli Ülkünü görə bilmirdi. Ülkünün doqquz aylığında Atatürk onlara gəldi. Qızı gətirdilər, onu öpüb başı üzərinə qaldırdı. Sonra əyləşib dizi üstündə oturtdu. Uşaq çoxdanın tanışı kimi Atatürkdən nə qorxur, nə də çəkinirdi. Ağlamırdı, əksinə üzünə gülümsəyirdi. Başını Atatürkün köksünə qoymuşdu. Sonra yerindən təpnənib əlini uzatdı və onun saatından yapışdı. Uşaq sövq-təbii ilə bu insanın ona doğma olduğunu, onu çox sevdiyini anlayır, ona can atırdı.
Atatürk saatını açıb Ülküyə uzatdı. Qız alıb o tərəf, bu tərəfə çevirdi. Atatürk qızın əlindən tutub saatı onun qulağına apardı. Saatın çıxartdığı səs Ülkünün diqqətini cəlb etdi və onu sevindirdi.
Atatürk həmin xoş anları yada salıb yenə gülümsündü.O zaman onda atalıq hissləri baş qaldırmışdı. Atatürk bir qədər oturdu. Hal-əhval tutdu. Bir fincan qəhvə içib getdi. Lakin axşamüstü onların dalınca maşın göndərdi. Ailə üçün Çanqaya köşkünə mənzil ayrılmışdı. Atatürk Ülkünü mənəvi qızlığa qəbul etdi. Mənəvi qızlığa və oğulluğa götürdüyü qızlar və oğlanlar arasında Ülkü yeganəsi idi ki, onunla Atatürkün qan qohumluğu vardı. Tatar üzlü, çəkik gözlü, xoşagələn və şeytan qızı o, çox sevərdi.*
Atatürkün yadına Çanaqqala döyüşləri düşdü. Çanaqqalanı xatırlayanda nədənsə gözünün önünə Koca Seyid və onun 175 kiloqram ağırlığında top mərmisini qaldırması gəldi. Bu hadisə 1915-ci ildə baş vermişdi. O zaman Koca Seyidə təşəkkürünü bildirmişdi. Atatürk onunla bir də iyirmi bir ilə keçəndən sonra görüşdü. Əhvalat belə olmuşdu. Atatürk Balıkesir Çanaqqala yolunun açılışında iştirak edirdi. O, Çanaqqala müharibəsində görüşüb tanış olduğu Kosa Seyidi xəbər aldı. Kosa Seyid haradasa yaxınlıqda yaşamalı idi. Koca Seyidi tanıyan olmadı. Atatürk təəccüb içərisində:
– Bu, nədən olur? Sizin Koca Seyid kimi Vətən oğullarını indiyə kimi tanımamağınız, onunla maraqlanmamağınız vəfasızlıqdır. Belələrini tanımalısınız, hörmətini saxlamalı, nüfuzunu qaldırmalısınız ki, bu torpaq üzərində yaşamağa haqqınız olsun…
Atatürk sözünə ara verib, ətrafı gözdən keçirdi. Meydanda insanların sayı xeyli artmışdı. O, söhbətinə davam etdi:
– Koca Seyid çox da uzaqda deyil. Bu məhəllələrin hansındasa, yaxud qonşu rayonda, yaxud kənddə sakit həyatını yaşayır, Çanaqqala savaşında necə bir hünər göstərdiyini gözə soxmur. Axtarıb onu tapın.
Tezliklə Koca Seyid gəlib çıxdı. Onlar mehriban görüşdülər. Koca Seyid:
– Paşam, sizin gəldiyinizi mənə xəbər verdilər. Çox sevindim. Eşidəndə ki, məni xəbər almısınız, istəlik axtarmısınız, elə bil dünyanı mənə bağışladılar! Gör aradan nə qədər vaxt keçib. Bəndənizi unutmamısınız…
Atatürk də məmnun halda dedi:
– Sənin kimi qəhrəmanlar unudula bilməz. Sən vətəni üçün, mil¬ləti üçün, numus və şərəfimiz üçün öz canını əsirgəməyən igid bir əsgərsən. Bunu necə unutmaq olar? Sənin qeyrətin sayəsində fransız gəmisi od tutub alovlandı, düşmənin İstanbula gedən yolu qapandı, neçə-neçə türkün həyatı xilas edildi.
Sonra Atatürk üzünü ətrafdakı insanlara tutaraq:
– Siz Koca Seyidləri tanımalısınız, – dedi. – Onları qiymətləndirməlisiniz, gələcəyinizi görməlisiniz, hədəflərinizi bilməlisiniz…
Mehmət Nuri Conker Atatürkün uşaqlıq dostu və ona son dərəcə sadiq bir şəxs idi. O, həmişə Atatürkə «Kamal» deyə müraciət edərdi. Hətta Atatürk prezident olandan sonra da. Bu, yaxınlıqdan, bir-birlərinə dərin məhəbbətdən və dostluqdan irəli gəlirdi. Mehmət Nuri yeganə adam idi ki, onu «Kamal» deyə çağırırdı. Atatürk bundan incimir, Mehmət Nuri hər dəfə ona belə müraciət edəndə xəyal Atatürkü uşaqlıq illərinə aparır, atalı-analı, bacılı-qardaşlı günlərini, Salonikdəki məhəllələrini yada salar, xoşhal olardı. Bacısı Naciəni hamıdan çox sevər, onunla oynamaqdan doymazdı. Sarışın bənizli bu qız daha çox anasına oxşayırdı.
Mehmət Nuri Conker həyatdan köçəndə Atatürk hələ sağ idi. O, son nəfəsində əziz dostu Mustafa Kamalı arzulamış, gözləri qapıda qala-qala gözləmiş, Atatürk gəlib çıxdıqdan sonra, onunla halallaşıb, dünyasını dəyişmişdi.
Atatürkün yadına Ziya Xurşidlə Gürcü Yusif düşdü. 1926-cı ildə İzmirdə bu şəxslər ona sui-qəsd etmək cəhdində olmuşdular. Sonradan Mustafa Kamal onlarla üzbəüz oturmuş və xəbər almışdı:
– Ziya, mənim sənə nə yamanlığım keçmişdi? Səhv etmirəmsə, biz arada səninlə xeyli yoldaşlıq etmişik. Səni nə məcbur etdi ki, belə bir xəyala düşdün, mənim qəsdimə durdun? Bununla nəyi dəyişmək istəyirdin, nəyə nail olmaq fikrində idin? Düzünü de, cəhdin baş tutsaydı, məni fiziki cəhətdən ortadan götürsəydin, nə vaxtsa vicdan əzabı çəkəcəkdin?
Ziya xəcalətindən başını aşağı salıb susmuş, cavab verməmişdi.
Atatürk sonra üzünü Gürcü Yusifə tutaraq soruşmuşdu:
– Məni həqiqətən vuracaqdın? Buna cürətin çatacaqdı?
Gürcü Yusif dili topuq çala-çala:
– Cəhd göstərəcək, fəqət sizi görən kimi əlim əsəcək, güllə sizi tutmayacaqdı.
Mustafa Kamal onları tərs-tərs süzüb yerindən qalxanda hər ikisi onun ayaqlarına düşüb yalvardılar. Ziya Xurşid:
– Bizi əfh edin, paşam!
Atatürk ayağını geri çəkərək:
– Bu işlə məhkəmə məşğul olur. Onların işlərinə qarışa bilmərəm, – dedi.
…Atatürkün həyatında bir neçə qadın olmuşdu. Onlardan yalnız biri – Lətifə Uşaqlıgillə rəsmi nikahda olmuş, fəqət bu evlilik uzun sürməmişdi. Vur-tut iki il, altı ay, dörd gün davam etmişdi.
Atatürk Lətifə xanımı yadına saldı. Özü də təəssüflə. Xasiyyətləri tutsaydı, Lətifə xanım onun dövlət işlərinə qarışmağa can atmasaydı, hədsiz qısqanc, sinirli, hikkəli və şöhrətpərəst olmasaydı, onların evlilik həyatı yəqin ki, hələ də davam edərdi. İndi o, xəstə və halsız Atatürkün yatağı başında olardı. O isə nə Atatürkün qədrini bildi, nə də özünü, öz taleyini düşündü.
Lətifə Uşaqlıgilin atası yüzbaşı Muammər bəy İzmirin Türkiyə ordusu tərəfindən geri alınması şərəfinə qırx-əlli nəfər dost-tanışa qonaqlıq verirdi. Lətifə xanım mətbəxə keçib, yeməyin hazırlanmasına göz qoyurdu. Bu zaman mətbəxin qapısı açıldı, Mustafa Kamal mətbəxə daxil oldu. Lətifə xanım dərhal kiminsə içəri girdiyini hiss edib çevrildi, Mustafa Kamalı görüncə:
– Əfəndim, bir şeymi lazım oldu? – deyə xəbər aldı.
Sualına cavab almamış:
– Siz niyə əziyyət çəkirsiniz?! Buyurardınız, göz üstə əməl edərdik. Nə çox əldə-ayaqda işləyən adam.
Mustafa Kamal dodaqlarında xoş təbəssüm əli ilə onu yanına sağırdı. Lətifə xanım yaxın gəldi.
Mustafa Kamal:
– Lətifə xanım, çox gözəl süfrə açmısınız. Çox da zəngindir. Ortada quş südü desən var. Özgə nə diləyimiz ola bilər?! Təşəkkürlər»! Ağlıma bir fikir gəlib, istəyirəm bu fürsətdən istifadə edim…
Lətifə xanım:
– Hansı fürsətdən?
Mustafa Kamal:
– İndi tək sənin, mənim deyil, millətin xoş günüdür, sevincli anlarıdır. Ürəklər gülür, hamı şənlənir, bayram edir. Sonuncu düşməni də qovduq ölkədən. Mən də xalqıma baxıb sevinirəm. İstəyirəm bu günkü şadyanalıq davam etsin. Mən sənin əllərini və ürəyini istəyirəm…
Lətifə xanım özünü elə göstərdi ki, guya onun nə dediyini anlamır:
– Əlllərimi və ürəyimi neyləyirsiniz, əfəndim? İstəyirsiniz mən əlsiz, ürəksiz qalım?
Mustafa Kamal onun özünü bilməməzliyə vurduğunu görüb mətləbi açdı:
– Demək istəyirəm ki, sizinlə evlənmək üçün razılığınız lazımdır.
– Elə isə atamı görün. Atam soruşsa, deyərəm: mən razı. Si zin kimi insanla bir yastığa baş qoymaq şərəfdir, fəxrdir, başucalığıdır!
Atatürk əlini Lətifə xanımın çiyninə qoyaraq:
– Atanız yüzbaşı Muammər bəylə danışaram. Onun xeyir-duasını almağa çalışacağam.
Lətifə xanım iyirmi beş yaşında idi. O, İzmir liseyini bitirmiş, Parisdə Sarbona Universitetinin hüquq fakültəsində təhsil almışdı. Evdə ondan başqa Vəcihə, İsmayıl, Müncü, Ömər və Rukiyə adlı bacı-qardaşları vardı.
Mustafa Kamal və Lətifə xanım həm dini, həm də rəsmi nikah əsasında 1923-cü ilin yanvarın 29-da evləndilər. Lətifə xanım öz əri ilə nikah msasında (toyda) əyləşən ilk Türk qızı idi. Nikah Muammər bəyin evində bağlandı. Mustafa Kamal tərəfindən Fevzi Çakmak paşa və Kazım Qarabəkir, Lətifə xanım tərəfindən İzmir valisi Mustafa Əbdülhalik bəylə baş yavər Salih Bozok şahid qismində iştirak etdilər. Nikahı müfti Əfəndi kəsdi. O, gəlincə Lətifə xanım qaçaraq otaqlardan birinə girdi və başına bir yaylıq bağlayaraq tez də qayıtdı…
Onlar bir müddət uğurlu evlilik həyatı yaşadılar. Lakin sonra Lətifə xanımda qəribəliklər özünü göstərdi. O öz davranışı, hərəkətləri və danışığı ilə Atatürkə layiq olmadığını büruzə verdi.
Bir gün Atatürk boşanma ərizəsi yazdı və hər şey bitdi. Lətifə 1923-ci il yanvarın 29-da İzmirdən Lətifə Qazi Mustafa Kamal adı və soyadı ilə çıxdığı halda, bir müddət sonra – 1925-ci il avqustun 5-də təkrarən Lə¬tifə Uşaqlıgil adı və soyadı ilə geri qayıtdı.
Atatürkün yadına Fikriyə xanım düşdü. O, Atatürkün sevimli qadınlarından idi. Onlar qibtə ediləcək bir eşq yaşamışdılar. O, Ragip əfəndinin qardaşı miralay Hüsaməddin bəyin üç qızından biri idi. Fikriyə xanım fransızca və yunanca sərbəst danışır, ud və piano çalmağı bacarırdı. Atatürk Fikriyə xanımla evlənsəydi, bu evlilik bəlkə də sürəkli olardı. O, mütənasib əndamlı, qara gözlü, incə, qara qaşlı, ağ üzlü bir xanım idi. Belə qadınlara gözəl deyirlər.
Fikriyə xanım onu çox sevirdi, hətta Atatürk Lətifə xanımla ailə qurandan sonra Fikriyə dözməyərək intihar etdi. O özünü tapança ilə vurmuşdu. Əhvalat belə olmuşdu. Fikriyə xanım xaricdə müalicə olunurdu. Mustafa Kamalın Lətifə ilə evləndiyini eşidincə Türkiyəyə qayıtmış, Mustafa Kamalı görmək istəmiş və Çankaya köşkünə gəlmişdi. Əri ilə Fikriyənin eşq macərasından xəbəri olan Lətifə xanım onu görüncə, Mustafa Kamala bildirmədən yavərə əmr etmişdi ki, onu buralardan uzaqlaşdırsın. Mustafa Kamalın iradəsilə təhqir olunduğunu düşünən Fikriyə özünə qəsd etmişdi. Lakin ölənə qədər Atatürkün şəklini köksündə, medalyonunun içərisində gəzdirmişdi.
Atatürk Fikriyə xanımın ölümünü heç cür unuda bilmir, bu işdə özünü suçlu hesab edir, vicdan əzabı çəkirdi. Odur ki, daim Fikriyəni anırdı, hətta bir dəfə çaşaraq Lətifə xanıma Fikriyə demişdi. Lətifə xanım bundan sonsuz hiddətlənmiş, İzmirdən ata-anasını çağırtdıraraq, olub-keçənlərdən, Fikriyə xanımdan yana-yana, birinin üstünə beşini də qoyaraq danışmışdı. Atası Muammər bəylə anası Adviyə xanım onu sakitləşdirməyə çalışmışdılar: «Ay qızım, belə-belə şeylərə görə ailədə söz-söhbət salmazlar», – deyə qızlarına öyüd-nəsihət vermişdilər. Başqa bir vaxt Lətifə xanım qonşuları və ailənin dostu olan, hakim Vələt Çələbi ilə görüşüb Atatürkdən şikayət etmişdi. O, qadını dinləmiş və onun haqlı olduğunu bilsə də, Atatürkün tərəfini saxlamışdı:
– Qızım, gərək sən ərə gedəndə yaxşı-yaxşı düşünüb-daşınaydın. Fikirləşəydin ki, kimə ərə gedirsən. Gəl əyri oturaq, düz danışaq. Sən adi bir kişiyə deyil, bir pələngə ərə getmisən! Odur ki, onun pələng olduğunu gərək unutmayasan. Hər şeyə görə nə özünün ürəyini sıxma, nə də ərinin qanını qaraltma. Bildin?
Lətifə xanım Vələt Çələbinin üzünə baxa-baxa qalmış və fikirləşmişdi: «Bu kişi nə danışır?! Mən nə deyirəm, bu nə deyir?»
Lətifə xanım narazı halda otaqdan çıxmış, yolda sanki özü¬nə gəlmişdi: «Amma bu kişi deyəsən düzünü danışır axı. Mən isə hər dəfə sözün çürüyünü çıxarıram. Məgər Mustafa Kamalı pələng olduğuna, müharibə qəhrəmanı, ölkəni fəlakətdən qurtaran igid olduğuna görə bəyənmədim?!»
Atatürk Osmanlı Türkiyəsinin sonuncu padşahı VI Mehməd Vəhdəddin xanın qızı Rukiyə Səbihə Sultanı da xatırladı. Bu qızın gözəlliyi dillər əzbəri idi. O zamanlar Mustafa Kamal An¬fartalar qəhrəmanı kimi ad çıxarmışdı. Onu barmaqla göstərirdilər. Sarayda ona «Sarı paşa» deyirdilər. O, padşahın fəxri yavəri idi, tez-tez sarada görünərdi. Hətta Vəhdəddin vəliəhd olarkən onunla birlikdə Almaniyaya rəsmi səfərə də getmişdi.
Qız da Mustafa Kamalı görüb bəyənmişdi. Mustafa Kamal da onunla bir neçə dəfə sarayda qarşılaşmış, həm də onun şəkillərini görmüşdü.
Vəhdəddinin yaxınları, hətta qızın anası çalışırdılar ki, Səbihə Sultanı Mustafa Kamala ərə versinlər. Zübeydə xanım da belə izdivacın tərəfdarı idi.
Hətta sultan Vəhdəddinin qardaşı qızı Muhibə xanım Mustafa Kamalın dostu Səlma Fansanın yanına gələrək bildirmişdi ki, zatışahanə xəlvəti onu göndərib, çatdırsın ki, öz qızları Səbihə Sultanı Mustafa Kamala vermək istəyirlər.
Hərbçilər və dövlət adamları düşünürdülər ki, bu iş baş tutsa, ölkənin xeyirinə olar, sultan dövləti daha yaxşı idarə edər, orduya sahib çıxar.
Səlma Fansa bu barədə Mustafa Kamala danışanda o demişdi:
– Yaxşı, nə deyirəm ki…Qız gəlsin bizim evə, oturub söhbət edək.
Səlma Fansa təəccüb içərisində qalmış və xəbər almışdı:
– O qız uşağı, padşah qızı bizim evə necə gəlsin? Heç saraydan qoyarlar onu buraya gəlsin?
– Bəs buraya gələməyə özündə cəsarət tapmırsa, bəs necə mənim həyat yoldaşım ola biləcək? Səbihə Sultan gözəl qızdır. O, bir padşah qızı olmasaydı, söhbətimiz daha yaxşı tutardı. Nə isə… Mənim fikrimi elçilərə çatdırarsan…
Mustafa Kamal özünü sındırmaq istəmir, padşah qızının aya¬ğına getməyi ağlına belə gətirmirdi:
– Özündə cəsarət tapırsa, buyurub gəlsin, bəyənərəmsə – evlənərəm.
O, saraya getmədi, Səbihə Sultan da onun təklifini qəbul etmədi.
Türkiyə sultanı Vəhdəddin arada gəzən söhbətlərdən xəbər tutanda bu işə razı olmamışdı: «Mustafa Kamal çox dəyərli komandirdir, fəqət sarayda ikinci Ənvər paşa görmək arzusunda deyiləm».
Ənvər paşa onun qardaşı Süleyman əfəndinin qızı Naciyə Sultanla ailə qurmuş və hərbi nazir olmuşdu.
Belə çıxmasın ki, Səbihə Sultan ortada qalmışdı, onunla evlənmək istəyən yox idi. Əksinə, Səbihə Sultana neçə-neçə varlı-karlı şəxslər, saray adamları, hətta İran şahı Əhməd Qacar xan da elçi düşmüşdü. Fəqət VI Mehməd Vəhdəddin xan razı olmamış, «Sünni bir padşah qızını şiə bir hökmdara necə vemək olar?» demişdi.
Rukiyə Səbihə Sultan Almaniyada təhsil alarkən sultan Vəhdəddin, qızının fikrini öyrənmədən, onu bir hərbçiyə nişanlamışdı. Qız gəldi və nişanı qaytardı.
Səbihə Sultan sonralar Atatürklə münasibətlərinə aydınlıq gə¬¬tirərək demişdi: «Onu bir dəfə görmüş və xoşlamışdım. Çanaqqala qəhrəmanı, həm də atamın fəxri yavəri idi. Atəş saçan baxışları vardı. Fəqət ona ərə getmək barədə fikirləşmirdim. Çünki Faruku sevirdim».
Atatürk artıq ölkə prezidenti idi. Hamı öz-özünə, bir-birinə sual verirdi. Vəhdəddin getdi, Mustafa Kamal hakimiyyətə gəldi. Gö¬rəsən, Mustafa Kamal Səbihə Sultanla ailə həyatı qursaydı, özünün, Vəhdəddinin, bir də Səbihə Sultanın taleyi necə olardı? Atatürk milli hərəkata başçılıq edərdimi?
Maraq güc gəldiyindən həmyaşıdları, qadınlar, keçmiş saray adamları, xanımlar Səbihə Sultanı dinc qoymur, sorğu-suala tuturdular. O, dodaqlarında təbəssüm, qəlbində kədər deyirdi: «Mustafa Kamal məni istəmiş, lakin mənimlə kəlmə kəsməmişdi. Mən də çəkindim, ona ərə getməkdən vaz keçdim. Gözlərim önündə Ənvər paşa ilə əmim qızı Naciyə Sultanın heç də yaxşı olmayan həyatı vardı. Həm də tanınmış bir komandanla ailə həyatı qura bilicəyimə inancım yox idi».
Qız sonradan öz əmisi oğluna, sonuncu Osmanlı xəlifəsi Əbdülməcid əfəndinin oğlu şahzadə Faruk əfəndiyə ərə getdi. Onların üç qızı oldu: Nesla şah Sultan, Xanzadə Sultan və Nesla Sultan. Rukiyə Səbihə Sultan hər üç qızını Misir Hidiv ailəsinin üzvlərinə ərə vermişdi.
Bütün bunları xatırlaya-xatırlaya Atatürk gözlərini yumdu.
Səbihə Sultanın sürgündəki həyatı barədə bunları demək olar: O, 1924-cü il martında ailəsilə bərabər qürbətə getdi və bir müddət İsveçrədə yaşadıqdan sonra Fransaya, oradan da Misirə gəldi. Misirdə şahzadə Faruk əfəndi ilə aralarında soyuqluq yarandı. Onlar 1941(48)-ci ildə boşandılar. 1969-cu ildə Faruk əfəndi, 1971-ci ildə isə Səbihə Sultan vəfat etdi.
Səbihə Sultanı şahzadə Faruk əfəndiyə sonsuz bir eşq bağlayırdı. Hətta Faruk əfəndi Misirdə sürgündə dünyasını dəyişərkən Səbihə Sultan ona layiqincə yas saxlamış, başsağlığı verməyə gəlməyən rəfiqələri, dost-tanışları ilə əlaqəsini üzmüşdü. Bunun səbəbi ilə maraqlanan, «Axı o daha sənin ərin deyil» deyənlərə cavabı bu olurdu ki, «o mənim uşaqlarımın atası idi və bundan başqa mənim doğma əmim oğlu idi».
1952-ci ildə Osmanlı xanədanlarının xanım mənsublarının Türkiyəyə dönüşünə izn veriləndə, Rukiyə Səbihə Sultan fikirləşmədən İstanbula qayıtdı, türk vətəndaşlığını və Osmanoğlu soya¬dını qəbul etdi.
 * * *
Atatürkün xəstəliyi şiddətlənmişdi. O, fiziki cəhətdən çox dəyişmişdi. Sifətinə baxanda varından yox olurdun. Atatürkün halı fəna idi. İş-gücdə olduğu vaxtlarda çəkisi 76 kiloqram olduğu halda yatağa düşəndən bəri tədricən çəkisi azalmışdı. İndi güclə 46 kiloqrama çatırdı.
Zəifləmiş, rəngi solmuşdu. Elə bil döyüşlərdə düşmənlərin canına vəlvələ salan böyük, yenilməz sərkərdə deyildi. Dünyanın hər yerindən həkimlər çağrılmışdı, fəqət xəstəliyə çarə tapılmırdı ki, tapılmırdı.
 Demə, xəstəlik insanın yenilməzliyini əlindən alır, özünə tabe etdirirmiş. Ona görə deyirlər ki, bircə ölümə çarə yoxdur. Türk xalqı intizarda idi. Millət atasının vəziyyətindən hamı – yaşlı da, cavan da, məktəbli də anbaan xəbər tutmaq istəyirdi. Xoş xəbər eşitmək istəyirdilər. Ümidlərini Allahın möcüzəsinə bağlayanlar da az deyildi.
Doktor Asim Arar otağa girdi. Müayinə etdi. Şəfqət bacısı iynə vurdu. Atatürkün gözləri həkimə zillənmişdi. Asim Arar dodağında gülüş:
– Narahat olmayın, halınız yaxşıdır. Fransa ilə əlaqə saxlamııq. Doktor Fisencer də gəlməlidir.
Atatürk biruzə vermədi, daha doğrusu, həkimin yalanını çıxartmadı. O, hiss edirdi ki, vəziyyəti dünənkinə nisbətən bir az da pisləşib. Ağırlaşmışdı. Dünən qarnından su çəkmişdlilər. Su yenə də yığılmaqda idi.
Möhkəm qaşınırdı. Qaşınma o qədər şiddətli idi ki, qaşınandan sonra onun bədənində barmaqlarının açdığı dərin şırımlar qalırdı. Səbəbini soruşanda həkim dedi:
– Bütün bunlar yeməkdən və içkidəndir.
Xəstəlikdən bezmiş Atatürk dilləndi:
– Ölümü istəmək bir cəsarət deyil, amma ölümdən qorxmaq da bir axmalqıdır.
Atatürk sayılıb-seçilən hərbçi, sərkərdə və komandan kimi həmişə idmanla məşğul olmuşdu. O, at çapmağı xoşlayırdı, at belində cəbhələri dolaşardı, üzgüçülüklə məşğul idi, yaxşı bilyard oynayardı. Avropa rəqslərini məharətlə ifa edərdi. Fəqət xəstəlik öz işini görmüş, onu yatağa salmışdı. Sağlamlığını, səhhətini cəbhələrdə qoymuşdu. Şaxta, ayaz, öldürücü, yandırıcı Günəşin, istiliyin nə olduğunu bilməzdi. Özünü oda-közə vurardı. Bu xislətili adamlar başqa cür ola da bilirdilər. Vuruşmuş, döyüşçüləri ardınca aparmış, qələbələr, zəfərlər çalmışdı. Ağ günə çıxanda özü ilə xəstəliklərini də gətirmişdi. Bir ara gözləri ağrayırdı. Böyrəyinin, qara ciyərinin bu günə düşməsində soyuqlamaların və içkilərin az təsiri olmamışdı.
İndi Atatürk daha çox qara ciyər serrozundan əziyyət çəkirdi. Türklər qara ciyər sorrozuna «canavar yemiş» deyirlər. Dostları Atatürkü «yeyən» şeyin «canavar» olduğunu öyrənmişdilər. «Canavar» isə yeməyə başlamışdırsa, şikarını məhv etməyincə əl çəkən deyildi.
Yavəri Salih Bozok bu böyük insanın xəstəlik qarşısında aciz qalmasına dözə bilmirdi. Hamıdan daha çox Salih bəy həyəcan, təşviş keçirir, varından yox olurdu. Onlar Atatürklə ən yaxın yoldaş və dost idilər. Uşaqlıq və gənclik illəri birlikdə keçmişdi. Onlar bir məhəllədə böyümüşdülər. Yaşıd idilər. Eyni hərbi məktəbdə oxumuş, eyni ildə oranı bitirmişdilər. Salih bəy candarma sinfinə düşmüş, Mustafa isə təhsilini hərbi akademiyada davam etdirmişdi.
Gün o gün oldu ki, Atatürk Milli azadlıq hərəkatına başladı. Anadoluya yola düşərkən Salih əfəndini öz yanına gətirdi. Atatürk Böyük Millət Məclisinin sədri olarkən Salih Bozok – məclis sədrinin yavəri, Atatürk ölkə prezidenti olarkən isə, o, prezidentin baş yavəri oldu. Millət vəkili seçildi. Bir sözlə, Atatürk harada olurdusa, Salih Bozok onun yanındaydı. Bir yerdə illərlə çalışmışdılar, çörək kəsmişdilər, bir-birinə dərin inamları, etibar və etmadları vardı. Atatürk dostu Salihi çox istəyirdi, hörmətini saxlar, nüfuzunu gözlərdi. Atatürk öz məktublarında ona: «Qardaşım Salih», «Mərhaba ey həzrəti-Salih», «gözəl sözlü, burma bığlı Salihim» deyə müraciət edərdi.
Saleh Bozok üçün də Atatürkdən böyük şəxsiyyət, gözəl insan, dahi sərkərdə və ordu komandanı, ali baş komandan, cəsarətli, bacarıqlı, bilgili, səriştəli prezident, ölkə başçısı, uzaqgörən diplomat yox idi, ola bilməzdi. Onun yerini kim tuta bilərdi, onun səviyyəsinə kim çıxa bilərdi?
Salih əfəndi heç təsəvvürünə belə gətirə, özünə yer tapa, sakitləşə bilmirdi. Həyatın qanunudur. Bu dünyaya gələn, bir gün də gedəcək. Salih əfəndi də o dünyaya köç edəcək. Fəqət dostu, qardaşı Atatürk can üstədir. Ondan, Salihdən əvvəl həyatla vidalaşacaq? Axı həyat niyə belə amansızdır? Nə yaşadı axı bu böyük insan? 1881-də dünyaya göz açdı. İndi 1938-ci ildir. Halı pisdir. Gələn ilə qalmaz.
Salih Bozok göz yaşlarını tökdü. Atatürk yuxuya getmişdi. Salih əfəndi tez dəhlizə çıxdı. İstəmirdi ki, Atatürk onun göz yaşlarını görsün. Həm də həkimlər Salihi bu vəziyyətdə görsəydilər, bir daha onu Atatürkün yanına buraxmazdılar. Səbirli, hövsələli və möhkəm olmaq lazımdır. Başqalarında inamsızlıq yaratmaq olmaz.
Əli Kılıc dəhlizdə dayanmışdı. O, Salih bəyin elə hey göz yaşı tökdüyünü görüb ona yaxınlaşdı. Əlini onun çiyninə qoydu:
– Salih bəy, toxdayın, – dedi. – Dərd hamımızındır. Əlimizdən nə gəlir?! Kim istərdi ki…
O, sözünü tamamlaya bilməib, kövrəldi. Əli Kılıc da Atatürkün yavəri və sadiq dostlarından idi. Hər gün ona baş çəkərdi.
Salih razı idi ki, özü ölsün, fəqət Atatürkə bir şey olmasın. Özünun dünyadan köçməsi ilə heç nə dəyişməyəcəkdi, bəlkə yeri də görünməyəcəkdi. Qohum-əqrəbası, yaxınları, dostları bir qə¬dər göz yaşı axıdacaq, sonra sakitləşəcəkdilər. Atatürkün ölümü isə dünyanı sarsıdacaqdı, nəinki Türkiyədə, habelə bütün dünyada kədər oyadacaqdı. Türk milləti yetim qalacaqdı.
Belə günlərin birində Salih bəy on yeddi yaşlı oğlu Müzəffəri Dolmabağça sarayına çağıraraq, ona yer göstərmiş:
– Əyləş və sözlərimə diqqətlə qulaq as, – demişdi. – Atatürk can üstədir. Xəbərin var ki, mənim həyatım qırılmaz tellərlə Atatürklə bağlıdır. Biz ömrümüz boyu sədaqətli yoldaş və dost olmuşuq. Bunu da bil ki, əgər Atatürk ölərsə, mən də həyatıma son qoyacağam. Ailəmizin ümidi sənsən. Ananı, bacılarını sənə tapşırıram. Ailəyə baxarsan. Oxu, ölkəmizə layiqli insan ol.
Müzəfəfr gözlərini atasına zilləyərək dayanıb durmuşdu. Salih bəy görüb-götürmüş adam idi. Cəbhələrdə nə qədər ölümlər görmüşdü. Çoxları onun yoldaşları, dostları idi. Müzəffər anlaya bilmirdi, Atatürkü sevmək o deməkdir ki, onunla öləsən?! Qəhər onu boğurdu. İndi nə desin, necə etsin ki, atasını öz fikrindən döndərsin?! Bilmirdi. Nitqi sanki kəsilmişdi. O, Salih bəyə heç nə deyə bilmədi. Gücü göz yaşlarına çatdı.
Doktor Asim Arar dincini alırdı. Onun yerini doktor Nihat Reşat Belger tutmuşdu. O, yataq otağına girəndə gördü ki, Atatürk bədənnüma güzgünün qabağında dayanmışdı. Onun qarnı və ayaqları şişmişdi. Atatürk Asim Ararı görüb:
– Doktor, – dedi, – belə deyirlər ki, guya mən kökəlmişəm. Belə də ağ yalan olar?! Məgər belə də kökəlmə olar?! Əl-ayağım çöp kimi, sifətim arıqlayıb uzanıb, qarnım və ayaqlarım isə bu gündə. Məncə, bu, xəstəlikdir.
Artıq xəstəliyin ikinci dövrü idi. Həkim bir söz demədi. Atatürk ağıllı insan idi, tükü tükdən seçəməyi bacarırdı. Özü hər şeyi yaxşı başa düşürdü.
İyul ayı idi. oktor Fisencer üçüncü dəfə İstanbuüla gəldi. Operator M. Kamal Öde Atatürkün qarnına yığılmış suyu çəkirdi. Su çəkiləndə o, xeyli toxtadı. Siqaret yandırdı. Üstəlik qəhvə də içdi. Atatürk çəkilən suyun çoxluğunu görüb son dərəcə təəccüb içərisində dedi:
– Aman allah! Bir görün necə böyük bir yükün altına girmişəm. Bağırsaqlarım suda üzür ki?!
Atatürk elə zəifləmişdi ki, barmaqları arasında siqareti də tuta bilmirdi. Dözə bilmədiyindən məcbur olub səsini qaldırdı:
– Əmr edirəm, bu suyu çəkin!!!
Bu, onun son əmri idi.
İkinci komadan sonra ətrafına göz gəzdirib soruşdu:
– Saat neçədir?
Bu da onun verdiyi son sual idi.
Atatürk xəstəliyinin sonuncu – üçüncü dövrünə qədəm qoymuşdu. Professor Neşat Ömərlə həkim Nihat Reşat onu gözdən qoymurdular. Bir-birini əvəz edir, yaxud ağır vəziyyət yarananda hər ikisi onun başının üstünü kəsdirib dururdu. Doktor Asim Arar da həmçinin. Atatürkdə yaşamağa inam oyadanlar, qayğısına qalanlar arasında Afət İnan xüsusi yer tuturdu. Yalqız, tənha anlarında Atatürkə daha çox dayaq duran da Afət xanım idi.
Atatürk nə vaxtdan idi ki, İstanbulda – Dolmabağça padşah sarayında yaşayır, burada müalicə olunurdu. Saray bütün ölkənin diqqət mərkəzində idi. Atatürk ömrünün son günlərini yaşayırdı. Doktor Fisencer onun vəziyyətinin ümidsiz olduğunu görüb məsləhət bilmişdi ki, Atatürk öz vəsiyyətnaməsini yazsın. Şəxsi məsələlərlə yanaşı, ölkənin və hökumətin bundan sonrakı durumu bu vəsiyyətnamədə əks olunmalıydı. Atatürk saqqalını təraş etdirdi. Paltarını dəyişdirdi. Katibi Həsən Rıza Soyakı yanına çağırtdırdı.
Atatürk boynuna qırmızı ipək şarf bağlamışdı.
Həsən Rıza ilə o, Dolmabağça sarayının boğaza baxan pəncərəsinin qarşısında əyləşdilər. İyul ayının 5 idi. Atatürk dedikcə Həsən Rıza vəsiyyətnaməni yazırdı…
* * *
Atatürk Vəzifə xanımla Ülküyə son zəngi 1938-ci ilin noyabr ayının 9-da etdirdi. Nəsib əfəndinin səsi titrəyirdi: «Vəzifə xanım, paşam soruşur: «Ülkü necədir, nə edir?» Həm də paşam buyurub Sizə çatdırım ki, onun vəziyyəti yaxşı deyil.
Mustafa Kamal Atatürk 1938-ci il noyabr ayının 10-da, saat 9.05-də İstanbulda – Dolmabağça sarayındakı 71-ci otaqda dünyasını dəyişdi.
… Məhmət Turgut İstanbulda teleqraf məmuru idi. O, ölkə daxilindən və xaricdən çoxlu teleqram qəbul etmişdi. Onları nəzərdən keçirəndə yerində donub qaldı. Onu sanki ildırım vurmuşdu. Tərpənə bilmirdi. Teleqramlardan birini əlində tutaraq lal-dinməz dayanmışdı. Yer üzünə çox pis xəbər verilirdi: «Havas, Paris, Atatürk öldü».
Məhmət Turgutun dizləri büküldü və o, taqətsiz halda yerə sərildi.
* * *
Atatürk dünyasını dəyişəndə Salih Bozok da şok vəziyyətinə düşmüşdü. O, böyük öndərin yoxluğuna inana bilmirdi. Ümidvar idi ki, gözlərini açacaq. Lakin həkim onun gözlərini qapayanda Salih bəy bu yoxluğa inandı. İnanıb tapançasını çıxartdı və köksünə yönəltdi. Əli Kılınc özünü irəli atdı. Fəqət gecikdi. Saltih bəy «Baş komandan yavərsiz bu dünyadan gedə bilməz!» deyib tətiyi çəkdi və yerə sərildi.
Baş komandan – Atatürk və onun yavəri Salih Bozok hərəkətsiz uzanmışdılar. Bir gündə iki itki! Hər ikisi böyük itkidir! Həkimlər yaxın gəldilər. Salih bəyin köksü qana boyanmışdı. Doktor Asim Arar onun nəbzini tutdu. Salih bəy sağ idi.
***
Həmin gün Müzəffər dilxor, qanıqara və əhvalı pərişan məktəbə getmişdi. Nə böyük öndər, nə də Salih bəy yadından çıxırdı. Səhər idi. Az sonra məktəbin müdiri Müzəffəri otağa çağırtdırdı: «Tez evə get!» – dedi. Müzəffər səbəbini öyrənmək istədi. Müdir özünü tox tutsa da, tablaşa bilmədi, cib dəsmalını çıxarıb gözlərinə sıxdı. Onun hönkürtüsü otağı başına götürdü. Müzəffər nə isə ciddi bir hadisə baş verdiyini anlayıb tez otağı və məktəbi tərk etdi.
Bayraqlar endirilmiş, İstanbul göz yaşlarına qərq olmuşdu. Müzəffəri də ağlamaq tutdu. Demək, Atatürk dünyasını dəyişmişdi. Birdən ayaq saxladı: «Bəs onun atası?!» Axı o demişdi ki, Atatürksüz dünya ona dar olacaq. Müdir də evə getməyimi buyudu. Yoxsa atam da?!
Küçələr izdihamlı idi. Camaat Dolmabağça sarayına tələsidi. Müzəffər də onlara qoşuldu.
Açılan atəş Salih bəyin ciyərlərini parçalamışdı.
Uzun müddət müalicə olunduqdan sonra baş yavər Salih Bozok ayaq üstə qalxdı. Fəqət Atatürkdən sonra çox yaşamadı, üç il sonra – 1941-ci ildə həyatdan köçdü və sevimli Atatürkünə qovuşdu.
Sonralar Salih Bozokun böyük oğlu Cəmil Bozok atasının tapançasını xeyli axtardı və onu Yapı Kredi bankının tarix arxivindən tapdı. Sən demə, bir kolleksioner həmin tapançanı əldə edib satıbmış. Smith Dündar markalı bu tapança sədəf dəstəkli  228411 seriya nömrəli idi. Cəmil Bozok çox çalışdıqdan sonra tapançanı qaytara bildi. Və əziz xatirə kimi saxladı. Bu barədə danışan Cəmil bəy deyirdi: «Tapança ailəmiz üçün çox qiymətli bir xatirə idi. Atatürk rəhmətə getdiyi gün atam ürəyinə bu tapança ilə atəş açmışdı. Oğlum Salihdən xahişim budur ki, babasının bu tapançasını ömrü boyu hifz edib saxlasın».

Комментариев нет:

Отправить комментарий