26.05.2013

Buram-buram qaldı közüm

Ziba Xəlil

Saxla məni

Əlindəki son məktubum,  qara gözüm.
Qurtardı səbrü qərarım, bitdi sözüm.
Bu ayrılıq-min ayrılığdan birisi dünya üçün.
Yandım səssiz, 
buram-buram, 
qaldı közüm.

Əlin çatmaz əllərimə bir də daha.
Sevgimizi ucuz bildik, amma baha.
Uzaqlığın unutdurar bəlkə gec-tez

səni mənə.
Sən də unut, aman batmayım günaha.

Uçurdun quşa dönmüşəm.
 -Oxla məni!
Gözündə yaşa dönmüşəm.
- Ağla məni!
Göndərdiyim mesajları  silmə, gülüm.
Heç  olmasa, 
telefonun yaddaşında saxla məni.

Sevgimizin yubileyi

Ömrümüzü
Sərf edirik “vacib işlərimizə.”
İtirmişik bizli saatları, dəqiqələri.
Hər şey mücadilə.
Pul, dolanışıq uğrunda mübarizə.
Biz deyən bir şey-
Bizdən başqa nəyə desən dönüşməkdə.
Bu gecə.
Hər gecə.
Mənimlə, mənsiz.
Səssiz, səssiz...
Saniyələr dəqiqələrə
Dəqiqələr saatlara çevrilməkdə.
Günlər, aylar, illər ötüşməkdə.
Mənimlə, mənsiz.
Bizsiz.
Bu gün isə sevgimizin yubileyi.
Bir-birimizizi gördüyümüz,
Vurulduğumuz o gün.
Aradan illər keçib.
Sanki dünən olub.
İndi isə burda.
Sanki uzaqlarda hər ikimiz.
Dayan, məni düşün!
Dayan, bizi düşün!
Dayan bir-birimizi düşünək.
Heç olmasa bir gün.
Heç olmasa bu gün.
Söhbət edək, gülək, rəqs edək.
Lap elə susaq.
Danışaq lal sükutun dili ilə.
Bir gecəni  özümüzə sərf edək.
Bu gecəni  bizə həsr edək.
Nə olar, “mühüm işlərini” sabaha saxla.
Gecəni  bük vərəqə mənə bağışla!!!

No enter

İstəmirəm nə səni, nə bütün dünyanı.
Dostlarım bir neçə, ürək dostum bir dənə.
Sözümü deyə biləcəyim.
O da yəqin özüməm...
Sənsə, bütün dünya kimi.
Ən dar məqamda üzünü cevirib gedə bilərsən.
Yox, çata girmirəm.
Ehtiyacım yox, yeni  tanışlıqlara.
Ünsiyyət bolluğu-məşğuliyyəti olmayanlara.
Mənə nə sən, nə dünya lazım.
Düş yaxamdan, döymə qapımı.
Yazını oxumadınmı, girərkən?
“Kənar şəxslərin daxil olması qadağandır!
-(Qəlbimə.)”

Qoğal

Nə gümanım dünyadan  gec getməyə.
Nə ümidim həyatdan tez bezməyə.
Üyüdüldüm dəyirmanında.
Yoğruldum xəmir kimi.
Bişdim qaynar təndirində.
Qaçdım qaça bildiyim qədər.
Dünya yenə fırlanır.
Mən də diyirlənirəm 
nənəylə babanın nağılındakı  kimi.
Undum  qoğal  olmuşam...
     
Cəhd elə!
Hər kəs başqasını dəyişmək istər.
Öz-özünü dəyişməyə cəhd elə!
Özünü təriflər, özgəni pislər.
Öz-özünlə döyüşməyə cəhd elə!

Neçə insan gördüm işi yarımçıq.
Evin üstün örtüb, öz üstü açıq.
İddiası  böyük, əməli kiçik.
İşlərini  böyütməyə cəhd elə!

Yaltaqlığa meyillənib xalqımız.
Kresloya baş əyməkdə böyük miz.
Uçuruma yollanırıq hamımız.
Ayılmağa, oyanmağa  cəhd elə!

Milyonçular milyard üstdə yarışır.
Yoxsul, kasıb toza, külə qarışır.
Hər kəs yalnız  ziyanından danışır.
Xeyirini  bölüşməyə cəhd elə!

Çətinliyə sinə gərməli insan.
Zəhmət çətin, avaralanmaq asan.
Sən özün də bu dünyanın oğlusan.
Bu dünyanı dəyişməyə cəhd elə!

Qabırğadan yaranan

Kimi anam dedi, kimisi bacım.
Kimi qızım dedi, kimi sevgilim.
Nə sevgin tükəndi, nə bitdi gücün.
Bölündün meyvə tək sən dilim-dilim.

Doğmalara yanan od-ocaq oldun.
Keçən çör-çöp atdı  yanan ocağa.
Övladına  isti bir qucaq oldun.
Özün sığınarkən soyuq bucağa.

Gecələr  yatmadın, bala böyütdün.
Qəlbinin gözüylə səhəri  açdın.
Sən oğul böyütdün, sən qız böyütdün.
Canını əritdin- ağardı saçın.

Qoyuldu boynuna, dünyanın suçu.
Bütün olmuşların, olacaqların.
Allahın əlində günah keçisi.
İblisin əlində fahişə qadın.

Əvvəlin  işıqdı,  sonun qaranlıq.
Günəşsən, buluidlar örtüb çöhrəni.
Səndən yarandısa bütün insanlıq,
Niyə qabırğadan yaratdı səni?!

Kimi  anam dedi, kimisi bacım.
Sən duyan, sən yanan, bəzən yandıran.
Kimi  şirin dedi, kimisi acı.
Sən ey, qabırğadan, candan yaranan...

Çürük xatirələr

Çaldım qatıq kimi xatirələri.
Yarı süd, yarı su ayran alındı.
Niyə saxlamışdım çürük günləri.
Demə  bu gün doğru, dünən yalandı.

Bəxtəvər o kəsdi bu günü gözəl.
Dünəni  bundan da mənalı olub.
Ehtiyac qalmaya bəzəkli  sözə.
Kefli  hala düşə- xəyala dalıb.

Kiminə acı bir zəhər kimidi.
Kimi şərab kimi  salır yadına.
Boğaza doluşan qəhər kimidi.
Kimininsə çatır bu gün dadına.

“Yaşlanmış insanının qoltuq ağacı.”
Gəncliyin gündəlik tutmaq həvəsi.
Geri  çevirirsən sanki sayğacı.
Yenə düşündürür böylə hərkəsi.

Bu gün günün xoşsa, heç qəm eləmə.
Keçmişi  tərpətmə yerində qalsın.
Kimi bu günündən doğramac etsin.
Kimi  dünənindən  dovğa bulasın .

Ruh şairi

Səni  onçun sevirəm,
Ruhun tanışdı mənə.
Dərdlərini  sən deyil,
Ruhun danışdı mənə.

Min il uzaq da olsan,
Min  yol uzaq da olsan,
Qəlbini  hiss edirəm,
Gözdən iraq da olsan.

Zaman

Zaman nədir ki,
Bulud tək köçüb gedir.
Səni  hiss eləyirəm.
Sözbəsöz, sətir-sətir.

Danışmağa gərək yox.
Sukutun dili gözəl.
Anlamayanlar nə çox,
Sən məni anla yetər!

Dilimin sözlərin yox.
Ürəyimdən keçəni.
Necə anlaya  bilir
Gündüz  tənha gecəni.

Ömürü  vermə hədər
Qar olma baharıma.
Əlini uzat  yetər
Dəyər duyğularıma.

Sevin hələ ki  varam.
Sən  olmuşam əslində.
Nə yaxşı ki sən varsan.
Məndən çox yaşayarsan.
Başdaşımın üstündə 
“Ruh şairi” yazarsan... 

Pislik eləməyə nə var ki...

Pislik eləməyə nə var ki, dostum?!
Çalış ki, yaxşılıq edə biləsən.
Savabı  Allahdan səssiz-səmirsiz,
Əlsizə əl  tutub gedə biləsən.

Pislik eləməyə nə var ki, dostum?!
Pisin qabağına çıxasan aşla.
Heyif ki, yeri yox fani dünyada.
Yaxşının başını əzirlər daşla.

Pislik eləməyə nə var ki, dostum?!
Görmüşəm sağimdan, həm də solumdan.
Sən pisliyindən əl çəkə bilmirsən.
Mən necə əl çəkim yaxşılğımdan?!

Pislik eləməyə nə var ki, dostum ?!
Ruhum acı sözü çeynəyir, utmur.
Adil  o kəsdi ki, görüb hər üzün,
Pisi  bağışlayır, amma  unutmur.

Hərdən gülümsə

Həyatın çöhrəsinə 
Hərdən gülümsə, dostum.
İş başından aşanda.
İşsizlikdən bezəndə.
Lap elə darıxanda.
Bəzən kasıblaşanda.
Bir çörək tapmayanda.

Həyatın çöhrəsinə 
Hərdən gülümsə, dostum.
Dost  xəyanət edəndə.
Düşmən azğınlaşanda.
Düşmən elə düşməndi.
Ondan uzaq gəzərsən.
Dost arxadan vurmamış
Əlaqəni üzərsən.
Depresyona düşmək yox.
Həyat elə qısa ki.
Ömür elə kəsə ki.
Bir göz qırpımı uçar.
Dünən döyünən ürək.
Bu gün birdən dayanar.

Həyatın çöhrəsinə 
Hərdən gülümsə, dostum!
Onsuz dünyada hər şey 
gülməlidi, gülməli.
Təhsil, tədris gülməli.
Səhiyyəmiz gülməli.
Şou biznes gülməli.
Hər şeylə razılaşan
 bu cəmiyyət gülməli.
Belə olan təqdirdə
 bəs səncə nə etməli.
Hər günün, hər saatın 
dəyərini  bilməli.

Həyatın çöhrəsinə
 hərdən gülümsə dostum!
Ağlamağa nə var ki.
Onu hər kəs bacarır.
Hər kəs gülməkdən öncə
Ağlamağı öyrənir.
Bəziləri  ağlayıb,
 sıtqamaqla varlanır.
Ağlaya bilməyini 
böyük məziyyət sanır.

Həyatın çöhrəsinə 
hərdən gülümsə dostum.
Hər bir şey bahalaşır.
Ət də, yağ da, nöüt də.
İqtisadi  böhranlar.
Ac qalır-ac qarınlar.
Var-dövlətin sayını 
itirməkdə harınlar.
İşlərin düzəldisə-
Ya pulun, ya dayın var.

Həyatın çöhrəsinə
 hərdən gülümsə dostum.
Onsuz seçim buraxmır
Amansız həyat sənə.
Şans bir olur, bəxtsə kəm.
Arsızlıq zamanıdı.
Ya ağladın, ya susdun.
Ölmək elə öılməkdi.
Asan olur gülənə.
Həyatın çöhrəsinə
 hərdən gülümsə, dostum.
Həyatın gözlərinə
Hərdən hırılda, dostum!

Комментариев нет:

Отправить комментарий