14.05.2013

Zəngin Qərb haqda mif


Elçin Bayramlı

Azərbaycan kimi ölkələrin əhalisi həmişə Qərb ölkələrində əhalinin cənnətdə yaşadığını düşünür. Bu, təbiidir. Sosializmdən kapitalizmə keçid dövründə bizim mətbuatda və cəmiyyət arasında nəinki Avropa ölkələrində, hətta Türkiyədə belə hamının varlı yaşadığı, hərənin 2-3 evi və avtomobili olduğu, hökumətin işləməyənlərə yüksək məbləğdə kompensasiya ödədiyi və sairə cəfəngiyyatları məqsədli şəkildə dövriyyəyə buraxanlar var idi.
Xarici film və seriallarda həmişə zənginlərin cənnətvari həyat tərzini göstərirlər, yüz milyonlarla yoxsulun cəhənnəmini isə göstərmirlər. Xaricə gedib-gələnlər də, hansısa Avropa və ya Amerika şəhərinin mərkəzi hissələrini gəzib gəlirlər ki, bəs orda millət kef eləyir. Nyu-Yorkun yoxsul məhəllələrini onlara göstərmirlər.
Xülasə, bizim cəmiyyətdə belə bir fikir formalaşıb ki, bizdə sosial vəziyyət dəhşətlidir, amma xaricdə hamı əla yaşayır. İllər keçdikcə, bizim insanlar bunun belə olmadığını, əksinə təriflənən ölkələrdə sosial vəziyyətin daha pis olduğunu anladılar.
Çünki artıq informasiya əsri başlamışdı və qloballaşan dünyada xarici ölkələrə gediş-gəliş su yoluna dönmüşdü.
Dünyada ən zəngin dövlətin ABŞ olduğu heç kimə sirr deyil. Bəli, məhz dövlət varlıdır, xalq yox. Lap dəqiq desək, xalqın 1-2 faizi kinolardakı kimi yaşaya bilir. 
ABŞ-da 2009-cu ildə prezident Barak Obama tərəfindən rəsmi etiraf edilmiş 49 milyon aclıq həddində yaşayan insan var. Bir vaxtlar bəzi ərzaq növlərinin əhaliyə talonla verilməsinə görə bizi (SSRİ-ni) lağa qoyan ABŞ-da 33 milyon insan ərzaq, gündəlik tələbat mallarını talonla alır. 
Sosioloq Josef Stiglitzin dediyi kimi, Amerikadakı sosial bərabərsizlik səviyyəsi 1929-cu ildəki böyük depressiya səviyyəsinə çatıb- 2008-ci ildən 1% ən varlı amerikalılar ölkədəki gəlirlərin 93%-ni əldə edirlər.
Bu günlərdə vaxtilə dünya ölkələrinə hərbi təcavüzdə iştirak etmiş və hazırda Amerika şəhərlərinin küçələrində bomj həyatı yaşayan müharibə veteranları haqda materiallar dərc olundu və sosial şəbəkələrdə yayıldı. Bu qəbildən informasiyalar və faktlar milyonlarladır. Bəzilərinə isə hələ də elə gəlir ki, bu ölkədə yel əsib, qoz tökülüb. 
Bəzən iddia edirlər ki, ABŞ-da adi süpürgəçi ildə 20 min dollar qazanır, Qərbi Avropada pensiya 1000 avrodur. Bəli, elədir, adamları çaşdıran da budur. Çünki pulun nominal dəyəri ilə real dəyəri fərqli anlayışlardır. Yəni, əsas məsələ pulun rəqəmlə necə ifadə olunduğu deyil, onun alıcılıq qabiliyyətidir.
ABŞ-da 4 nəfərlik bir ailənin aclıq həddi 2000 dollardır. Yəni, ildə 24 min qazansa belə yoxsuldur. Bundan yuxarı maaşa iş tapmaq üçün gərək “yeddibaşlı əjdaha” olasan.
Fransada tibb bacısı 1300 avro maaş alır, amma bu ölkədə kirayə haqqı 500-2500 avro arasında dəyişir. Bəs qalan ehtiyaclar necə ödənilsin?
Almaniyada işsizlər müvəqqəti işçi kimi saatı 1 avroya məhsul toplamaq istəmirlər. Çünki o nə qədər işləsə də, ayda cəmi 300 avro qazanacaq ki, bu da Almaniyada sadəcə avtobus puludur.
Belə bir şəraitdə insanların intihar etməkdən başqa çarəsi qalmır. Məhz buna görə Finlandiya, Norveç, Yaponiya, Almaniya və ABŞ intiharların sayına görə dünyada ilk yerləri bölüşdürürlər.  
Bəzən deyirlər ki, guya Qərb ölkələrində yüksək maaşlı iş yerləri doludur, amma işçi tapılmır. Əvvəla, ABŞ-da işsizlik 15 faizdən çoxdur. Mövcud iş yerlərinin isə Amerika sosioloqu Maykl Parentinin yazdığı kimi, “yalnız 20 faizi 4 nəfərlik ailəni təmin edə bilər”.
Bu gün Qərbdə yeməkdən, geyimdən tutmuş məişət əşyalarına, mənzilə qədər hər şeyi kreditlə alırlar. Yəni kimlərinsə qibtə etdiyi amerikalı işçi artıq gələcəkdə qazanacağı pulları da xərcləyərək borc içində boğulur.
Azərbaycanda sosial problemlər var, amma bizdə ac qalan yoxdur. Bomjlar barmaqla sayılır. Azərbaycan bizə təriflənən Qərb dövlətlərinə baxanda daha çox sosial dövlətdir - əhalinin güzəştli təbəqələri üçün çoxsaylı güzəştlər, yardımlar, müavinətlər var. Qərbdə isə az qala hava da pulladır. Bizdə Qərb ölkələrindəki kimi, əhalinin 80 faizi kirayələrdə yaşamır, 80 faizindən çoxu  öz evlərində yaşayır. 
Bu, reallıqdır, uydurulmuş Qərb mifi deyil.

elcin.az@mail.ru                            teleqraf.com

Комментариев нет:

Отправить комментарий