21.05.2013

Xəyanət

Elşad Can Şamil

Bu gecə yenə toxunub sənsizliyin acısı
Canıma ağrı salıbdı, otaqda tək qalmağım
Təsəvvür edim deyə, səni bu an yanımda
Bu yeganə çıxışdı, içib sərxoş olmağım…
Iki badə qoymuşam, gələcəksən bilirəm.
Özümü inandırıram, inandıqca sevinirəm.
Hər keçən günün sonu sənsizliklə qalanda
Yalnızlıqla barışıram, özüm-özümlə deyinirəm.
Hər gecə sənsizliyi içirəm qədəh-qədəh
Sənsizlik sərxoş edir, dad verməyir sevgilim.
Məst oluram dodağıma toxunduqca hər damlan
Varlığına, sağlığına nələr söyləməz dilim.

Şərabım tünd qırmızı, dodağın tək qırmızı
Toxunduqca dodağıma dodağım da boyanır.
Ah sevgilim hardasan sənin üçün içirəm
Qəlbim sənsiz çırpınır, hey alışır hey yanır.
Həyatımın rəngi də sən gedincə solubdu
Can bədənnən küsübdü, hərarətim soyuyub.
Sənin bu son şəklini qoymuşam masa üstə
Şəklinlə danışmaqdan şəklin də day yorulub.
Yoxluğunu anınca içirəm qurtum-qurtum
Cismim sərxoş olsa da, kölgəm yerdə sürünür.
Hər içdikcə xəyalım xəyal edir tək səni,
Tək şəkildə deyil ki, hər yerdə sən görünür.
Can yoldaşım dön geri, masada yerin boş qalıb
Ürəkdə yerin boş qalıb, ürək sənsiz boş qalıb
Necə unuda bilərəm sənli ötən anları ???
Sənlə keçən zamanım xatirəmdə xoş qalıb.
Bir məni görsən indi halım necə pərişan
Qədəh-qədəh dalınca...Özümü unuduram
Ağladığımı görməsən sanma üzülməmişəm
Qəlbimin yanğısıyla göz yaşın quruduram.
Çox böyük səflik etdim, hisslərimə qapılıb
Bağışlanmaz bir işdi, amma nə olar bağışla...
Gözümün içinə baxdın, kaş mən baxmaz olaydım
Nə aciz bir varlıqsan deyilirdi baxışda...
Yerini bilməyirəm, ünvanı bilməyirəm
Gözlərəm intizarla, sorağında qalmışam.
Gözlərim telefonda, qapının cəftəsində
Saatlarla tərpənməz yerimdəcə dalmışam.
Gecə yarı səssiz otaq, saat 4ə beş qalır
Zaman sanki dayanıb, sübh səhərə ləng gəlir
Birdən bu sükutluğu pozdu telefon səsi
Gözləmədiyim halda telefonuma zəng gəlir...
Qısa kəsdi, çox çalmadı, arxasınca bir mesaj
Salam hər vaxtın xeyir, yəqin ki yatmısan sən
Bu gün bir qərar tutdum və onu icra etdim
Başqasından bilincə bunu mənnən biləsən
Sənlə ailə həyatım 4 ayla tamam oldu
Mənsə ikimizi də ideal cütlük görürdüm.
Sən mənə xəyanət etdin gözümün qabağında
Mənsə bir söz tapmayıb göz yaşımı tökürdüm.
Səni öz yatağımda başqasıyla görəndə
Düşüncəm çaşıb qaldı, bilmədim ki nə edim
Sənə bir şey demirəm, sən “busan” nə deyim day
Səni dəyişmək olmaz ən yaxşısı mən gedim.
Nəysə unut məni daha, işin ciddiliyini bil
Körpəmi də tək böyüdəcəm, tək qucağıma alıb
Bugün boşanmaq üçün məhkəməyə ərizə...(nöqtələr)
Ardı yoxdu tam deyil mesaj yarımçıq qalıb.
Əlim əsdi, bədən əsdi, səbrim çıxdı özünnən
Əlim üzüm ağappaq, sanki bədənə rəng çatmır
Tez zəng vurdum nömrəyə nə körpə nə boşanmaq???
Aperator söylədi bu nömrəyə zəng çatmır !
Mənim də nəfəsim çatmır, bu cəza çox ağırdı
Üstəlik ata olacam, gərək çoxdan duyardım
Mən axı necə sevinim bu övlad gəlişinə
Ayrılıq mesajında bunu bilməz olardım.
Xəyanət məni yıxdı, ailəmi dağıtdı
Bir yannan da başqa şey ürəyimi dağlayır
Hər cəzaya layiqəm, bəraəti yox bunun
Mən əminəm 100%, indi o da ağlayır.
Çıxdım eyvana sarı, hava soyuq mən isti
Baş verən yaşantılar məni hər dəqiqə yeyir.
Boşanırmış mənimlə, qəbul edə bilmirəm
Qürurdaki bir yannan qoy gedir getsin deyir
Yalvarımmı bilmirəm qaytararmı ona geri
Sual dolu fikirlər hər yanı sardı gəldi
Savaşıram özümlə, ruhumla, əqidəmlə
Bu dəm bizi ayıran mesajın ardı gəldi.
Bugün boşanmaq üçün məhkəməyə ərizə
Bir də nigah şəhadətnaməsini apardım
Düşünməzdim heç zaman evlilik sənədiylə
Gün gələr məhkəmə qapısını açardım...
Əlvida...Cümlə bitdi...mesaj bitdi...mən bitdim
Artıq son olduğuna inanmağa başladım.
Girdim eyvandan içəri, şəklini qucaqlayıb
Öz alçaq əməlimi milyon dəfə daşladım...
Canım gözüm bele etmə...məni yox et sonra get
Sənsiz mənim varlığım bilməm day nəyə yarar.
Sən xəyallar qururdun gələcəyimizlə bağlı
Bilməzdin gələcəyini məhv edən səni tapar.
Sən mənnən söz istədin xoşbəxt olacağımıza
Iki əlli hə dedim o an sevinərək özüm,
Səni də sevindirdim, sən də məni sevirdin...
Mənliyimlə bərabər heç oldu sevgim,sözüm...
Bu gecə yenə toxunub sənsizliyin acısı
Canıma ağrı salacaq xatırlanan keçmişim...
Təsəvvür etmək üçün səni bir də yanımda
Yalnız bircə yolu var...Təsəvvürümü dəyişim...

Комментариев нет:

Отправить комментарий