Elmar VÜQARLI
Yazımızda məqsədimiz çağdaş ədəbiyyatımızda öz manerasını formalaşdırmağa çalışan Narıngül xanımın son illərdə qələmə aldığı modern şeirlərini çözələməkdir. Bildiyimiz kimi, müasir, çağdaş sözlərinin sinonimi olan modern sözü bugünkü ədəbiyyatımızda çox dəbdəbəli səslənir. Əslində, bu söz Qərb fəlsəfəsində bir mərhələnin adını özündə ümumiləşdirən termindir və maarifçilikdən sonrakı dövrü (XIX əsrin sonları, XX əsrin ortalarınadək) fərqləndirmək üçün işlədilir. Qərb düşüncə tərzinə XX əsrin əvvəllərindən hakim kəsilmiş modernizm cərəyanı Qərb ədəbiyyatının məntiqi davamı kimi meydana çıxmışdır. Amma bizim ədəbiyyatda isə onun təzahürləri özünü ötən əsrin 60-cı illərində işartılarla, hal-hazırda isə köklü surətdə birdən-birə büruzə verdiyindən yad təsir bağışlayır. Biz moderinlik üzərində dayanmaq niyyətində deyilik. Onsuz da Narıngülün şeirlərini saf-çürük etdikcə, modernliyin təzahürlərini göstərəcəyik. Ona görə də birbaşa mətləbə keçirik.
Yaxşı, gəlin əvvəlcə Narıngülün öz modern şeirlərində nəyi ifadə etmək istədiyini aydınlaşdıraq. Tərəddüd etmədən deyərdik ki, Narıngül həm çox narahat bir axtarışdadır, həm də heç nəyi axtarmır. Bu dumanlı axtarışı onun bütün mənəvi varlığını müəyyənləşdirir. Ona görə də şeirlərində maddi aləmlə, qeyri-maddi aləm bir-birinə qarışıb. Bəli, şeirlərində! Yaşadığı dövrün xaosundan doğan statiklik ondan hadisələrin inkişafını xeyrə, yaxud da ziyana dəyişəcəyindən asılı olmayaraq, bütün proseslərin dayandırılmasını tələb edir. Şair bu tələbatı daxili və xarici substansiya kimi qəbul edir və onun arasında qalaraq ancaq özünü itirib özünü tapır, daha özündən kənara addım atmır. Nəticədə də bizə elə təsir bağışlayır ki, elə bil, o, susub, heç nə danışmır, fikir boşluğunda vurnuxur. Narıngül, gerçəkliyi özü bildiyi kimi dərk etdiyindən reallığın mübhəm konturunu sadəcə dumanlı təsvirlərdə cızmaqla kifayətlənir. Daha doğrusu, ruhunu özündən irəli keçirməyə cürət etmir. Bəlkə də, Narıngülün orijinallığı məhz bundadır.
Mənim narahatlığım
dibi görünməyən quyudur
dünyanın üzünə açılır.
Adamlar, binalar
ağaclar
içinə yıxılır,
nə varsa boğulur.
Mənim narahatlığım
öz içində azır,
bir yerə çıxara bilmirəm.
Sıxılmış ovcumdan
qorxum damcılayır,
şeh düşür küçəyə.
Mənim narahatlığım
illərin yorğunu.
Canımı götürüb
gedirəm gecəyə.
Gecə ulduzlarla doludur.
Göy süfrə açıbdır.
Qələbə sevinci yaşayır
göy üzü... *
Belə şeirlərdə deyim və təsvirlər xoşagələn olmasa da, şairi təxəyyülünün gücümü, yoxsa yazmaq istədiyi məsələnin mahiyyətindən xəbərsizliyimi “pis vəziyyətdə” qoyduğunu demək çətindir. Ancaq az-çox poetik zövqü olan tipik azərbaycanlı kimi onun əsərlərinə yanaşsaq deyərdik ki, Narıngülün təsvirləri, daha dəqiq söyləsək, mövzuları xoşagələn deyil, amma bütün bu kimi təzahürlərinə rəğmən, tamamilə canlı çıxmışdır. Bundan başqa, sürət əsrinin övladı olduğundandır bəlkə; elə bil ki, şair harasa yır-yığış edib tələsir. Hətta o, bu qaçaqaçda bir anlıq dayanıb nəfəsini dərməyi, təbiət hadisələrinə dalmağı da bacarır. Amma onun can atdığı ünvan elə ünvansız olaraq da qalır. Ona görə ki, şair hər şeyi özünə yadlaşdırıb, daha heç nə ona təəccüblü gəlmir. Şair hətta mahiyyətin dəyişdiyinə və ya dəyişəcəyinə inanır, lirik ricətindəki yarı mistik obrazına inamsız inamla Heraklit kimi “hər şey axır” deyir. Modernizm üçün ən əsas səciyyəvi cəhətlərdən olan biganəlik, fanilik onun şair “mən”ini tamamilə qapsamışdır.
Hər şey dəyişir,
heç nə əbədi deyil.
Əsən külək,
əbədi olan sənsən.
Yağan yağış,
əbədi olan sənsən,
heç yerə tələsmirsən.
Hər şey dəyişir.
Yaxınlar
uzağı unudur.
İnsan öz-özündən doğulur.
Heç nə dönmür geri.
Mən də
zaman-zaman dəyişdim.
Dəyişdim saat əqrəbilə,
Dəyişdim fəsillər boyunca.
Dəyişdim,
asıldım küləkdən.
Sən də
faniliyə inan
boş dayanma.
İsti göz yaşınla
dünyanı naxışla.
Əgər
qayıtmasam, bağışla!
Şəhər mövzulu şeirlərində söhbətin şairin yaşadığı Bakı şəhərindən getdiyini dərhal anlayırsan. Narıngül bu şəhəri həm sevir, həm də ondan diksinir. Amma eyni zamanda ona elə gəlir ki, o, Bakıdan ayrılsa, heç nə yaza bilməz, hər şeyini bir andaca bu şəhərlə birlikdə itirər. Özünün etiraf etdiyi kimi o, bu şəhərə bir vaxtlar torpağın, təbiətin qoynundan qopub böyük arzularla gəlmişdir. Sonralar nədənsə tapındığı bu şəhərdə arzularını bir daha tapa bilməyəcəkmiş kimi itirmişdir. Bizcə, Narıngül arzularını deyil, əslində özünəinam hissini itirmişdir. O hətta şair ola-ola sözlərə belə etibar etmir. Şairə görə, var olanlar, həm də yoxdurlar. Mənəviyyatında lövbər salmış ziddiyyətli kənar komplekslərin dominantlığı yaradıcı çakrasının hərəkətini dolaşdırmışdır. Elə modernizmin özü də Qərb ədəbiyyatında Kontun pozitiv nəzəriyyəsinə Birinci dünya müharibəsindən etibarən itirilən inamla yaranmış, İkinci dünya müharibəsindən sonra isə özünə daha da yer etmişdir. Qərarsızlıq, zəiflik, müxtəlif dilemmalar qarşısında tərəddüdlər, özünəinam hissinin itirilməsi, varlığın əzəlinin hərəkətsizlik halında dərk edilməsi, incəsənətin ümumbəşəri xilasa gətirib çıxaracağının inkarı, mədəniyyətlərarası dialoqun qeyri-mümkünlüyü, tale məsələsini rədd etməklə insan həyatının qayəsini onun dünyaya haradansa başlı-başına atılmış təki mənalandırılması və sairlər modernizmin üstünlük verdiyi aparıcı mövzulardır. Narıngül də həmin ovqatların çoxunu şeirlərində, xüsusən də, şəhər mövzulu şeirlərində əks etdirmişdir. O, söz fırçası ilə olanların, gördüklərinin adını çəkməklə işini bitmiş saymış və daha çox sözün məna elementlərini oxucuya yükləməyə təşəbbüs göstərmişdir. Narıngül bu qəbildən olan şeirlərində şəhər leksikonundan istifadə etməyə üstünlük verir, amma şeirlərinin dil-üslub formasının cazibədarlığına, sözlərin səs uyarlılığına, ümumiyyətlə, son şeirlərində əhəmiyyət vermir.
Şəhərin bir küncündə
adamlar vaxt öldürür
vaxt ayaqlar altındadır.
Ətrafda hay-həşir var.
Yarpaqlar pıçıldaşır.
Quşlar dənizdən qopur.
Zorlanmış gülüşlər
ətrafa səpələnir.
Yarımçılpaq qadınlar
kişi baxışları gəzdirir.
Karusellər fırlanır
uşaqlar sevinir.
Uşaqlar hamıdan safdır,
uşaqlar hamıdan xoşbəxtdir.
Şəhərin bir küncündə
adamlar aldanır,
adamlar inanır.
“Çox sonra” adlı başqa bir şeirində Narıngül şəhəri özü üçün “darıxa-darıxa” böyütdüyü qənaətinə gəlir. Lakin böyüyən şəhər ona hər şeyi unutdurmuş, “div görkəmilə” artıq onun özündən böyük olmuş və onu həmin şəhəri tərk etməyə məcbur etməklə varlığını əzmişdir.
Darıxa-darıxa
böyütdüm bu şəhəri.
Mən – div görkəmli
binaların ətəyində
qarışqa süfrəsinin qonağı.
Qonağım ol, şəhər!
Bir çılpaq payız günü
unutdum içimdəki
paslanmış gizlinləri.
Xatırlaya bilmədim heç nəyi...
Çox sonra
yolların ortasında
içi fəsillərlə dopdolu
bir qadın
xatırlaya bilmədi
yağan yağışları...
Başın sağ olsun, şəhər!
Mən içimdən keçirəm,
keçir məni vağzalından!
Narıngül özü ilə şeirləri arasında məsafə, ara saxlayır. Nə Narıngül bu məsafəni aşıb şeirlərinə can atır, nə şeirləri Narıngülə. Poeziyasının portreti başdan-başa özündən imtina aurasındadır. Hissi yorğunluğun təlqin etdiyi sıxıcılıq misralarını buxovlamışdır. Bu, bizə nə vaxtsa həyata böyük amallar meydanı kimi baxıb, sonra orada heç bir şey görməyən birisinin istinad tapa bilməməyindən doğan məyusluğunu xatırladır. Düzdür, şair bəlkə də tipikləşdirmə aparmışdır. Amma bununla belə şairin qeyri-sabit eqosu şeirlərinin bütün ruhunda özünü açıqca nəzərə çarpdırır.
Mən heç...
Mən bir vasitəyəm.
Üstümdən yollar keçir,
üstümdən illər keçir.
Sən məni tanımırsan.
Mənim
məsafələri enmək qorxum var.
...Mən –
fikrin dəyişmiş formasıyam
haldan-hala keçirəm.
Narıngül dayanıqsızlığı “prinsip” kimi ilahiləşdirir. O inanır ki, dayanıqsızlıq onu kamilləşdirib sonda hansısa tamamilə sakit bir boşluğa – Hinduizmdəki Nirvanaya və ya Dosizmdəki Daoya, yəni əbədi sakitliyə, dincliyə çatdıracaqdır. Şair bunun üçün düşüncəsinin boşaldılmasını, hisslərdən azad edilməsini yaxşı anlayır və şeirlərində bunu modern ahənglə poetik vəzifə kimi həyata keçirməyə çalışır. Hissləriylə mübarizəsini ən başlıca şərt hesab etdiyindən onu əhatə edən canlı və cansız təbiətdə hisslərindən böyük nəsə tanımaq istəmir:
Sənə
hisslərimi gətirmişəm.
Hisslər ötəri şeydir.
Bir qadınlıq hissidir.
Bir qadınlıq uduzmaq,
bir qadınlıq həvəsdir.
...Sənə hisslərimi gətirmişəm.
Hisslər dərk edilmir!
Bütün dərkedilməzlər
daha böyük görünür.
Hisslərimdən böyük deyilsən.
Bizim hər birimiz davamlı olarq elə bir şeyə inanmaq, tapınmaq istəyirik ki, onunla özümüz də səviyyəcə yüksələk. Əslində bu, bütün bəşəriyyəti daim narahat edən mənəvi dayaq tapma ehtirasından irəli gəlir. Narıngül də buna can atır. Bütün varlığını yükləməyə, özünü orada tapmağa və ovutmağa edilən cəhdlərinin sonunda o, özünün dünyadan böyük olması qənaətinə gəlir və dayaq nöqtəsi kimi yoxluğu özünə “söykənəcək” seçir.
...Uduzacaq bu dünya
Mənim kimi tək ilə.
Hara çəkim canımı
Bu boyda istək ilə.
...Çatmışam son deyiliş
Yol gedən sonluğuna.
Səni tapa bilmədim
Söykəndim yoxluğuna.
Şairin sevgi hissinə münasibəti olduqca ziddiyyətlidir. Hətta o, sevməkdən yorula bilər. Narıngül, maddi varlığın dialektik qanunları ilə barışmadığı üçün sevgini yoxluqda, boşluqda müqəddəsləşdirir, bir sözlə, sevgi hissinin varlığına hopmasına maddi dünyada dözə bilmir.
Əllərində
qızına bilərdim...
dibsiz dəryaların
içində tapardım özümü...
sevməkdən doymazdım...
Bəzən Narıngül özü yaratdığı dünyasından bezikir, yadlaşmağından, özgələşməyindən həyəcana düşür. “Prinsipsiz” yaşamağın qeyri-mümkünlüyü acısını yaşayır. “Elə tənhayam ki” şeiri bu xüsusda diqqətimizi daha çox cəlb elədi. Şeirin daxili qatlarına endikcə şairin məyusluğunun səbəbi daha da böyüyür. Burada Vətənin düşmənə biganəliyi ilə fərdi hisslərinin qarşılaşdırılması orijinal səslənir.
Elə tənhayam ki, qulağım batıb,
Çağırıram səsim özümə çatmır.
Yer məni saxlamır, yer məni çəkmir,
Əl atıram, göyün üzünə çatmır.
Qayıdıb üstümə gələn günlərim,
Sığalıma yatmır, ütüyə gəlmir.
Mənə qənim imiş mənim əllərim,
Düşmənlə əl tutur, tətiyə gəlmir.
Qopub neçə yerə parçalanmışam,
Üstümə atılan daş bəhanədir.
Mən ki başdan-başa buz bağlamışam,
Görəsən, bu qədər yanmağım nədir?!
Modernizmin aparıcı meyarı fərdin obyektiv gerçəkliyi inkar edib özünü bütün varlığa qarşı qoymasıdır. Özünə qapanmış eqonun varlığı bildiyi kimi qavraması onun yaradıcılıq parametrlərini müəyyənləşdirir və guya ki, bu zaman şəxsiyyətin ən gizli, əngin tərəfləri aşkara çıxır. Bizcə, bu, çökmüş ruhsallığın, İlahi həqiqətdən boyun qaçırmanın, özünüinkarın bir balaca müasir, dəbdəbəli formasıdır. Narıngül də şeirlərində belə təmayüllərdən təsirlənsə də, amma sələflərindən, əsasən də, F. Kafkadan, J. P. Sartrdan fərqli olaraq, onun ayaqları hələ Ana Torpaqdan üzülməyib. Şeirlərinin nizamsız keyfiyyətlərinə səbəb daha çox Narıngülün yaşadığı mühitin fövqünə yüksələ bilməməyidir, bir qədər də irəli gedib deyərdik ki, əksər zamandaşları kimi gördüklərini əsərlərində prinsipsiz yamsılamağıdır. Son şeirləri göstərir ki, Narıngülün də poetik dünyası böhran içərisindədir. Bu böhran o qədər güclüdür ki, hətta onu sözün ecazına da biganələşdirmişdir. Narıngülün daxili dünyasındakı poetizm öz milli köklərindən məhrum edildiyi üçün ruhi təbəddülatlar girdabında can verir. Ancaq hansısa bir təsir, Narıngül bunu istəməsə belə, onu şeirlərində yenidən kökə, torpağa qaytarır. Şairin modern şeirlərinin özəlliyi məhz bundadır. Ona görə də bu təzadlı yazımızı sözün istənilən mənasında “Narıngülün modernizmi” adlandırdıq.
Biz belə hesab edirik ki, poeziyasının bu mərhələsi tamamilə keçici xarakter daşıyır və tezliklə o, həyatın mənasız, perspektivsiz olduğu, insanın heç bir zaman fəlakət və bədbəxtlikdən yaxa qurtara bilməyəcəyi barədə cəfəngiyat yayan əksər modernist yazarların qənaətlərindən uzaqlaşıb sevgiylə, şən nəğmələrlə Əsl ÖZünə qovuşacaq, ÖZü olacaq. İnanırıq ki, üzərindəki zaman basqısını azaltmaqla o, içindəki dolaşıqlığı çözə və yenidən poetik ruhuna qovuşa bilər. Narıngül xanım bundan ötrü ciddi səylə çalışmalıdır ki, avazının küyə dönməsinə yol verməsin. Bu yolda biz ona ancaq və ancaq uğurlar arzu edərdik...
Üzümdəki işıq çat verəcək
kölgə düşəcək şəhərə,
küçəyə, səhərə.
Və şəhər can verəcək,
və küçə can verəcək.
Çıxıb gedəcəyəm
ürəyimdə adam izdihamı,
ürəyimdə sevgi izdihamı.
Çıxıb gedəcəyəm üzü
qurumağa.
Sən heç
ayaq üstə quruyan ağac
görmüsənmi?
Qadın da ağac kimidir:
içindən quruyur.
Çıxıb gedəcəyəm üzü tənhalığa,
pəncərə arxasında
böyüyən tənhalığa.
Səhərlər günəşlə bərabər
ümidlər doğacaq üzümə.
Amma mən, qaranlıq düşməmiş
soyunub atacağam bütün
hissələrimi...
Sən necə?
* Məqalədəki şeirlər Narıngülün “Qadın da ağac kimidir...” (Bakı, “Elm və təhsil”, 2012.) kitabından götürülmüşdür.

Комментариев нет:
Отправить комментарий