15.05.2013

Düzbucaqlıda qətl hadisəsi

Əli Şirin Şükürlü

Iki paralel xəttin əmələ gətirdiyi zolağın içində baş verirdi hadisələr. Böyük bərabərlik işarəsini xatırladan zolaq düzbucaqlıya oxşasa da enlərini tamamlayan paralel xətlər gözə dəymirdi. Yan tərəflərin görünməməsi kainatdakı bütün varlıqlar arasında mövcud bərabərlik işarəsindən xəbər verirdi. Bu məkan yalnız ona aid idi sanki. Hadisələri təkcə o seyr edə bilirdi. Seyr etdiyi hadisələrlə birgə paralel xətlərin əmələ gətirdiy zolaqdan kənardakı aləmdən ayrılmışdı. Kənardakı aləm də zolaq şəklində qaralırdı.
Iki paralel xəttin arası ilə harasa tələsirdi Z. Daha doğrusu, daha çox hadisələr ona tərəf gəlirdi elə bil. Amma yerdəyişmə baş verirdi. Bir nöqtədən başqa nöqtəyə adlayırdı.
Dəyişmələr ani baş verir, zaman sürətlə dəyişirdi. Nə qədər hərəkət etdiyini bilmədi. Bir də onu gördü qarşısında ev peyda olub.
Həmən evdir. Qapını açıb içəri daxil oldu. “Bu da o. İlahi, gör nə vaxtdır onun həsrətindəyəm. Axır qovuşa biləcəyik” – azca çaşqınlıq içində düşündü. M. sanki neçə ildi onu gözləyirmiş.
- Niyə vaxtında bunu demirdin – M.dilləndi.
- Nəyi?
- Nəyə görə bura gəlmisən onu.
- Hə. Anladım.
- Bəlkə hər şey başqa cür olardı indi.
- Bilmək olmaz. Bəlkə də belə lazım imiş.
- O gün nə demək istəyirdin telefonda. Əclaf gözlənilmədən tez gəldi deyə danışa bilmədim.
- Nəyi deyirsən?
M. dinmədi. Azca fikirləşən Z. dilləndi:
- Xatırladım. Yuxumu danışmaq istəyirdim sənə. Yuxuda görürəm ki, paralel relslərin üstü ilə addımlayırıq. Əllərimizi bir-birinə uzadmışıq. Nə qədər çalışsaq da əllərimiz qovuşa bilmir. Uzaqdan da qatar gəlir. Nə gəlir. Çığırıram: “Paralel relslər bərabərlik işarəsidir, bərabərlik işarəsi. Mənsə sənə bərabər yox, sən adlı nöqtə olmaq istəyirəm. nöqtə”. Belə qəribə sözlər çığırıram, amma səsim eşidilmir elə bil.
- Bilirsən o qatar nə qatardı. O zamandır. Çoxdan gəlib keçib üstümüzdən.
- Yox. Hələ keçməyib. O qatarı saxlayacağam.
- O əclaf “zaman”ı çətin saxlaya biləsən. Hər gün içki, narkotika. Üstəlik zorakı hərəkətlər, təhqir. Dözə bilmirəm daha. O zaman, səni bilmirəm, məni çoxdan yerlə bərabər edib.
- Saxlayacam. Sadəcə sən mənə inan.
- İnanıram e. Amma nə faydası. Əlimizdən nə gələr. Day yaşaya bilmirəm. Artıq hər şeyə hazıram. Heç nə gözümdə deyil.
- Susss... hər şey sən istədiyin kimi olacaq.
Xeyli üz-üzə dayanıb, səssizliyə qərq olmuş otaqda bir-birinə sevgiylə zillənən  baxışları dinlədilər. Sonra ölümünə sevişdilər.
Az sonra isə dayanıb döşəmədə qan içində uzanan meyitə baxırdılar. O içəri girən kimi açılan atəş həyatına son qoymuşdu. Yox. Qətl hadisəsi başqa cür baş vermişdi. Zəhərləmişdilər onu. Axı, deyəsən, belə də olmayıb. Sərxoş halda eyvana çıxıb aşağı boylanarkən yıxılıb. Qəribədir; bir adam neçə cür ölərmiş. Hər nəsə. Necə ölməsindən asılı olmayaraq onların istədiyi həyata keçmişdi.
Rahatlıq içində evi tərk edib arxayın-arxayın gəldiyi yolla geri qayıtmağa çalışsa da, geriyə hərəkət mümkün deyildi. Çox cəhd etsə də bir şey alınmadığını görüb, əks istiqamətdə - irəli hərəkət etməyə başladı. Asanlıqla irəli hərəkət edən Z. düzbucaqlı zolağın sonuna, yəni eni açıq tərəfinə çatarkən qəfil bir boşluğa düşdü. Boşluqdan sürətlə ikinci bir zolağa keçib ani dayandı. Bu zolaqdan asanlıqla üçüncü bir zolağa keçmək mümkün idi. Bu iki zolaq da eynən birinci zolağı xatırladırdı. Artıq əvvəlki rahatlığından əsər-əlamət qalmamışdı. Anlaşılmaz qorxu, peşmanlıq hissi hakim kəsilmişdi varlığına. İki zolaq arasında var-gəl edərək birinci zolaqda baş verən hadisə barədə düşünürdü: “Bu necə baş verdi axı. Mən tapdadığım qarışqa taleyinə acıyan, kəpənək ölümünə duruxan adam kiminsə qətlinə bais oldum. Yəni sevgi hissi doğurdan da hər şeyə qadirdir. Yoxsa bu, sadəcə özünü təsdiqidir adamın. Axı həmişə düşünürdüm zəif, qorxaq adamlar belə hərəkətə yol verə bilər. Həyat necə də anlaşılmazdı. Varlığım döyüş meydanıdır elə bil. Sanki daxilimdə üç adamın mübarizəsi gedir”. Bu kimi düşüncələr içində bir tərəfdən də haradansa süzülüb gələn zəng səsi məkanı doldurur, həyacanını birə beş artırırdı...
Telefon bayaqdan zəng çalırdı. Divardakı saata nəzər saldı: 00:30. Bu vaxt kimdir zəng edən – düşündü. Telefona yaxınlaşıb dəstəyi qaldırdı.
- Bəli. Eşidirəm.
- Mənəm – sevdiyi qadının səsi idi. – Nəhayət, getdi, birdəfəlik getdi.
- Kim getdi? Hara getdi? – hələ də fikrini tam cəmləyə bilmədiyindən soruşdu.
- Kim olacaq. O da. Həyatımdan getdi. Özü də həmişəlik. Artıq azadam. Başa düşürsən – azad.
Az əvvəl içində olduğu hadisələri, sevgi səhnəsini, meyiti, boşluqla zolaqdan zolağa keçdiyini xatırlayan Z. ani duruxdu. Sonra bütün günü evdən çıxmadığını xatırlayıb sevindi.
Nə yaxşı. Bəs hadisə neçə baş verib? – soruşub, həyacan içində maraqla dinləməyə başladı.

Комментариев нет:

Отправить комментарий