Nədənsə
İçimdə alov var, çölümdə ayaz,
Bir üzüm qaradı, bir üzüm bəyaz,
Əlinə qələm al, həsrətimi yaz,
Bu bahar düşmədi bizə nədənsə...
Yuxusuz gecələr bir –bir çoxaldı,
Fələk ilan kimi qəlbimi çaldı.
Qismətmi vəfasız, bəxtmi cığaldı,
Bu bahar düşmədi bizə nədənsə...
Yoxluğun soyutdu evi eşiyi,
Kimsə yırğalamır bu boş beşiyi,
Talemi göndərdi qara pişiyi?
Bu bahar düşmədi bizə nədənsə...
Külək oxşamadı şəvə telləri,
Sonası üzmədi mavi göllərin,
Ətri duyulmadı yaşıl çöllərin,
Bu bahar düşmədi bizə nədənsə...
Köksümə yığılıb dərdin, qubarın,
Saçına dən saldı eşqi Vüqarın,
Açmadı çiçəyi, gülü baharın,
Bu bahar düşmədi bizə nədənsə...
Kimisən
Elə sevimlisən, elə şirinsən,
Hicranın sonunda vüsal kimisən.
Mənim olmağına gümanım yoxdu,
Sən mənə arzusan, xəyal kimisən.
Bir sonsuz dənizsən, sahilin mənəm,
Hər zaman yanında, ömrünə tənəm.
Əlçatmaz gözəlsən, ay nazlı sənəm,
Ən çətin, cavabsız sual kimisən.
Vüqarı yaşadır bu üz, bu camal,
Dilində şəkər var, dodağında bal.
Üzündə təbəssüm, yanağında xal,
Mehriban baxışlı maral kimisən.
Qulağım səsdədi
Alnıma yazısan, ömrümə qismət,
Döyünən ürəyim təkcə sənindi.
Qəlbimdə məhəbbət, gözümdə həsrət,
Görüş yerimizə gəlmişəm indi.
Görüşə gəlməyin yaman gecikir,
Duymuşam dərdimin oyanmağından.
İntizar qoxulu saatlar keçir,
Qorxuram zamanın dayanmağından.
Aglıma min cürə fikirlər gəlir,
- bəlkə xəstələnib, gülüm xəstədi.
Bu hicran, bu həsrət bağrımı dəlir,
Qulağım hər xırda adi səsdədi.
Gözlərim bir yerdə dayanmır nəsə,
Narahat, nigaran baxışlar kimi.
Deyirəm, ay Allah, yarım gəlməsə,
Göz yaşım tökülər yağışlar kimi.
Bu gün görüşümə gəlməsən belə,
Burdaca yolunu gözləyəcəyəm.
Bir dəfə üzümə gülməsən belə,
Sevgimi gözündə gizləyəcəyəm.
Комментариев нет:
Отправить комментарий