16.05.2013

ZƏKA VİLAYƏTOĞLU - KARİKATURA

Dan üzü şirin yuxularım son akkordlarını vurmaqdaykən mobil telefonum aramsız səsləndi. Əvvəl elə bildim bunu da yuxumda görürəm, amma aramsız zəng səsi axır ki, yuxularımı, son akkordlarını yarı-yarımçıq vurmağa vadar etdi. Bununla da, bəlkə bütün gecəni səhərə, ya bəlkə qısa bir vaxt ərzində, kosmik sürətlə gördüyüm şirin yuxunun(hansı ki, gerçək həyatda bunları yaşamaq üçün insana azı bir il vaxt lazım idi) şirinliyinə haram qatıldı. Telefonun ekranındakı nömrə tanış deyildi. Gələn zəngi qəbul etdim. Cod kişi səsi o qədər güclü idi ki, telefonu qismən qulağımdan aralı tutmalı oldum:
-Böyük sənətkar, sabahınız xeyir!
-Sabahınız xeyir!-dedim. Hiss etdim ki, bu tanımadığım adam ilk sözlərindəncə ürəyimə yatmadı. Ümumən xoşlamıram bu cür müraciət formasını.
Əvvəla mənim adım var, ikincisi də sənətkar kimi böyüyüb-böyümədiyim haqda, vallahi hələ indiyəcən düşünməmişdim.
-Necəsiniz, gözəl sənətkar?-Cod səs bu dəfə mənim həm də gözəl sənətkar olduğumu xatırlatdı mənə.
-Sağ olun, yaxşı olasınız!-dedim və bu adamın birbaşa mətləbə keçməsini həyəcanla və bir az da əsəblə gözlədim. Səsinin tonundan, mənə müraciət formasından onun xeyirli, lap doğrusu normal bir adam olmadığını güman etmişdim.
-Sənətkar, bilirsinizmi, xalq sizi nə qədər çox sevir?.. Hələ biz özümüz,.. özümüz də sizi və sənətinizi böyük məhəbbətlə sevir, təbliğ edir, yüksək dəyərləndiririk!
-Minnətdaram!.. Çox sağ olun!-dedim.
-Sənətkar, sizinlə danışan “Yeni dünya” qəzetinin baş redaktoru Xoşbəxt Xoşbəxtzadədir.
-Aaa, çox yaxşı, buyurun, Xoşbəxt müəllim, eşidirəm sizi. Yəqin qəzetinizdə gedən müsahibəmlə bağlı zəng etmisiniz!.. Axı bu qəzetin baş redaktoru başqası idi. Dünən...
Xoşbəxtzadə, deyəsən son dediklərimi eşitmədi və ya olsun ki, qulaqardına vurdu.
-Biz bu gün görüşə bilərikmi, sənətkar?-dedi.
-Biz sizinlə günün ikinci yarısı, təxminən saat dörddə görüşə bilərik,-dedim.
-Olsun, lap yaxşı. Hara desəniz, harda istəsəniz mən orda olaram... Oldu, dörddə. Sağlıqla qalın!-Xoşbəxtzadə tələm-tələsik telefonu qapatdı. Sanki fikrimdən daşına biləcəyimdən ehtiyat etdi. Əslində mən də bu andan etibarən onun haqqında şübhəli bir şey düşünmədim. Ola bilsin dünən mənə zəng edən adam “Yeni dünya” qəzetinin baş redaktoru yox, adi redaktor imiş, mən düz anlamamışam. Dünən yanıma zürafə boylu, qaraşın, nisbətən suyuşirin bir xanım göndərmişdi ki, öz qəzeti üçün məndən müsahibə götürsün. Razılıq vermişdim. Xanım gəlmiş və insafən maraqlı suallar vermişdi mənə. Uzun-uzadı müsahibədən sonra ayrılmışdıq. Ayrılıq anında, təbii ki, mən də onu əliboş yola salmamışdım. Üstəgəl taksi də sifariş etmişdim onunçün ki, yenidən işə rahat qayıda bilsin. Xanımın dediyinə görə, müsahibəmiz həftə ərzində qəzetdə işıqlanacaqdı. Amma belə tez-cəmisi bircə gün sonra dərc olunması isə mənimçün həm sevindirici, həm də təəccüblü idi.
Səhv etdiyimi, günün ikinci yarısı Xoşbəxt Xoşbəxtzadə ilə görüşəndə anladım.
Vədələşdiyimiz yerdə deyilən vaxtda görüşdük. Yanımda dayanan sarı taksidən düşən adam, dan üzü telefonda eşitdiyim qalın kişi səsi kimi qapqara idi. Amma bu qara sifətə bu adamın hiyləgər gülüşlərinin, enli və ağappaq dişlərinin işığı elə düşmüşdü ki, ilk anda, ilk görüşdə bu işıqdaca bu adamın kimliyini bəlli etmək çox asan idi.
Gələn adam iri əllərini mənə sarı uzadıb, gülə-gülə dedi:
-Salam, ey gözəl sənətkar, sizi xoş gördük!
-Xoş gördük!
-Sizinlə görüş mənimçün, inanın, böyük xoşbəxtlikdir, adıma and olsun!
-Təşəkkür edirəm!
-Sənətkar, bu, bizim qəzetimizdir!-Adam əlində büküb boru halına saldığı qəzeti açdı və bütün səhifələrini mənə göstərdi, ordakı yazılarla məni tanış etməyə çalışdı. Çox diqqətlə baxsam da bu on altı səhifəlik qəzetdə nə öz şəklimi, nə də müsahibəmi görmədim. Diqqətçəkən maraqlı bir yazıya da rast gəlmədim. Qəzetin bütün səhifələrində ölkə rəhbərinin iri şəkilləri, müxtəlif yerlərdə əhaliylə görüşləri, çıxışları, haqqında məqalələr yer almışdı.
-Gördünüz, necə qəzet buraxırıq?!.. Allah qoysa, sizdən də müsahibə götürüb verəcəyik qəzetimizdə!
-Axı sizin müxbiriniz dünən məndən müsahibə...
-Sənətkar, bilirsiniz sizi niyə narahat etdim?-o, yenə sözümü yarıda kəsdi. Yaxşı ki, kəsdi. Birdən-birə xatırladım ki, dünənki jurnalist xanım “Yeni dünya” qəzetindən yox, “Yeni era” qəzetindən idi. Bu “yeni” sözü çaşdırmışdı məni.
-Buyurun!
-Sənətkar, sizin yardımınıza ehtiyacımız var... Bizə beş yüz manat maddi yardım eləyə bilərsinizmi?
-Sizi kim göndərib mənim yanıma?!-təəccüblə soruşdum.
-Sənətkar, bununçün kiminsə bələdçiliyinə nə ehtiyac? Axı sizi Xalq tanıyır, Xalq sevir!
-Hımm!
-Beşcə yüz manat!.. Borcumuz var. Redaksiyamızın telefonu bir aydır borcdan bağlıdır. Yerhaqqı da iki yüz manatı ötüb. Bu gün ödəməsək, otaqlarımızı əlimizdən alacaqlar.
Bilmirdim güləm, ya ağlayam. Adamın istədiyi məbləğ cibimdə yox idi, heç vallahi evimdə də yox idi. Lap doğrusu, evimi təmir etdirdiyimdən əlimə düşən pullar gəldiyi kimi, bir anda da xərclənirdi. Bəlkə də başqa vaxt, başqa cür olsaydı bu adama yardım edərdim. Bir anlıq da düşündüm ki, bax, elə bu üzüyumşaqlığımdan çoxları bəhrələnib, sonda nankor çıxıblar. İndi də tanımadığım birisi... Axı mən ona bu qədər pulu niyə, hansı xidmətinə görə verməli idim? Elə bu fikirlə də dedim:
-Xoşbəxt bəy, mənim beş yüz manatım olsaydı, bilirsiniz, siz özünüz dediyiniz kimi, adıma and olsun ki, özümü çox xoşbəxt hiss edərdim!
-Sənətkar, çətin durumdayıq, heç olmasa üçcə yüz manat,.. üçcə yüz yardım edin!
-Əfəndim, sizə kim deyir ki, mən varlı-pullu adamam?
-Sənətkar, heç olmasa ikicə yüz manat!..
-Xoş...
-Müəllim, yaxşı, olsun yüz manat, yoxunuzdursa, əllicə manat!-bu dəfə müəllim oldum. Deyəsən, o, mənim sənətkar yox, müəllim olduğumu güman etməyə başlamışdı. Haqlıydı. Müəllimdə beş yüz, üç yüz, iki yüz manat nə gəzirdi. Ayda cəmisi iki yüz-beş yüz maaş alan müəllimin cibində bu qədər məbləğ hardandı? Lap elə götürək, əlli il müəllim işləyən atamı...
-Bax, indi haqqın yoluna gəldiniz, Xoşbəxt bəy! Mənə müəllim deyirsiniz, bilmirsiniz ki, bizim müəllimlərimizin maaddi durumu nə vəziyyətdədir?!
-Sənətkar, zarafatı buraxın, əllicə manat bizə yardım edin! Əvəzində qəzetimizdə sizin haqqınızda elə gözəl bir yazı verərik ki, əlli dəfə əvəzi çıxar, - Xoşbəxtzadə yaxama İran saqqızı kimi yapışdı. Son anda əlini uzadıb onu gözləyən taksini göstərdi:
-Heç olmasa, taksi pulunu verin!
-Xoşbəxt bəy, pulum yoxdur!
-Vay dədəəə, əəə siz nə simic adammışsınız?-Xoşbəxtin qara sifətinə bayaq işıq verən gülüş bir anda elə boğuldu ki, onun sifəti eybəcər bir hala düşdü və deyinə-deyinə taksiyə əyləşdi. Qapını da elə bərk çırpıb örtdü ki, taksi sürücüsünün ona sarı baxıb narazılıq etdiyini hiss etdim. Taksi uzaqlaşanda rahatlanıb əlimi cibimə apardım. Cibimdəki iyirmi manatı çıxarıb baxdım və bir anda peşiman oldum, düşündüm: “Gərək bu pulu verəydim ona!” Artıq gec idi.
Növbəti gün dan üzü yenə də telefonumun zəngi səsləndi. Ekrana baxdım, nömrə tanış deyildi. Xoşbəxtin nömrəsini qeydə almış və adını yazmışdım, o deyildi. Ona görə qeydə almışdım ki, bir daha zəng etsə cavab verməyim. Bu dəfə də başqa bir nömrədən gəlmişdi zəng. Cavabladım. Telefondan musiqi səsləri gəlirdi. Diqqət kəsilincə müğənninin səsini tanıdım-bu, mənim səsim idi. Mahnı sonacan səsləndi və sonda cod, qara bir səs eşidildi:
-Alooo!
-Bəli!-dedim!
-Böyük sənətkarımıza eşq olsun!.. Tanıdınız məniii?
-Xoşbəxt bəy?!
-Can Xoşbəxt bəy!..
İlahidən arzum budur hər zaman,
Sizi xoşbəxt görüm, firavan görüm!
Səsiniz yayılsın bütün dünyaya!
Sizi ucaldıqca ucalan görüm!-Necədir, sənətkar?.. Görürsünüz, biz sizi necə sevirik?
-Ürəyiniz, sevginiz var olsun, çox minnətdaram!-həqiqətən könlüm açılmışdı və bu adama dünən, heç olmasa taksi pulu vermədiyim üçün yenidən peşimanlıq hissləri keçirməyə başladım.
Deyəsən, bunu Xoşbəxt də duydu və həmən dilə gəldi:
-Böyük sənətkar, sabah bizim jurnalist xanımı göndərimmi hüzurunuza?
-Göndərin!-dedim və bununla da söhbətimizə son verdik.
Bu boyda tərifdən, diqqətdən sonra bu adama necə, nə qədər yardım edəcəyim haqda düşündüm. Yaxşıca hiss etmişdim ki, bu adam asanlıqla yaxamdan əl çəkən deyil, yaxşısı budur beş-on manat verib canımı qurtarım. Son anda qərara gəldim ki, onun, yanıma göndərəcəyi xanıma bir yüzlük verim, birdəfəlik əl çəksin. Açığı bu yüzlük də dünən gecə toydan qazandığım puldan idi. Onun, haqqımda yazacağı yazı-filan maraqlandırmırdı məni, Allah xatirinə, təki əl çəksin yaxamdan.
Sabah Xoşbəxtin göndərəcəyi qadınla görüşə bilməyəcəyimi nəzərə alıb, pulu kiminlə göndərəcəyimi fikirləşdim. Mənə yaxın olan adamları bir-bir xatırladım və axır birini tapdım. Bu, məndən kişik, ixtisasca hüquqşünas qardaşım idi. Vallahi başqa məqsədlə yox, sadəcə xeyirli bir məqsədlə bu işi görməsini ondan rica etdim. Məsələdən də onu agah etdim və dönə-dönə tapşırdım ki, bu işi elə görsün ki, qarşı tərəf tam razı qalsın. Nəhayət, universiteti təzəcə bitirmiş və hələ heç yerdə işləməyən qardaşıma yüz manatı verib, tapşırdım ki, filan saatda, filan yerdə, filan xanıma çatdırsın ki, Xoşbəxt Xoşbəxtzadənin adına və həyatına mənim tərəfdən heç bir bədbəxtlik gəlməsin və kişinin oğlu elə Xoşbəxt olaraq qalsın və məndən birdəfəlik əl çəksin.
Səhəri gün yaxın rayonlarımızdan birinə yola düşdüm. Toya gedirdim. Yolda yenə Xoşbəxtdən zəng gəldi. Fikrimi dəyişib-dəyişmədiyimi bilmək istəyirdi. Sonda gülərək dedi:
-Sənətkar, sizin yanınıza sizə layiq xanım göndərirəm, gərək siz də onu adınıza layiq yola salasınız aaaa! İnanın, çox gözəl, adamın ağlını başından oynadan bir xanımdır, özünüz görəcəksiniz! Bəlkə də onu əlinizdən buraxmayacaqsınız, amma bizim “xeyirxahlığımızı” da unutmayın aaa!..
Bu həyasız adamın həyasızlığı qarşısında nəsə deməyə gücüm yetmədi, birtəhər sağollaşıb telefonu qapatdım. Düz iki saat sonra Xoşbəxtdən daha bir zəng gəldi. Bu dəfə o, hirsli, hikkəli idi. Sanki qulağıma axıb dolan cod, qara səsi yox, bu səsin içindən siyrilib çıxan qara əlləri idi, üz-gözümü cırmaqlamaq, boğmaq istəyirdi məni:
-Sən neylədiyini bilirsən?
Bu dəfə “sənətkar” və “müəllim” sözləri səslənmədi. Hər iki söz Xöşbəxtin bədbəxt səsinin zülmətində boğulmuş, əriyib itmişdi və üstəgəl “siz” yox, “sən” olmuşdum birdən-birə. Görünür, göndərdiyim yüz manat azlıq etmişdi.
-Bu nə danışıqdır, Xoşbəxt bəy?!
-Biz səni məhkəməyə verəcəyik!
-Niyə, nə günahın sahibiyəm?-süni yazıqlıqla soruşdum.
-Sən göndərdiyim xanımı,.. o cür gözəl bir xanımı çox hörmətsiz qarşılayıb, hörmətsiz də yola salmısan. Bu azmış kimi hələ təhqir də etmisən, fahişə adlandırmısan! Buna görə adama, bilirsən neçə il iş düşür?.. Yooox, sən heç yaxşı yerə ilişməmisən! Bu təhqirin, hörmətsizliyin cəzasını çəkəcəksən! Artıq “Yeni dünya” qəzetinin kollektivi adından şikayət ərizəmiz, məktubumuz prokurorluğa göndərilib, cavab verməli olacaqsan! Yoox, əgər adının qara siyahıya düşməsini, həyatının ritminin pozulmasını istəmirsənsə, əlin cibində olmalıdır. Bu cür işdən yaxa qurtarmaq üçün heç on min manat da yetərli deyil. Amma razılaşsan beş minlə biz bu işi bağlaya bilərik!
Daha dözə bilmirdim. Nə baş verdiyini anlamadan, soruşmadan bu həyasız adama tutarlı bir söz demək istədim. Sonda birtəhər səbrimi basdım və sakitcə dedim:
-Xoşbəxt bəy, bir şeyi unutmayın!.. Unutma ki, sizin axtardığınız adam mən deyiləm! Gedin, hara, kimə şikayət edirsiniz, edin, əl çəkin yaxamdan!
-Eybi yox! Bir halda ki, belə oldu, onda incimə məndən!-Xoşbəxt Xoşbəxtzadə sağollaşmadan telefonu qapatdı. Az sonra başqa bir naməlum nömrədən zəng gəldi və bu dəfə tanımadığım bir gənc kişi səsi: “Müəllim, iki gün sonra köşklərdən “Yeni dünya” qəzetini alıb baxarsınız. Orda sizin çox möhtəşəm karikaturanız yer alacaq!-dedi və telefonu həmən qapatdı.
Qəribə bir durumdaydım; gülümmü, ağlayımmı, anlamırdım. Nə baş verdiyini, necə baş verdiyini də bilmirdim. Bir anlıq düşündüm ki, yəqin hüquqşünas qardaşım məsələni bu qədər qəlizləşdirib. Elə bu fikirlə də ona zəng etdim. Kompyüterdən zərif qadın səsi eşidildi: “Bu nömrəyə zəng çatmır...” Yaxşı, qalsın geriyə-Bakıya qayıdana, məsələni yerli-yataqlı öyrənərəm.
Birdən-birə dəli bir maraq üstələdi məni. Hələ həyəcanı demirəm. Bu maraq, həyəcan, iki gün sonra qəzetdə yer alacaq karikaturamla bağlı idi. Yoooox, əsla yooox,.. nə biabırçılıq?!.. Kimdir biabırçılıqdan qorxan? Bir də ki, neyləmişəm ki, qorxam da, sadəcə karikaturam mənimçün maraqlı idi. Amma sonra hər şey yadımdan çıxdı-qəzet də, karikatura da, hətta Xoşbəxt Xoşbəxtzadə də. Sonralar eşitdim ki, Xoşbəxtin başına çox bədbəxt işlər gəlib. Nə işimə, yazıqdır, Allah onu da xoşbəxt eləsin! Birdən-birə bu axşam yenidən xatırladım onu və bütün baş verənləri. Sonra “Yeni dünya” qəzetində yer almış (bəlkə də yalan deyirdilər, belə bir şey olmadı) karikaturamı xatırladım və gülümsəyərək onun necəliyini, hansı formada olmasını təxmin etməyə çalışdım...

Комментариев нет:

Отправить комментарий