16.05.2013

Mən sənsiz də bacararam

Rüfət Əhmədzadə

Mən sənsiz də bacararam, deyilmi? Üstündən araq içər, siqaret də çəkərəm.... Birtəhər unudaram. Ya da unutmasam da, eləcə şeirlərlə, kədərli nəğmələrlə yada salaram səni.
Ya da bu dərddən ürəyim elə dolar ki mənim, hər ay bir roman yazan yazıçılar da çəkər həsədimi... Hər əsər bir uğursa, itkidən nə bitər ki?
Heç araq içmərəm də... Siqaret də çəkmərəm. Qəfildən dəyişərək, sufi möminlər kimi... diz çökərəm səcdəyə, tək ilahi eşq ilə... Ovunaram, deyilmi? Mən sənsiz ölmərəm ki! Sadəcə son nəfəsdə bəlkə axtardım səni... Sevgiylə yaşadımsa, sevgisiz ölmərəm ki!
Mən sənsiz də bacararam, çətinmi? Yeni həyat, yeni eşq... Evli kişi olaram, bir az da keçər, ata... Mən sənsiz də dözərəm, həyatda dərd yenimi? Qıcımağa diş qalmasa da belə, qatlamağa dilimə nə gəlib ki? Qürursuz qalmasam da, hədəf yoxsa, susaram. Sənsiz savaşmaqda nə məna var ki?

Sən mənsiz də bacararsan deyilmi? Qapına gələnlərdən birinin bəxti gülər. O kəsin ki, alnına özgə dərdi yazılıb.
O kəsin ki, yarası daha ağır qazılıb. Bəlkə özü anlamaz, bir an hiss etməz belə. Sən ona bu dünyada ən qiymətli hədiyyə... Bu dünyaya hamı məcburi gəlir, elə məcburi gedir. Sən də hamı kimisən... Sən mənsiz ölməzsən ki!
Sadəcə son nəfəsdə bəlkə çağırdın məni... Diləksiz ölməzsən ki!
Sən mənsiz də bacararsan, çətinmi? Yeni həvəs, yeni yol... əvvəl doğum evinə, sonra isə bağçaya... Bir gün hərbi xidmətə oğul yola salarsan... Gözlərində donub qalan boyumdan hündür olar... Hər duyanda diksindirən adımdan şirin olar...
Tək sevdiyin kişi olar. Tək fəxr etdiyin insan... Öyünməyə gəncliyin olmasa da, rəqs etməyə əllərinə nə gəlib? Övladların xeyir işində mənsiz qəmə bürünməzsən ki!
Sən mənsiz də bacararsan. Mən sənsiz də bacararam. Gücümüzü sınayarıq, ayrı-ayrı yollarda... Bax, üz-üzə gəlmədik... Heç yan-yana durmadıq... Bəlkə də bacarardıq.  Bəlkə də sınasaydıq!

Комментариев нет:

Отправить комментарий