15.05.2013

Velosiped və mentalitetimiz

İmran Kərimli

Nə olması indiyəcən dəqiq bəlli olmayan mentalitetimizə görə adətən bizdə adi halda velosiped sürənlərə gülürlər

Buna görə də çox faydalı nəqliyyat vasitələrindən biri olan velosiped, çətin ki, yaxın zamanlarda bizdə kütləvi nəqliyyat növünə çevrilə. Halbuki bir çox ölkələrdə, məsələn Danimarkada əhalinin 30%-i ekoloji cəhətdən təmiz olan məhz bu nəqliyyat vasitəsindən istifadə edir. Hollandiyalılar dünyanın bir nömrəli velosiped sürənləridirlər.
Rəsmi açıqlamalara görə, əhalisi 17 milyon olan bu ölkədə 18 milyon velosiped mövcuddur. Bu isə o deməkdir ki, Hollandiyada əhalinin hamısı sözügedən nəqliyyat vasitəsindən istifadə edir. Statistikaya görə, əhalinin 40 faizi birmənalı olaraq yalnız velosiped sürür.
Digərləri isə əksər hallarda bu nəqliyyat vasitəsində yararlanırlar. Təsadüfi deyil ki, Hollandiyanın baş naziri Mark Rutte bu yaxınlarda Türkiyənin prezidenti Abdullah Güllə rəsmi görüşə velosipedlə gəlmişdir.
Xatırlatmaq lazımdır ki, velosipedi orta sürətlə sürmək insan orqanizmində 500 kilokalorinin yanmasına səbəb olur ki, bu da insanın səhhətinə olduqca müsbət təsir qoyur.Bu baxımdan heç də təsadüfi deyildir ki, orada velosipedə hətta abidə də qoyublar.
Bir sıra Asiya dövlətlərində, məsələn, Vyetnamda, Kambocada, Myanmada, Laosda, Çində və s. ölkələrdə velosiped sürməyin çox populyar olması kasıbçılıqdan irəli gəlsə də, onun ABŞ-da , Yaponiyada, inkişaf etmiş Avropa ölkələrində də sevimli, çoxişlənən minik olması onu göstərir ki, velosiped həm də sadəliyin, yüksək mədəniyyətin, varlılığın bir rəmzidir.
Hansısa qəzetdə oxumuşdum ki,bir nəfər sumqayıtlı məmur sovet dövrü şəhərin adından Sumqayıt şəhəri ilə qardaş şəhər olan Almaniyanın Lüdviqshafen şəhərinə gedən nümayəndə heyətinin tərkibində orada bir tədbirdə iştirak edib. Həmin azərbaycanlı deyir ki,bütün nümayəndə heyətimiz çöldə durub səbirsizliklə merin gəlişini gözləyib. Bir də görüblər bir nəfər velosipeddə , başında idman papağı və çox çox sadə geyimdə onlara tərəf gəlir.Biləndə ki, bu təvazökar geyimli adam elə şəhərin meridir,bizimkilər təəcüblərindən mat qalıblar.
Azərbaycanda ortabab məmurun, rektorun, professorun, hətta MİS (Jek) müdirinin belə işə bahalı, son model avtomobil ilə gedib-gəlməsi adi hal olduğu kimi, sivil ölkələrdə də eyni peşə, vəzifə sahiblərinin işə, dükana və s. yerlərə velosipedlə gedib-gəlməsi adi haldır. Özü də bu zaman onlarda bizimkilərdən fərqli olaraq məsul bir işdə belə qalstuk taxmamaq, kostyum əvəzinə bir çox hallarda idman paltarı və ya sadə geyinmək təəcüblü hal sayılmır. Təbii ki, bu da əslində onlarda şüur səviyyəsinin yüksək olmasından xəbər verir.
Qeyd edim ki, İranda da əhalinin böyük bir qisminin motosiklet, moped, velosiped sürməsi kütləvi xarakter daşıyır. Düzdür, İrandan fərqli olaraq Hollandiyada, ya da Belçikada velosipedlərin oğurlanmayacaqlarından arxayın olaraq onları səkilərdə sahibsiz (nəzrətsiz) olaraq qoyulması adi haldır.
Bundan başqa, Avropa İttifaqı ölkələrində velosiped sürənlərin sayı çox olduğundan onların hüquqları nəzərə alınaraq onlar üçün xüsusi yol zolaqları ayrılır. Maraqlıdır ki, açıq-saçıq geyim artıq bizim mentalitetimizə zidd sayılmadığı, qadınların mini yubka, dar şalvar kimi zay şeylər geyib çölə-bayıra çıxması cəmiyyət tərəfindən kütələvi olaraq normal qəbul edildiyi halda, çox qəribədir ki, velosiped sürənlər adətən bizdə gülüş obyekti olur.
Belə çıxır ki, bəzən özünü əcaib şəkildə birüzə verən belə mentalitetimiz elə təkəbbürlü olmağımızdan irəli gəlir. Fikirləşirəm ki, əgər bizdə velosipedə təkcə idman növü kimi yox, adi nəqliyyat növü kimi baxılsa idi, bəlkə də Bakıdakı avtomobil tıxacları xeyli azalardı. Yoluxucu yaxşı nümunə göstərərək,"əvəzedilməz" Bakı meri Hacıbala Abutalıbov sağlam həyat tərzini dəstəkləyib özü bir dəfə velosipedə minərək yıxıb-sürüdüyü şəhərin küçələrini bir kruq vursaydı, bu həm onun sağlamlığına xeyir edər, həm də ömüründə heç olmasa bir dəfə sadə insanlarda özünə qarşı simpatiya yaradardı.
Velosiped sürmək bizdə daha çox uşaqlıq əyləncəsi, tək-tük insanların hobbisi, bəzən isə "məcburi" nəqliyyat vasitəsi olsa da, əslində mədəniyyətin bir parçasıdır. Müasir dövrümüzdə də bizdə aktual olan dahi Sabirin təbirincə desək təxminən belə səslənər: "Əcnəbi yerdə velosiped sürür, bizdə isə bunu özümüzə sığışdırmayaraq ona minməyiriz".
Əlbəttə bizdə də ictimai fikrə qınağa fikir verməyən insanlar da az deyildir ki,onlar velosipedi sevimli nəqliyyat vasitələsinə çevirməkdən çəkinmirlər,ancaq bu ,nəqliyyat vasitəsi kimi bizim cəmiyyətin şüuruna hələ oturmayıb deyə bu kütləvi xarakter daşımır.Amma velosiped sürənlərin sayının çoxalması son zamanlar artan yol qəzalarının və onların qurbanlarının sayını azalda bilərdi.

Комментариев нет:

Отправить комментарий