17.05.2013

General olmaq istəyirdi, nadan gülləsinə tuş oldu

“Gecə saat 3-4 arası olardı. Mobil telefonuma zəng gəldi. Ötəri baxanda gördüm ki, Elşənin nömrəsidir. Telefonu açanda isə başqa səs eşitdim. Özünü “zampolit” kimi təqdim edən şəxs bildirdi ki, qohumunuz Elşən ağır yaralanıb, təcili Naxçıvana gəlmək lazımdır. Dərhal qardaşı Zahirə zəng vurdum, telefonu bağlı oldu. Sonra atası ilə danışdım. O da təcili Naxçıvana getdi. 19-u axşam 4-də ora uçub, elə həmin gün axşam 9-da Elşənin tabutu ilə Bakıya qayıtdılar”.
Bütün bunlar bu yaxınlarda güllələnən zabitimiz Elşən Məmmədovun yaxın qohumu Tural Bəşirovun dediklərindəndir.
Hadisəni isə aşağıdakı kimi təqdim etdilər:
- Naxçıvandakı hərbi hissələrin birində tağım komandiri vəzifəsində çalışan Elşən onun hissəsinə yeni əsgər gəldiyini aprelin 15-də görür. Aprelin 18-də isə onlar bir də üz-üzə gəlirlər. Atasının bildirdiyinə görə, əsgəri “şap-şapı"da, yaxası açıq, qısası, çox səliqəsiz vəziyyətdə görən Elşən əsəbiləşir və əsgərə bunları irad tutaraq bildirir ki, hərbçisən, şərəfsizlik etmə.
Əsgər də deyir ki, mənim bu sözdən xoşum gəlmir. Elşən bundan sonra onun qolundan tutur, qucaqlayır və deyir ki, əsəbi oldum, bağışla. Sonra da dostlaşırlar. Atası Mübariz kişinin dediyinə görə, həmin sözləri Elşəni vuran Rəfael Şahverdiyev hərbi prokurorluğun nümayəndəsi onu dindirərkən, onların yanında deyib. Onu da bildirib ki, Elşən 3 günlük kursdan hissəyə gələndə bütün tağımın əsgərləri üçün dondurma və şirniyyat alıb. Elə həmin əsgərə də verib və o da həmin mübahisədən sonra dondurmanı alıb və yeyib. Bundan 3-4 saat sonra isə Rəfael Şahverdiyev adlı bu əsgər pulemyotu götürüb, Elşən yatan otağa gəlib. Həmin vaxt Elşən üzü üstə yatıbmış. Rəfael pulemyotdakı 30 güllənin hamısını ona tərəf atəş açaraq boşaldıb. Güllənin 11-i Elşənin bədəninə dəyib. Hətta o, köməyə gələnləri də hədələyərək yaxına qoymayıb.
Elşənin atası Mübariz kişi:
- Prokurorun yanında ondan soruşdum ki, onu niyə öldürdün? Dedi ki, ölməli idi. Dedim, niyə bir yox, ona 30 güllə atdın. Yenə dedi, ölməli idi. Dedim, səni döydü, vurdu? Dedi, yox, qucaqladı, üzr istədi, dostlaşdı mənimlə. Dedim, axı mübahisə etsəniz də, özün deyirsən, dostlaşmışdıq, kim isə səni öyrətdi ki, oğlumu öldürdün? Dinmədi. Dəfələrlə soruşsam da, susdu.
Qəzetimizin ötən sayında xəbər vermişdik ki, Masallı rayonunun Sığıncaq kənd sakini, 27 yaşlı tağım komandiri yatdığı yerdə güllələnib. Həmçinin, söz vermişdik ki, növbəti sayımızda bu barədə daha ətraflı məlumat verəcəyik. Vədimizi reallaşdırmaq üçün mayın 2-də Elşənin ilk cümə axşamı mərasiminə yollanıb, onun yaxınları və doğmaları ilə söhbətləşdik. Bu dəhşətli qətldən 2 həftə keçsə də, heç kim onun barəsində kövrəlmədən danışa bilmirdi. İlk müsahibimiz onun yaxın dostu, Sığıncaq məktəbinin ingilis dili müəllimi Mikayıl Rufullayev oldu:
-Biz çox yaxın dost olmuşuq. Hərbi məktəbə də birgə sənəd vermişik. Elşən isə sanki hərb üçün doğulmuşdu. 1 metr 92 santimetr boyu, 90 kiloqram çəkisi. Cəsarəti, dözümlülüyü, mərdliyi, savadı, tərbiyəsi... onun sabahkı parlaq gələcəyindən xəbər verirdi. Mən onu sadəcə, dostu olduğum, yaxud cavan yaşında qətlə yetirildiyi üçün tərifləmək istəmirəm. O, bütün kəndin, onun tanıyan hər kəsin doğması, sevimlisi idi.
Elşənin demək olar ki, sözünün hər kəlməsi, necə deyərlər, mübtədası da, xəbəri də Vətən idi. Bu torpağı, bu bayrağı o qədər sevirdi ki, təsəvvür edin, komandiri olduğu tağım ərazisində, ermənilərə olduqca yaxın məsafədə öz vəsaiti ilə böyük bayraq hazırlatdırıb, özü öz əli ilə ən uca yüksəklikdə basdırmışdı. Hərbi təhsil aldığı müddətdə 2 il ardıcıl olaraq bayraqdar olmuşdu.
...Ondan olsa idi, deyirdi, hamı hərbçi olsun. Hələ məktəb illərində mənə o qədər təbliğat apardı ki, gəl hərbçi olaq. Mən də onunla birlikdə sənədlərimi Cəmşid Naxçıvanski adına hərbi məktəbə verdim. Lakin mən müsabiqədən keçə bilmədim, o isə bu məktəbə qəbul olundu. 3 il burada təhsil alıb hərb sənətinə yiyələndi. O məktəbin ən qabaqcıl şagirdi idi. 2002-ci ildə sabiq ölkə başçısı Heydər Əliyev həmin məktəbə görüşə gələndə onun salamlaşdığı və söhbət etdiyi müdavimlərdən biri də Elşən idi. Elşən orta məktəbi də əla qiymətlərlə oxumuşdu. Hələ hərbi məktəbdə təhsil alanda Xətai rayonu üzrə coğrafiya olimpiadasında birinci olmuşdu.
Elşən bütün ruhu ilə hərbə bağlı idi. Həm daim fiziki hazırlığını artırır, həm bütün silahların, döyüş texnikasının “dilini” öyrənir, həm də ardıcıl mütaliə edirdi.
Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra Ali Hərbi Akademiyaya daxil olub, oranı qırmızı diplomla başa vurdu. Daha sonra 1 il Türkiyənin İzmir şəhərində hazırlıq kursu keçdi. Elə tədbir, elə yarışma olmurdu ki, Elşən orada qalib olmasın, təltif edilməsin.
Çox böyük arzuları var idi. “35-40 yaşımda general olacağam”, - deyirdi. İndidən general forması da hazırlatdırmışdı özü üçün.
Onun ölüm xəbəri barəsində məlumatı internetdə oxuyanda gözlərimə inanmadım, heç indi də onun ölümünə inanmıram. Daim saf arzularla yaşayan, insanlara yaxşılıq etməkdən zövq alan, yüzlərlə gəncə əsl nümunə olan bir gənci belə faciəli şəkildə itirmək olduqca ağırdır.
Kazımov Cavidan, dayısı:
- Hər bir insanın ölümü ağrılıdır. Xüsusən, həmin şəxs gənc olanda, əsgər olanda. Elşənin ölümü isə müsibət oldu. Dayısı olduğum üçün demirəm, o, həqiqətən, layiqli, fədakar bir Azərbaycan oğlu idi. Son illər kəndimiz belə müsibət görməmişdi.
Onu tanıyan hər insan Elşən haqqında xoş sözlər deyir, onun ölümünə yanır. Elşən 18 yaşından namaz qılır, oruc tuturdu. Olduqca tərbiyəli, hər bir işdə yerini bilən adam idi. Ən çox xoşladığı iş hamını - dostları, qohumları bir yerdə görmək idi. Küsəyən adamı görən gözü yox idi. Deyirdi ki, kimin səhvi var, üzünə deyək, daha uşaq kimi küsdüm-küsdüm oynamaq nədir? Kəndə gələndə küsülülər küsülü olduğunu unudub onun başına yığışardı. Az qala, bir qayda şəklini almışdı - Elşən gəlibsə, hamı bir yerdə olmalıdır. Yalana nifrət edirdi, atası da olsa, sözün düzünü açıq deyirdi. Çox əliacıq idi. Son qəpiyini də ehtiyacı olandan əsirgəməzdi. Xeyirxah idi. Yolla gedən, əlində yük olan qoca görsə idi, evlərinə qədər ona kömək edərdi. Yalançı hərbi bilet alanlar gözünün düşməni idi, onlarla söhbət edib başa salmaq istəyirdi ki, hamımız Vətəni qorumalıyıq.
Onun ölüm xəbərini eşitdiyim anın ağrısını heç unuda bilmirəm. Ən yaxın dostu Xalid mənə zəng vurub, rabitəsiz ifadələrlə “Elşəngildə nə var, nə yox?”- deyə soruşdu. Sonra ağlayıb telefonu söndürdü. Bir dəqiqə sonra yenə zəng vurdu. Hönkürə-hönkürə dedi ki, bilirsən, Elşəni güllələyiblər, öldürüblər Elşəni”.
İstədiyi də var idi Elşənin. Bu payız toyu olmalı idi. Toya hər tədarükü də özü görmüşdü, lazımi qədər pul toplamışdı. Amma nişan eləməyə qoymadı. Elə bil ürəyinə dammışdı. Deyirdi ki, payızda gəlib nişan da edəcəyəm, toy da. Hərbçi adamam, dünyanın işini bilmək olmaz, bəlkə başma bir iş gəldi, indidən nişanlanıb, xalqın qızının adını dilə-dişə salmayım.
Uşaq vaxtından idarəetməyə həvəsli idi. Davalı kinoları xoşlamazdı. Ciddi kitabları oxuyurdu, ciddi filmlərə baxardı.
Ən çox isə anasının ağlamasından qorxardı. Çox kövrək qəlbli insan olan anası, televizorda əsgər ölümlərini görəndə çox ağlayardı. Elşən isə onun ağlamağına dözə bilmirdi.
Bəşirov Tural, dostu:
- Bir yerdə böyümüşük. Çoxlarına nümunə olan bir gənc idi. Kənddə onu sevməyən, öz balası kimi ona yanmayan insan yoxdur. Bu gün yaxşı, nümunəvi gəncə məxsus hansı keyfiyyətlər varsa, bu keyfiyyətləri o, özündə cəmləşdirmişdi. Allah ondan boy-buxunu əsirgəməmişdi, özü də tanrının verdiklərini saf əməlləri ilə daha da zənginləşdirmişdi. Hərb ədəbiyyatını çox mükəmməl öyrənirdi. Yaxşı hərbçiyə məxsus nə varsa, özünə aşılayırdı.
Hamı onu sabahın generalı kimi görürdü. Tağımında olan hər əsgərə öz doğması kimi baxırdı. Hərbi xidməti başa vuran əsgərlər üçün qurban kəsərdi. Ən çox işlətdiyi ifadə isə bu idi: "Unutma - qisas al!"
REDAKSİYADAN: Bu yazının hazırlanmasında bizə yardımçı olan Elşənin ən yaxın dostu Xalid Quliyevə də dərin minnətdarlığımızı bildiririk. Onun qardaş qədər əziz bildiyi Xalid bizimlə söhbətdə bildirdi ki, Elşən ölməli oğul deyildi. O aldığı 1007 manat əmək haqqının yarıdan çoxunu kazarmanın təmirinə, əsgərlərin ehtiyacına xərcləyir, hətta orada cücə basdırıb, əsgərlərə təmiz toyuq əti yedizdirirdi. Elşən zəhmətkeş oğul olub. Uşaqlığı heyvan otarmaqla keçib. Bir əlində çomaq, bir əlində kitab olub. Uşaqlığı çox kasıbçılıqla, gəncliyi əziyyətlə keçdi.
Xalidin bir gileyi də var. Azərbaycan telekanalları bu cür igidin ölümünü çox səthi işıqlandırdı. Bir cücə dördayaqlı doğulanda efirə bu xəbərdən daha çox yer ayırırlar. Amma bu cür cəsur bir insanın ölümünü layiqincə işıqlandırmadılar ki, doğmalarına bir təsəlli olsun.
SON SÖZ ƏVƏZİ. Bütün kənd, onu tanıyan hər kəs Elşən haqqında ürək yanğısı və nisgillə danışırdı. Onun bir nadan əlində belə ölümü hamını yandırırdı. Atası Mübariz kişinin və dostlarının isə hökumətdən bircə təmənnası var - bu iş ədalətlə araşdırılsın.
Atası Mübariz kişi:
-Onun ölümündə bəzi şübhələrim var. Cəmi 3 gün əvvəl bu hissəyə gələn əsgər, cəmi 3 saat əvvəl onunla mübahisə edən əsgər haradan bildi ki, bu komandir gün ərzində cəmi bir neçə dəfə 4-5 dəqiqə yatır. Həmin qatil özü mənə dedi ki, hamı deyir, onu oyaq vaxtı vurmaq mümkünsüzdür, sənin gülləni havada tutar, özünə də məcbur edər ki, sifarişçini de. İkincisi, bu əsgər əlində pulemyot 2 postu gecə yarısı necə keçib ki, onu heç kim görməyib. Bu əsgərin qolu şırım-şırımdır. Biri deyir, psixdir, biri deyir narkomandır. Bu adam psix, yaxud narkomandırsa, hərbidə nə edir? Oğlum fevral ayında məzuniyyətə gələndə hamıdan razılıq edirdi. Lakin ağızucu dedi ki, məndən vəzifəcə üstün bir zabit gəlib, mənimlə heç düz demir. Ötən ilin sentyabrında Bakıda 45 günlük komandirlik kursu keçmişdi. Lakin onun bölük komandiri təyin edilməsi yubadılırdı. Ölümündən sonra dedilər ki, 3-4 günə bölük komandiri olub 100 əsgərə rəhbərlik edəcəkdi.
... Bir kənd bir igidini belə itirdi. Adı Elşən olsa da, sağlığında bu ada layiq çox əməllər edib el-obasına baş ucalığı gətirsə də, bir nadan gülləsilə El - şən el-obasına əbədi bir nisgil yaşatdı.

Zahir Əmənov                             "Cənub xəbərləri"



Комментариев нет:

Отправить комментарий