08.08.2013

Ömür, köhlənini sür, sağollaşaq!

Əfrahim Hüseynli

SƏNİ UNUTMAĞI MƏNDƏN GÖZLƏMƏ

 Saxlaya bilmədi çən - duman ömrü,-
Başqa yol tutmağı məndən gözləmə.
Aramızda qalan güman da itsə,-
Səni unutmağı məndən gözləmə!

Ayları ötürdüm, günü gözlədim,-
Tale yazı yazdı... susdun niyə sən?-
Qaldıq sorğu-sual məngənəsində,-
Nekroloq yazdınmı bu sevgiyə sən?

 Yazdım günahlara...yazdım bəlkə də,-
Baharı gözlədim bu qış ömrümə.
Günlərin, ayların soyuqluğunu
 Təzədən gətirdi yağış ömrümə.


Doğru de, heç məndən xəbərin varmı?-
Ağrıyır... ağrıyan ürək təzədən.
 Nə olsun ocaq da, od da qalıbdı,-
Külümü sovurur külək təzədən.

 Mən belə demədim... gələk üz-üzə,-
Olub-olanlar da günaha dönə?!
Bir güman girinci qala bu ömür,
 Dönəsən nağıla, röyaya yenə.

Saxlaya bilmədi çən - duman ömrü,-
Başqa yol tutmağı məndən gözləmə.
Aramızda qalan güman da itsə,-
Səni unutmağı məndən gözləmə!

DÜZ BİR İLDİR ANAM YOXDUR

Gəlmişəm bu gün də qəbrinin üstə,
 Qəbrin də gözəldir, ay gözəl anam!
 Çilənir qəlbimə sərin su kimi
 Doğma səs "ay oğul, çox nigaranam".
 Qəbrin də gözəldir, ay gözəl anam!

Bir ildir kimsəsiz qərib kimiyəm,-
 Bir ildir bu dünya qəlbimə yatmır.
 Bir ildir torpağdır üz tutduğum yön,
 Bir ildir anama əllərim çatmır.

İlahi, deyirəm işə bax, işə,-
 Təzədən olmuşam bir uşaq kimi.
 Bu dərdə şəriktək, bu ev üzünə
 Bürüyüb həsrəti bir duvaq kimi.

Hər gün üz tutanda doğma ocağa,
 Elə bilirəm ki, gələcək səsi...
 Bu mənəm, gəlmişəm, səsimə səs ver,
 Səni axtarıram, ay ev yiyəsi!

Nə qonşu deyiləm, nə də ki, özgə,
 "Başına döndüyün" oğlunam axı.
 Səs ver, doğma səsin laylama dönsün,-
 Ölüm də qoy olsun yalan bir yuxu!

Deyirlər, "torpağın üzü soyuqdu."
 Yalandır! Duymadım bu soyuqluğu.
 Ev də bir qəfəsdir, çöl də bir qəfəs,-
 Necə unudular ana yoxluğu?!

Göylər bulud-bulud, yer üzü sükut,-
 Yer yerə, göy göyə bənzəmir daha!
 Ürək də dəyişib bir sözə bənddi,-
 Ürək o ürəyə bənzəmir daha!

Gəlmişəm bu gün də qəbrinin üstə,
 Qəbrin də gözəldir, ay gözəl anam!
 Çilənir qəlbimə sərin su kimi
 Doğma səs "ay oğul çox nigaranam".
 Qəbrin də gözəldir, ay gözəl anam!

SAĞOLLAŞAQ

Yolları uçuran qar var, yağış var,-
 Bir mələk yanında min qəlbidaş var.
 Mənimlə dərd adlı bağrıbadaş var,
 Sevinc ver əlini, ver, sağollaşaq.

Umduğum ürəklər daş olub, gedim,
 Yol çəkən - o gözlər yaş olub, gedim.
 Köçən durnalara qoşulub gedim,
 Dumana bürünən Yer, sağollaşaq.

Keçmədik, sulara dayaz dediksə,
 Yolları kəsibdi ayaz dediksə,
 Uzaqdan uzağa Araz dediksə,
 Uzat əllərini, Kür, sağollaşaq!

Ömrü başdan başa qış deməmişdik,
 Yolçu ol, qayadan aş deməmişdik.
 Yeri yağış yuyar, yaş deməmişdik,
 Dünya, bu yaylığı sər, sağollaşaq!

Yollar körpüsü yox, qalıb gözləyir,
 Göz yuma bilməyən qürub gözləyir.
 Dünya dar ağacı qurub gözləyir,
 Ömür, köhlənini sür, sağollaşaq!

Комментариев нет:

Отправить комментарий