10.08.2013

Özünü çox üzmə, qəmlə inləyib

GÜNAY SƏMA ŞİRVAN

SƏN MƏNİ İTİRDİN

Sən məni itirdin, mənsə illəri, 
Ağla həsrətimlə, döz həsrətimlə.
Çıxarıb yoluna tale kimləri? 
Barış, yaşayaraq öz qismətinlə.

Dolaşıq salıbmış Tanrı bəxtləri,
Tanrının səhvindən biz görüşmüşük. 
Alında yazıbmış ayrı bəxtləri,
Tanrı ayılınca oda düşmüşük.


Demə: “dəliliklər gözünü tutar, 
Könlünü dağlayar, özünü tutar”. 
Onlar “dərd yüküdür”—istəsən apar.
Məni bu dərdlərin əlindən qurtar.

Günahkar axtarma, nə gərək, gülüm, 
Gecikmiş sevginin özü günahmış.
Ayrılıq gələndə sevinər zülüm, 
Dünya başdan-başa, düzü, günahmış.

Sən məni itirdin, mənsə illəri,
Nə gərək nəfəsin dikəlsin aha. 
Özünü çox üzmə, qəmlə inləyib, 
Sən Allah, batırma məni günaha.

***
Sənədək mövcuddum, sənlə yaşadım, 
Qismət deyiləndən qaçmaq olarmı?
Yaralı könlümə həsrətin yardır, 
Bəxtin qırx qıfılın açmaq olarmı?

Bir nənə qurşağı gözümü tutdu, 
Duymadan özümü odlara atdım.
 Ayrılıq dünyanı mənə gor etdi, 
Məsum sevgimizi yadlara satdım.

Ürək: ”getmə”--dedi, beyinsə: “yürü”,
İndi xatirələr yıxır evimi.
Nə qaça bilirəm özümdən, nə də, 
ölüm gəlir, Haqqın fərmanı kimi.

Комментариев нет:

Отправить комментарий