03.04.2014

“Demokratların” antidemokratiya çağırışı

Ədalət Abdinov

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi partiyanın idarə heyəti hakimiyyəti  guya 31 mart qırğınının bolşeviklərin rəhbərliyi ilə həyata keçirilməsinə, Azərbaycan istiqlaliyyətinə qarşı çıxış etdiklərinə, respublikamızın Rusiya tərəfindən işğal və ilhaq edilməsində  rol oynamış və Krımın işğalı ilə bağlı dövlət və milli maraqlarımıza zidd mövqe nümayiş etdirdiyinə görə Azərbaycanın müvafiq dövlət orqanlarını  Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməyə çağırıb. Məsələyə münasibət bildirən qarşı tərəfin- Azərbaycan Kommunist Partiyasının katibi Ədalət Abdinovun fikirlərini dəyərli oxucularımızla bölüşürük.

31 mart qırğınının  bolşeviklər tərəfindən törədilmişdir- deyən şəxslərin nəzərinə vaxtilə İranda yerləşmiş ingilis qoşunlarının komandanı mənfur Denstervilin “ Britaniya imperializmi Bakıda və İranda 1917-18-ci illər» kitabındandan bir sitat xatırlatmaq istəyirəm: «Onlar (Zaqafqaziya xalqları) taqətdən düşənə qədər bir-birini qırmaqda davam etməlidir, bəlkə bundan sonra biz orada qayda yarada bildik».
Budur, 10 minlərlə müsəlmanın daşnaqlar tərəfindən qətlini şərtləndirən gerçək səbəb. İngilislər Qafqazda möhkəmlənməyin yeganə yolunu Qafqaz xalqlarının bir-birini qırmasında görürdülər və bu məqsədlə də eyni vaxtda həm azərbaycanlılara, həm də ermənilərə silah paylayır, kəndləri dağıdıb qətliyamlar törədir, suçu isə gah ermənilərin, gah da azərbaycanlıların üzərinə yıxaraq milli münaqişələri alovlandırırdılar.
1918-ci ilin mart ayına qədər Azərbaycanın qəzalarında erməni və müsəlman kəndliləri bir yerdə mülkədarlara, bəy və xanlara qarşı mübarizə aparırdılar. O zamankı Oktyabr inqilabının təsiri  ilə Azərbaycanda Qırmızı kəndli hərəkatı kütləviləşməyə, bolşevizm regionda möhkəmlənməyə başladı və elə o andan da mülklərini qorumaq istəyən bəylər, xanlar Tiflisdəki Antanta və əksinqilabi ağqvardiyaçılarla sövdələşib erməni və azərbaycanlı kəndlilər arasında nifaq salmağa başladılar. Bununla da onlar üsyançıları silahlarını mülkədarlara, milyonçulara yox, biri-birilərinə çevirməyə sövq edir, inqilabi mübarizəni milli münaqişələrlə əvəzləməyə çalışırdılar.
İngilis kəşfiyyatı başda olmaqla Antanta imperialistlərinin Tiflisdə (əksinqilabın ştabı) yazmış olduqları «Qafqazda inqilabi mübarizəni milli münaqişələrlə əvəzləmək» ssenarisinin yerlərdə icraçı aktyorları daşnaklar və müsavatçılar oldular.
Mart soyqırımı müsavat və daşnak gizli sövdələşməsinin nəticəsi kimi başa düşülməlidir.  Bu, inkarolunmaz tarixi faktdır ki, mart qırğınları müsavatçıların və daşnakların gizli sövdələşməsinin nəticəsi olub və şəhərdə elə ilk atışmanı da müsavatçılar başlayıblar. Bu gün bu faktlar məqsədli şəkildə ictimaiyyətdən gizlədilir. Faktlar isə inadkar şeydir, onlarla hesablaşmaq lazım gəlir. Həm də əgər bu fakt müsavatçıların öz dilindən etiraf olunubsa, onda onun doğruluğuna zərrə qədər də şübhə ola bilməz. Belə ki, mart soyqırımından bir il sonra 1919-cu il martın 17-də Müsavat hökumətinin rəsmi orqanı olan “Azərbaycan” qəzeti özünün 67-ci nömrəsində müsavat-daşnak gizli sövdələşməsi haqqında yazırdı: «Martın 18-də keçmiş şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən «İsmailiyyə» binasına gələrək erməni milli şurası və daşnaksütun partiyası adından bildirmişdi ki, hərgah müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, onda erməni qoşun hissələri müsəlmanlara qoşular və bolşevikləri Bakıdan qovub çıxarmaqda onlara kömək edər». Sonra o sözlərinə əlavə edərək bildirmişdir ki, «bu mübarizə siyasi əqidələr üstündə gedən bir mübarizədir, müsəlman və erməni milli şuraları birlikdə çıxış etmək üçün (bolşeviklərə qarşı) sazişə gələ bilərlər». Bu danışıqlardan sonra müsavatçılar Əlimərdan bəy Topçubaşovun (9 ay sonra Müsavat parlamanının sədri oldu) rəhbərliyi ilə daşnaklarla danışığa nümayəndə heyəti göndərir. Danışıqlar zamanı müsavatçılarla daşnaklar arasında belə bir razılıq əldə olunur ki, müsavatçılar bolşeviklərə qarşı qiyam qaldırmalı, daşnaklar isə onları silahla təmin etməlidirlər.
Həmin sövdələşmənin nəticəsi kimi 1918-ci il martın ortalarında Bakıda müsavatçıların açmış olduqları ilk atəşlə mart qırğınları başlamış oldu. Amma müsavatçılar müttəfiqləri daşnaklardan yardım yox, zərbə aldılar. Şəhərdəki qarışıqlıqlardan istifadə edən daşnak ölüm manqaları sanki çoxdan belə bir xaosu gözləyirlərmiş kimi fürsətdən istifadə edərək dinc müsəlmanları qırmağa başladılar.
Həmin vaxt  müsavatçı provakatorlar iş başında olublar. Daşnaklar müsavatçıları bolşeviklərə qarşı qiyama təhrik etməklə daim təxribata can atırdılar. Onlar 1918-ci il yanvarın 1-də vəhşi «diviziyanın» komandanı Talışinskinin Bakıda bolşeviklər tərəfindən həbsi faktından müsavatçılarla bolşeviklər arasında qarşıdurma yaratmaq üçün istifadə etməyə çalışdılar. Amma Nəriman Nərimanovun və digər nüfuzlu şəxslərin məsələyə müdaxiləsi o zaman daşnak təxribatının həyata keçməsinə imkan vermədi.
1918-ci ilin martında isə vəziyyət dəyişdi. Müsavatçılar və daşnaklar kommunistlərə qarşı ittifaq yaratdılar. Erməni milli şurası bolşeviklərə qarşı qiyamda müsavatçıları silahlandıracağıyla bağlı öhdəlik götürdü. Bakıda toplanmış minlərlə daşnak silahlısının dəstəyini öz arxasında hiss edən müsavat firqəsi daha cəsarətli addımlar atmağa başladı. İndi onların bolşeviklərə qarşı qiyam qaldırması üçün sadəcə bir bəhanə lazım idi. Belə bir bəhanə isə «dikaya diviziya»da xidmət edən bir dəstə zabitin Bakıda qırmızı qvardiyaçılar tərəfindən tərksilah edilməsi oldu.
Belə ki, Hacı Zeynalabdin Tağıyevin Lənkəranda «dikaya diviziya»da zabit kimi xidmət keçən oğlu Məhəmməd tapançasını başına tutaraq «rus ruleti» oynayarkən özünü vurur. Onun dəfnində iştirak edən zabitlər geri dönərkən qırmızı qvardiyanın matrosları tərəfindən tərksilah olunurlar. Bu hadisə Müsavat provakatorları üçün sanki göydəndüşmə oldu. Onlar bu hadisəni bəhanə edərək əhalini təxribata, qırğınlara sövq etməyə başladılar. Manaf  Süleymanov özünün «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabında tarixi faktlara əsaslanaraq provakatorların canfəşanlığını belə təsvir edir: «…Səhnəyə stol qoydular. Başında yekə, yaşıl əmmamə, gözlərində qara eynək, çiynində əba Bakı qazisi Mirhüseyn Ağa başı əsə-əsə xitabət kürsüsünə qalxdı, ağlaya-ağlaya qışqırdı: «Vaveyla! Va müsibəta! Dinimiz getdi əldən, namusumuzu tapdaladılar. Ağ kəfənə bürünüb cihad etməliyik».
Sağ əlini əbanın altına salıb çıxartdığı əfsər tapançasını havaya qaldıraraq bərkdən qışqırdı: «Əsbiqun, əsabiqun, ilahinə müqərribun! Kəfənpuş olub cihada çıxın! Bu yolda qan axıdanlar şühəda hesab olunacaq».
Ehtiraslar daha da coşdu. Əynində qara mahuddan kostyum, başında buxara papaq, milyonçu Çolaq Ağabala xitabət kürsüsünə qalxdı, yoğun səslə qışqırdı: «Camaat, papağı başımıza nə üçün qoymuşuz? İsti-soyuq üçün, ya ki namus üçün? Millət əldən gedir. Bu saat dəyirmandan 4000 kisə un buraxıram. Girin meydana». Onun dalınca kürsüyə qoçu Aşurbəyov qalxdı, bircə söz dedi: «4000 tüfəng, 200 qutu patron mən verirəm»».
Mart  qırğınlarının «memarları» bax bunlar idi;-müsavatın təxribat ruporları. Əcəb üçlükdü, elə deyilmi;- mola, milyonçu, qoçu. Hər üçü də inqilabın düşməni. Ona görə də əhaliyə bolşeviklərə qarşı qan tökəcəkləri təqdirdə «cənnətə putyovka» vəd edirdilər. Camaatı avantüraya sürükləyənlərin sinfi tərkibinə nəzər salmaq kifayətdir ki, mart hadisələrini törətməkdə hansı məqsədlərin güdüldüyü gün kimi aydın olsun. Beləki 1917-ci il dekabrın 12-də Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər istər müsavatçılardan, istərsə də daşnaklardan daha çox yer qazanaraq sol eserlərlə birlikdə demək olar ki, hakim mövqeyə yüksəlmişdilər. İnqilabi qüvvələrin Bakıda möhkəmlənməsindən təşvişə düşən dairələr (xaricdə Antanta imperialistləri, daxildə isə Çolaq Ağabala kimi milyonçuların puluyla bəslənən müsavat və daşnaksütyun kimi əksinqilabi dairələr) bolşevikləri bu siyasi üstünlükdən məhrum etməyin yeganə yolunu silahlı qiyamda görürdülər. Əks halda sual oluna bilər, Bakı qazısı hara, əbasının altından tapança çıxarıb insanları «qan axıtmağa» çağırmaq hara, və ya qoçu hara, 4000 tüfəng söz vermək hara? Müqayisə üçün deyək ki, bu elə böyük miqdarda silah demək idi ki, heç qırmızı qvardiyada həmən vaxt o qədər tüfəng yox idi (Bakı qırmızı qvardiyasinda 3500 tüfəng var idi). Bu sayda tüfəngi bir qoçunun təmin etməsi qeyri-mümkün idi. O, ya ümumiyyətlə yalan danışıb, bilərəkdən şişirdilmiş rəqəmlərlə kütləni təxribata çəkirdi, ya da ki arxasını ingilislərə və daşnaklara söykənmişdi. Çünki müsavatçılarla daşnaklar arasında əldə olunan gizli razılığa əsasən ermənilər müsavatçıları silahla təmin edəcəklərini vəd etmişdilər.
Müsavat provakatorları «İsmailiyyə» binasında kütləni qızışdırıb qırğına sürükləyəndə, yerli müsəlman kommunistləri Nəriman Nərimanov başda olmaqla əhalini avantüraya, təxribata uymamağa, qanlı qırğına yol verməməyə çağırırdılar. Nərimanov «Təzəpir» məsçidi qarşısında toplanmış müsəlman izdihamına xitabən deyirdi: «Müsəlman qardaşlar, aldanmayın. Fitnə-fəsada inanmayın, qara qışqırığa, mənəm-mənəm deyənlərə uymayın! Hökumətlə hökumətlik etmək olmaz. Topu var, çoxlu silahı var. Nizami əsgərləri var. Hərbi poraxodları var, sursatxanası var. Ayaq altında tapdalanarsız. Sizdə nə var? Var-yox beş-on dənə pas atmış dayandoldurum berdanka, otuz-qırx köhnə, sınıq əfsər tapançası. Nişan almağı, atmağı da əməlli-başlı bacarmırsız… Bir az səbr edin. Mən iyirmi yeddi tüfəngi alıb gətirəcəyəm».
Amma «İsmailiyyə»də meydan sulayan qaraguruh tamam başqa fikirdəydi. Onlar tələm-tələsik 12 nəfərdən ibarət heyət təşkil edib Çaparidzenin qəbuluna göndərdilər və dərhal müsadirə olunmuş silahların qaytarılmasını tələb etdilər. Çaparidze nümayəndə heyətinin tələbini anlayışla qarşılayıb bildirdi ki, «iyirmi-otuz tüfəngdən ötrü qalmaqal salmaq lazım deyil. Tüfəngləri indi sizə qaytarsam, matroslar tutub yenə əlinizdən alar, sizi hörmətsiz edərlər. Axşamüstü bir-iki nəfər gəlsin, tüfəngləri qoyum maşına, gözətçi də qoşum, götürün aparın». 
Deməli problemin həlli üçün səbr edib axşamı gözləmək qalırdı. Amma provakatorlar qanlı qırğını üstün tutdular, onlar nümayəndə heyətinin əliboş dönməsini bəhanə edərək şəhərdə qarşıdurma yaratdılar. Bir andaca küçə və məhəllələri atışma səsi bürüdü.
Təbii ki meydanda nə cihada çağıran qazı, nə milyonçu Çolaq Ağabala, nə də ki 4000 tüfəng vəd edən qoçu Aşurbəyovun heç izi-tozu da qalmadı. Provakatorlar səhnədə öz rollarını oynayıb, missiyalarını yerinə yetirərək çoxdan aradan çıxmışdılar. Mart qırğınlarında nə onların, nə də onlar kimi digər təxribatçıların birinin də burnu qanamadı.
Tədqiqatçı-yazıçı Manaf Süleymanov yazır ki, «Mart hadisələri vaxtı Bakıda qalmış müsəlman dövlətliləri Abşeron bağlarında, bəziləri şəhərdəki dostları, qudaları erməni dövlətlilərinin evində daldalanıb, firavan yaşayırdılar». Təkcə erməni milyonçusu Melikovun mülkundə 15 müsəlman milyonçu ailələriylə birlikdə sığınacaq tapmışdı.
Mart ğırğınlırında nə oldusa yoxsul müsəlmanlara, qaçmağa faytonu, sığınmağa bağı, erməni «qudası» olmayan fəqir-füqəraya oldu. Milyonsu Çolaq Ağabalaların daşnaklarla sövdələşib yaratmış olduqları qan dəryaçasında boğulanlar şəhərin yoxsul məhəllələrinin sakinləriydi.
Mart qırğınlarında yoxsul müsəlmanların yeganə ümid yeri kommunistlərin təşkil etdikləri «xilas komitələri» oldu. Kommunistlərin yaratdıqları «xilas komitələri» minlərlə müsəlmanı daşnak qətliyamından qorudu. Bu gün mart soyqırımından söhbət açılarkən kommunistlərin xilaskarlıq missiyası məqsədli surətdə ya inkar olunur, ya da əhəmiyyətsiz bir fakt kimi gözardı edilməyə çalışılır. Əslində isə qırğınlar başlanan gündən etibarən kommunistlər dinc müsəlmanların daşnak hərbçiləri tərəfindən öldürülməsinin qarşısını almaq və şəhərdə nizam-intizam yaratmaq məqsədiylə 3-4 nəfərdən ibarət xüsusi mobil qruplar, «xilas komitələri» təşkil etməyə başladılar. Tərkibi internasional qaydada- azərbaycanlı, rus, gürcü yəhudi olmaq etibarilə təşkil olunan «xilas komitələri»nə ümumi rəhbərlik Məşədi Əzizbəyov sədr, Bünyad Sərdarov müavin olmaq şərtiylə həyata keçirilir, qırğınlar zamanı müsəlman məhəllələrinin təhlükəsizliyi təmin olunmağa çalışılırdı. Daşnaklar o qədər qəddarlıq nümayiş etdirirdilər ki, hətta «xilas komitələri»nin üzvlərinə də atəş açır, onların xilaskarlıq missiyasına mane olurdular, bütün bu çətinliklərə baxmayaraq kommunistlərin «xilas komitələri» minlərlə insanı daşnak terrorundan qorudu.
Xilas komitələrinin necə böyük əhəmiyyətə malik olduğunu bilmək üçün sadəcə bir faktı vurğulamaq yerinə düşərdi ki, 1918-ci il martın 18-də daşnak quldur dəstələri Tağıyevin toxuculuq fabrikini mühasirəyə alaraq oranı içəridəki müsəlman fəhlələrlə birlikdə yandırmaq istəmişdilər. Xilas komitəsinin üzvləri daşnakların mühasirə halqasını yararaq dənizdən qayıqla hərəkət edərək qərargaha xəbər çatdırmış və nəticədə çoxlu insan tələfatına, iqtisadi zərərə yol açacaq daşnak ağ terrorunun qarşısı alınmışdır. Xilas komitələri yüzlərlə müsəlman fəhləni daşnaklar tərəfindən güllələnməyə aparılarkən xilas etməyə müvəffəq olmuşdular.
Qatır Məmmədin qırmızı partizan dəstələrinin nəzarətində olan bölgələrdə, xüsusilə Goran mahalında nə müsavatçılar, nə də daşnaklar milli münaqişə törədə bilmədilər. İngilis planı – inqilabi mübarizəni milli münaqişəylə əvəz etmək ssenarisi Goran mahalında ümumiyyətlə puça çıxdı.
İngilislərin, daşnakların, müsavatçıların inqilabi mübarizəni milli münaqişələrlə əvəz etmək, bununla da əhalini inqilabi mübarizədən yayındırmaq siyasətinə qarşı kommunistlər «Millətçilik inqilabı məhv edir!» şüarını irəli sürürdülər. 1918-ci ilin fevralın 17-də Lənkəran qəza kəndlilərinin ümumi yığıncığında irəli sürülmüş bu şüar o zaman üçün yeganə düzgün mövqe idi.
Mart hadisələrinin milli qırğın xarakteri alması kommunist maraqlarına tamamilə zidd idi. Çünki kommunistlər dilindən, dinindən, irqindən asılı olmayaraq bütün xalqları vahid inqilab bayrağı altında birləşdirərək imperializmə qarşı mübarizəyə səsləyirdilər. O qüvvələr ki, inqilabın əleyhinə idilər, əksinə, onların marağına uyğun idi ki, vahid inqilabi cəbhə parçalansın, ayrı-ayrı millətlərin nümayəndələri silahı bir-birinə çevirsinlər və bu səbəbdən də onlar millətlərarası münaqişələri alovlandırmaqda olduqca maraqlı idilər. Təəccüblü deyilmi ki, daşnaklar Oktyabr inqilabına, onun Şərqə doğru genişlənməsinə qarşı açıqca çıxış etdikləri, gürcü menşevikləri, müsavatçılarla birgə bolşevizmə qarşı mübarizə məqsədiylə Zaqafqaziya Komissarlığını, Zaqafqaziya Seymini təşkil etdikləri halda, mart hadisələrində gözlənilmədən bolşeviklərin tərəfini tutdular. Ona görə yox ki, bolşevikləri müdafiə etmək üçün, əksinə, bolşevizmi yerli əhalinin gözündən salmaq, onu rüsvay etmək üçün. Bu işdə bolşevik təşkilatı sıralarına soxulmağı bacarmış daşnaklar – Amazas, Avetisyan, Lalayan kimi xainlər daşnak quldurlarına əməlli-başlı himayəçilik edirdilər. Onların bolşevizmi «müdafiə» adı altında müsəlman əhaliyə qarşı; qocalara, əlillərə, uşaqlara, qadınlara tutduqları divan son nəticədə Bakı Sovetinin xalq arasında sosial dayaqlarını itirməsinə gətirib çıxardı. Daşnakların «qırmızı qvardiya» cildinə girərək törətmiş olduqları qətliyamlar, təxribatlar işə yaradı, Antanta agentləri Bakı Kommunasını ictimai rəydə dəfn etməyi bacardılar.
Mart qırğınlarında ingilislərin, daşnakların, müsavatçıların güddükləri əsas məqsəd reallaşdi;- bolşevizm sosial bazasını itirdi. İndi bolşevizmin Qafqazda mövcudluğu sual altında idi. Nərimanov haqlı olaraq yazırdı: «…bu hadisələr Şura hökumətinə ləkə salıb, onu qara örtüklə bürüyübdür, əgər siz tezliklə həmən qara örtüyü cırıb bu ləkəni təmizləməsəniz bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir».
Daşnak qətliyamlarının bolşevizmə vurduğu zərbə o qədər böyük idi ki, mart hadisələrinə qədər 100 min fəhlə kütləsi olan Bakı şəhərində 50 min nəfərlik siyasi tətillər təşkil edən və bununla da necə böyük sosial bazaya malik olduğunu əyani surətdə hər kəsə nümayiş etdirən bolşevik təşkilatları, bu hadisələrdən sonra bütün toplantılardan, yığıncaqlardan qovulmağa, təcrid olunmağa başladılar. Qocaman kommunist Şəmsəddin Musaxanov bu barədə belə danışırdı: «…1918-ci ilin mart ayından sonra vəziyyət xeyli çətinləşdi. Nə şəhərdə, nə mədənlərdə, nə də fabrik-zavodlarda və ətraf kəndlərdə heç kəs bizə qulaq asmaq istəmirdi. Bəzən adamın salamını da almırdılar. Bizi yığıncaqlara buraxmırdılar. İçəri girəndə hamı durub çıxırdı bayıra, məclis dağılırdı. Eləki deyirdik «ay yoldaş…» sözümüzü ağzımızda qoyurdular: «Sizdən bizə yoldaş olmaz… Gedin! Sizin yoldaşlarınız bizə yad adamlardır, onların yanına gedin… Mart qırğınları əhalini bərk hürküdüb qorxutmuşdu…» (Manaf Süleymanov, «Eşitdiklərim, gördüklərim, oxuduqlarım» kitabı, səh. 285-86).
Bu vəziyyət 1919-cu ilin əvvəllərinə qədər hökm sürdü və bu müddət ərzində bolşeviklərin əhali arasında iş aparması əməlli-başlı müşkül məsələyə çevrildi. Bütün bu cəhətləri də nəzərə almaqla mart hadisələrinin dərin təhlili sübut edir ki, mart qırğınları ingilis kəşfiyyatı tərəfindən çox peşəkarlıqla hazırlanmış «diversant» əməliyyatıydı. Bu əməliyyatda güdülən əsas məqsəd bolşevizmin geniş əhali kütlələrin arasında nüfuzdan salınması və bununla da ingilis qoşunları üçün Bakıya yol açılması idi.
Bəli, dağıdılıb məhv edilmiş yüzlərlə kənd, xüsusi amansızlıqla qətlə yetirilmiş 20 minə qədər dinc müsəlman, bütün bunlar ancaq bir məqsədə – Bakı qapılarını ingilislərin üzünə açmağa xidmət edirdi. Elə də oldu. Bakıda milli qırğın salındı, bolşeviklər sosial dayaqdan məhrum edildi, 4 ay sonra ingilislər əllərini-qollarını sallayaraq Bakıya daxil oldular. Daşnaklar Bakı Kommunasının ayaq altını qazaraq eser və menşeviklərlə birlikdə ingilisləri şəhərə dəvət etdilər, bununla da Qafqazda ingilislərin «beşinci kalonu» olduqlarını və kimin üçün işlədiklərini hər kəsə açıqca nümayiş etdirmiş oldular. Bakı Komissarlarının həbs edilib ingilislər tərəfindən güllələnməsində də daşnakların «xidmətləri» böyük idi.
İndi isə Sərdar Cəlaloğlunu və onun partiya üzvlərini əsassız narahat edən digər məsələyə toxunmaq  istəyirəm. Neccə olur ki, müxalifət NATO-nu Bakıya dəvət edəndə hamı susur? “Demokrat” düşərgəsinin liderləri gedib Ukraunada çıxış edəndə hamı heç danışmır? Belələri  qərbin çirkli pulları hesabına şüvənniklər edəndə hamı əl çalır, halbuki gərbin digər ölkələrdə törətdikləri bütün dünyaya bəllidir. Demokratiya adı altında xalqları qırır və hər şeyi də hilyəgərcəsinə atır xalqın üstünə!  İndi dünya bu şərəfsizlərdən cana doymuşdur. Ukrayna hadisələri bu günün söhbəti deyildir. Neçə illərdir ki, buna hazırlıq gedir. Odur ki, bu gün Rusiya Prezidentinin atdığı atdımlar məhz QƏRBƏ DAYAN DEMƏKDİR. BİZ DƏ BU ADDIMLARI XALQLARIN MƏNAFEYİNƏ UYĞUN OLDUĞU ÜÇÜN DƏSTƏKLƏDİK. 

Комментариев нет:

Отправить комментарий