"Əksər partiya üzvləri 50 manat tapmır ki, evinə bazarlıq etsin, heç yerdən gəliri olmayan Fuad Qəhrəmanlı villada oturur"
AXCP-nin Nərimanov təşkilatının təşkilatı məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlunun partiya sıralarından qovulması barədə xəbər vermişdik. Sabiq üzv redaksiyamıza gələrək, qurumdan xaric olunmasının səbəbləri ilə bağlı “Yeni Müsavat”a geniş müsahibə verdi.
Müsahibəsində A.Tanrıverdioğlu AXCP rəhbərliyinin ünvanına ağır ittihamlar səsləndirdi: “Qovulmağımla bağlı müxtəlif şər-böhtan kampaniyası aparırlar. Qeyd edim ki, siyasətdə olduğum zamanda daim gənclərin yanında olmuşam, gənclərin yüksək pillələrdə təmsil olunmasının tərəfdarı olmuşam. Bunu bilən AXCP rəhbərliyi iradını öz “qulbeçə”ləri vasitəsilə mənə bildirib. Saxta profil tapdılar və dedilər ki, guya mənə məxsusdur. Amma sübuta yetirilmədi. Məni partiya əleyhinə çıxmaqda suçladılar. AXCP-nin mütləq əksəriyyəti bilir ki, Əli Kərimli Milli Şuraya sədr keçmək istəyir. Buna səbəb Avropa təşkilatlarından birinin Milli Şuranı yeganə müxalif qurum kimi tanıması ilə bağlı fikirləridir. Əli Kərimlinin qısqanclıq hissi imkan vermir ki, o kürsüdə Cəmil Həsənli otursun. Partiyadakı qruplar bunun əleyhinə çıxdı. Hazırda AXCP-də Fuad Qəhrəmanlı ilə Həsən Kərimovun başlarında durduqları iki qrup var. Fuad bəy partiyada heç kəs tərəfindən qəbul olunmur. Amma Əli bəy tərəfindən qəbul olunan yeganə adam odur.
Heç kəslə məsləhətləşmədən partiyanı şəxsi sexi kimi Fuada ötürmək istəyir. Buna narazılığımı bildirdim. Bunu bəhanə edərək, Əli bəyin göstərişi ilə AXCP-dən xaric olundum. Ona xəbər veriblər ki, guya Ağaşirin regionlarda Fuadın əleyhinə təbliğat aparır. Məni çıxarsalar da, yüzlərlə mənim kimi partiyada cəbhəçi var. İstədiklərinə nail ola bilməyəcəklər. Kim azad sözün sahibdirsə, qovulur. Məmməd İbrahim Əli Kərimlinin söz gəzdirəni, işverənidir. Bunu bütün partiya bilir. Onun-bunun sözünü Əli bəyə çatdırır. Məndən də məlumat aparıb. Çıxarılmağıma kəskin etirazlar var. AXCP heç kəsin özəl mülkü deyil. Heç kəs deyə bilməz ki, sən cəbhəçi deyilsən. Bu əqidə qəlbimdədir. AXCP Əli Kərimlinin, Fuad Qəhrəmanlının, Məmməd İbrahimin ata-babasından qalmayıb. Böyük şəxsiyyətlərin miras qoyduğu partiyanı heç kim özəlləşdirə bilməz. Səhvlərini etiraf edənə qədər mübarizəmi davam etdirəcəm”.
A.Tanrıverdioğlu AXCP-ni məhkəməyə verdiyini, 156 min manat təzminat tələb etdiyini söylədi: “Ya partiya rəhbərliyi səhvini etiraf edib, üzr istəyəcək, ya da məhkəməyə gələcək. 26 il ömrümü qoyduğum partiyadan 156 min manat təzminat tələb edirəm. Birbaşa Əli Kərimli cavab verməlidir, “qulbeçə”ləri yox. Dəfələrlə demişəm ki, xalqı aldatmayın.
Hakimiyyətə güc göstərmək, iqtidara gəlmək taktikasını seçə bilmirsinizsə, çəkilin kənara. Əli Kərimli 2003-də Etibar Məmmədova dəstək verdi. Demək öz gücü yoxdur prezident olmağa. 2008-i boşa verdi. 2013-də Cəmil Həsənliyə verdi. Sizin qəzet vasitəsilə Əlin bəyə sual verirəm, bu insanları hara aparırsan? Niyə etiraf etmirsən ki, gücüm yoxdur, hakimiyyətə gələ bilmirsən?! Yerini gənclərə verməlisən! Sifarişli insanlara sədrlik ötürmək olmaz. Bu insan icazəsiz mitinqlərin birinə də çıxa bilmir. Yalnız öz qulları ilə icazəli aksiyalara çıxır. Mən meydanda sürünəndə, Əli Kərimli pəncərədən əlində fincan çay içə-içə baxır. Onun partiya üçün məndən çox xidməti ola bilməz. AXCP-yə biznes kimi baxır. 2000-ci ildən partiya sədri olan şəxs, neçə seçkiləri ötürüb.
Əli bəy, sən hakimiyyətlə işbirliyindən çıxandan, iqtidara güc göstərə bilmirsən. 1995-2000-ci illərdə hakimiyyətin razılığı ilə parlamentdə oturmusan. 2000-ci ildə özüm bunun şahidi olmuşam. Həmin ildə Əli Kərimli və komandasının parlamentdə necə düşdüyünün şahidiyəm. Sadəcə partiya xətrinə susmuşam”.
Sabiq partiya üzvü 2005-ci ilə qədər AXCP sədrinin hakimiyyətlə əlaqəsinin olduğunu söylədi: “Axırıncı seçkisi 2000-ci ildə olub. 2005-də isə əlaqəsi kəsilib. Bunun içində olan kin-küdurəti, qəzəb, nifrəti görən adam bununla dostluq edə bilməz. Görün kimlər partiyanı tərk etdilər. Hamısı onun təkəbbürlüyünün nəticəsidir. AXCP ölkəmizin böyük ordusu idi. Hamısını Əli Kərimli dağıtdı. KXCP, BAXCP, Asim Mollazadə, Fazil Mustafa, Qulamhüseyn Əlibəyli və başqalarının ayrılmasının birbaşa baiskarı odur. Əli Kərimli hər şeyini partiyadan yüksək tutur. Neçə ildir oyunların içərisindəsən, Kərimli, cavab ver! Mənə fərqi yoxdur ki, necə uduzursan. Əsas səbəb odur ki, uduzursan, getməlisən. Niyə özündə cəsarət tapıb, partiya üçün canını qoyanlardan üzr istəyib, uzaqlaşmırsan? İndi bic siyasətlə Milli Şuranın başına keçmək istəyir. Fuadı sədr gətirmək istəyir. Nədir ki, o, hakim partiyanın yaxın adamıdır. Əli Kərimli bu yolla partiyadan qarantiya istəyir. Bunu Fuaddan başqa verəcək adam yoxdur. Fuad YAP-ın AXCP-dəki bağlı quzusudur. O, sədr gələn kimi, bir özü, bir də ətrafında 3-4 adam qalacaq. Hakimiyyətə bağlı olduğuna görə qəbul olunmur. Onun səsi həmişə dövlət saytlarından gəlir. Fuad üçün bunlar olar, Ağaşirin üçün olmaz? Onun beyninə sədrliyi də Əli bəy salıb. Oyunların hamısı bu iki şəxsin arasında oynanılır”.
A.Tanrıverdioğlu AXCP daxilində yaxın olduğu qruplaşmanın adını da açıqladı: “Həsən-Gözəl qrupunda olsaydım, partiyada qalardım. Gözəl Bayramlı Ali Məclis sədrliyinə iddialıdır. Ona görə bütün rayonlarda Ali Məclisə seçilən şəxsləri Həsən Kərimov öz nəzarəti ilə seçdirir. O da sədrliyi Gözəl xanıma ötürmək istəyir. Partiyanın döyünən ürəkləri həbsdədir. Tutulanlar bir qrupun üzvləridir. Mən də o qrupun yanında olmuşam. Bu gün də iddialıyam ki, AXCP-ni idarə edəcək bir şəxs var, o da Seymur Həzidir. Allah qapısını açsın. Fuad və Həsənin qruplaşmasında hakimiyyətlə bağlı o qədər insan var ki, həbs olunsam, təəccüblənməyin. Bunlar o sahənin də peşəkarlarıdır. Hazırda həbsdəki AXCP üzvlərinin tutulmağı partiya rəhbərliyinin ürəyindən oldu. Bununla kimlərəsə yol açıldı. Hakimiyyət Fuad qrupunun sədrliyə gəlməsini istəyir. Tutulanlarla bağlı hakimiyyətə məlumatı partiyadan ötürdülər. Seymur Həzi, Pərviz Həşimli, Asif Yusifli tutulur, sonra bu şəxslərə yaxın adamlar partiyadan xaric olunur. Bir dəfə gücləri yetmədi, ikinci dəfə məni min cür saxtakarlıqla çıxardılar. Bunların hamısının başında duran oyunçu Əli Kərimlidir. O, hakimiyyətə gəlmək barədə zərrə qədər düşünmür. Özünə yaxın olan zombiləşmiş qrupu saxlamaqla məşğuldur. Hansı nazirə 3 dəfə teleqram vursaq, bizi qəbul edər. Dəfələrlə Əli Kərimliyə zəng vurmuşam, mesaj yazmışam, cavab vermir. Hakimiyyətə gəlmək gücü olmayan Əli Kərimli, partiyadaxili qruplara nəzarət etməyi bacarır. O, məhkəməyə Əli Kərimli gələcək. 156 minimi ondan alacam. “Azadlıq” qəzetinə müəyyən vaxtlarda kömək olmuşam. Bu iş icraata başlayan kimi, “Azadlıq” qəzetini də məhkəməyə verəcəm. Bütün mətbuat mənimlə maraqlanır, təkcə bu qəzetdən başqa. Telefonlarıma cavab vermirlər. Qərəzsiz qəzetdirsə, niyə məndən də müsahibə götürmür? Qəzet Əli Kərimlinin monopoliyasındadır. Onun icazəsi olmadan qəzetdə nöqtə, vergülün yeri dəyişə bilməz. Bu qədər qəzet üçün əziyyət çəkmişəm, qiymət vermirlərsə, məhkəmədə görüşərik”.
AXCP-dən qovulan üzv gələcəkdə istefaların və xaric olunanların sayının artacağını qeyd etdi: “Bu proses davam edəcək. Kimlər Əli-Fuad cütlüyünün maraqlarına xidmət etmirsə, çıxarılacaq. Məclis üzvləri Həsən-Gözəl qrupundan deyilsə, çıxarılır. Hesab edirəm ki, Seymur Həziyə yaxın qrup partiyadan qovulacaq. Seymur bəy sədrliyə layiq insandır. Biz onu dəstəklədik. Amma dəstək olanlardan kol dibində gizlənənlər də var. Həsən bəy etiraf edəndən sonra, ən real namizəd Seymur bəy idi. Həbslər yenə gözlənilir. Partiyadan çıxartma ilə ürəkləri soyumaya bilər. Həbs olunsam, hakimiyyətdən yox, bunlardan görəcəm. Çünki sifarişçi bunlardır. Danılmaz faktdır. Həbsdə olanlar sübutdur. Məmməd İbrahim saxta profili iki saata yanımda qırdı. Kimin parolu oğurlanırsa, partiyanın işidir. Cəmil Həsənlinin də parolunu bunlar sındırmışdı. Öz rahat şəraitləri var. Bunları xalq yox, özləri maraqlandırır. Əksər partiya üzvləri 50 manat tapmır ki, evinə bazarlıq etsin, heç yerdən gəliri olmayan Fuad Qəhrəmanlı villada oturur. 20-30 minlik maşında gəzir. Məmməd İbrahim heç yerdə işləmir, 3 fərari oğlu ilə 500 manatlıq kirayədə qalır. Hardan alırsız bu pulları?! Bunların hamısı dövlət dairələrindən maliyyələşən adamlardır. Nərimanov şöbəsinin sədri Hacı Abbaslının ailəsi bilmir ki, bu, cəbhəçidir. Partiyanın mövcud vəziyyəti budur”.
Ağaşirin bəy AXCP-də baş verənlərin kökündə qurultayın dayandığından da söz açdı: “Ali Məclis Həsənin, qurultay Kərimlinin marağındadır. Hansı rayona əl qoyublarsa, konfrans olub. Hansı rayonda imkan yoxdusa, narazıları çıxarılır. Dəfələrlə demişəm ki, maşınları minib rayonlarda şəkil çəkdirməklə məşğulsuz, Asif Yusiflinin övladı xəstədir, kömək edin. Fuad və Gözəl üstümə hücum çəkir ki, sənə hesabat verməliyik? Mən üzvlük haqqı verirəm. Bizlərin pulları ilə yaşıllıqlarda kabab yeyirlər”.
Sabiq üzv gələcəkdə təşkilat yaradacağı anonsunu verdi: “Əgər öz əxlaqlarını belə nümayiş etdirsələr, yəqin ki, biz də təşkilatlanıb qərar verəcəyik. Elə partiya yaradacağıq ki, Fuad iki ömür yaşasa da, belə qurum yarada bilməz. Məhkəmə qərar versə, bunlar məndən üzr istəsə, o zaman partiya üzvü kimi qalaram. AXCP və “Azadlıq” qəzeti təzminatı ödəməlidir. Çoxlu cana doyan üzvlər var. Qurultayda bunları it kimi qovub, partiyaya qayıdacağıq. Kütləvi istefalar gözlənilir. Ox artıq yaydan çıxıb. İnsanları pulla ələ alırlar, Məmməd İbrahimə döndərirlər. Xalid Qarayev var. Nə iş gördüyündən xəbəri yoxdur. Amma Fuada xidmət edir. Xalid kimilər çoxdur partiyada. Partiya daxilində narazılıq qarşıdakı aylarda daha da güclənəcək. Milli Şura artıq özəlləşdirilib. Fuadla ilk davam Cəmil Həsənli şüarının yığışdırılması ilə bağlı oldu. Cəmil bəy AXCP-ni bataqlıqdan çıxardı. Çəkilən zəhmətə qiymət verən məxluq deyillər”.
A.Tanrıverdioğlu qəzetimiz vasitəsilə cəbhəçilərə səsləndi: “Ayıq olun. Qruplaşmalar artıq rayonlara dağılır. Əli Kərimlidən siyasi qidalanan Fuad regionlara adamlar göndərir. Bu sarı tikanlardan özünüzü qoruyun. Qurultaya, Məclisə üzvlüyə namizəd verəndə, görün kimi verirsiz. Atdığınız yanlış addımlar partiyanı məhvə sürükləyir. Yerinizdə möhkəm durun. Mübarizəmiz qabaqdadır.
Bunların hamısı silinib kənara atılası adamlardır. Qarşıdakı iki ildə qurultay gözlənilmir. Əli Kərimli partiyadan o zaman çəkiləcək ki, yığmaq mümkün olmayacaq. Deyəcək ki, mən idim idarə edən. AXCP-nin zəifləməsi bunlara sərf edir”.
Sabiq AXCP üzvü sonda partiyanın “Yeni Müsavat”a olan düşmən münasibətindən də danışdı: “Keçən dəfə məni çıxarmaq istəyəndə sizə müsahibə verdim. Açıq şəkildə mənə dedilər ki, sən düşmən qəzetə niyə müsahibə vermisən?! Partiyada fanat qruplar var. Hazır vəziyyətdə “Yeni Müsavat”a müsahibə verən insanları gözləyirlər. Hakimiyyət qəzetinə müsahibə vermək olar, “Yeni Müsavat”a yox. Göstəriş Əli Kərimliyə məxsusdur. Fuada hakimiyyət qəzetlərinə müsahibə olar, “Yeni Müsavat”a yox. Bütün bunlar qısqanclıqdır. Əli Kərimli və ətrafının bir siyasəti var, kim bizimlə deyilsə, düşmənimizdir. Kim AXCP-nin üzvü deyilsə, “Azadlıq” qəzetində işləmirsə, nifrət edirlər. Partiya üzvünün əlində “Yeni Müsavat” görsələr, deyəcəklər ki, 40 qəpiyi hara vermisən. Məqsəd bu qəzeti sıradan çıxarmaqdır. Adicə Əli Kərimlinin keçmiş müşaviri Ramiz Tağı ilə dostluğum bunlarda mənə qarşı nifrət oyatdı. Çıxarılmağıma səbəblərdən biri də bu amil oldu. Açıqca deyirdilər ki, ya partiya, ya da Ramiz Tağı”.
Cavanşir ABBASLI musavat.com
Комментариев нет:
Отправить комментарий